Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5544/2024 29.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı (3-cü şəxslər: X9 və X11) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdehlər X9 və X7 qarşı mənzildən istifadə hüququnun itirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək Suraxanı rayon Polis İdarəsinin cavabdeh qismində müəyyən edilməsini, iddia tələbinin isə “X9 və X3 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilməsini xahiş etmiş və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, cavabdeh Bakı şəhər Suraxanı rayon Polis İdarəsi müəyyən edilmiş, X9 və X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş (zəruri cəlbetmə), iddia tələbi “X9 və X3 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı yaşayış sahəsinin mülkiyyətçisidir. İddiaçı qeyd edir ki, yaşayış sahəsində qeydiyyatda olan şəxslərin qeydiyyatı formal xarakter daşıyır. Belə ki, həmin şəxslər hazırda yaşayış sahəsində yaşamırlar. Hazırkı vəziyyətdə qeyd olunan şəxslərin qeydiyyatda qalması onun hüquqlarının pozulmasına səbəb olur ki, müvafiq polis orqanı müraciəti əsassız olaraq qəbul etməmiş və həmin şəxslərin qeydiyyatdan çıxarılmasını həyata keçirməmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X9 ünvan 2 ünvanında yerləşən əmlakın tam mülkiyyət üzrə ona məxsus hissəni İddiaçı satmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. “Asan 3” vasitəsilə verilmiş yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair arayışdan görünür ki, X8, X1, X4, X5, X2, X9 və X11 ünvan 2 ünvanında qeydiyyatdadırlar. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, X3 ünvan 1 ünvanı üzərində əmlak, istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 15q saylı binanın 108 saylı mənzilində X9 və X11 yaşamır və hazırda yaşamaları barədə 103 saylı MKİS-də məlumat yoxdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. İlk olaraq qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur ki, məhkəmə hesab edir ki, yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə məntiqi nəticə etibarı ilə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə də münasibət bildirilə bilər. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmaması hər nə qədər xüsusi hüquq sahəsinin predmeti kimi mülki icraat qaydasında aydınlaşdırılmalı olmalı olan məsələ kimi görünsə də, qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində publik hüquq münasibətləri çərçivəsində, eləcə də hazırkı iş üzrə olduğu kimi yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə dair işə baxılan zaman şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmadığının müəyyən edilməsini istisna etmir. AR MM-nin 2.5-ci maddəsinə görə əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. Göründüyü kimi qanunvericilikdə nəzərdə tutulmuş hallarda mülki hüquq normalarının inzibati münasibətlərdə tətbiqi mümkün hesab edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının Vİİİ hissəsinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin öz səlahiyyətlərinə aid edilən məsələlərə dair Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə qərarları inzibati münasibətlərdə mülki hüquq normalarının tətbiqinə səlahiyyət yaradır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarından göründüyü kimi müəyyən edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda, həmin qərarda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Qərarın məzmunundan da göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında məhkəmə şəxs və ya şəxslərin yaşayış sahəsinə əmlak hüquqları, eləcə də istifadə hüquqlarının olmadığını müəyyən edərsə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi inzibati orqana həvalə etmək səlahiyyətinə malikdir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında işə baxan məhkəmənin şəxsin əmlak hüququna malik olubolmadığını müəyyən etmək imkanı nəzərdə tutulmuşdur ki, məhkəmə hesab edir ki, müəyyən edilmiş bu səlahiyyətin icrası da müvafiq mülki hüquq normalarının tətbiqini zəruri edir. İşin faktiki halları ilə bağlı isə ilk olaraq qeyd edilməlidir ki, iddiaçı (alıcı) və üçüncü şəxs X9 (satıcı) arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən satıcı mülkiyyətində olan yaşayış sahəsini iddiaçının mülkiyyətinə vermişdir. Müqavilənin 8-ci və 13-cü bəndlərindən də müəyyən edilir ki, həmin şəxs yaşayış sahəsindən qeydiyyatdan çıxma və alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi barədə öhdəlik götürmüşdürlər. Göründüyü kimi qeydiyyatdan çıxarılması tələb olunan şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilənin mövcudluğunun hüquqi əhəmiyyətinə münasibət bildirilməsi zərurət yaranmışdır. AR MM-nin 646.1-cı maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Burada mülkiyyətə vermə özündə əmlaka dair mülkiyyət hüququnun da verilməsini ehtiva edir ki, mülkiyyət hüququ dedikdə AR MM-nin 152.1-ci maddəsində nəzərdə tutulan subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ başa düşülür. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, sərəncam hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. İş materiallarında olan alqı-satqı müqaviləsindən və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan da göründüyü kimi sahiblik, istifadə və sərəncam hüquqları, iddiaçıya məxsusdur. Təbii ki, bu hüquq yaranmasının əsası kimi alqı-satqı müqaviləsi çıxış edir. Həmin hüquq isə iddiaçıya köhnə mülkiyyətçidən keçmişdir ki, köhnə mülkiyyətçi əvvəllər yaşayış sahəsinə dair ona məxsus olmuş mülkiyyət hüquqlarından haqq müqabilində imtina edərək onların iddiaçıya keçməsi ilə bağlı iradə ifadəsini nümayiş etdirmişdirlər. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, mənzilin əvvəlki mülkiyyətçisi ilə eyni soyad daşıyan və qohumuq əlaqəsi olan digər üçüncü şəxs X6 qeydiyyatı həmin alqı-satqı müqaviləsinin bağlanması ilə əhəmiyyətini itirib. Beləliklə yuxarıda adıçəkilən mülki hüquq normalarının tələbləri ilə müəyyən edilir ki, üçüncü şəxslər yaşayış sahəsinə istifadə hüququ olmayan şəxslərdir. Bundan əlavə, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin məzmunu baxımından da qiymətləndirmə aparıldıqda hazırkı iddia tələbinin təmin edilməsi üçün əsas yaranır. Belə ki, yuxarıda adıçəkilən Konstitusiya Məhkəməsinin qərarında qeyd edilmişdir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Məhkəmə xüsusi ilə diqqətə çatdırmağı zəruri hesab edir ki, hazırki mübahisə üzrə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyi məktubda üçüncü şəxslərin mənzildə qeydiyyatda olduğunu, lakin həmin ünvanda yaşamadıqlarını təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəməyə təqdim olunmuş məlumat hər hansı şübhə doğurmur. Belə ki, ümumməlum olan arqumentdir ki, Bakı şəhəri İcra Hakimiyyətinin nəznində olan Mənzil-Kommunal Təsərrüfatı Departamentləri və onun nəznində olan digər qurumlar əhalinin mənzilkommunal xidmətlərinə tələbatın daha tam ödənilməsi məqsədilə mənzil-kommunal təsərrüfatının təkmilləşdirilməsi, balansında olan mənzil-kommunal sahələrinə rəhbərlik, mənzil fondunun və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, onların qorunması sahəsində tədbirlər görülməsi, şəhərin sanitariya vəziyyətinin normal səviyyədə saxlanılması, qeyri-yaşayış sahələrindən təyinatı üzrə səmərəli istifadə edilməsinin təmin edilməsi, əsaslı tikinti və təmir sahəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş səlahiyyətlər dairəsində abadlıq, tikinti, habelə mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmiri, modernləşdirilməsi və qurulması, aşınmalara uğramış liftlərin dəyişdirilməsi və texniki xidməti, şəhər yollarının istismarı və cari təmiri, xiyabanların və qəbiristanlıq təsərrüfatının saxlanması və abadlığı, xidmət sahələrinin inventarlarla təchizatının təmin edilməsi, fəvvarələr və yeraltı keçidlərin istismarı və təmiri, şəhərin mənzil-kommunal təsərrüfatı ilə bağlı digər funksiyaları həyata keçirir. Belə olan halda məhkəmə Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş məlumatı nəzərə alaraq üçüncü şəxslərin həqiqətən də iddiaçının mülkiyyətində olan yaşayış sahəsində yaşamadıqlarını nəzərə alır. Göründüyü kimi istər, üçüncü şəxslərin yaşayış sahəsinə istifadə hüququnun olmaması baxımından, istərsə də şəxslərin yaşayış yerini dəyişməsi, başqa sözlə şəxslərin həmin yaşayış sahəsində yaşamaması baxımından aparılan qiymətləndirmə iddia tələbinin təmin edilməsini, üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını qanuni və əsaslı edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən qeydiyyatda olan X9 və X6 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-5544/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5544/2024
29.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver