Məhkəmə qərarları › İş №2-1(112)-5534/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5534/2021

09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5534/2021 09.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair cizgi aktının verilməsi” tələbinə dair iddiası üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında fərdi yaşayış evi tikmək məqsədilə onun adına ayrılmış torpaq sahəsinə dair cizgi aktının verilməsi öhdəliyinin Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə təqdim edilmiş, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddia ərizəsində bildirilmişdir ki, o, Suraxanı Rayon İcra Hakimiyyətinə ünvan 2 ünvanında fərdi yaşayış evi tikmək məqsədi ilə torpaq sahəsi ayrılması üçün müraciət etmiş, onun müraciətinə cavab olaraq Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyəti ona torpaq sahəsinin ayrılması ilə əlaqədar 23.07.1992-ci il tarixli, 2180 saylı sərəncamı ilə ünvan 3 ünvanında fərdi yaşayış evi tikmək məqsədi ilə 1200 kv.m torpaq sahəsi ayrılmışdır. O indi həmin torpaq sahəsində fərdi yaşayış evi tikmək istədiyindən, bu məqsədlə həmin torpaq sahəsinin özəlləşdirilməsi zərurəti yaranmış və məlum olmuşdur ki, ona Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyətinə ünvan 3 ünvanında fərdi yaşayış evi tikmək məqsədi ilə torpaq sahəsi ayrıldıqdan sonra Suraxanı Rayon İcra Hakimiyyətinin 23.07.1992-ci il tarixli, 2180 saylı sərəncamı ona verilsə də, torpaq sahəsinə dair cizgi aktı verilməmişdir. Bundan sonra o, Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyətinə Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyətinə ünvan 1 ünvanında fərdi yaşayış evi tikmək məqsədi ilə ayrılmış torpaq sahəsinə aid cizgi aktının ona verilməsinə dair məktubla müraciət etmiş, lakin Suraxanı Rayon İcra Hakimiyyətinin 8-20-113 saylı, 02.03.2021 tarixli məktubu ilə bütün 2014-cü il daxil olmaqla sənədlərin AR Dövlət Arxivinin filialına təhvil verildiyindən bunun mümkün olmadığı bildirilmişdir. Qeyd edilənlərə əsasən cavabdehin imtinasının əsassız olduğu, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanlanmış 22.04.2021-ci il tarixdə daxil olmuş məktubunda iddia ilə bağlı münasibət bildirilmişdir. Məktubda qeyd olunmuşdur ki, Hövsan qəsəbəsi, Məktəb küçəsi, 15 saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200,0 kv.m torpaq sahəsinə dair Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 23 iyul 1992-ci il tarixli 2180 saylı sərəncamı və cizgi aktı daxil olmaqla 2016-cı ilədək sənədlər Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına verildiyindən, Suraxanı rayon İcra Hakimiyyəti-nə qarşı iddia əsassız hesab edilir və rədd edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə nümayəndəsi və vəkili Vəkil dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: Suraxanı rayon İcra Hakimiyyətinin 2180 saylı 23.07.1992-ci il tarixli sərəncamına əsasən İddiaçı fərdi evin tikintisi üçün Bakı şəhəri, Hövsan qəsəbəsi, Məktəb küçəsi, 15 saylı sahədə yerləşən 1200 kv.m olan torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı müraciətinə cavab olaraq Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyətinin sənədləri 2014-cü il daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verildiyindən və bu barədə Suraxanı rayon İcra Hakimiyyətində heç bir məlumat olmadığından müraciətinin müsbət həlli səlahiyyətləri xaricində olduğu bildirilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq verilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialından daxil olmuş olmuş sorğuya cavab məktubundan və əlavə edilmiş sənədlərdən görünür ki, cizgi aktı arxivə təhvil verilməmişdir. İşin araşdırılmış hallarından aydın olur ki, cavabdeh inzibati orqan iddiaçı barəsində torpaq sahəsinin ayrılmasına dair sərəncam qəbul edərkən cizgi aktını təqdim etməmişdir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 20.1-ci maddəsinə görə hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin: - 1-ci bəndinə görə yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir; - 3-cü bəndinə görə yerquruluşu, ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin hazırlanması işlərini də nəzərdə tutur; - 4-cü bəndinə əsasən yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının (yerli icra hakimiyyəti orqanları) qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. Sözügedən Məcəllənin 65-ci maddəsinin: - 1-ci bəndinə görə torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir; - 2-ci bəndinə görə torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir; - 3-cü bəndinə görə torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır; - 6-cı bəndinə görə torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir; - 7-ci bəndinə görə torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır; - 8-ci bəndinə görə torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Azərbaycan Respublkası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanunvericilik torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Azərbaycan Respublikası Prezidentinin 18.10.1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş (16.06.1999-cu il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə»nin 13-cü bəndinin “q” yarımbəndinə görə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək icra hakimiyyəti başçısının əsas səlahiyyətləri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin 16.06.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (06.06.2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndinə görə müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndinə görə torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Göründüyü kimi, sadalanan qanunvericilik aktlarına əsasən hazırkı iddiaçıya fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılan vaxtdan sonrakı dövrlərdə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçılərinin müraciəti əsasında yerquruluşu sxemlərinin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxildir. Məhkəmənin mövqeyinə görə, nə qədər ki, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması barədə sərəncam mübahisələndirilməmişdir və qüvvədədir, cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti torpaq ayıran qurum kimi həmin sərəncamda nəzərdə tutulmuş torpaq sahəsinin cizgisinin verilməsindən imtina etməkdə haqlı olmamışdır və bu imtina qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır. Torpaq sahəsinin cizgisi sərəncam qəbul olunan zaman onun ayrılmaz hissəsi kimi təqdim olunmalı idi. Cavabdehin gətirdiyi dəlilə (sənədlərin arxivə təhvil verilməsinə) gəldikdə isə, məhkəmə bu mövqe ilə razılaşmır və qeyd edir ki, Milli Arxiv İdarəsinə müvafiq sorğu verilmiş, sorğuya cavabdan müəyyən olunmuşdur ki, cizgi aktı arxivdə mövcud deyil. Odur ki, iddiaçının “torpaq sahəsinə dair cizgi aktının verilməsi”nə dair tələbi əsaslıdır. İPM-in 2.2-ci və 2.2.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia təmin edilərək, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin başçısının 23 iyul 1992-ci il tarixli, 2180 saylı sərəncamı ilə Hövsan qəsəbəsi, Məktəb küçəsi, 15 saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış 1200,0 kv.m torpaq sahəsinə cizgi aktının verilməsinə dair cavabdehin imtinası qanunsuz sayılmalı, torpaq sahəsinin cizgisinin verilməsi cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin başçısının 23 iyul 1992-ci il tarixli, 2180 saylı sərəncamı ilə Hövsan qəsəbəsi, Məktəb küçəsi, 15 saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış 1200,0 kv.m torpaq sahəsinə dair cizgi aktının verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar