Məhkəmə qərarları › İş №2-1(112)-5546/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5546/2021

29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5546/2021 29.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş stajına, vəzifəsinə uyğun olaraq təkrar hesablanıb, yeni məlumat vərəqəsinin göndərilməsinə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş stajına, vəzifəsinə uyğun olaraq əmək pensiyasının təkrar hesablanıb, yeni məlumat vərəqəsinin tərtib etmək öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1972-ci ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində idman komandasının təlimatçısı vəzifəsində işə başlamışdır. Sonradan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müxtəlif idarələrində, uzun illər əməliyyatçı, baş əməliyyatçı və sair vəzifələrdə işləmişdir. 18.06.1992-ci ildən Azərbaycan Respublikası “Dinamo” idman cəmiyyətinin sədri vəzifəsində işləmişdir. İşlədiyi dövrdə bir sıra təşəkkürnamələr almış, medallarla təltif olunmuşdur. DİN-in İdman Cəmiyyəti, Azərbaycanda dinamo hərəkatının özəyi olmaqla, yarandığı gündən hüquq mühafizə orqanları əməkdaşlarının fiziki hazırlığının təkmilləşdirilməsində, ölkədə idmanın inkişafında, sağlam gənc nəslin formalaşdırılmasında, Azərbaycan Respublikasını dünyanın idman ölkələrindən biri kimi tanınmasında böyük rol oynamışdır. Olimpiya oyunlarında və digər mötəbər idman tədbirlərində dövlətin şərəfini layiqincə qoruyan dünya şöhrətli idmançılar yetişdirmişdir. İşlədiyi dövrdə Ümumilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən ali hakimiyyətə qayıdışından sonra, həmçinin Azərbaycan Respublikasının Prezidenti hörmətli cənab İlham Əliyevin bütün sahələrə artan diqqət və qayğısından idmana da böyük pay düşmüşdür. Ölkə gənclərinə artan dövlət qayğısı onların cəmiyyətdə özünütəsdiq və potensiallarını reallaşdırmaq imkanlarını daha da genişləndirilmişdir. Azərbaycan gəncliyinin artan uğurları sırasında onların dünyanın idman meydançalarında qazandığı daha əzəmətli və möhtəşəm qələbələr idman tarixinin şanlı səhifələrinə çevrilmişdir. Bu nailiyyətlərin əldə edilməsində DİN-in İdman Cəmiyyətinin yetirmələrinin, əsas vəzifəsi cinayətkarlıqla mübarizə aparan polis əməkdaşlarının da böyük rolu vardır. Sıralarda xidmət edən Olimpiya çempionları - DİN-in DQBİ-nin İdman komandasının rəisi, polis polkovniki Namiq Abdullayev, DİN-in İdman Cəmiyyətinin sədri, polis polkovniki Zemfıra Meftaxetdinova və digər idmançılar onun işlədiyi dövrdə yetişmişdir. 1997-ci ildə polis polkovniki kimi ehtiyata buraxılmışdır. Hal-hazırda 700 manata yaxın pensiya alır. İş stajına, vəzifəsinə uyğun olaraq əmək pensiyasının təkrar hesablanıb ödənilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmişdir. 13.03.2021-ci il tarixli məktubla ona izah edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə daxil olmuş müraciətinə DİN-in Maliyyə-Plan İdarəsində baxılmışdır. Bildirilir ki, DİN-in X2 hazırlıq kafedrasının müəllimi vəzifəsindən polis polkovniki rütbəsi ilə «attestasiya qaydasında xidmətə müvafiq olmadığına» görə daxili işlər orqanlarından xaric edilmişdir. Pensiya təyini üçün xidmət müddəti təqvimi hesablama ilə 19 il, 3 ay, 22 gün, imtiyazlı hesablama ilə 27 il, 4 ay, 21 gün təşkil etmişdir. Daxili işlər orqanlarından xaric olunduğunu tarixə qüvvədə olan «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 29 aprel 1992-ci il tarixli 109 nömrəli Qanuna əsasən, 27 il xidmət müddəti nəzərə alınaraq, xidmət etdiyi sonuncu vəzifənin müəyyən edilmiş müvafiq təminat xərcliyinin 71 faizi hesabı ilə ona pensiya təyin edilmiş və 31 dekabr 2006-cı il tarixinədək Daxili İşlər Nazirliyi tərəfindən ödənilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından aldıqları məlumata əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının 7 fevral 2006-cı il tarixli 54İİİ-Q nömrəli Qanuna müvafiq hazırda pensiya təminatı: vəzifə maaşı - 595 manat, rütbə maaşı - 159 manat, xidmət illərinə görə 25 faiz əlavə - 188.50 manat və ərzaq payı əvəzinə kompensasiya - 64 manat nəzərə alınmaqla cəmi 1006.50 manat aylıq pul təminatından yeni hesablama qaydasına görə 699,41 manat təşkil edir. Məlumat üçün bildirir ki, daxili işlər orqanlarından xaric olunduğu vaxt qüvvədə olan «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 29 aprel 1992-ci il tarixli 109 nömrəli Qanununun 40-cı maddəsinə əsasən «hərbi qulluqçulara və onların ailələrinə pensiya hərbi qulluqçuların təminat xərcliyindən hesablanır. Bu zaman onlara pensiya hesablanması üçün vəzifə maaşı, hərbi və ya xüsusi rütbəyə görə müvafiq maaşlar, xidmət illəri üçün əlavə faiz və ərzaq payı müqabilində verilən pul kompensasiyası nəzərə alınır.» Sonuncu xidmət yeri üzrə vəzifəsi DİN-in X2 hazırlıq kafedrasının müəllimi vəzifəsi olduğu üçün pensiya təminatında bu vəzifənin pul təminatı əsas götürülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli 499 nömrəli Fərmanına əsasən 1 yanvar 2007-ci il tarixindən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı və digər ödənişlərlə bağlı funksiyaları Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsi (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) həyata keçirir. Pensiya təminatı, maaş artımlarına müvafiq pensiya artımları barədə aidiyyəti üzrə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etməsi məqsədəmüvafiqdir. DOST təşkilatına müraciət etməsinə baxmayaraq, onlara heç bir cavab verilməmiş, heç bir nəticə əldə edilməmişdir. Cavabdeh təşkilatın məktubundan görünür ki, onun sonuncu iş yeri Polis Akademiyasının müəllim vəzifəsi olmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, onun Polis akademiyasında müəllim vəzifəsinə keçirilməsindən onun xəbəri olmamış, müəllim kimi fəaliyyət göstərməmiş və maaş almamışdır. O, uzun müddət hesab etmişdir ki, "Dinamo" cəmiyyətinin sədri kimi pensiya alır. Hal-hazırda müxtəlif əməkdaşlar ilə söhbət əsasında ona məlum olmuşdur ki, ’‘Dinamo” cəmiyyətinin sədri və polis polkovniki kimi hal-hazırda aldığı pensiyadan xeyli çox pensiya almalıdır. Belə ki, işlədiyi dövrdə vəzifə maaşından əlavə mükafatlar da, almış, lakin cavabdeh təşkilat onun pensiyasını düzgün hesablamamışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz (mülahizə) təqdim edilərək bildirilmişdir ki, 23.04.2021-ci il tarixli, 001-27147-1121 nömrəli tapşırığa əsasən DİN-in əməkdaşı İddiaçı iddia tələbi üzrə Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsindən daxil olmuş Məhkəmə Bildirişinə DİN-də baxılmışdır. İddiaçı iddia tələbində pensiyasının DİN-in İdman Cəmiyyətinin sədrinin təminat xərcliyindən hesablanması üçün yeni “Məlumat vərəqəsi”nin tərtib edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. DİN-in MPİ-nə təqdim edilmiş “Hesablama vərəqi”ndə İddiaçı 7.11.1995-ci il tarixinə qədər DİN-nin “Dinamo” İC-nin sədri vəsifəsində xidmət etdiyi, həmin tarixdən 31.10.1996-cı il tarixinədək DİN-in sərəncamında saxlanıldığı, 31.10.1996-cı il tarixində DİN-in X2 hazırliq kafedrasının müəllimi vəzifəsinə təyin edildiyi və 23.04.1997-ci il tarixində həmin vəzifədən, polis 'polkovniki rütbəsi ilə “attestasiya qaydasında xidmətə müvafiq olmadığına görə” DlO-dan xaric edilmişdir. Həmin tarixə qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 29.04.1992-ci il tarixli, 109 nömrəli Qanununun 40-cı maddəsinə əsasən (Hərbi qulluqçulara və onların ailələrinə pensiya hərbi qulluqçuların təminat xərcliyindən hesablanır. Bu zaman onlara pensiya hesablanması üçün vəzifə maaşı, hərbi və ya xüsusi rütbəyə görə müvafiq maaşlar, xidmət illəri üçün əlavə faiz və ərzaq payı müqabilində verilən pul kompensasiyası nəzərə alınır) 27 il xidmət müddəti nəzərə alınaraq, sonuncu, DİN-in X2 hazırlıq kafedrasının müəllimi vəzifəsinin müvafiq təminat xərcliyinin 71 faizi hesabı ilə ona pensiya təyin edilərək, 31 dekabr 2006-cı il tarixinədək Daxili İşlər Nazirliyi tərəfindən ödənilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından aldıqları məlumata əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 07.02.2006-cı il tarixli 54İİİ-Q nömrəli Qanunun 1.0.5-ci (təminat xərcliyi (pul təminatı) -Hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir) və 20.14.1-ci (hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi miqdarında əlavə olunmaqla) maddələrinə əsasən DİN-in X2 hazırlıq kafedrasının müəllimi vəzifəsinin 2019-cu ilin 1 sentyabr tarixinə (sonuncu maaş artımı) müəyyən edilmiş vəzifə maaşı – 595.0 manat, rütbə maaşı – 159.0 manat xidmət illərinə görə 25 faiz əlavə - 188.50 manat və ərzaq payı əvəzinə kompensasiya – 64.0 manat nəzərə alınmaqla, cəmi – 1006.50 manat aylıq pul təminatından yeni hesablama qaydasına görə (Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-c il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2014-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”) 699.41 manat təşkil edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan iddiaçının müraciətinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən cavab olaraq verilmiş 13.03.2021-ci il tarixli, 027-1616-7İİ- 3221 nömrəli məktubdan görünür ki, iddiaçıya bildirilmişdir ki, o, DİN-in X2 hazırlıq kafedrasının müəllimi vəzifəsindən polis polkovniki rütbəsi ilə «attestasiya qaydasında xidmətə müvafiq olmadığına» görə daxili işlər orqanlarından xaric edilmişdir. Pensiya təyini üçün xidmət müddəti təqvimi hesablama ilə 19 il, 3 ay, 22 gün, imtiyazlı hesablama ilə 27 il, 4 ay, 21 gün təşkil etmişdir. Daxili işlər orqanlarından xaric olunduğu tarixə qüvvədə olan «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 29 aprel 1992ci tarixli, 109 nömrəli Qanuna əsasən, 27 il xidmət müddəti nəzərə alınaraq, xidmət etdiyi sonuncu vəzifənin müəyyən edilmiş müvafiq təminat xərcliyinin 71 faizi hesabı ilə ona pensiya təyin edilmiş və 31 dekabr 2006-cı il tarixinədək Daxili İşlər Nazirliyi tərəfindən ödənilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından aldıqları məlumata əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının 7 fevral 2006-cı il tarixli 54İİİ-Q nömrəli Qanuna müvafiq hazırda pensiya təminatı: vəzifə maaşı - 595 manat, rütbə maaşı - 159 manat, xidmət illərinə görə 25 faiz əlavə - 188.50 manat və ərzaq payı əvəzinə kompensasiya - 64 manat nəzərə alınmaqla cəmi 1006.50 manat aylıq pul təminatından yeni hesablama qaydasına görə 699.41 manat təşkil edir. Məlumat üçün bildirirlər ki, daxili işlər orqanlarından xaric olunduğu vaxt qüvvədə olan «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 29 aprel 1992-ci il tarixli 109 nömrəli Qanununun 40-cı maddəsinə əsasən «hərbi qulluqçulara və onların ailələrinə pensiya hərbi qulluqçuların təminat xərcliyindən hesablanır. Bu zaman onlara pensiya hesablanması üçün vəzifə maaşı, hərbi və ya xüsusi rütbəyə görə müvafiq maaşlar, xidmət illəri üçün əlavə faiz və ərzaq payı müqabilində verilən pul kompensasiyası nəzərə alınır.» Sonuncu xidmət yeri üzrə vəzifəsi DİN-in X2 hazırlıq kafedrasının müəllimi vəzifəsi olduğu üçün pensiya təminatında bu vəzifənin pul təminatı əsas götürülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli 499 nömrəli Fərmanına əsasən 1 yanvar 2007-ci il tarixindən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı və digər ödənişlərlə bağlı funksiyaları Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsi (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) həyata keçirir. Pensiya təminatı, maaş artımlarına müvafiq pensiya artımları barədə aidiyyəti üzrə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etməsi məqsədəmüvafiqdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsində iddia tələbi “iş stajına, vəzifəsinə uyğun olaraq əmək pensiyasının təkrar hesablanıb, yeni məlumat vərəqəsini tərtib etmək öhdəliyinin cavabdehə həvalə edilməsi”ni də göstərsə də, məhkəmə bu halı İPM-in 13-cü maddəsinə uyğun olaraq formal xəta kimi qiymətləndirir və iddianı bütövlükdə “iş stajına, vəzifəsinə uyğun olaraq təminat xərcliyinin təkrar hesablanıb, yeni məlumat vərəqəsini tərtib etmək öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi qəbul edir. Nəzərə alınmalıdır ki, “məlumat vərəqəsində vəzifənin düzgün göstərilməməsi” bu mübahisədə iddianın əsası kimi təqdim edilir. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Mahiyyəti üzrə iddianın əsaslılığına gəldikdə, məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 7.11.1995-ci il tarixinə qədər DİN-nin “Dinamo” İC-nin sədri vəzifəsində xidmət etmiş, həmin tarixdən 31.10.1996-cı il tarixinədək DİN-in sərəncamında saxlanılmış, 31.10.1996-cı il tarixində DİN-in X2 hazırlıq kafedrasının müəllimi vəzifəsinə təyin edilmiş və 23.04.1997-ci il tarixində həmin vəzifədən, polis polkovniki rütbəsi ilə “attestasiya qaydasında xidmətə müvafiq olmadığında görə” DİO-dan xaric edilmişdir. İddiaçının qənaətinə görə, onun Polis Akademiyasının müəllimi vəzifəsinə keçirilməsindən xəbəri olmamış, müəllim kimi fəaliyyət göstərməmiş və maaş almamışdır. O, uzun müddət hesab etmişdir ki, “Dinamo” Cəmiyyətinin sədri kimi pensiya alır. Lakin, cavabdehin məktubundan sonra məlumatı olmuşdur ki, ona pensiya təyin edərkən, DİN-nin X2 hazırlıq kafedrasının müəllimi vəzifəsindən təyin edilmişdir. Halbuki, ona “Dinamo” Cəmiyyətinin sədri vəzifəsindən pensiya təyin edilməlidir. İşin hallarından görünür ki, iddiaçı 7.11.1995-ci il tarixinə qədər DİN-in “Dinamo” İC-nin sədri vəzifəsində xidmət etmiş, həmin tarixdən 31.10.1996-cı il tarixinədək DİN-nin sərəncamında saxlanılmış, 31.10.1996-cı il tarixində DİN-nin X2 hazırlıq kafedrasının müəllimi vəzifəsinə təyin edilmiş və 23.04.1997-ci il tarixində həmin vəzifədən, polis polkovniki rütbəsi ilə “attestasiya qaydasında xidmətə müvafiq olmadığında görə” DİO-dan xaric edilmişdir. O, bu barədə əmrləri mübahisələndirməmiş, hazırda həmin əmrlər qüvvədədir. Cavabdeh tərəfindən sözügedən əmrlərə və qanunvericiliyin tələblərinə müvafiq olaraq iddiaçı barəsində məlumat vərəqəsi tərtib edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) göndərilmiş və sonuncu tərəfindən sözügedən məlumat vərəqəsində göstərilən təminat xərcliyinə uyğun olaraq, iddiaçının pensiya məbləği yenidən hesablanmışdır. Göründüyü kimi, məhkəmə araşdırması zamanı cavabdehə münasibətdə iddiaçının göstərdiyi dəlillər öz təsdiqini tapmamış, cavabdeh tərəfindən işin hazırki hallarına əsasən maddi hüquq normalarının düzgün tətbiq edilməməsi halı aşkar edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Həmin Qaydaların 2-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Həmin Qaydaların 4-cü bəndinə əsasən Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiaysının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Konstitusiyanın 125-cü maddəsinin İİİ hissəsinə görə Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət mühakimə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyatı keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunan və qorunan hüquqların daha effektiv şəkildə təmin olunması üçün ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsinə Konstitusion təminat verilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar