Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5546/2022 20.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi pensiyanın təyin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh qeyd edir ki, onun dövlət qulluğu stajı 15 ildən azdır. Halbuki, onun 45 ildən artıq dövlət qulluğu stajı mövcuddur. Belə ki, o, xx.xx.1978-xx.xx.1992-ci il tarixədək milis orqanlarında, xx.xx.1992-xx.xx.2002-ci il tarixədək AR Ali Dövlət Hakimiyyəti və X1 İdarəsində, xx.xx.2002-ci ildən xx.xx.2008-ci il tarixədək Dövlət Mühafizə Xidmətində, xx.xx.2008-xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində dövlət qulluğu vəzifələrində çalışmışdır. Cavabdehin etirazı onunla əsaslandırılır ki, iddiaçının milis orqanlarında, R Ali Dövlət Hakimiyyəti və X1 İdarəsində və Dövlət Mühafizə Xidmətində işlədiyi dövrlər dövlət qulluğu stajı hesab edilmir. Bu səbəbdən də onun dövlət qulluğu stajı 15 il təşkil edir ki, bu da ona dövlət qulluqçusu kimi pensiya təyinatına imkan vermir. Sonradan iddiaçının nümayəndəsi və vəkili dəqiqləşmə verərək İddiaçı 64 yaş 6 aydan, yəni xx.xx.2021-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddiaçının nümayəndəsi və vəkili iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin vəkili və nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1978-xx.xx.1992-ci il tarixədək Azərbaycan SSR-i Daxili İşlər Nazirliyinin milis orqanlarında, xx.xx.1992-xx.xx.2002-ci il tarixədək AR Ali Dövlət Hakimiyyəti və X1 İdarəsində, xx.xx.2002-ci ildən xx.xx.2008-ci il tarixədək Dövlət Mühafizə Xidmətində, xx.xx.2008-xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində müxtəlif vəzifələrdə çalışmışdır. Qeyd olunur ki, iddiaçının həmin vəzifələrdə fəaliyyət göstərməsi mübahisə doğurmur. Hazırkı inzibati mübahisə iddiaçının işlədiyi həmin vəzifələrin dövlət qulluğu vəzifəsi olub-olmaması ilə bağlıdır. Belə ki, cavabdeh iddiaçının təkcə xx.xx.2008xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində tutduğu vəzifələri dövlət qulluğu vəzifəsi hesab edir. İddiaçı isə xx.xx.1978-ci il tarixdən müxtəlif dövlət orqanlarında tutduğu vəzifənin dövlət qulluğu vəzifəsi iddiasında olmasına əsaslanır. Qeyd olunmalıdır ki,məhkəmə X2 müvafiq sorğu ilə müraciət etmiş və iddiaçının göstərilən dövlət orqanlarında işlədiyi vəzifələrin dövlət qulluğu vəzifəsi olub-olmaması ilə bağlı məhkəməyə təqdim edilməsini tələb etmişdir. Məhkəmə sorğusuna cavab məktubundan görünür ki, Mərkəz iddiaçının 1978-2008-ci il tarixlərdə Azərbaycan SSR-i Daxili İşlər Nazirliyinin milis orqanlarında, AR Ali Dövlət Hakimiyyəti və X1 İdarəsində və Dövlət Mühafizə Xidmətində işlədiyi müddətin dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməli olması qeyd etmiş, xx.xx.2008-xx.xx.2021-ci il tarixədək işlədiyi vəzifələri isə xüsusi dövlət qulluğuna aid olmayan dövlət qulluğu kimi inzibati vəzifə hesab etmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun: 23.1.Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2.Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il(bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Qanunvericiliyin tələbindən də müəyyən edilir ki, şəxsə dövlət qulluqçusu kimi pensiya təyini üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajının mövcud olması mütləqdir. İddiaçının isə mübahisələndirilməyən dövlət qulluğu stajı müddəti xx.xx.2008-xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində tutduğu dövlət qulluğu vəzifələri ilə bağlıdır ki, həmin dövrün 15 ildən az olması konkret müəyyən edilir. Göründüyü kimi iddiaçıya dövlət qulluqçusu kimi pensiyanın təyin edilməsi onun 1978-2008-ci il tarixdlərdə xüsusi dövlət qulluğunda tutduğu vəzifələr üzrə qulluq stajının nəzərə alınmasının mümkün olub-olmamasından asılıdır ki, cavabdeh həmin dövrlərin dövlət qulluğu stajına aid olmaması, xüsusi dövlət qulluğu hesab edilməsi qənaətindədir. Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən cavabdehin qənaəti qanunsuz və əsassızdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun: 2.1. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. 2.2. Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. 2.3. Prokurorluq, ədliyyə, , müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. 4.1. Dövlət qulluğu aşağıdakı prinsiplərə əsaslanır: 4.1.8. vətəndaşların öz qabiliyyətlərinə, xidməti nailiyyətlərinə və peşə hazırlığına uyğun olaraq dövlət qulluğunun hər hansı vəzifəsini tutmaqda hüquq bərabərliyi; 4.1.9. irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, ailə, əmlak və qulluq vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai birliklərə mənsubiyyətindən, habelə qulluqçuların işgüzarlıq keyfiyyətlərinə dəxli olmayan başqa səbəblərdən asılı olmayaraq dövlət qulluqçularının hüquq bərabərliyi 22.7. Dövlət qulluqçusuna daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq qulluq stajına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və məbləğdə aylıq əlavə haqq ödənilir. 22.7-1. Dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. 22.7-2. Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli, 665 nömrəli Fərmanı təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın: 7-1. Dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri həmin Qanunun 22.7-2-ci maddəsinə uyğun olaraq, qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun həmin Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Dövlət qulluğuna dair qanunvericiliyə yeni tənzimləmələr nəticəsində Qanun və Qaydanın son redaksiyasından da görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına daxil edilir. Qeyd olunan hal isə onu deməyə əsas verir ki, iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün nəzərdə tutulmuş 15 illik qulluq müddəti ilə bağlı şərt ödənilmişdir. Belə ki, iddiaçının “Dövlət qulluğu haqqında” Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş Azərbaycan SSR-i Daxili İşlər Nazirliyinin milis orqanlarında, AR Ali Dövlət Hakimiyyəti və X1 İdarəsində və Dövlət Mühafizə Xidmətində xüsusi dövlət qulluğu stajı ümumi dövlət qulluğu stajında nəzərə alınan dövr hesab edilir. Belə olduğu təqdirdə isə iddiaçının dövlət qulluğu stajı 1978-2021-ci il tarixləri arasındakı dövrü əhatə edir ki, həmin müddət 15 illiq qulluq müddətindən bir-neçə dəfər artıqdır. Məhkəmə, həmçinin onun da qeyd edilməsini zəruri hesab edir ki, cavabdehin mövqeyi dövlət qulluqçularının bərabərliyi prinsipləri də uzlaşmamaqdadır. Belə ki, Adıçəkilən Qanunun 2.3-cü maddəsindən görünür ki, xüsusi və ya inzibati vəzifə tutan dövlət qulluqçuları üçün dövlət qulluğunun Qanunla müəyyən edilən prinsiplərinə aid müddəalarının nəzərə alınmalı olması mütləq şərt kimi nəzərdə tutulmuşdur. Qanunun 4.1-ci maddəsində isə dövlət qulluqçularının hüquq bərabərliyi prinsipi konkret olaraq müəyyən edilmişdir. Bu bərabərlikdən çıxış edərək qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 22 iyul tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası”nın: 2.Fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün daxili işlər orqanları əməkdaşlarının xidmət illərinə aşağıdakı dövrlər hesablanır: dövlət qulluqçusunun dövlət qulluğu vəzifəsində qulluq stajı. Göründüyü kimi polis orqanlarında xidmət edən və ya etmiş şəxsin dövlət qulluğu vəzifəsində qulluq stajı fasiləsiz xidmət illərinə hesablansa da, cavabdeh hesab edir ki, iddiaçının 1978-1992-ci illərdəki polis orqanlarındakı xidmət illəri dövlət qulluğu stajına aid edilməməlidir. Qeyd olunan hal dövlət orqanları əməkdaşlarının hüquq bərabərliyi prinsipinin aşkar pozuntusu kimi qiymətləndirilir. Bu səbəbdəndir ki, göstərilən prinsipə istinad edilməklə, təkcə polis orqanlarında işlədiyi illər iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə pensiya təyininə əsas qismində çıxış edir ki, məhkəmə bu barədə əlavə araşdırmanın aparılmasına da zərurət görmür və oxşar normanın Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları üçün də olub-olmamasını araşdırmanı prosessual qənaət prinsipləri baxımından əhəmiyyətsiz hesab edir. Belə ki, hər bir halda iddia qanuni və əsaslı iddiadır. İddiaçı tələbində həmçinin, pensiya hüququ yarandığı vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyası pensiya hüququnun yarandığı tarixdən təyin edilməli olduğundan adıçəkilən Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün deyil də, məhz onun pensiya hüququ yarandığı tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 64 yaş 6 aydan, yəni 16 may 2020-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-5546/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5546/2022
20.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver