Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-554/2023 28.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Abdullayeva Aygün Abdulla qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X18 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı yaşayış yeri üzrə daimi qeydiyyatda olmanın müəyyən edilməsi tələbinə dair inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək, onun xx.xx.1998-ci il tarixədək Azərbaycan Respublikasında qeydiyyatda olması barədə məlumatın avtomatlaşdırılmış informasiya sistemlərinə yerləşdirilməsi vəzifəsinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1976-cı il tarixdə Lənkəran rayonunun Sütəmurdov kəndində anadan olmuş və 17 yaşınadək həmin kənddə yaşamaqla orada boyabaşa çatmışdır. O, xx.xx.1993-cü il tarixdə keçmiş Lənkəran rayon Hərbi Komissarlığında qeydiyyata alınmışdır. 14 oktyabr 1993-cü ıl tarixində isə təhsil almaq məqsədilə Rusiya Federasiyasına getmişdir və 2002-cı ildə Rusiya Federasiyasının vətəndaşlığına qəbul edilmişdir. Hazırda ailəsi ilə birlikdə Azərbaycan Respublikasına qayıtmış və Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi ev 122, mənzil 63-də yaşamaqdadır. Bildirir ki, valideynləri və digər ailə üzvləri (həyat yoldaşı və uşaqlarından başqa) də, Azərbaycan Respublikasının vətəndaşları olmuşlar İddia ərizəsinə əlavə etdiyi Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Sütəmurdov kənd inzibatı ərazi dairəsi nümayəndəliyinin arayışından görünür ki, onun adı 06 nömrəli təsərrüfatbaşı kitabında qeyd olunmuşdur. Həmin xüsusat iddia ərizəsinə əlavə olunmuş 08 iyul 2021-ci il tarixli 428 nömrəli arayışla da təsdiq olunur. Eyni zamanda bildirir ki, iddia ərizəsinə əlavə olunmuş arxiv arayışından da, görünür ki, təsərrüfatbaşı kitabları yoxlanılmış və həmin kitablarda onun adı X1 təsərrüfatında qeyd edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsindən verilmiş arayışdan görünür ki, xx.xx.1993-cü il tarixdə keçmiş Lənkəran Rayon Hərbi Komissarlığında qeydiyyata alınmışdır. O, Rusiya Federasiyasından qayıtmış və məqsədi burada həyatını davam etdirməkdir. Çünki, ata yurdları məhz Lənkəran rayonunun Sütəmurdov kəndində yerləşir. Bütün yaxın qohumları da, burada yaşayır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin cavabdehlər sırasından çıxarılmasını, onun xx.xx.1998-ci il tarixədək Azərbaycan Respublikasında qeydiyyatda olması barədə məlumatın avtomatlaşdırılmış informasiya sistemlərinə yerləşdirilməsi öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Sonradan iddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iş üzrə cavabdeh qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi olmaqla, onun xx.xx.1998-ci il tarixədək Lənkəran şəhəri, Sütəmurdov kəndində yaşayış yeri üzrə daimi qeydiyyatda olmasının müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İşdə iştirak edən şəxslərə şifahi məhkəmə baxışı iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Sütəmurdov kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş 428 nömrəli, 08 iyul 2021-ci il tarixli arayışın surətindən görünür ki, Nəzərov X7 rayonu Sütəmurdov kəndində doğulmuş və hal-hazırda 06 nömrəli təsərrüfat başı kitabında adı qeyd edilmişdir. İşdə olan Rusiya Federasiyası vətəndaşının pasportundan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü X3 Federasiyasının vətəndaşı olmaqla, ona xx.xx.2021-ci il tarixdə P764205442 nömrəli pasport verilmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 924 nömrəli arayışın surətindən görünür ki, xx.xx.1993-cü il tarixdə keçmiş Lənkəran rayon Hərbi Komissarlığı tərəfindən ilkin hərbi qeydiyyata alınması barədə 1976-cı il əlifba qeydiyyatı kitabında İddiaçı adı qeyd olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Dövlət X10 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, A/436 nömrəli arxiv arayışının surətindən görünür ki, X16 filialında saxlanılan Sütəmurdov kənd İcra nümayəndəliyinin 1991-1997-ci və 1998-2001-ci illərə aid təsərrüfatbaşına kitabları yoxlanılmış, həmin kitablarda X1 təsərrüfatında İddiaçı adı qeyd edilmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət X13 xx.xx.2022-ci il tarixli, b/130 nömrəli məktubla İddiaçı adına X16 Filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, A/436 nömrəli arxiv arayışı və həmin arayışın verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş kserosurətləri göndərilmişdir. İşdə olan iddiaçıya məxsus doğum haqqında İV-Ж seriyalı, 358157 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünürki, İddiaçı xx.xx.1976-cı il tarixdə Lənkəran rayonu, Sütəmurdov kəndində anadan olmuşdur. Ata qrafasında X9, milliyyəti azərbaycanlı, ana qrafasında X4 göstərilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 018-11450N- 3222 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixədək) onun ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı barədə DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində, eləcə də, Lənkəran şəhər Polis Şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin kartotekasında məlumat müəyyən edilməmişdir. Odur ki, Azərabycan Respublikasının vətəndaşlığına bərpa olunmaq, yaxud vətəndaşlığa qəbulla bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etməsi məqsədəuyğundur. İşdə olan məhkəmənin sorğusuna əsasən Lənkəran şəhər Polis Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 154-33275-1222 nömrəli məktubla xx.xx.1976-cı il təvəllüdlü İddiaçı fərdi uçot kartoçkasının (forma № 1) təsdiq olunmuş kserosurəti göndərilmişdir. Təqdim edilmiş fərdi uçot kartoçkasının surətinə əsasən müəyyən edilmişdir. Fərdi uçot kartoçkası xx.xx.1992-ci ildə tərtib edilmiş, pasport nömrəsi XXV-ЖГ 641086, daimi yaşayış yeri Lənkəran rayonu, Sütəmurdov kəndi qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli, 018-31609-1222 məktubdan görünür ki, “Giriş-çıxış və qeydiyyat” İAMAS-ın “Sorğu, təhlil və hesabat” sərhədkeçmə altsistemi üzrə aparılmış yoxlama zamanı xx.xx.1976-cı il təvəllüdlü İddiaçı xx.xx.2001-ci il tarixdə XXV-JQ 641086 nömrəli SSRİ nümunəli pasportla Azərbaycan Respublikasına giriş etdiyi mmüəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 33/5090 nömrəli məktubdan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü İddiaçı xx.xx.2001-ci il tarixdə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumat qeydə alınmışdır. Tarix xx.xx.2001, istiqamət giriş, sənədin nömrəsi XXV-JQ 641086. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli, 018-3246-1222 nömrəli cavab məktubundan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Ərazisində qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. İddiaçının cavabdehdən yaşayış yeri üzrə daimi qeydiyyatda olması mövcudluğunun müəyyən edilməsi barədə iddiası qeyd edilən müəyyən etmə haqqında iddia növünə uyğundur. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı işin halları ilə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1976-cı il təvəllüdlü olmaqla Lənkəran şəhəri Sütəmurdov kəndində doğulmuş, Dövlət X10nda saxlanılan Sütəmurdov kənd icra nümayəndəliyinin 1991-1997-ci və 1998-2001-ci illərə aid təsərrüfatbaşı kitablarında X2 (iddiaçının anası) təsərrüfatında İddiaçı adı qeyd edilmişdir. Əlavə olaraq Lənkəran şəhər, rayon Polis İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçıya məxsus xx.xx.1992-ci il tarixli fərdi uçot kartoçasına əsasən müəyyən edilmişdir ki, onun yaşayış yeri üzrə daimi qeydiyyat yeri Lənkəran şəhəri, Sütəmurdov kəndi qeyd edilmişdir. “Giriş-çıxış və qeydiyyat” İAMAS-ın “Sorğu, təhlil və hesabat” sərhədkeçmə altsistemi üzrə aparılmış yoxlama zamanı xx.xx.1976-cı il təvəllüdlü İddiaçı xx.xx.2001-ci il tarixdə XXV- JQ 641086 nömrəli SSRİ nümunəli pasportla Azərbaycan Respublikasına giriş etdiyi müəyyən edilmişdir. Göründüyü kimi, işdə olan kifayət qədər sübutlarla iddiaçının Lənkəran şəhəri Sütəmurdov kəndində anadan olması, Sütəmurdov kənd icra nümayəndəliyinin 1991-1997-ci və 1998-2001-ci illərə aid təsərrüfatbaşı kitablarında X2 (iddiaçının anası) təsərrüfatında İddiaçı adının qeyd edilməsi, Lənkərən şəhər, rayon Polis İdarəsinin arxivində mövcud olan iddiaçıya məxsus fərdi uçot kartoçkasına əsasən Lənkəran şəhəri, Sütəmurdov kəndində daimi qeydiyyatının mövcud olması, xx.xx.2001-ci il tarixədək SSRİ nümunəli pasporta malik olması, öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2001-ci il tarixdə SSRİ nümunəli pasportla Azərbaycan Respublikasına giriş etməsi, 2002-ci ildən sonra Rusiya Federasiyası vətəndaşlığını əldə etməsi, Sütəmurdov kənd icra nümayəndəliyinin 1991-1997-ci və 1998- 2001-ci illərə aid təsərrüfatbaşı kitablarında adının olması, eləcə də, fərdi uçot kartoçkasında onun daimi yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması ilə bağlı hər hansı bir qeydin olmaması azından onun xx.xx.1998-ci il tarixədək Lənkəran şəhər Sütəmurdov kəndində daimi qeydiyyatının mövcud olmasına dəlalət edir. Məhkəmə eləcə də, qeyd edir ki, 04 aprel 1996-cı il tarixli, 55-İQ qeydiyyat nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən: Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə araşdırması zamanı isə iddiaçının yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə əsasən müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə sübut müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X11 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. xx.xx.1976-cı il təvəllüdlü İddiaçı xx.xx.1998-ci il tarixədək Lənkəran şəhəri, Sütəmurdov kəndində yaşayış yeri üzrə daimi qeydiyyatının mövcud olması müəyyən edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-554/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-554/2023
28.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver