Məhkəmə qərarları › İş №2-1(112)-5547/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5547/2021

23.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5547/2021 23.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddaçı İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iş illərinin sosial sığorta stajına daxil edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1991-ci ilin noyabrdekabr aylarında, 1992-ci ildə və 1996-cı ilin fevral-dekabr aylarında Gədəbəy rayonunun “Mehdi Quliyev” adına sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə, ona 2019-cu ildə təyin edilmiş yaşa görə pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddaçı İddiaçı izahatında bildirdi ki, o, xx.xx.1954-cü il tarixdə Gədəbəy rayonunun Arıxdam kəndində anadan olmuşdur. Hal-hazırda Gədəbəy rayonu, Arıxdam kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Onun yaşa görə pensiyaya çıxmaq hüququ 2018-ci ilin may ayının 18-də yaranmışdır. Həmin vaxt DSMFnun Gədəbəy rayon şöbəsi sosial sığorta stajının az olması ilə bağlı ona imtina cavabı verdiyindən 2019-cu ildə o, Gəncə İnzibati-İqtisadi Məhkəməsində cavabdeh orqan DSMF-nun Gədəbəy rayon şöbəsinə qarşı Milli Arxiv İdarəsinin Gədəbəy rayon Dövlət Arxivinin 04.01.2019-cu il tarixli, 02 nömrəli arxiv arayışı ilə onun əmək fəaliyyətini əks etdirən Gədəbəy rayonunun “Mehdi Quliyev” adına sovxozunda 1986-cı ilin avqust-dekabr aylarında traktor briqadiri, 1987-1991-ci illərdə yenə həmin sovxozda traktor briqadiri (01.04.1988-ci ildən əlavə olaraq yanacaq və ehtiyat hissəsi anbardarı), 1993-1996-cı illərdə yenə də traktor briqadiri, yanacaq anbardarı işlədiyi illərin sosial sığorta stajına hesablanması və ona yaşa görə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia qaldırmışdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsi tərəfindən onun iddası qismən təmin edilərək, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Gədəbəy rayon Dövlət Arxivinin 04.01.2019-cu il tarixli 02 nömrəli arxiv arayışı ilə onun əmək fəaliyyətini əks etdirən Gədəbəy rayonunun “Mehdi Quliyev” adına sovxozunda 1986-cı ilin avqust-dekabr aylartında traktor briqadiri, 1987-1991-ci illərdə yenə həmin sovxozda traktor briqadiri (01.04.1988-ci ildən əlavə olaraq yanacaq və ehtiyat hissəsi anbardarı), 1993-cü ildən 1996-cı ilin yanvar ayınadək müddətlərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabehin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir. Gəncə İnzibati- İqtisadi Məhkəməsinin həmin qərarını aldıqdan sonra cavabeh orqan DSMF-nun Gədəbəy rayon şöbəsində 2019-cu ilin yanvar ayında ona pensiya təyin edilmişdir. 2018-ci ilin may ayının 18-dən ona 116 manat pensiya verilmiş, sonra artırılaraq 160 manat, son vaxtlar isə 233 manat pensiya alırdı. 2021-ci ilin yanvar ayında onun pensiyası cavbabdeh orqan tərəfindən dayandırılmışdır. O, cavabdeh orqana bu barədə müraciət etmiş, pensiyasının bərpa edilməsini bildirdikdə cavadeh orqandan ona 05.02.2021 -ci il tarixli rəsmi cavab verilərək, ümumi iş stajı 23 il 3 ay olmaqla qanunla tələb olunan 25 il müddətdən az olduğu, eyni zamanda 01.01.2006-cı tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı, sığorta kapitalının 17235,23 manat olmaqla tələb olunan 28800 manat sığorta kapitalından az olduğu və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermədiyi bildirilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, Gədəbəy rayon Dövlət Arxivinin 06 fevral 2021-ci il tarixli, 28 nömrəli arxiv arayışında göstərilir ki, Gədəbəy rayon Arıxdam kənd sakini Abbasov X5 rayon Dövlət Arxivində mühafizə olunan sabiq “M.Quliyev” adına sovxoza aid əmrlər kitabında İddiaçı 01 avqust 1986-cı il tarixdə 71 nömrəli əmr ilə 19 iyul 1986-cı il tarixdən sabiq “M.Quliyev” adına sovxoza öz ərizəsinə əsasən traktor briqadiri qəbul edilmiş, 01 aprel 1988-ci il tarixdə 35 nömrəli əmrlə sabiq “M.Quliyev” sovxozu üzrə yanacaq anbardarı təyin edilmiş və 31 dekabr 1996-cı il tarixli 41 nömrəli əmri ilə torpaq islahatı getdiyinə görə işdən azad edilmişdir. Eləcə də Gədəbəy rayon Dövlət Arxivinin 04 fevral 2021-ci il tarixli 27 nömrəli arxiv arayışında isə onun 1986cı ilin avqust ayının 08-dən 1996-cı il dekabr ayının 31-nə kimi illər və aylar üzrə əmək haqqı göstərilmişdir. Lakin həmin sovxozun 1992-ci il və 1996-cı ilin fevral-dekabr aylarının mühasibat sənədləri, eləcə də 1991-ci ilin noyabr-dekabr aylarının sənədləri sovxoz tərəfindən Gədəbəy rayon Dövlət Arxivinə təhvil verilmədiyindən bunlar arxiv arayışında qeyd olunmamışdır. Əgər sovxoz həmin sənədləri dövlər arxivinə verməmişdirsə, bunda onun günahı nədən ibarətdir. Bu səbəbdən də həmin illər və aylar onun sosial sığorta stajından qanunsuz olaraq çıxarılmış və nəticədə pensiyası heç bir əsas və səbəb olmadan dayandırılmışdır. Onun adına 01.01.2006-cı ildən pensiya zamanı nəzərə alınan dövlət sosial sığorta şəhadətnaməsi də vardır. O, 2006-cı ilin 01 yanvar tarixindən pensiya təyin olunan tarixə kimi ayrı-ayrı illərdə sığorta kartına pul keçirmişdir. Cavabdeh orqanın imtinası ilə onun Konstitusiyada təsbit olunmuş yaşa görə pensiya almaq hüququ kobud şəkildə pozulmuş, pensiyası dayandırılmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahatında bildirdi ki, xx.xx.1954-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsinin 28.12.2018-ci il tarixli 527 nömrəli qərarı ilə 18.05.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin sonradan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon filialı tərəfindən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin şərtləri yaşa görə pensiya hüququ olmadığı müəyyən olunmuş və Filialın 17.11.2020-ci il tarixli məktubu ilə Qanunun 22-1-ci maddəsinə əsasən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası hüququna baxılması üçün iddiaçının pensiya işi Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına təqdim edilmişdir. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının pensiya hüququna yenidən baxılmış və müəyyən olunmuşdur ki, pensiya işində olan Gədəbəy rayon şöbəsi tərəfindən verilmiş 05.06.2018-ci il tarixli Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə Arayış (01.01.2006-cı il tarixdən sonra iddiaçının 1 il 10 ay 23 gün sosial sığorta stajı və 57,41 manat pensiya kapitalı olması barədə) X7 də öz əksini tapmır. Beləliklə, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən, sosial sığorta stajı qanunla nəzərdə tutulmuş 25 il müddətdən az olduğundan və 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyildir. Belə ki, iddiaçının təqdim etdiyi 30.06.1973-ci il tarixli və 30 oktyabr 1978-ci il tarixli əmək kitabçalarının, 019427 nömrəli diplomun və ******* nömrəli hərbi biletin surətinə əsasən onun 01.01.2006-cı il tarixədək 23 il 6 ay 18 gün sığorta stajı hesablanmışdır (20.09.1970-29.08.1973, 01.09.1973- 05.03.1979 (təhsil), 01.09.1979-17.05.1984, 01.06.1984-20.07.1986, 01.08.1986- 01.01.1987, 01.01.1987-01.11.1991, 01.01.1993-01.01.1996). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən vətəndaşın 01.09.1973-cü il tarixdən 05.03.1979-cu il tarixədək təhsil aldığı dövrlər, 05.05.1974-cü il tarixdən 14.05.1976-cı il tarixədək hərbi xidmətdə olduğu dövrlər və işlədiyi dövrlər üstüstə düşdüyü üçün sığorta stajı hesablanarkən həmin müddətlərdən biri nəzərə alınmışdır. Həmçinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 altsisteminə əsasən iddiaçının 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş 25 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödənişi edilməsi barədə 25.01.2013-cü il tarixli 37 nömrəli qəbzlə bağlı bildirir ki, iddiaçının məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə PAS sistemində heç bir məlumat aşkar edilmədiyindən bu barədə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə X3 uçota nəzarət və sosial sığorta departamentinə 05.04.2021-ci il tarixli sorğu ilə (müvafiq qəbzin surəti əlavə edilməklə) müraciət edilmiş, iddiaçı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi barədə və bununla əlaqədar digər zəruri məlumatların təqdim edilməsi xahiş edilmişdir. Fərdi uçota nəzarət və sosial sığorta departamentinin 27.04.2021-ci il tarixli cavab məktubunda 3 sentyabr 2014-cü il tarixində Nazirliyin tabeliyində Fondun 19 saylı regional ərazi filialında (Gədəbəy rayonu üzrə) “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi uçota alınan İddiaçı (SUN: **********1) tərəfindən 2013-cü il üzrə «Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat»lar (Forma B2) və «Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat»lar (Forma B3) təqdim edilmədiyindən müraciətdə qeyd edilən vəsaitin onun fərdi şəxsi hesabında əks olunmadığı, müvafiq dövrdə qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində qeyd edildiyi kimi məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat verməyin sığortaedənin vəzifəsi olduğu bildirilmişdir. Buna görə də 22.12.2020-ci il tarixdən iddiaçıya pensiya ödənişi dayandırılmış və artıq ödənilmiş 5478,72 manat pensiya məbləğinin bərpa edilməsi xahiş edilmişdir. İddiaçının tələbi 1991-ci ilin noyabrdekabr aylarında, 1992-ci ildə və 1996-cı ilin fevral-dekabr aylarında Gədəbəy rayonunun “Mehdi Quliyev” adına sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona 2019-cu ildə təyin edilmiş yaşa görə əmək pensiyasının bərpa edilməsindən ibarətdir. Qanuni qüvvəsini almış Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 28.01.2019-cu il tarixli 2- 1(83)-265/2019 nömrəli qərarı ilə İddiaçı 01.08.1986-cı ildən 31.12.1996-cı il tarixədək “M.Quliyev” adına sovxozda işlədiyi illərin sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası qismən təmin edilərək, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Gədəbəy rayon Dövlət Arxivinin 04.01.2019-cu il tarixli, 02 nömrəli arxiv arayışı ilə İddiaçı əmək fəaliyyətini əks etdirən 1986-cı ilin avqust-dekabr ayları, 1987-1991-ci illər (1991-ci ilin yanvar-oktyabr ayları) və 1993-cü ildən 1996-cı ilin yanvar ayınadək müddətlərin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçının sığorta stajı hesablanarkən Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 28.01.2019-cu il tarixli 2-1(83)-265/2019 nömrəli qərarı nəzərə alınmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 29.01.2021-ci il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun 19 saylı Regional Ərazi filialından daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ( 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 2020-ci ilin 1 iyul tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyiniz sənədlərdən göründüyü kimi Sizin ümumi iş stajınız 23 il 3 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalınız qeydə alınmamışdır. Həmçinin, 01.01.2006-cı il tarixədək olan sığorta stajınıza uyğun (23 il 3 ay) sığorta kapitalınız 17235,23 manat olmaqla tələb olunan 28800 manat sığorta kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Belə ki, pensiya kapitalınızın məbləğinin sözügedən Qanunun 45-ci maddəsinin birinci cümləsinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə uyğun olaraq müəyyən edilən gözlənilən pensiya ödənişi müddətinə-144 aya bölünməsi ilə alınan məbləğ “Əmək pensiyaları haqqında” Qanunun 6-1.ci maddəsində nəzərdə tutulmuş əmək pensiyasının minimum məbləğindən (200,00) aşağıdır. Qeyd olunanları nəzərə alaraq Sizə təyin olunmuş yaşa görə əmək pensiyası qanunvericiliyin tələbləri baxımından mümkün olmadığından ləğv olunur və yaşa görə sosial müavinətin təyin edilməsi üçün müvafiq regional ərazi filialına müraciət etməyiniz tövsiyə olunur. Sizə ödənilmiş 5478,72 manat artıq pensiya məbləğinin bərpa olunmasını təmin etməyiniz xahiş olunur. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait (11564,77 manat) ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan Gədəbəy rayon İcra Hakimiyyəti Gədəbəy rayon Dövlət Arxivinin 04 fevral 2021-ci il tarixli 27 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Qruc oğlu sabiq «M.Quliyev» adına sovxozda aşağıdakı illər üzrə əmək günü qazanmışdır: 1986-cı il avqust-dekabr ayları, 1987-ci il yanvar-dekabr ayları, 1988-ci il yanvar-dekabr ayları, 1989-cu il yanvar-dekabr ayları, 1990-cı il yanvar-dekabr ayları, 1991-ci il yanvaroktyabr ayları, 1993-cü il yanvar-dekabr ayları, 1994-ci il yanvar-dekabr ayları, 1995-ci il yanvar-dekabr ayları, 1996-cı il yanvar ayı. İş materiallarında olan Gədəbəy rayon İcra Hakimiyyəti Gədəbəy rayon Dövlət Arxivinin 06 fevral 2021-ci il tarixli 28 nömrəli arxiv arayışından görünür ki, Gədəbəy rayonunun Arıxdam kəndində qeydiyyatda olan Abbasov X6 Rayon Dövlət Arxivində mühafizə olunan sabiq «M.Quliyev» adına sovxozuna aid əmrlər kitabında 01 svqust 1986-ci il tarixdə 71 nömrəli əmr ilə 19 iyul 1986-cı il tarixdən sabiq “M.Quliyev" adına sovxozuna öz ərizəsinə əsasən traktor briqadiri qəbul edilmiş, 01 aprel 1988-ci tarixdə 35 nömrəli əmr ilə sabiq “M. Quliyev” sovxozu üzrə görə yanacaq anbardarı təyin edilmiş və 31 dekabr 1996-cı il tarixli 41 nömrəli əmri ilə torpaq islahatı getdiyinə görə işdən azad olunmuşdur. İş materiallarında olan Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(083)-265/2019 saylı 28.01.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı Qruc oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalİnin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsinə qarşı 01.08.1986-cı il tarixdən 31.12.1996-cı il tarixədək “Mehdi Quliyev” adına sovxozda traktor briqadir vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası qismən təmin edilmiş, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Gədəbəy rayon Dövlət Arxivinin 04.01.2019-cu il tarixli, 02 nömrəli arxiv arayışı ilə İddiaçı əmək fəaliyyətini əks etdirən 1986-cı ilin avqust-dekabr ayları, 1987-1991-ci illər (1991-ci ilin yanvar-oktyabr ayları) və 1993-cü ildən 1996-cı ilin yanvar ayınadək müddətlərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalİnin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Gəncə İnzibati Məhkəməsi tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 01.09.2021-ci il tarixli 2-1(83)-265/2019 nömrəli məktubdan görünür ki, İddiaçı Qruc oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalİnin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsinə qarşı iş illərinin sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(083)-265/2019 saylı 28.01.2019-cu il tarixli qərarı 18.03.2019-cu il tarixdə qanuni qüvvəyə minmiş və həmin tarixdə icra edilməsi üçün cavabdeh orqana göndərilmiş, cavabdeh orqanın 24.10.2019-cu il tarixli məktubuna əsasən həmin qərarın icra edildiyi bildirilmişdir. İş materiallarında olan İddiaçı məxsus pensiya işində (№ 990073) olan sənədlərdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsinin 28.12.2018-ci il tarixli 527 nömrəli qərarı ilə 18.05.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsinin 28.12.2018-ci il tarixli 527 nömrəli qərarına əsasən 18.05.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir və 22.12.2020-ci il tarixdən iddiaçıya pensiya ödənişi dayandırılmışdır. Hazırda iddiaçı 1991-ci ilin noyabr-dekabr aylarında, 1992-ci ildə və 1996-cı ilin fevral-dekabr aylarında Gədəbəy rayonunun “Mehdi Quliyev” adına sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə, ona təyin edilmiş yaşa görə pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə qeyd edir ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(083)-265/2019 saylı 28.01.2019-cu il tarixli qərarına əsasən İddiaçı Qruc oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsinə qarşı 01.08.1986-cı il tarixdən 31.12.1996-cı il tarixədək “Mehdi Quliyev” adına sovxozda traktor briqadir vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası qismən təmin edilmiş, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Gədəbəy rayon Dövlət Arxivinin 04.01.2019-cu il tarixli, 02 nömrəli arxiv arayışı ilə İddiaçı əmək fəaliyyətini əks etdirən 1986-cı ilin avqust-dekabr ayları, 1987-1991-ci illər (1991-ci ilin yanvar-oktyabr ayları) və 1993-cü ildən 1996-cı ilin yanvar ayınadək müddətlərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İddia tələbi iddiaçının “Mehdi Quliyev” adına sovxozda işlədiyi qeyd olunan 1991-ci ilin noyabr-dekabr ayları, 1992-ci il və 1996-cı ilin fevraldekabr aylarının sosial sığorta stajına daxil edilməsi hissəsində təmin edilməmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarı qanuni qüvvəyə minmiş və icra edilməsi üçün cavabdeh orqana göndərilmiş, cavabdeh orqan tərəfindən iddiaçının sığorta stajı hesablanarkən nəzərə alınmışdır. Göründüyü kimi, iddiaçı 1991-ci ilin noyabr-dekabr aylarında, 1992-ci ildə və 1996-cı ilin fevral-dekabr aylarında Gədəbəy rayonunun “Mehdi Quliyev” adına sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən həmin iddia tələbi təmin edilməmişdir və qərar qanuni qüvvəyə minmişdir. Hazırda iddiaçı eyni iddia tələbi ilə məhkəməyə yenidən müraciət etmişdir. İddiaçı hazırki iddia tələbində 1991-ci ilin noyabr-dekabr aylarında, 1992-ci ildə və 1996-cı ilin fevraldekabr aylarında Gədəbəy rayonunun “Mehdi Quliyev” adına sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə, ona təyin edilmiş yaşa görə pensiyanın bərpa edilməsini tələbi edir. Göründüyü kimi, iddiaçı yaşa görə pensiyanın bərpa edilməsi tələbini müstəqil tələb kimi qoymamışdır, qeyd olunan dövrlərin sosial sığorta stajına daxil edilməklə, pensiyanın bərpa edilməsini tələb edir. Pensiyanın bərpa edilməsi mübahisələndirilən iş illərinin sosial sığorta stajına daxil edilməsi ilə əlaqələndirilməklə və iş illərinin sosial sığorta stajına daxil edilməsindən asılı halda müəyyən edilməklə vahid tələb kimi verilmişdir. Qeyd olunan tələblə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcud olmasına baxmayaraq, iddiaçı eyni iddia tələbi ilə məhkəməyə yenidən müraciət etmişdir. Qanuni qüvvəyə minmiş mahiyyəti üzrə qərarın olması iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir (8.1-ci bənd); Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir (8.2-ci bənd); Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir (8.3-cü bənd); Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir (8.4-cü bənd); İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (15.4-cü bənd); İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir (15.5-ci bənd); Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar (15.6-cı bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim edildiyi andan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar