Məhkəmə qərarları › İş №2-1(112)-5540/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5540/2024

05.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5540/2024 05.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçılar X3 və X4 cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı (3-cü şəxs: X5) “qeydiyyata alınma” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Suraxanı rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilməsi qərara alınmışdır. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək, X7 da iddiaçı qismində iş cəlb edilərək ünvan 1 ünvanına qeydiyyata alınmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Həmçinin iddiaçı dəqiqləşmə verərək ərizəsinin məhkəmə baxışında olduğu zaman o vaxtlar həyat yoldaşı olan X5 ilə aralarında nikah məhkəmə qaydasında pozulmuş və iddiaçı bundan sonra öz qızlıq soyadına qayıdaraq yeni şəxsiyyət vəsiqəsi almış və artıq o X2r. Bu səbəbdən də iddiaçı kimi soyadının Pəncəliyevadan Süleymanova hesab olunmasını xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı mülki məhkəmə qətnaməsinə əsasən ünvan 1 ünvanına köçürülmüşdür. Həmin qətnamənin qüvvədə olmasına baxmayaraq cavabdeh əsassız olaraq iddiaçını yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 601/2023 nömrəli qətnaməsi ilə İddiaçı azyaşlı uşağı X7 ilə birlikdə ünvan 1 ünvanına köçürülməsi qət edilmişdir. Suraxanı Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-601/2023 nömrəli qətnaməsini icra olunduğundan, icra sənədinə xitam verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4730/2023 nömrəli qətnaməsi ilə İddiaçı ilə X5 arasında 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 3637 nömrəli akt qeydi ilə tərtib olunmuş xx.xx.2021-ci il tarixli nikah pozulmuş, onların birgə nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 Zenfira Elçin qızının himayəsində saxlanılmışdır. İmtina məktubundan görünür ki, cavabdeh iddiaçının müraciətinə baxmış və cavab olaraq bildirmişdir ki, iddiaçının hal-hazırda yaşadığı ünvan 1 evin qeydiyyat vəsiqəsi olmadığından, onun azyaşlı oğlu ilə birlikdə qeydiyyata alınması mümkün deyildir. AR Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan şəxslər barədə məlumat müəyyən edilməmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi (1) icarə və kirayə müqaviləsi (2) üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla (3) daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür; Qanunun 5-ci maddəsinin 1-ci və 2-ci abzasına əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunun 8-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə, müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: -yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd (1); -yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi (2); -yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər (3). İlk növbədə qeyd olunur ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. İşdə olan xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4730/2023 nömrəli icra sənədinə əsasən tələbkarlar iddiaçılar ünvan 3 ünvanında evə köçürülmüşlər və bu barədə qanunamüvafiq qaydada akt tərtib olunmuş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4730/2023 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, iddiaçıların evə köçürülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi, onların həmin yaşayış yeri üzrə qeydiyyata alınmaları üçün əsasdır. Yaşayış sahəsinə istifadə hüquqları məhkəmə qaydasında müəyyən edilən şəxslərin həmin yaşayış sahəsinə qeydiyyata alınmaları məsələsinə, həmçinin mütənasiblik prinsipinin tələbləri baxımından da yanaşılmalıdır. Hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə, hüquqa müdaxilənin yolverilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi özlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır. Bu mənada, qanunda tənzimlənməməsinə baxmayaraq yaşayış sahəsinə münasibətdə hər hansı mülki hüquqi mənada əmlak hüquqlarının yarandığı məhkəmə qaydasında müəyyən olunan şəxslərin bu sahədə müvafiq təkmil qanunvericilik tənzimləməsi olmadığına görə qeydiyyata alınmaması onların əldə etdikləri əmlak hüquqlarına edilən müdaxilənin ağlabatan və ədalətli tarazlıq həddini keçməsinə səbəb olur. Bu məsələdə qüvvədə olan qanunvericilik hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermir. Odur ki, təkmil olmayan qanunvericilik tənzimləmələrindən irəli gələn problemin yükünün hüquq sahiblərinin üzərinə qoyulması onların hüquqlarına qeyrimütənasib müdaxilə təşkil etmiş olardı. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-27/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “İşdə olan xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7971/2018 saylı, xx.xx.2018- ci il tarixli icra sənədinə əsasən tələbkar İddiaçı ünvan 5 ünvanında yerləşən evə köçürülmüş və bu barədə qanunamüvafiq qaydada akt tərtib olunmuş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7971 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının evə köçürülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi, onun həmin yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsasdır.” Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-6/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: - şəxsiyyət vəsiqəsi - yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Burada qeyd edilməlidir ki, iddiaçının Binəqədi rayon Məhkəməsinin xx.xx.2019- cu il tarixli, 2(001)-6017/2019 nömrəli qətnaməsi ilə İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, cavabdeh X7 tərəfindən İddiaçı həmin evdən istifadəsinə yaradılmış maneələr aradan qaldırılması məhz bu bəndin təsiri altına düşür. Belə ki, istifadə hüququ əldə edən şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması əsas sayılmalıdır.” Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-212/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “İş üzrə müəyyən edilir ki, iddiaçı yuxarıda qeyd edilən ünvana qeydiyyata alınması üçün ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd kimi qanuni qüvvəyə minmiş qətnaməni cavabdeh şöbəyə təqdim etsə də, cavabdeh əsassız olaraq iddiaçını həmin evə qeydiyyata almaqdan imtina etmişdir.” Göründüyü kimi kassasiya instansiya məhkəməsi şəxsin yaşayış sahəsinə köçürülməsi barədə məhkəmə qətnaməsini istifadə hüququ əldə edən şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasına əsas kimi qəbul edir. Məhkəmə, həmçinin şəxsin qeydiyyata alınmasını “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməsini zəruri hesab edir. Maddənin tələbindən də göründüyü kimi Qanunun məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü şəxslərin qeydiyyata alınması icazə xarakteri daşımayıb və qanunvericiliklə müəyyən edilmiş hallar istisna etməklə heç bir hüquqi nəticə də yaratmır. Qanunun məqsədi dövlətin öz vətəndaşının faktiki yaşayış sahəsini müəyyən edilməsi, onları uçota alınması, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün şərait yaratmaqdır ki, şəxsin başqa bir ünvanda formal olaraq qeydiyyata alınması, iddiaçıların faktiki yaşayış yerinin müəyyən edilməməsi yuxarıda adı çəkilən vəzifə və hüquqlarının reallaşdırılmasına şərait yaradılması məqsədi ilə uyğunluq təşkil etmir. Əlavə olaraq Məhkəmə onu da bildirir ki, iddiaçının yaşayış sahəsinə köçürülmə barədə məhkəmə qətnaməsində soyadı “Pəncəliyeva” kimi qeyd olunsa da, nikaha pozulduqdan sonra onun soyadı əvvəlki soyadına daha dəqiq desək, “Süleymanova”ya dəyişdirilmişdir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçılar X3 və X4 ünvan 1 ünvanına yerləşən sahəsinə yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar