Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5543/2022 19.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər: X9, X4, X17, X10) “qeydiyyatdan çıxarılma” iddia tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X9 yetkinlik yaşına çatmamış uşaqları xx.xx.2009-cu il tarixdə anadan olmuş X10 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X17 ilə birlikdə, X2 mülkiyyət hüququ üzrə ona məxsus Bakı şəhəri, ünvan 3 nömrəli mənzildən qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdeh Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, ünvan 3 saylı mənzilin mülkiyyətçisidir. (Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2009-cu il tarixdə qeydiyyat nömrəsi ********** verilmiş çıxarış). Həmin mənzildə 3/4 % payı ona məxsusdur, digər ¼ % payı X5 məxsusdur. Üçüncü şəxslər X7 və X1 ona məxsus mənzildə qeydiyyat tamamilə formal xarakter daşıyır. Belə ki, Şəmsətdin Dadaşov onun bacısı X6 həyat yoldaşıdır. O, yoldaşı ilə birlikdə ona məxsus mənzildə 2007-ci ildən qeydiyyatdadır. Qeyd edir ki, cavabdehin arvadı Esmira Dadaşova 2021-ci ilin yanvarın 18-i vəfat etmişdir. Onun ölümündən sonra cavabdeh ona məxsus mənzildə qeydiyyatda qalmışdır. Lakin, o, ona məxsus mənzildə heç vaxt yaşamamışdır. O, ünvan 1 ünvanında yerləşən evdə daimi olaraq yaşayır. X9 ona məxsus mənzildə yaşamır. O, 2007-ci ildə ərə getmişdir, həmin vaxtdan ona məxsus mənzildə yaşamır, onun əmlakı da mənzildə yoxdur. O, 2007-ci ildən faktiki olaraq ünvan 2 ünvanında ailə üzvləri - yoldaşı və uşaqları ilə yaşayır. Buna baxmayaraq, onun yetkinlik yaşına çatmamış uşaqları da axır vaxtlardan ona məxsus mənzildə qeydiyyatdadır. Qeyd edir ki, X9 və X1 vəfat etmiş arvadı Esmira Dadaşova analarının ölümündən sonra miras qalmış mənzildə onlara düşən payından onun xeyrinə imtina etmişlər. Beləliklə, onların mübahisəli mənzildə qeydiyyat tamamilə formal xarakter daşıyır, onların mülkiyyət hüququ üzrə ona məxsus mənzildə heç bir istifadə hüququ yoxdur. Üçüncü şəxslər X7 və X1 ona məxsus mənzildən qeydiyyatdan çıxarılması barədə ərizə ilə Bakı şəhəri Binəqədi Polis İdarəsinə müraciət etmişdir. Lakin, Bakı şəhəri Binəqədi Polis İdarəsi xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, Azərbaycan Respublikası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat" haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən X7 və X1 Bakı şəhəri, ünvan 3 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5543/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən X9, X4, X17, X10 üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb edilmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Binəqədi Rayon Polis İdarəsi tərəfindən məhkəməyə yazılı etiraz təqdim edilmədən xx.xx.2022-ci il tarixli məktub ilə müraciət edərək səlahiyyətli nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iş üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş 3cü şəxslər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
- Cavabdeh inzibati orqana hazırkı tələblə müraciət edilmiş, müraciətə cavab olaraq xx.xx.2022-ci il tarixli məktuba əsasən qeyd edilən məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli, xx.xx.2009-cu il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində istifadəsində olan 0,12347 ha torpaq sahəsində yerləşən 22 nömrəli, 9 mərtəbəli binada 98,49 kv.m ümumi 76,18 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 73 nömrəli 73 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə İddiaçı ¾ hissə, X25 bala qızının ¼ hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyata alınmışlar. - Azərbaycan Respublikası Daxili İşlər Nazirli Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli xx.xx.2021-ci il tarixli Arayışından görünür ki, X12, X9, X17, X14 Bakı şəhəri, ünvan 3 nömrəli mənzildə qeydiyyatdadırlar. - Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin **********91 nömrəli xx.xx.2022-ci il tarixli məktubla sorğu ilə əlaqədar olaraq sözügedən ünvana dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim olunmuşdur. - Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirli Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, X9 xx.xx.2004-cü il tarixdən, X17 xx.xx.2015-ci il tarixdən, X4 xx.xx.2007-ci il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadırlar. - Məhkəmənin sorğusuna cavab olaraq, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubla bildirir ki, X9 xx.xx.2004-cü il tarixdən, X17 xx.xx.2015-ci il tarixdən və X4 xx.xx.2007-ci il ünvan 4 qeydiyyatdadırlar. X10 ünvan 4 ünvanında qeydiyyatda olmadığı bildirilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmişdir və iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün saymışdır. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı iddiadır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin İ hissəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur - 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 29-cı maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. - 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - 5-ci maddəsinin 2-ci bəndinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. - 8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda. - 9-cu maddəsinə əsasən yaşayış yerini dəyişdikdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş “«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndinə əsasən vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur - 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. xx.xx.2005-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X1 şəhəri N.ünvan 6 ünvanında yerləşən qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan 600 kvm torpaq sahəsində yerləşən çiy kərpicdən tikilmiş dörd otaqlı yaşayış evinin ¼ hissəsi vəsiyyətnamə ilə X6 verilmişdir İş materiallarına əlavə olunmuş AN-1 ******* nömrəli,xx.xx.2008-ci il tarixli qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri Binəqədi rayonu, 8 mikrorayon, Azadlıq ppospekti, 22 nömrəli binada yerləşən 73 nömrəli mənzilin ¾ hissəsi İddiaçı verilmişdir. İş materiallarına əlavə olunmuş AN-1 ******* nömrəli,xx.xx.2008-ci il tarixli qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri Binəqədi rayonu, 8 mikrorayon, Azadlıq ppospekti, 22 nömrəli binada yerləşən 73 nömrəli mənzilin ¼ hissəsi iddiaçı X3 verilmişdir. İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçılar həmin mənzilin hal-hazırda mülkiyyətçiləridir 3-cü şəxslər tərəfindən mübahisəli mənzil üzərində hər hansı hüquqa malik olmasını təsdiq edən sübut məhkəməyə təqdim edilmədiyindən, onlar göstərilən ünvanda formal olaraq qeydiyyatda qalmışdırlar. İş materiallarına surəti əlavə olunmuş MH seriyalı, ******* nömrəli, xx.xx.2009-cu il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində istifadəsində olan 0,12347 ha torpaq sahəsində yerləşən 22 nömrəli, 9 mərtəbəli binada 98,49 kv.m ümumi 76,18 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 73 nömrəli 73 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə İddiaçı ¾ hissə, X25 bala qızının ¼ hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyata alınmışdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, üçüncü şəxslər sözügedən mənzildə qeydiyyatda olsa da, qeyd edilən mənzilə dair əmlak hüquqlarının olması barədə hər hansı bir sübutun olmaması, qeydiyyatın formal xarakter daşıması və həmin ünvanda qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi ona məxsus olan əmlaka mülkiyyət hüququnu məhdudlaşdırır. İddiaçı üçüncü şəxsin sözügedən mənzildən qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir: Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 68.3-cü maddəsinin tələblərinə görə məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X9, X4, X17 və X8 ünvan 7 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdehə həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X9, X4, X17 və X8 ünvan 7 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev