Məhkəmə qərarları › İş №2-1(112)-5547/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5547/2022

17.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5547/2022 17.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “kirayə haqqı ilə təmin edilmə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Suraxanı Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin iddiaçının xx.xx.2021-ci il tarixli ərizəsinin cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin (hərəkətlərinin) qanunsuz hesab edilməsi, iddia ərizəsinin tərtib olunması üçün ödədiyi 100 manat pulun və ailə üzvləri ilə birlikdə yaşayış sahəsi ilə təmin olunana qədər ehtiyatda olan hərbi qulluqçu kimi AR Nazirlər Kabinetinin 174 №-li, xx.xx.2012-ci il tarixli Qərarına uyğun olaraq mənzillə təmin olunanadək müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqı ilə təmin edilməyi vəzifəsinin cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1984-1990-cı illərdə keçmiş Sovet Ordusunda, 1999-2016-cı illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmət keçmişdir. AR Müdafiə Nazirinin 0914 №-li, xx.xx.2015-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə əsasən ehtiyata buraxılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Suraxanı Rayon İcra Hakimiyyətində ehtiyatda olan hərbi qulluqçu kimi güzəştli şərtlərlə mənzil növbəsinə qəbul olunmuşdur. xx.xx.2021-ci il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək (bütün tələb olunan sənədləri əlavə etməklə) yaşayış sahəsi ilə təmin olunana qədər ehtiyatda olan hərbi qulluqçu kimi onun və ailə üzvlərinin AR Nazirlər Kabinetinin 174 №-li, xx.xx.2012-ci il tarixli Qərarına uyğun olaraq mənzillə təmin olunanadək kirayə haqqı ilə təmin edilməyi barədə sərəncam verilməsini xahiş etmişdir. İddiaçının ərizəsi xx.xx.2021-ci il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi tərəfindən imza edilməklə qəbul edilmişdir. Lakin bu günə qədər müraciəti cavabsız və nəticəsiz qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-439/2021 saylı qərarı ilə bu iş üzrə İddiaçı ailə üzvləri ilə birlikdə yaşayış sahəsi ilə təmin olunmaları üçün mənzil növbəsinə qəbul edilmələri bardə sərəncam verilməsi RİH-ə həvalə edilmişdir. Sözügedən qərarın icrasını təmin etmək məqsədi ilə müvafiq sənədlərin siyahısı iddiaçıya göndərilsə də hazırkı dövrə qədər sənədlər RİH-yə təqdim edilmədiyindən məhkəmə qərarının icrasını təmin etmək mümkün olmamışdır. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ailə üzvləri ilə birlikdə yaşayış sahəsi ilə təmin olunanadək ehtiyatda olan hərbi qulluqçu kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 nömrəli xx.xx.2012-ci il tarixli Qərarına uyğun olaraq mənzillə təmin olunanadək müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqı ilə təmin edilməsi vəzifəsinin cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehin ünvanına məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(112)-439/2021 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı onun ailə üzvləri ilə birlikdə yaşayış sahəsi ilə təmin olunmağı üçün mənzil növbəsinə qəbul edilməyi barədə sərəncam verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə iş üzrə icraata başlanılmış, borclu Suraxanı Rayon İcra Hakimiyyətinə icranı könüllü təmin etməsinin təklif olunması, icra könüllü təmin edilmədikdə məcburi icra tədbirlərinin görülməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinə əsasən kirayə verən İbrahimova Gülrux Mirzəcan qızı Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Mikayıl Müşviq küçəsi, ev 29, mənzil 7 (Yeni qaydalarla: AZ 5022, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 58.8 kv.m olan mənzili kirayəçi İddiaçı istifadəsinə vermişdir. İş materiallarına əlavə edilmiş EZ ******* nömrəli, xx.xx.2016-cı il tarixli hərbi biletin surətinə və vətəndaşın hərbi xidmət keçməsinə dair elektron arayışa əsasən 1967-ci il təvəllüdlü ehtiyatda olan mayor İddiaçı xx.xx.1984-xx.xx.1988-ci il tarixədək Engelsk vilayəti hərbi məktəb-müdavim, xx.xx.1988-xx.xx.1990-cı il tarixədək SSR-də müddətdən artıq xidmət, xx.xx.1999-xx.xx.2015-ci il tarixədək AR SQ-da həqiqi hərbi xidmət keçmiş, xx.xx.2015-ci ildə “HXH” Əsasnamənin 156-cı maddəsinin “b” bəndi (yaşa görə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 1/1156 nömrəli məktubunda bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-439/2021 saylı qərarı ilə bu iş üzrə İddiaçı ailə üzvləri ilə birlikdə yaşayış sahəsi ilə təmin olunmaları üçün mənzil növbəsinə qəbul edilmələri barədə sərəncam verilməsi RİH-yə həvalə edilmişdir. Sözügedən qərarın icrasını təmin etmək məqsədi ilə müvafiq sənədlərin siyahısı iddiaçıya göndərilsə də hazırkı dövrə qədər sənədləri RİH-yə təqdim etmədiyindən mənzil növbəsinə alınmasına dair sərəncam verilməmişdir. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 0914 №-li, xx.xx.2015-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə əsasən ehtiyata buraxılmış hərbi qulluqçudur. İddiaçı Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Suraxanı Rayon İcra Hakimiyyətində ehtiyatda olan hərbi qulluqçu kimi güzəştli şərtlərlə mənzil növbəsinə qəbul olunduğunu, hazırda da kirayədə yaşadığını əsas götürərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 №-li, xx.xx.2012-ci il tarixli Qərarına əsasən mənzillə təmin olunanadək kirayə haqqının ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. Hazırkı iddia üzrə iddiaçı mənzil uçotuna alınmış hərbi qulluqçu kimi mənzillə təmin olunanadək mənzil kiaryə haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia üzrə kirayə xərcinin ödənilməsi ilə bağlı tələbi öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci bəndinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: -8-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyətinə həqiqi hərbi xidmət keçən, «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada kiçik leytenant və ondan yuxarı (bu maddədə, ümumqoşun hərbi rütbələrinin göstərildiyi digər maddələrdə və bu Əsasnamənin 10-cu maddəsində göstərilən onlara bərabər hərbi rütbələr) hərbi rütbələr verilmiş hərbi qulluqçular aiddirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyəti hərbi rütbələrdən asılı olaraq aşağıdakılara bölünür: kiçik zabit heyətinə (kapitan daxil olmaqla kiçik leytenantdan kapitana qədər); baş zabit heyətinə (polkovnik daxil olmaqla mayordan polkovnikə qədər); ali zabit heyətinə (ordu generalı daxil olmaqla general-mayordan ordu generalına qədər); hərbi xidməti özünə peşə seçmiş, bu Əsasnamənin 13-cü və 14-cü maddələri ilə zabitlər üçün nəzərdə tutulmuş qaydalar və şərtlər daxilində həqiqi hərbi xidmət keçən zabit heyətindən olan şəxslər kadr zabiti heyətinə aiddirlər. -13-cü bəndinə əsasən «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakı son yaş həddinədək xidmət edirlər: baş zabitlər üçün: mayor, polkovnik-leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər üçün - 48 yaş. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilir. Göründüyü kimi Nazirlər Kabinetinin adıçəkilən Qərarı mənzil növbəsinə götürülmüş hərbi qulluqçulara kirayə xərclərinin ödənilməsi ilə bağlı məsələlərdə xüsusi tənzimləmə nəzərdə tutmuşdur. Həmin tənzimləməyə əsasən yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi nəzərdə tutulmuş ehtiyata buraxılmış hərbi qulluqçuların dairəsi konkret olaraq müəyyən edilmişdir. Yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlər, gizirlər və miçmanlara münasibətdə: -yaşına, xəstəliyə, ailə vəziyyətinə görə ehtiyata və istefaya buraxılmışlar; -5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmışlar. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçulara münasibətdə isə - 15 təqvim ili və daha çox xidmət etmişlər. İddiaçının mənzil uçotuna götürülməsi ilə bağlı məsələ hazırkı məhkəmə icraatının mübahisə predmeti deyildir. Mübahisə predmeti olan kirayə haqqı ilə təmin edilmə məsələsidir ki, bununla bağlı məhkəmə yuxarıda qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi” barədə 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarı əsasında qiymətləndirmə aparır. Qeyd edilən normanın tələbindən çıxış etdikdə müəyyən olunur ki, iş üzrə iddiaçı mayor rütbəsində zabit heyətinə aid olmaqla hərbi xidmətdə olmanın son yaş həddinə çatdığına görə ehtiyata buraxılmışdır. Belə olan halda iddiaçı adıçəkilən 174 nömrəli Qərarda qeyd olunan - yaşa görə ehtiyata buraxılmış kateqoriya hərbi qulluqçu olduğundan onun mənzillə təmin olunanadək kirayə xərclərinin ödənilməsini tələb etmək hüququ vardır. İddiaçının mənzil kirayə haqqının hansı tarixdən təmin edilməli olmasına gəlincə məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin sözügedən Qərarında məhz mənzil növbəsinə götürülmüş şəxslərin kirayə haqqı ilə təmin edilməsi hüquqları nəzərdə tutulmuşdur. Məhkəmə o halı da nəzərə alır ki, hazırkı iş üzrə iddiaçının hərbi qulluqçu kimi mənzil uçotuna alınması hüququ məhkəmənin qanuni qüvvəsini almış qərarı ilə öz həllini tapmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-439/2021 saylı qərarı icra edilərək iddiaçının ailə üzvləri ilə birlikdə mənzil uçotuna götürüldüyü vaxtdan mənzil kirayə haqqının ödənilməsi hüququ da təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının mənzillə təmin olunanadək müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqı ilə təmin edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı mənzil uçotuna götürüldüyü vaxtdan mənzillə təmin olunanadək müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqı ilə təmin edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar