Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5548/2021 17.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “aylıq 190 manat müavinətin verilməsi” barədə iddia tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin aprel, may, iyun, iyul, avqust ayları, həmçinin karantin müddəti uzadılacağı təqdirdə növbəti aylar ərzində 190 manat birdəfəlik ödəmənin ona ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o heç bir yerdə işləmir, rəsmi gəliri yoxdur, dövlətdən heç bir müavinət almır. Pandemiyadan əvvəlki dövrdə günəmuzd işləmiş, pandemiya ilə əlaqədar isə hazırda heç bir yerdə işləyə bilmir. Bu səbəbdən işsiz bir vətəndaş kimi Azərbaycan Respublikası Prezidentin işsiz vətəndaşlar üçün ayırdığı 190 manat birdəfəlik müavinəti almaq üçün e-sosial.az saytında qeydiyyatdan keçmiş, lakin onun barəsində düzgün araşdırma aparılmadan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ona imtina sms-i göndərilmişdir. İmtinanın əsası kimi onun və arvadının mülkiyyətində iki və daha çox əmlakın olması göstərilmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi heç bir araşdırma aparmamış, avtomatik olaraq ona 190 manat maddı yardımın verilməsindən əsassız olaraq imtina etmişdir. Çünki o evli deyil e-sosial.az saytında qeydiyyatdan keçəndə də subay kimi qeydiyyatdan keçmiş, şəxsiyyət vəsiqəsində də ailə vəziyyəti kimi subay kimi qeyd edilmişdir. Sumqayıt şəhər məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2(060)-8279/2018 saylı qətnaməsi ilə onunla Hüseynova (Yusifova) Ayşən Hafiz qızı arasında 02.09.2014-cü il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində bağlanmış 830 nömrəli akt qeydli nikah pozulmuş, övladı X4 anasının himayəsinə verilmiş və övladının saxlanması üçün ondan 154 manat aliment tutulması qət edilmişdir. Mülkiyyətində maşın və ya torpaq sahəsi yoxdur, yalnız atasının bağışlama müqaviləsi əsasında ona bağışladığı bir ədəd bir otaqlı mənzil vardır. Azərbaycan Respublikası Prezidentin müəyyən etdiyi 190 manat maddi yardım ona verilməli olduğu halda AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mövcud faktları gizlətmiş və yaxud da heç bir araşdırma aparmadan ona əsassız imtina sms-i göndərmişdir. İmtina smsini aldıqdan sonra subay olmağı barədə sənədini, həmçinin məhkəmənin boşanma barədə qətnaməsini əlavə etməklə rəsmi ərizə ilə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, bu dəfə isə nazirlik ərizəni AR ƏƏSMN yanında X3 Sumqayıt şəhər Məşğulluq Mərkəzinə yönəltmiş və həmin qurum da heç bir araşdırma aparmadan yenidən ona analoji imtina cavabını vermişdir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada məhkəmə sərəncamı ilə iddiaya dair etirazın tələb edilməsinə baxmayaraq, cavabdeh iddiaya dair etirazı təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək, Koronavirus (COVİD-19) pandemiyası ilə əläqədar olaraq xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilməsindən imtina üçün heç bir əsasın mövcud olmadığını bildirdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası’na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmin Qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında’’ Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın 2.3.11 və 2.3.12-ci bəndlərinə əsasən özünün və ya ər (arvadının) mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara; mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara 190 manat birdəfəlik ödəmənin verilməsindən imtina üçün əsasdır. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 3.8-ci bəndinə uyğun olaraq, birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur. Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə inteqrasiya edilmiş məlumatlar əsasında sistem tərəfindən aparılmış araşdırma nəticəsində iddiaçının mülkiyyətində müxtəlif ünvanlarda 2 və daha çox daşınmaz əmlakın olduğu müəyyən edilmiş, bu səbəbindən iddiaçıya həmin Qaydanya uyğun olaraq MAS tərəfindən birdəfəlik ödəmənin verilməsindən imtina olunmuşdur. Qeyd olunanlara əsasən, cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iddiaçı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. - AA-0580162 saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1987-cu il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Sumqayıt şəhər Məşğulluq Mərkəzi tərəfindən İddiaçı ünvanlanan 12 iyun 2020-ci il tarixli № **********7 saylı imtina məktubundan görünür ki, “Koronovirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar olaraq işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarına uyğun olaraq 190 manat birdəfəlik ödəmənin təyin olunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinə ünvanladığı müraciətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Sumqayıt şəhər Məşğulluq Mərkəzində aidiyyatı üzrə baxılmışdır. Xüsusi karantin rejimində işsiz şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmə üzrə təyinatla bağlı müraciətlər cari ilin 27 aprel tarixində dayandırılmışdır və 600min şəxs üzrə bütün ödəmələr həyata keçirilmişdir. İddiaçı 20.04.2020-ci il tarixli müraciəti əsasında işsiz kimi qeydiyyata alınmış, lakin İqtisadiyyat Nazirliyinin müvafiq informasiya sistemindən əldə edilmiş məlumata əsasən onun və həyat yoldaşının mülkiyyətində iki və daha çox əmlak olduğu üçün 190 manat birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir. Bununla yanaşı, hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyatda olduğu nəzərə alınaraq “Məşğulluq haqqında” qanuna uyğun olaraq tədbirlər, o cümlədən hal-hazırda DOST iş mərkəzində vakant olan haqqı ödənilən ictimai işlər təklif olunmuşdur. - Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən ünvanlanmış 07 avqust 2021ci il tarixli, 05/2-6891/13 saylı məktubundan görünür ki, İddiaçı 02.09.2014-cü ildə Sumqayıt şəhər qeydiyyat şöbəsində 05.05.1992-ci il təvəllüdlü X6 ilə nikaha daxil olduğu, Sumqayıt şəhər məhkəməsinin 01.10.2018-ci il tarixli qətnaməsinə əsasən nikaha xitam verildiyi və yalnız sonuncunun ərizəsinə uyğun olaraq 07.11.2018-ci ildə həmin qeydiyyat şöbəsində nikahın pozulmasının dövlət qeydiyyatına alındığı müəyyən edilmişdir - Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvanlanmış 30 iyun 2021-ci il tarixli № **********57 saylı məktubundan görünür ki, İddiaçı adına ünvan 3 ünvanında yerləşən 48 nömrəli mənzil qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. - Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi tərəfindən ünvanlanmış 12.06.2021-ci il tarixli № 016-68121-1221 saylı məktubda bildirilir ki, DİN-nin Baş X13 İdarəsinin Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasına görə xx.xx.1987-ci il təvəllüdlü İddiaçı adına nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Əlavə olaraq qeyd edilir ki, X1 məxsus “Opel Astra” markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin etibarnamə ilə ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı istifadəsinə verilməsi barədə DİN-nin Baş X13 İdarəsi mərkəzi informasiya sistemində məlumat mövcuddur. Əlavə edilmiş İddiaçı istifadəsinə verilmiş nəqliyyat vasitələrin kompüter çıxarışından görünür ki, DİN-in Baş X13 İdarəsinin Qeydiyyat-İmtahan kompyuter uçot bazasına Gümüşü metallik rəngli, 1998-ci il buraxılışlı Opel Astra minik avtomobili İddiaçı istifadəsinə 10.09.2020-cu il tarixdən etibarnamə ilə verilmiş, etibarnamə müddəti 05.01.2022-ci ildə bitəcək. Beləliklə, Məhkəmə iş materiallarından müəyyən etdi ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin aprel, may, iyun, iyul, avqust ayları, həmçinin karantin müddəti uzadılacağı təqdirdə növbəti aylar ərzində 190 manat birdəfəlik ödəmənin ona ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. İşin mübahisələndirilən halı odur ki, iddiaçı cavabdeh tərəfindən imtina məktubunu mübahisələndirərək (hazırki halda elektron SMS-i) onun mülkiyyətində yalnız 1 daşınmaz əmlakın olmadığını bildirmiş, işsiz kimi qeydiyyatda olduğunu bu səbəbdən də 2020-ci ilin aprel, may, iyun, iyul, avqust ayları, həmçinin karantin müddəti uzadılacağı təqdirdə növbəti aylar ərzində 190 manat birdəfəlik ödəmənin ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə bildirir ki, hazırki iddia tələbinin qanuni əsasının “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərlə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmin Qaydaların 1-ci bəndinin müddəalarına əsasən - 1.1. Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra – pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Məşğulluq” altsistemində (bundan sonra – MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir; 1.2. Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir; 1.3. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; 1.4. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydalara əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Birdəfəlik ödəmə "Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənilir (1.2, 1.3, 1.4, 2.1 və 2.2-ci bəndləri). Həmin Qərarın 2.3-cü bəndinə əsasən Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə (2.3.1); əmək pensiyaçılarına (2.3.2); aylıq müavinət alanlara (2.3.3.); aylıq təqaüd alanlara (2.3.4); özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə (2.3.5); işsizlikdən sığorta ödənişi alanlara (2.3.6); peşə hazırlığına görə təqaüd alanlara (2.3.7); 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə(2.3.8); əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in "Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara(2.3.9); əri və ya arvadı bu Qaydanın 2.3.1 -ci -2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə (2.3.10). Sonradan "Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 149 saylı 25 aprel 2020-ci il tarixli Qərarın 2.3-cü bəndinə 2.3.11 -2.3.15-ci yarımbəndlər əlavə edilmişdir: mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara (2.3.11); mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara (2.3.12); birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara (2.3.13); yaşı 18-dən aşağı olanlara(2.3.14); Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi tərəfindən bu Qaydaların 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. Həmçinin, 2.3.10-cu bəndində, bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11 -ci, 2.3.12-ci və 2.3.15-ci yarımbəndlərində göstərilən şəxslərin əri və ya arvadı kimi qeyd olunması qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı ona birdəfəlik ödəmənin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən aparılmış araşdırma zamanı MAS tərəfindən məlumatların təhlili zamanı Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrində iddiaçının mülkiyyətində 2 və daha çox daşınmaz əmlak olduğu qeyd olunaraq imtina edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh inzibati orqanın verdiyi imtinanın əsasını təşkil edən məlumatlar real vaxt rejimində «Koronavirus (COVlD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın 3.8-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla əldə olunmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtina edilərkən mülkiyyətində 2 və daha çox əmlakın olmasına istinad olunmuş və bu zaman müxtəlif dövlət orqanlarının informasiya ehtiyatlarındakı məlumatlar əsas götürüldüyü üçün, həmin məlumatların götürüldüyü dövrdə də əmlakları kimi baza məlumatlarında 2 və daha çox əmlakın olması göstərildiyindən cavabdeh inzibati orqan tərəfindən həmin məlumatlara istinadən iddiaçıya imtina edilməklə hər hansı qanun pozuntusuna yol verilməmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qaydalara əsasən imtina əsaslarından biri sayılan- iddiaçının istifadəsində minik avtomobili mövcuddur. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, müvafiq qurumların informasiya ehtiyatları və sistemlərində qeyd olunan məlumatlar əsasında Qaydaların 2.2-ci, 2.3.9-cu, 2.3.10-cu və 2.4-cü bəndlərinin iddiaçıya uyğunluğunu müəyyənləşdirmək üçün aparılan təhlil prosesinin yekunlaşdırılması mümkün olmadığından, cavabdeh tərəfindən iddiaçıya birdəfəlik ödəmə ödənilməsi barədə müraciətinin təmin olunmasından qanuni əsaslarla imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, Məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-5548/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5548/2021
17.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver