Məhkəmə qərarları › İş №2-1(112)-5544/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5544/2022

17.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5544/2022 17.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə qarşı maddi və mənəvi ziyan barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində onlara vurulmuş maddi və mənəvi zərərə görə 100.000 (bir yüz min) manat məbləğində kompensasiya ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia ərizəsində göstərmişlər ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MTK-nın cavabdehlər X2, İddiaçı3 və digərlərinə qarşı mənzildən köçürülmə tələbinə dair iddiası təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Topçubaşov, Abbas Səhhət, Xan Şuşinski və Feyzulla Qasımzadə küçələrinin kəsişmələrində yeni hündür mərtəbəli çoxmənzilli yaşayış binasının tikilməsi üçün “Gözəl Bakı" MTK-ya ayrılmış torpaq sahəsində Bakı şəhəri Nəsimi rayonu Ak. Feyzulla Qasımzadə küçəsi 1 saylı evin 65 saylı mənzilinin mülkiyyətçisi İddiaçı3, həmin evin 66 saylı mənzilinin mülkiyyətçisi X1 və digər cavabdehlər X4, İddiaçı1, İddiaçı2 əşyaları ilə birlikdə; "xxxx" MTK-nın vəsaiti hesabına aylıq bir otaq üçün 350 manat, iki otaq üçün 400 manat müavinət verilməklə və gələcəkdə həmin ünvanda inşa ediləcək yaşayış binasında onların hazırkı yaşayış mənzilləri sənədlərinə uyğun olan sahələrinə 50 faiz əlavə edilərək orta təmirli mənzil sahəsi ilə təmin edilmələri şərti ilə çıxarılmaları qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.12.2019-cu il tarixli Qərarına əsasən kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsi Salamovlara gələcəkdə verilməsi qət olunmuş mənzillərin ölçüsünə münasibətdə dəyişdirilərək, veriləcək mənzillərin ölçüsü faktiki istifadələrində olan sahə və üstəgəl əlavə olaraq həmin sahənin 50 faizi həcmində müəyyən edilmişdir. Ali Məhkəmənin 2(102)-7595/19 saylı 18.12.2019-cu il tarixli icra sənədi üzrə borcluların Nəsimi rayonu, Ak.Feyzulla Qasımzadə, ev 1, mənzil 65 və 66 saylı mənzillərdən çıxarılması və mənzillərin boşaldılaraq təhvil verilməsi nəzərdə tutulmuşdur. Nəsimi rayon İcra şöbəsinin 07.01.2020-ci il tarixli icraata başlamaq haqqında Qərarına və həmin tarixli bildirişinə əsasən onlara yaşadıqları mənzillərin 5 gün ərzində könüllü olaraq boşaldılması bildirilmişdir. Lakin bundan sonra Nəsimi rayon İcra şöbəsinin onlara ünvanlanmış 16.01.2020-ci il tarixli məktubunda həmin şöbənin vermiş olduğu müvafiq qərarda könüllü icra müddətinin 5 gün göstərilməsi texniki səhv olduğu qeyd olunmuşdur. 21 yanvar 2020-ci il tarixdə Nəsimi rayon İcra şöbəsinin icra məmurları tərəfindən Nəsimi rayonu, Ak.Feyzulla Qasımzadə küç., ev 1 mənzil 65, 66 və 66a mənzillərin boşaldılması ilə əlaqədar icra tədbirlərinin keçirilməsi planlaşdırılmışdır. 14.01.2020-ci il tarixdə onlar Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 23 yanvar 2017 -ci il tarixli 11 saylı və 25 dekabr 2017-ci il tarixli 396 saylı sərəncamlarının yaşadıqları ərazidə mənzillərinə aid olan hissədə ləğv edilməsi barədə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdirlər. Həmin ərizənin Bakı İnzibati Məhkəməsi tərəfindən möhürlənmiş surətini həmin gün Nəsimi rayon İcra şöbəsinin kargüzarlığına çatdırmışdılar. Həmin gün poçtla onlar Nəsimi rayon İcra və probasiya şöbəsinin icra tədbirlərinin 21.01.2020-ci il tarixə təyin olduğu haqqında qərar çatdırılmışdır. Nəsimi rayon İcra şöbəsinin əməkdaşlarının icranın dayandırılması barədə 21 yanvar 2020-ci il tarixli Aktına əsasən icra hərəkətləri 27.01.2020-ci il tarixədək dayandırılmış olduğundan onlara məxsus bir çox əşyalar mənzillərdə qalmış və MTK qanunsuz olaraq həmin əşyaları aparmış və elə həmin günü evi sökmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, məhkəmə iclas 17 fevral 2022-ci il tarixə təyin edilmişdir. Cavabdeh Bakı şəhər Nəsimi rayon İcra Şöbəsinin iddiaya dair etirazı məhkəməyə daxil olmamışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar ayrı-ayrılıqda izahat verərək məhkəmədən iddia tələblərinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə iddiaçıların izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçılar tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət olunan zaman hazırkı tələblə, yəni cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində onlara vurulmuş maddi və mənəvi zərərə görə 100.000 (bir yüz min) manat məbləğində kompensasiya ödənilməsi ilə bağlı cavabdeh orqana müraciət olunmamışdır. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, iddiaçılar Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə rəsmi qaydada müraciət etmədiyindən, müraciətdən imtina olunması barədə yazılı məlumatı almadığından iddiaçıların hazırki iddiasına mövcud vəziyyətdə baxıla bilməz. Qeyd olunanların nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və İPM-nin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə qarşı maddi və mənəvi ziyan tələbinə dair iddiaları mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar