Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5536/2021 01.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X5 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşının tamam olduğu, 19.05.2017-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və qeyd olunan tarixdən ödənilməmiş pensiya məbləğlərinin birdəfəlik hesablanıb ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxx 1960-cı il təvəllüdlüdür. Hərbi xidmət dövrü də, daxil olmaqla 40 ildən artıq ümumi iş stajı vardır. Bu stajının 35 ildən çoxunu xüsusi şərtlərlə iş stajı təşkil edir (dənizdə işlər). 01 sentyabr 2014-cü il tarixdə işə başladığı və halhazıradək işlədiyi "xxxx" MMC-ni çıxmaq şərti ilə, 1982-ci ildən işlədiyi müəssisələrdən güzəştli arayışı əldə edə bilmir. Bu müəssisələrdən biri Rusiya Federasiyası ərazisində yerləşir (orada 10 ilə yaxın güzəştli iş stajı vardır), digər müəssisələr isə əvvəllər Azərbaycanda fəaliyyət göstərsələr də, hazırda onların fəaliyyəti dayanmış, harada yerləşmələri və arxiv sənədlərinin harada olmasını müəyyən etmək mümkün olmamışdır. Lənkəran rayonunun Nərimanabad qəsəbəsində yerləşmiş və 10 ildən artıq xüsusi stajı olan "xxxx" MMC-nin də sənədlərini və arxivini tapmaq mümkün deyildir. Cavabdeh təşkilata müraciət edib, ona 57 yaşı tamam olduğu 19 may 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin, cavabdeh aşağıdakı halları əsas gətirərək, ona pensiya təyin etməmişdir: ümumi iş stajı 25 ildən azdır, 21 il 9 ay 25 gündür; güzəştli stajı 12 il 6 aydan azdır, 5 il 8 ay 2 gündür; pensiya kapitalı 39.600 manatdan aşağıdır, 12.899,61 manatdır. İşlədiyi bütün dövr əmək kitabçasında qeyd olunmuşdur. 3 il hərbi xidməti də, hesablanmaqla ümumi stajının 40 ildən artıq olduğu aydın görünür. İş stajının böyük hissəsi 35 ildən çoxu dənizdə xüsusi çətin şəraitdə olan işlər və vəzifələrdir. Pensiya kapitalının lazım olunan həddə toplanmaması isə ondan asılı olan hal deyildir. O, işlədiyi İdarə və Müəssisələrin adına sosial ödənişinin aparılıb-aparılmamasına nəzarətçi olmamışdır. Bu nəzarəti həyata keçirməli olan təşkilat Dövlət Sosial Müdafiə Fondudur. Dövlət Sosial Müdafiə Fondu vaxtında vəzifələrinə səhlənkar yanaşmışsa, buna görə o, məsuliyyət daşımır və buna görə, cavabdeh deyildir. O, fəhlə adam olmuş, sənəd işləri ilə məşğul olmaq vəzifəsi ona aid olmamışdır. Bu müəssisələrin fəaliyyətini dayandırlması, onların sosial sığorta haqlarını ödəməməsi və arxivlərinin olmaması onu Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş pensiya hüququndan məhrum etməməlidir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona, 57 yaşdan, yəni 19.05.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini və və müraciət etməzdən əvvəlki 3 il üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə hər-hansı bir etiraz təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Astara rayonu, Pensər kəndində anadan olmuşdur. İşdə olan iddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, o, 29.10.1978-15.10.1981-ci illərdə keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında hərbi xidmət keçmişdir. İşdə olan iddiaçıya məxsus AT-İİİ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, 15.01.1982-ci il tarixdən 05.03.1982-ci il tarixədək, 14.04.1982-ci il tarixdən 31.07.1991-ci il tarixədək, 3103.1995-ci il tarixdən, 31.01.1996-cı il tarixədək, 09.12.1997-ci il tarixdən, 23.10.1998-ci il tarixədək, 02.01.2002-ci il tarixdən 13.08.2012-ci il tarixədək, 01.09.2014-cü il tarixdən, 26.12.2018-ci il tarixədək müxtəlif peşələrdə işləmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş A21 nömrəli, 04 dekabr 2020-ci il tarixli arayışdan görünür ki, iddiaçı 01.09.2014-cü il tarixdə "xxxx" MMC-yə işə qəbul olunmuş, 01.09.2014-cü il tarixdən 02.01.2017-ci il tarixədək cəmiyyətin PTS “777” gəmisində “böyük mexanik” vəzifəsində işləmiş, 02.01.2017-ci il tarixdən 26.12.2018-ci tarixədək cəmiyyətən PTS “Mirməhəmməd” gəmisində “baş mexanik” vəzifəsində işləmiş, 26.12.2018-ci il tarixdə əmək müqaviləsinin müddəti bitdiyinə görə işdən azad edilmiş, 12.01.2019-cu il tarixdən onunla yenidən əmək müqaviləsi bağlanmış və həmin tarixdən PTS “Mirməhəməd” gəmisinə “baş mexanik” vəzifəsinə işə qəbul olunmuşdur. Hal-hazıra kimi həmin vəzifədə işləyir. İddiaçı "xxxx" MMC-də yerinə yetirdiyi vəzifələr üzən heyətin açıq dənizdə gördüyü işlərə aiddir və bu arayış verildiyi 04.12.2020-ci il tarixədək onun cəmi 6 il 2 ay 4 gün müddətinə güzəştli işlərdə stajı vardır. İşdə olan məhkəmənin sorğusuna əsasən "xxxx" LTD tərəfindən verilmiş 015 nömrəli, 25 oktyabr 2021-ci il tarixli arayışdan müəyyən edilir ki, İddiaçı həqiqətən 02.01.2002-ci il tarixindən 13.08.2012-ci il tarixinədək "xxxx" MMC-nin DBE “Nardaran” gəmisində böyük mexanik vəzifəsində işləmişdir. Bu gəmi bilavasitə açıq dənizdə balığın tutulması, istehsalı və daşınması ilə məşğul olub, bu peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.2 b bəndinə uyğundur. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş, 09 fevral 2021-ci il tarixli, **********1 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubun surətindən görünür ki, iddiaçının 15.01.2021-ci il tarixdə daxil olmuş ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesadakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun ümumi iş stajı 25 ildən (21 il 9 ay 25 gün), güzəştli iş stajı isə 12 il 6 aydan az (5 il 8 ay 2 gün) təşkil edir. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 39600.00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 12899.61 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə hazırki tələblə bağlı ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilmiş “pensiya kapitalı” şərtinin olmamasına istinad edilərək imtina edilmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sənədlərlə (əmək kitabçası, arayışlar, şəxsiyyət vəsiqəsi) müəyyən edilir ki, xx.xx.1960-cı il təvəllüdlüdür və o, hazırda ümumi və xüsusi iş stajının tamamlandığına istinad edərək, ona 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. İddiaçının 19.05.2017-ci il il tarixdə 57 yaşı olmuş, o, 01.07.2017-ci tarixdək tələb olunan 57 yaş, yaş həddini və 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajını tamamlamışdır. Bununla da, o, 01 iyul 2017-cı il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 57 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Məhkəmə cavabdehin iddiaçının qanunvericiliklə tələb olunan pensiya kapitalının olmaması ilə bağlı mövqeyi ilə bağlı bildirir ki, iddiaçıya münasibətdə 01.07.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələbləri tətbiq edildiyindən, 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin araşdırılmasına zərurət yoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları təsdiq edilmişdir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Adıçəkilən Qaydaların 2 №-li Əlavəsinə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 19.05.2017-ci il tarixdə yarandığından ona münasibətdə bu Qaydalar tətbiq oluna bilməz. İş materiallarında olan iddiaçının işlədiyi müəssisələr tərəfindən verilmiş arayışlara əsasən isə müəyyən edilir ki, onun işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.b bəndinə uyğundur. Beləliklə iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın müddəaları tətbiq olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 01.07.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olduğundan, eləcə də, tələb olunan yaş həddini tamamladığından, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir. Məhkəmə eləcə də, iddia tələbinin müraciət etməzdən əvvəlki 3 il üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi hissəsinə münasibətdə də, qeyd edir ki, iddia tələbi həmin hissədə də, əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01.07.2017ci il tarixdən qüvvədə olan redaksiyasının 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 saylı, 08.10.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməli olduğundan, iddiaçıya yaranmış pensiya fərqi onun müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşdan yəni hüququnun yarandığı, 19.05.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etməzdən əvvəlki 3 il üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-5536/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5536/2021
01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver