Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5549/2021 27.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qzının sədrliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı (yaşayış yeri: Sumqayıt şəhəri, 49-cu məhəllə, fərdi yaşayış evi 186 Çerkassi küçəsi) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (yerləşdiyi yer: Bakı şəhəri, S.Əsgərova küçəsi, 86) qarşı “iddiaçıya xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə aylıq birdəfəlik ödəmənin verilməsi”nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “iddiaçıya xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə aylıq birdəfəlik ödəmənin verilməsi” tələbini irəli sürərək xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə (iş nömrə 2-1(118)-448/2021) iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
2. İddia ərizəsində bildirilmişdir ki, o, pandemiya ilə əlaqədar vətəndaşlara verilən 190 manat maddi yardımla bağlı müraciət etmiş, xx.xx.2020-ci il tarixdə işsiz kimi qeydiyyata alınmış, aprel və may ayları üçün birdəfəlik ödəməni almış, lakin sonrakı aylar üçün ödəmənin verilməsindən imtina edilmişdir, imtinaya əsas olaraq bildirilmişdir ki, qeydiyyat ünvanı sərt karantin rejimi təyin olunmuş rayonlar rayonlar sırasına daxil edilməmişdir. İddiaçı bildirir ki, hamıya məlum faktdır ki, Qubadlı rayonu 27 il işğal altında olmuşdur, ailəsi həmin vaxtdan məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşmışdır. Həyat yoldaşı X5 xx xxxxxx 2017-ci il tarixdə beyin ödemi diaqnozu ilə vəfat edib (ölüm haqqında şəhadətnamə iş materiallarına əlavə olunub) və himayəsində 3 azyaşlı uşağı var: xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2004-cü il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X12 oğlu (doğum haqqında şəhadətnamələri iş materiallarına əlavə olunub). İddiaçı bildirir ki, Sumqayıt-Bakı marşrutunda gündəlik 15 manat müqabilində sürücü işləyirdi və 2020-ci ilin aprelində sərt karantin rejimi tətbiq edildiyi üçün müvəqqəti olaraq idarə etdiyi marşrutun hərəkət etməsinə qadağa qoyulmuşdur. Odur ki, cavabdehin imtinasını qanunsuz hesab edir və növbəti iki ay üçün nəzərdə tutulmuş ödəmənin verilməsini tələb edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etmir.
3. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsinin məhkəməyə iddiaya qarşı təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilmişdir: Koronavirus (COVİD-19) pandemiyasının Azərbaycan Respublikası ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, onun Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədi ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” xx xxxx 2020-ci il tarixində 1950 nömrəli Sərəncam imzalanmışdır. Həmin Sərəncamın icrası olaraq, “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş X7 Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alman şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” təsdiq edilmişdir. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Həmin Qaydaların 3.8-ci bəndinə əsasən birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin bu Qaydaya uyğun olaraq hüquqlarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyyatlarından və sistemlərindən istifadə olunur. Beləliklə, iddiaçıya ilkin mərhələdə birdəfəlik ödəmənin təyin edilməsi barədə qərar qəbul edilmiş və aprel-may ayları üçün ödəmə həyata keçirilmişdir. Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 216 nömrəli və xx xxxxxx 2020-ci il tarixli 283 nömrəli qərarlarına əsasən 2020-ci il tarixli 127 nömrəli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq bəzi rayon və şəhərlərdə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilmişdir. İddiaçıya aprel-may aylarında 190 manat məbləğində ödəmə verilsə də, daha sonra sözügedən qərarlarda iddiaçının qeydiyyatda olduğu rayonun adının olmaması ona iyul və avqust ayları üçün 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsindən imtina üçün əsas olmuşdur. Ona görə iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun olaraq izahar verdi.
II. İddianın növü və mümkünlüyü
4. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə iddianın növü öhdəliyin icrası haqqında iddiadır.
5. İnzibati Prosessual Məcəllənin (bundan sonra - İPM) 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
6. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
7. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
8. İddiaya etirazda hansı əsaslara görə ona birdəfəlik ödəmənin dayandırıldığı aydındır. Belə ki, iddia ərizəsində qeyd edilmişdir ki, o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Məşğulluq İdarəsinin Sumqayıt şöbəsinə müraciət edib və ona qeydiyyat ünvanının sərt karantin təyin olunmuş rayonlar sırasına daxil edilmədiyindən növbəti aylar üzrə ödəmənin verilməsindən imtina edilmişdir. Müvafiq iddia tələbi ilə məhkəmədə iddia qaldırmamışdan əvvəl cavabdeh quruma müraciət iddiaçının hüquqi vəziyyətində dəyişikliyə səbəb olmayacaqdı. Odur ki, bu əsasla iddianın mümkün sayılmaması onun məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnə bilər (bax 18-ci bənd). İddia mümkündür. III. Məhkəmənin mövqeyi
9. Azərbaycan Respublikasının Konstitusiyası
38-ci maddə. Hər kəsin sosial təminat hüququ vardır. 60-cı maddə Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
10. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu
1-ci maddə. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 13-cü maddə. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 15-ci maddə. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 17-ci maddə. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24-cü maddə. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
11. Azərbaycan Respublikası Nazirlər Kabineti AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi və «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın təsdiq edilməsi barədə x xxxxx 2020-ci il tarixli 127 nömrəli qərar qəbul etmişdir.
12. «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nda nəzərdə tutulmuşdur ki: - (1.1-ci bənd) Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemində (MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin verilməsi şərtlərini və qaydasını tənzimləyir; - (1.2-ci bənd) Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir; - (1.3-cü bənd) Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; - (1.4-cü bənd) Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir; - (2.1-ci bənd) Birdəfəlik ödəmə «Məşğulluq haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir; - (2.3-cü bənd) Dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: (2.3.1) ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə, (2.3.2) əmək pensiyaçılarına, (2.3.3) aylıq müavinət alanlara, (2.3.4) aylıq təqaüd alanlara, (2.3.5) özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə, (2.3.6) işsizlikdən sığorta ödənişi alanlara, (2.3.7) peşə hazırlığına görə təqaüd alanlara; (2.3.8) 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə, (2.3.9) əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara, (2.3.10) bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarmbəndlərində göstərilən şəxslərin əri və ya arvadı, (2.3.11) mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara, (2.3.12) mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara, (2.3.13) birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara, (2.3.14) yaşı 18-dən aşağı olanlara, (2.3.15) AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara; - (2.4-cü bənd) Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir.
13. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçının ona işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi ilə bağlı müraciətinə baxılmış və iddiaçıya aprel-may ayları üçün ödəmə verilmiş, növbəti ayların ödəməsindən qeydiyyat meyarı üzrə imtina verilmişdir. İddiaçıya işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsini istisna edən digər halın mövcudluğu ilə bağlı hər hansı sübut təqdim olunmamış, dəlil bildirməmişdir.
14. Azərbaycan Respublikası Nazirlər Kabineti xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilməsini qərara almışdır (Qərar №216).
15. Azərbaycan Respublikası Nazirlər Kabineti xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilməsini qərara almışdır (Qərar №283).
16. Məhkəmənin sorğusuna əsasən, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.2-ci və 2.3-cü bəndi üzrə uyğunluğuna dair aparılmış yoxlama və nəticəsi barədə məlumatın məhkəməyə təqdim etməsi tələb olunmuşdur. İnzibati orqan tərəfindən məhkəməyə təqdim edilən etirazda yalnız qeyd edilən əsas (Qubadlı rayonunda qeydiyyat) bildirilmişdir.
17. İddia tələbində iddiaçı növbəti iki ay üçün ödəmənin verilməsini tələb edir. İddia tələbi aydındır. Cavahdeh etirazında iyun və avqust ayları üçün ödəmənin verilməsi tələbinə dair iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin dəqiqləşdiriməsinə dair hüquqi yardım göstərilməsi və bu səbəbdən icraatın uzanması həddən artıq formallıq kimi qiymətləndirilməlidir.
18. “Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxx 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2019-cu il tarixli Qərarından: - İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) bir sıra qərarlarında da məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər (Valçli Fransaya qarşı iş üzrə 2007-ci il 26 iyul və Laberger Fransaya qarşı iş üzrə 2006-cı il 26 sentyabr tarixli Qərarlar). - Avropa Məhkəməsi Puaro Fransaya qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərarında isə məhkəmələr tərəfindən müvafiq prosessual normaların həddən artıq formal tətbiqi ilə ərizəçinin məhkəməyə müraciət etmək hüququna qeyri-mütənasib yanaşıldığını göstərmiş, bununla da Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. - Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, ədalət mühakiməsinə əlçatanlıq Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ayrılmaz tərkib hissəsi olmaqla demokratik cəmiyyətdə hər kəs üçün ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsini zəruri edir (X4rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərar). - Qeyd olunanları nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəmə müdafiəsi hüququnun təmin edilməsi üçün ədalət mühakiməsinə əlçatanlıq böyük əhəmiyyət kəsb edir. Ədalət mühakiməsinə əlçatanlıq hüququn aliliyi prinsipinin əsasını təşkil edərək, hər kəs üçün məhkəməyə müraciət hüququnun bərabər şəkildə tanınmasını, subyektiv hüquq və maraqlarının pozulmasınadək mövcud olmuş vəziyyətin tezliklə və effektiv bərpa edilməsi mexanizminin təmin edilməsini ehtiva edir.
19. Məhkəmənin qənaətinə görə iddiaçıya həmin ödəmənin veriməsindən cavabdehin imtinası qanunazidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
20. İddiaçının arvadı xx.xx.2017-ci il tarixdə ölmüş və himayəsində 3 azyaşlı uşağı vardır (bax 2-ci bənd). Qeyd edilənlər cavabdeh qurum tərəfindən aparılmış inzibati araşdırma nəticəsində təsdiqini tapmışdır.
21. Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin Sumqayıt şəhər sektoru tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışa əsasən, Qubadlı rayonundan məcburi köçkün İddiaçı Sumqayıt şəhəri, 49-cu məhəllə, ev 186 Çerkassi küçəsində yaşayır.
22. Məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 216 nömrəli və xx xxxxxx 2020-ci il tarixli 283 nömrəli qərarlarında məhz qeyd edilən şəhər və rayonlarda qeydiyyatda olma əsası göstərilməmişdir (bax 14 və 15-ci bəndlər). Həmin qərarlarda sərt karantin rejiminin tətbiq olunduğu rayon (şəhər) adları sadalanaraq həmin ərazilər üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsinin birdəfəlik şəkildə həyata keçirilməsi müəyyən olunmuşdur.
23. Digər tərəfdən sırf yaşayış yeri üzrə qeydiyyat əlaməti ilə fərqli yanaşma həmin ərazilərdə daimi yaşayan şəxslərə münasibətdə ayrı-seçkilik hesab oluna bilər. Belə ki, Nazirlər Kabinetinin qeyd edilən qərarının məqsədi sərt karantin rejiminin tətbiq olunduğu həmin ərazilərdə yaşayan şəxslərin həmin rejimin tətbiqindən irəli gələn nəticələrin aradan qaldırılması və sosial təminatının yaxşılaşdırılmasıdır. Aydındır ki, iddiaçı Qubadlı rayonundan məcburi köçkündür və faktiki olaraq Sumqayıt şəhərində məskunlaşmaqla orada yaşayır. Odur ki, iddiaçıya münasibətdə qeydiyyat əlaməti üzrə fərqli rəftarın X15 Konvensiyasının (AİHK) 14-cü maddənin (ayrı-seçkiliyin qadağan olunması) tələblərinə uyğun olduğu qənaətinə gəlmək üçün iddiaçının fərdi situasiyası nəzərə alınmaqla "ağlabatan mütənasiblik əlaqəsi" mövcud olmuş olmalıdır. Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkiliyə qoyulan qadağanın yalnız o halda mənası ola bilər ki, ərizəçinin fərdi situasiyası olduğu kimi qəbul edilsin. Məhkəmə qeyd edir ki, birdəfəlik ödəmənin həyata keçirilməsi ilə bağlı təminat sistemi yaradıldıqda (bax 12, 14 və 15-ci bəndlər) həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar X15 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin (Mülkiyyət hüququ) tətbiq dairəsinə düşür (Konvensiyanın AİHK 1 saylı Protokolunun 1-ci maddəsi və 14-cü maddəsi ilə birlikdə tətbiqinə dair bax Andreyeva Latviyaya qarşı [Böyük Palata] (Andrejeva v. Latvia [GC]), ərizə № 55707/00 xx.xx.2009-cu il tarixli qərar [Böyük Palata]). Odur ki, məhkəmə hesab edir ki, işin hallarına və iddiaçının fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan fərqli yanaşma ilə bağlı "ağlabatan mütənasiblik əlaqəsi" mövcud deyil. X15 Məhkəməsi dəfələrlə qərarlarında qeyd etmişdir ki, istifadə olunmuş vasitələr və qarşıya qoyulmuş məqsəd arasında proporsionallığın olmaması, ərizəçinin məruz qaldığı fərqli davranışın obyektiv və ağlabatan əsaslarının olmaması ayrı-seçkilik hesab olunur (bax digərləri ilə yanaşı Fabris Fransaya qarşı [BP] - 16574/08 Qətnamə xx.xx.2013-cü il tarixli qərar [Böyük Palata]; X8rşı (Muñoz Díaz v. Spain), ərizə № 49151/07, xx.xx.2009-cu il tarixli qərar). Odur ki, iddiaçının fərdi situasiyası nəzərə alınmaqla başqa cür yanaşma AHİK-in 1 saylı Protokolun 1-ci maddəsi ilə birgə götürülmüş Konvensiyanın 14-cü maddəsinin pozuntusu hesab edilə bilər.
24. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
25. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
26. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, iddiaçı Məhərrəmov Asif Ramil oğluna işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu 2020-ci ilin iyun və avqust ayları üzrə aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmalıdır.
27. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Məhərrəmov Asif Ramil oğluna işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu 2020-ci ilin iyun və avqust ayları üzrə aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva