Məhkəmə qərarları › İş №2-1(112)-554/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-554/2022

21.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-554/2022 21.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, üçüncü şəxs "xxxx" mənzil tikinti kooperativinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti və "xxxx" məhdud məsuliyyətli cəmiyyəti (hazırda "xxxx" mənzil tikinti kooperativi) inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla “sərəncamın etibarsız hesab edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi,56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti və "xxxx" məhdud məsuliyyətli cəmiyyəti (hazırda "xxxx" mənzil tikinti kooperativi və bundan sonra mətndə "xxxx" MTK) inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdehin 21.08.2020-ci il tarixli 327 saylı sərəncamının etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra–İPM) 54-cü maddəsinin tələblərinə əsasən, məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri Cavabdehin 21.08.2018-ci il tarixli, 327 saylı Sərəncamının etibarsızlığının tanınması və həmin sərəncam əsasında "xxxx" MMC tərəfindən aparılmış tikinti nəticəsində vurulmuş maddi və mənəzi ziyanın cavabdeh inzibati orqan və "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı yenidən İPM-nin 54-cü maddəsinin tələblərinə əsasən, məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri Cavabdehin 21.08.2018-ci il tarixli, 327 saylı Sərəncamının etibarsızlığının tanınması və həmin sərəncam əsasında aparılmış hərəkətlərin qanunsuz hesab olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 05.10.2001-ci il tarixli, Seriya FM № 010264 saylı “Qeydiyyat vəsiqəsi”nə əsasən Bakı şəhəri, Nərimanov rayonu, keçmiş 11-ci Zavağzal/Ə.Nəvai (hazırda K.Rəhimov) küçəsində yerləşən 12/18 saylı fərdi yaşayış evinin 1/42 pay hissəsi onun xüsusi mülkiyyəti kimi qeydiyyata alınmış və buna dair 154 saylı reyestr kitabında qeyd edilmişdir. Tək yaşayış yeri olan mənzilin Cavabdehin “Tikintiyə icazə verilməsi haqqında” sərəncamı əsasında "xxxx" MMC tərəfindən aparılmış çox mərtəbəli yeni binanın tikintisi ilə əlaqədar yararsız vəziyyətə salınmışdır. Hazırda, mənzilinin yerləşdiyi ərazinin bütün ətrafı digər vətəndaşlarla razılaşdırılaraq alınmış, tikinti işlərinə başlanılmış, hətta mənzilinin pilləkənləri sökülmüş və nəticədə mənzilindən maneəsiz istifadə hüququ kobud şəkildə pozulmuşdur. Tikinti işlərinin tikinti altı sahəsi evinə bitişik olduğundan evinin pəncərəsi tamamilə bağlanmışdır. Aparılan qazıntılar zamanı evinə külli miqdarda ziyan vurulmuş mülkiyyət hüququndan istifadə qanunsuz olaraq məhdudlaşdırılmışdır. Mənzilinin hər an uçma təhlukəsi ola bilər. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin elektron informasiya sistemində tikinti obyektlərinə verilmiş icazə reyestrindən əldə etdiyi çıxarışdan görünür ki, "xxxx" MMC tərəfindən sözügedən ərazidə tikinti işlərinin aparılmasına icazə Cavabdehin 21.08.2018-ci il tarixli, 327 saylı Sərəncamı ilə verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 18 yanvar 2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə və üçüncü şəxslərə təqdim edilmiş və onlardan iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan Bakı şəhəri Cavabdeh və üçüncü şəxs "xxxx" MTK tərəfindən iddian tələbinə tələbinə dair yazılı etiraz məhkəməyə təqdim olunmşdur. Digər üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır. Cavabdeh inzibati orqan Bakı şəhəri Cavabdeh 20.04.2021-ci il tarixli 1/76 saylı etirazında göstərmişdir ki, iddia tələbini əsassız hesab edirlər. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 292-İVQ nömrəli Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xətai rayonlarının ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016cı il tarixli 86 nömrəli Qərarı qəbul edilmişdir. Sözügedən qərarın 1-ci bəndinə əsasən: 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi müvafiq ərazi adiyyəti üzrə Cavabdehə tapşırılmışdır. Həmin Qərarın 1.1-ci bəndinə əsasən, habelə bu rayonların ərazisində yaşayış üçün yarasız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanmasını və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə obyektin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun Dövlət Proqramının yerinə yetirilməsi və sözügedən Normativ Hüquqi aktın icrasının təmin edilməsi məqsədilə Cavabdeh başçısının 02.10.2017-ci il tarixli 393 nömrəli sərəncamı ilə rayonun Yəhya Bakuvi, Qafur Rəşad, K.Rəhimov və B.Dadaşov küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması və həmin ərazidə 2,15 ha torpaq sahəsinin "xxxx" MMC-nin daimi istifadəsinə verilməsi qərara alınmışdır. Mübahisə predmeti olan Nərimanov RİH başçısının 02.10.2017-ci il tarixli 393 nömrəli Sərəncamının bəndləri Nazirlər Kabinetinin sözügedən qərarının müddəalarını təkrarlayır. Eləcə də, mübahisə predmeti olan digər inzibati aktlar Cavabdeh başçısının 04.04.2018-ci il tarixli 139 nömrəli və 27.08.2018-ci il tarixli 327 nömrəli sərəncamları, 17.10.2017-ci il tarixli 20/17 saylı ayrıc aktı, obyektin tikintisinə icazə ( 21.08.2018-ci il tarixli, 29 nömrəli), Tikintiyə icazə barədə Xüsusi Nişan (21.08.2018-ci il tarixli 29 nömrəli) Nazirlər Kabinetinin sözügedən qərarının icrasına yönəlmiş aktlardır. Bu məsələlərlə əlaqədar Nərimanov RİH ilə "xxxx" MMC arasında 09.10.2017-ci il tarixli Müqavilə imzalanmışdır. Müqavilə öhdəliyinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 nömrəli Qərarının tələblərinə uyğun sözügedən ərazidə istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində olan sahədən 20 faizdən artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında digər tam təmirli abad yaşayış sahələrinin verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-500 manat məbləğində kompensasiyanın verilməsi və digər xidmətlərin göstərilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən bu istiqamətdə böyük işlər görülmüş, sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti kirayə haqları verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülmüşdür. K.Rəhimov 12/18 ünvandaq yerləşən və istismar müddəti başa çatmış tikililərin də yerləşdiyi ərazi Nərimanov RİH başçısının 02.10.2017-ci il tarixli 393 nömrəli Sərəncamı ilə razılaşdırılmış 20/17 saylı, 020 iş nömrəli “istifadəyə verilən torpaq sahəsinin Ayrıc Aktı”na əsasən tikinti işlərinin aparılması üçün ayrılmış ərazinin hüdudları daxilinə düşür. Göstərilən ünvanda 1-ci mərtəbədə “Malakan” dini icmasının ibadət evi, 2-ci mərtəbədə isə 5 ailənin mülkiyyətində olan mənzillər mövcuddur. Həmin mənzillərdən biri də iş üzrə iddiaçıya məxsusdur. Həmin ərazidə tikinti təşkilatı tərəfindən artıq hər hansı tikinti işlərinin aparılması nəzərdə tutulmur. Nərimanov RİH başçısının sərəncamı ilə iddiaçının hansı hüquqlarının pozulması və bu pozuntunun nədən ibarət olması barədə hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Nərimanov RİH-nin 02.10.2017-ci il tarixli 393 nömrəli Sərəncamı Nazirlər Kabinetinin sözügedən qərarının və qanunvericiliyin tələbləri qaydasında qəbul edilmiş, Dövlət Proqramının həyata keçirilməsi ilə yanaşı, vətəndaşların mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılmasına yönəlmiş əlverişli inzibati aktdır. Qeyd olunanlara əsasən iddiaçının özünəməxsus tərzdə subyektiv mülahizələrinə uyğun şəkildə qanun normalarını şərh etməsi mübahisə predmeti olan inzibati aktın etibarsız sayılması üçün əsas ola bilməz. Cavabdeh inzibati orqan qeyd olunanların nəzərə alınmaqla iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxs "xxxx" MMC ("xxxx" MTK) tərəfindən məhkəməyə təqdim olunmuş etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı “Bakı şəhəri Nərimanov rayonunun sosial-iqtisadi inkişafının surətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarına əsasən Cavabdeh başçısı 21.08.2018-ci il tarixli, 327 saylı Sərəncamı ilə Bakı şəhəri Nərimanov rayon B.Dadaşov, K.Rəhimov, Bakuvi və Qafur Rəşad küçələrinin kəsişməsində yerləşən ərazidəki qəzalı vəziyyətdə olan evlərin sökülərək, onların yerinə yeni yaşayış binalarının tikintisinə və sakinlərin həmin binalarda yeni mənzillərlə təmin olunmasına icazə verilmişdir. Bundan əvvəl isə Cavabdeh Başçısının 02.10.2017-ci il tarixli 393 saylı göstərilən ərazidə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının layihələndirilməsi haqqında sərəncam verilmişdir. Sərəncamlar "xxxx" MTK tərəfindən qanunvericiliyin norma və tələblərinin qorunması ilə icra edilmişdir. Bütün sənədləşmələr tikinti norma və qaydalarının tələbləri çərçivəsində aparılmışdır. Cavabdeh tərəfindən 2.15 ha torpaq sahəsi 17.10.2017-ci il tarixli 20/17 saylı torpaq sahəsinin Ayrıc aktı ilə "xxxx" MTK üçün ayırılmışdır. Tikintinin layihə sənədləri AR FHN Tikintidə X2 Agentliyinin müvafiq ekspertiza mərkəzində ekspertizadan müsbət rəy almaqla keçmişdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Tikintilərin Dövlət Reyestri Tikinti Obyektlərinə verilən koda dair "xxxx" MTK-ya şəhadətnamə verilmişdir. Həmin ərazidən 200-dən artıq ailə ilə müqavilə imzalanmış və həmin ailələr müvəqqəti yaşayış yerlərinə köçürülmüşdür. ünvan 1 ünvanda yerləşən istismar müddətini bitirmiş tikililərin yerləşdiyi ərazi də Cavabdehin başçısının 02.10.2017ci il tarixli, 393 saylı Sərəncamı ilə razılaşdırılmış 20/17 saylı, iş nömrəsi 020 olan “İstifadəyə verilən torpaq sahəsinin Ayrıc Aktı”na əsasən inşaat işlərinin aparılması üçün ayrılmış ərazinin hüdudları daxilinə düşür. Göstərilən ünvanda Malakan dini icmasının ibadət evi yerləşir. İbadət evinin üstündə isə, yəni ikinci mərtəbədə 5 ailənin mülkiyyətində olan 5 ədəd mənzil mövcuddur. Həmin mənzillərdən biri də İddiaçı məxsusdur. Həmin ailələrdən 4-ü ilə müqavilə bağlanmış və mənzilləri söküntü üçün qəbul edilmişdir. İddiaçı isə həmin mənzildə yaşamadıqları üçün onlarla əlaqə yarada bilməmişdirlər və bu səbəbdən də müqavilə bağlanılmamışdır. Bundan əlavə Malakan Dini icması ilə apardıqları danışıqlar müqavilə bağlanması üçün nəticə verməmişdir. Belə ki, dini icmanın üzvləri köhnə ibadət evində qalmaqlarına qərar vermişdirlər. Onlar da, İcmanın qərarına hörmətlə yanaşaraq tikilini dini icmanın istəyinə uyğun olaraq söküntü üçün qəbul etməmişdir. Məntiqi olaraq ikinci mərtəbədə yerləşən mənzillər də hal-hazırda sökülməmiş qalmışdır. Lakin həm tikilinin istismar müddəti bitdiyindən, həm də sakinlər mənzillərini tərk edərkən özləri həmin mənzillərin qapı-pəncərələrini, döşəmələrini söküb apardıqları üçün mənzillər tam yararsız vəziyyətə düşmüşdür. Həm dini icmanın, həm də ordakı sakinlərin xahişini nəzərə alıb onlar həmin mənzilləri və binanı öz hesabına təmir ediblər. Erroziyaya uğramış dəmir pilləkənlər dəmir-beton konstruksiyalı pilləkənlərlə əvəz olunmuşdur. Binanın dayanıqlılığını təmin etmək məqsədilə gücləndirmə işləri aparılmışdır, dam örtüyü yenilənmişdir. Sanitar qovşaqlar tikilmişdir ki, əvvələr burada sanitar qovşaq olmamışdır, yaxud da tam yararsız vəziyyətdə olmuşdur. Hal-hazırda ərazidə təmir-bərpa işləri yekunlaşdırılmışdır və İddiaçı öz mənzilindən sərbəst istifadəsi üçün heç bir maneə yoxdur. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı şəhər İcra Hakimiyyəti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiklərindən, məhkəmə İPM-nin 62.3-ci maddəsinin tələblərinə əsasən işə qeyd olunan üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil Qələndər qızı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Bakı şəhəri Cavabdehin nümayəndəsi X8 etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi X7 etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyərək, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddia mümkündür. Belə ki, İPM-nin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. İş materiallarında olan; AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1984-cü ildə doğulmuşdur. Təsis sənədlərinin surətlərindən müəyyən olunur ki, 08.03.2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən qeydə alınmış "xxxx" MTK 17.03.2016-cı il tarixdə qeydə alınmış "xxxx" MMC-nin hüquqi varisidir. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş FM seriyalı 010264 №-li Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri, 11-ci Zavağzal/Ə.Nəvai küçəsindəki, 50 otaqdan ibarət 660,08 kv. metr yaşayış sahəsindən, 1136,42 kv. metr ümumi sahədən ibarət olan 12/18 saylı fərdi yaşayış evinin 1/42 hissəsi İddiaçı adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Cavabdehə ünvanladığı 11 sentyabr 2017-ci il tarixli 02/05-1564 nömrəli məktubundan müəyyən olunur ki, Nərimanov rayonu, Yəhya Bakuvi, Qafur Rəşad və Balami Dadaşov küçələrinin kəsişməsində yerləşən ərazidə "xxxx" MMC tərəfindən tikintisi nəzərdə tutulmuş çoxmərtəbəli yaşayış binalarının Bakı Dövlət Layihə İnstitu tərəfindən işlənilmiş tikinti planlaşdırma eskizinə rəy bildirməsi barədə 15.08.2017-ci il tarixli 1/1176 nömrəli məktuba Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmış və təqdim olunmuş layihə Komitə tərəfindən razılaşdırılmışdır. Bakı şəhər Cavabdeh tərəfindən verilmiş 20/17, 020 iş №-li Ayrıc aktının surətindən müəyyən olunur ki, Bakı şəhəri Cavabdeh başçısının 02.10.2017-ci il tarixli 393 saylı sərəncamı ilə Nərimanov rayonu, Q.Rəşad, B.Dadaşov və Y.Bakuvi küçələrinin kəsişməsində cizgidə göstərilən sərhədlər daxilində 2,15 ha torpaq sahəsi yaşayış binasının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-yə verilib. Ayrıc aktı 17.10.2017-ci il tarixdə 20/17 sayla qeydiyyata alınmışdır. Bakı şəhəri Cavabdeh tərəfindən 21.08.2018-ci il tarixli 29 №-li icazə və tikintiyə icazə barədə xüsusi Nişanla Cavabdeh başçısının 21.08.2018-ci il tarixli, 327 nömrəli sərəncamına əsasən 21500 kv. metr torpaq sahəsində hündürmərtəbəli yaşayış binalarının tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azərinşaatlayihə’” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnistutu tərəfindən Cavabdehə ünvanlanmış 14.09.2018-ci il tarixli 37/34-00599 saylı məktubla təqdim olunmuş Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi 12/18 ünvannda yerləşən X6 məxsus fərdi yaşayış evinin texniki vəziyyəti haqqında 10.09.2018-ci il tarixli aktdan müəyyən olunur ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və X3 şöbəsinin qrup rəhbəri Emil Zeynalov, mühəndisi Akif İbrahimov, Cavabdehin İctimai Siyasi və Humanitar məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Eldəniz Əbdülov, Cavabdehin təsərrüfat şöbəsinin baş məsləhətçisi Azər Gülməmmədovun iştirakı ilə Cavabdehin 31 avqust 2018-ci il tarixli 1/943 nömrəli məktubuna əsasən, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi 12/18 ünvanında yerləşən X4 məxsus fərdi yaşayış evinə vizual texniki baxış keçirilmişdir. Yaşayış evi 1921ci ildə ümumi həyətdə planda L şəkilli, iki və birmərtəbəli hissələrindən kommunal şəraitli inşa olunmuşdur. Ölçüləri 12,3 x 4,5; 6,3 x 8,0 metrdir. Divarların qalınlığı müvafiq olaraq 0,4-0,5 metr but və əhəngdaşından inşa edilmişdir. Evin birmərtəbəli hissəsinin damı yastıtipli olub, üstü ruberoidlə izolyasiya olunmuşdur. İkimərtəbəli hissəsinin isə damı çardaq tipli olub, ağac konsturksiyası üzrə asbest-şiferlə örtülmüşdür. Evin ikimərtəbəli hissəsində mərtəbəarası örtük monolit dəmir betondandır. Yaşayış evi uzun müddət təmirsiz istismar olunduğundan, divarlarda suvaq qatının tökülməsi, inşaat elementlərinin aşınması, mövcuddur. Evin mansarda hissəsində, tavanla divarın birləşməsində, divar boyunca eni 10 mm-ə qədər üfiqi aralanma əmələ gəlmiş və dam hissəsi deformasiyaya uğramışdır. Evin əhatəsində yerləşən yaşayış evlərində sakinlər köçürülmüş və evlər sökülərək ərazidə qazıntı işləri aparılmışdır. Söküntü zamanı evin qonşu evi ilə müştərək olan hissəsi sökülmüşdür. Yaxınlıqda qazılmış çala ilə evin arasındakı məsafə 2,0 metrdir. Yaxınlıqda inşaat işlərinin aparılması arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər. Yaşayış evinin bu ərazidə istismar olunması təhlükəlidir və sakinlərin təhlükəsizliyinin təmin olunması Cavabdehə tövsiyyə olunur. Yaranmış vəziyyətin fövqəladə hal ilə əlaqəsi yoxdur. Evin texniki vəziyyəti yolverilməzdir. Bakı şəhəri Cavabdeh Baçısının 02.10.2017-ci il tarixli 393 №-li sərəncamı ilə rayonun Yəhya Bakuvi, Qfur Rəşad, K.Rəhimov və Baləmi Dadaşov küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 2,15 ha torpaq sahəsi "xxxx" MMC-nin daimi istifadəsinə verilməsi; rayonun Yəhya Bakuvi, Qfur Rəşad, K.Rəhimov və Baləmi Dadaşov küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə başlanılması məqsədi ilə "xxxx" MMC-yə aşağıdakılar həvalə edilmişdir; 2.1 "xxxx" MMC-yə ayrılmış torpaq sahəsini yerində qəbul etməsi və onun sanitar vəziyyətinə nəzarət etməsi; 2.2 Ayrılmış torpaq sahəsinə "xxxx" MMC tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququ əldə edilməsi; 2.3 Ərazinin və obyektin memarlıq-planlaşdırma həllini layihələndirmə ərəfəsində RİH ilə razılaşdırılması; 2.4 Tikinti işlərinə başlamazdan əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla, Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəy alınması; 2.5. Layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, Baş Plan işlənilməzdən əvvəl RİH və əlaqədar təşkilatlarla razılaşdırılmaqla həmin kommunikasiya xətlərinin köçürülməsi; 2.6. Rayon Bakuvi 20, 22, 24, 26, 28, 30, 32; Balaəmi Dadaşov 5,7,9,11,13,15,17,19; K.Rəhimov 10,12/184 Qafur Rəşad 13,15 nömrəli yaşayış binasının sakinlərinin qarşılıqlı razılaşma əsasında yeni mənzillərlə təmin edilənədək, hər ay kirayə haqqı ödənilməklə, müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi.; 3. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Bakuvi 20,22,24,26,28,30,32; Balaəmi Dadaşov 5,7,9,11,13,15,17,29; K.Rəhimov 10, 12/18 və Qafur Rəşad 13,15 nömrəli yaşayış binasının sökülməsi; 4.Sərəncamın 1 və 2-ci bəndələrinin tələbləri "xxxx" MMC tərəfindən tam yerinə yetirildikdən sonra Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikinti layihəsinin razılaşdırılması, tikintiyə icazə barədə sərəncamın verilməsi və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə RİH-yə müraciət edilməsi qərara alınmışdır. Bakı şəhəri Cavabdeh başçısının 04.04.2018-ci il tarixli 139 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarını rəhbər tutaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli, 6 nömrəli qərarı ilə təsdiqlənmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə, habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdrilməsi qaydalarının 3.2-ci bəndində uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət və Şəhərsalma Arxitektura Komitəsinin 11.09.2017-ci il tarixli, 02.05.-1564 nömrəli məktubu ilə razılaşdırılmış, Bakuvi 20,22,24,26,28,30,32; Baləmi Dadaşov 5,7,9,11,13,15,17,19; K.Rəhimov 10,12/18 və Qafur Rəşad 13,15 ünvanlarında yerləşən, qəzalı vəziyyətdə olan bir və iki mərtəbəli yaşayış binalarının sökülərək yerində yeni yaşayış binalarının tikintisi nəzərə alınmaqla Yəhya Bakuvi, Qafur Rəşad, K.Rəhimov və Baləmi Dadaşov küçələrinin ərazi planlaşdırma sənədləri təsdiq olunmuşdur. Bakı şəhəri Cavabdeh Başçısının 21.08.2018-ci il tarixli 327 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarını rəhbər tutaraq, "xxxx" MMC-nin müraciətini, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1,75.1 və 75.6-cı maddələrini, Azərbaycan Respublikasının Dövlət və Şəhərsalma Arxitektura Komitəsinin 11.09.2017-ci il tarixli, 02/05-1564 nömrəli razılaşma məktubu, Cavabdeh başçısının 02.10.2017-ci il tarixli, 393 və 04.04.2018-ci il tarixli, 139 nömrəli sərəncamlarını Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X1 Ekspertiza Baş İdarəsinin 08.08.2018-ci il tarixli, 25830 nömrəli ekspertiza rəyini nəzərə alaraq; 1. Yəhya Bakuvi, Qafur Rəşad,Koroğlu Rəhimov və Baləmi Dadaşov küçələrinin kəsişməsində sökülmüş qəzalı binaların yerində "xxxx" MMC-nə yaşayış binalarının tikintisinə icazə verilməsi qərara alınmış və sərəncamın aiddiyyəti ünvanlara göndərilməsi Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbələrinə tapşırılmışdır. Bakı şəhəri Cavabdehin İddiaçı vəkili Vəkil ünvanlanmış 18.12.2020-ci il tarixli 1/883 nömrəli məktubuda qeyd olunmuşdur ki, şəhərsalma nəzarəti qaydasında başlanılmış inzbati icraat çərçivəsində Nərimanov rayonu ərazisində fəaliyyət göstərən müvafiq işçi qurupu tərəfindən pilot-layihə çərçivəsində aparılan bütün inşaat işlərinə dair sənədlərin əsli rayon icra hakimiyyətinin arxivindən götürülərək aidiyyəti quruma təqdim olunmuşdur. Bu səbəbdən bu qəbildən olan sənədlərin surətinin təqdim olunması hazırda imkanları xaricindədir. İşçi qrupu tərəfindən araşdırma işləri başa çatdırıldıqdan və sənədlər torplusu rayon icra hakimiyyətinə qaytarıldıqdan sonra müraciətinə təkrar baxılıb müsbət həllinə köməklik göstəriləcəkdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən hazırki iş üzrə verilmiş 29.10.2021-ci il tarixli 10/3161 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov İcra Hakimiyyəti Başçısının 393 saylı 02.10.2017-ci ci il tarixli sərəncamına əlavə olunmuş 20/17 saylı ayrıc aktına əsasən, "xxxx" MMC- nə yaşayış binalarının tikintisi üçün ayrılmış 2.15 ha torpaq sahəsi Yəhya Bakuvi, Qafur Rəşad, Koroğlu Rəhimov və Balaəmi Dadaşov küçələrinin kəsişməsində yerləşdiyini nəzərə alaraq, İddiaçı məxsus olan Bakı şəhəri, Koroğlu Rəhimov 12/18 ünvanında yaşayış binasının yerləşdiyi (Bakı şəhəri, 11-ci Zavağzal/Ə.Nəvai küçəsindəki, 50 otaqdan ibarət 660,08 kv. metr yaşayış sahəsindən, 1136,42 kv. metr ümumi sahədən ibarət olan 12/18 saylı fərdi yaşayış evinin 1/42 hissəsi) torpaq sahəsinin həmin sərəncamla ayrılmış torpaq sahəsinin hüdudları daxilinə düşür, (bax rəyə əlavə olunmuş sxemə). İddiaçı məxsus olan Bakı şəhəri, Koroğlu Rəhimov 12/18 ünvanında yerləşən yaşayış sahəsi (Bakı şəhəri, 11ci Zavağzal/Ə.Nəvai küçəsindəki, 50 otaqdan ibarət 660,08 kv. metr yaşayış sahəsindən, 1136,42 kv. metr ümumi sahədən ibarət olan 12/18 saylı fərdi yaşayış evinin 1/42 hissəsi) Cavabdehin 02.10.2017-ci il tarixli 393 saylı Sərəncamı və ayrıc aktı ilə “Cavid-2016" məhdud məsuliyyətli cəmiyyətinə ayrılmış torpaq sahəsinin hüdudları daxilinə düşür. Lakin "xxxx" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən çoxmənzilli yaşayış binası inşa olunarkən Cavabdehin 02.10.2017-ci il tarixli 393 saylı Sərəncamının 1.1 və 2.2 bəndinin tələblərinə riayət olunmamışdır. Bakı şəhəri, Koroğlu Rəhimov 12/18 ünvanında yerləşən iddiaçı Lamiyyə Şahbazovanın mənzilinin yaşayış sahəsinin pəncərələrinin sındığını, elektrik xətti kəsildiyini, divarlarında və tavanlarında çatların olduğunu, suvaq qatının töküldüyünü nəzərə alaraq, İddiaçı mənzilinə ziyan dəydiyi və hal-hazırda yaşayış üçün yararsızdır. Həmin qüsurların “Cavid-2016" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən çoxmənzilli yaşayış binasının inşası nətiçşşində əmələ gəlməsinin müəyyən olunması üçün, Azərbaycan Respublikasının Fövqələdə Hallar Nazirliyi Tikintidə X2 Aqentliyinin mütəxəssis rəyi təqdim edilməsi barədə vəsatət verilmiş, lakin bu günə qədər hər-hansı bir sənəd mütəxəsşis rəyi Mərkəzə təqdim olunmamışdır. Bu səbəbdən də, İddiaçı özünə məxsus olan yaşayış sahəsinin yararsız düşməsinə “Cavid-2016" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən aparılmış tikinti nəticəsində əmələ gəlməsini və hüquqlarının həyata keçirilməsinə hər hansı maneələr yaranmasına dair tədqiqat aparılmadı. Hazırda iddiaçı hüquqlarının pozulduğunu qeyd etməklə, üçüncü şəxs "xxxx" MMCyə yaşayış binalarının tikintisinə icazə verilməsi barədə cavabdeh inzibati orqan Bakı şəhəri Cavabdehin inzibati akt sayılan 21.08.2018-ci il tarixli 327 nömrəli sərəncamının etibarsız hesab olunmasını tələb edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt-maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. Həmin Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin Qanunun 65.3-cü maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11.1-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir. Əsasnamənin 6.8-cı bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyrinormativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 №li 25 fevarl 2016-cı il tarixli Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.12.2019-cu il tarixli 482 №li Qərarı ilə ləğv olunmuşdur) ilə “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə ...... Bakı şəhəri Cavabdehnə .... aidiyyəti üzrə 5 il müddətinə mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən ....... Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 mənzildən ibarət 219 yaşayış binasının......, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri - yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini həyata keçirmək həvalə olunmuşdur (bənd 1.1.). Mübahisələndirilən sərəncamın maddi hüquq normalarının tələblərinə uyğun olubolmamasına gəldikdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti (75.3.1.); tikinti layihəsi (75.3.2.). Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (qurum) tikintiyə dair ərizənin və tikinti layihəsinin təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı (qurum) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. Həmin Məcəllənin 75.5-ci maddəsinə əsasən tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir: tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olubolmaması barədə rəy verilməsini (75.5.1.); bu Məcəllənin 75.5.1-ci maddəsinə müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə-bu Məcəllənin 75.6-cı maddəsində qeyd edilən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini (75.5.2.). Həmin Məcəllənin 75.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 75.11-ci maddəsinə əsasən tikintiyə icazə verildiyi halda tikintiyə icazənin surəti, habelə tikinti layihəsinin bir nüsxəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməyə və onları dinləməyə borcludur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən nəzərdə tutulan tikinti ilə bağlı maraqlı şəxsin özünün müraciət etdiyi halda da, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum onu dinləməli və yazılı şəkildə ona məlumat verməlidir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir mübahisələndirilən sərəncam Bakı şəhəri Nərimanov rayon İHB tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” ilə ona verilmiş səlahiyyətlər çərçivəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Bundan əlavə mübahisələndirilən inzibati aktın etibarsız sayılması barədə iddiaçının dəlilləri ilə bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “İnzibati icraat haqqında” Qanun inzibati aktın ləğv edilmə və etibarsız sayılma əsaslarını müstəqil qaydada nizamlamışdır. “İnzibati İcraat haqqında” Qanunun “İnzibati aktlar” adlanan 6-cı fəslində inzibati aktın forması, İnzibati akta dair ümumi tələblər, yazılı inzibati aktın rekvizitləri, inzibati aktda əlavə müddəaların (göstərişlərin) nəzərdə tutulması, inzibati aktın əsaslandırılması, inzibati aktın qəbul olunması haqqında məlumat verilməsi qaydaları nəzərdə tutulmuşdur ki, həmin qaydaların pozulması qəbul olunan inzibati aktın Qanunun 67.1-ci maddəsinə əsasən inzibati icraat haqqında hüquq normalarının pozulması ilə qəbul olunan qanunsuz inzibati akt kimi qiymətləndirməklə ləğv edilməsinə əsas verir. İddiaçının mübahisələndirdiyi 21.08.2018-ci il tarixli 327 nömrəli sərəncamın etibarsızlığı üçün iddia etdiyi hallar-aparılmış inzibati icraat barəsində ona hər hansı formada məlumat verilməməsi Qanunun 67-ci maddəsinin tələbləri baxımından inzibati orqanın sərəncamının etibarsızlığı üçün əsas deyil. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hazırda mübahisələndirilən sərəncamın verilməsinə əsasən olmuş üçüncü şəxsə torpaqayırma haqqında inzibati akt (sərəncam) iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 100 (bir yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti və "xxxx" məhdud məsuliyyətli cəmiyyəti (hazırda "xxxx" mənzil tikinti kooperativi) inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla Bakı şəhəri Cavabdehin 21.08.2018-ci il tarixli, 327 saylı Sərəncamının etibarsızlığının tanınması və həmin sərəncam əsasında aparılmış hərəkətlərin qanunsuz hesab olunması tələbinə dair iddiası təmin olunmasın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 100 (bir yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar