Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5549/2024 24.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı X1 və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, iddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X4) qarşı “qeydiyyat hərəkətlərinin aparılmasının qadağan edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: iddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeydiyyat hərəkətlərinin aparılmasının qadağan edilməsi və s” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın məzmunu onunla bağlıdır ki, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin mülkiyyət hüquqlarına dair qeydiyyatla bağlı məlumat verilməsi xahiş edilmişdir. Belə ki, atası həmin mənzilin çıxarışının onun razılığı olmadan yenidən qeydiyyatını aparmağa hazırlaşır. R.Qəmbərov adlı şəxs mənzilin qeydiyyatının dəyişdirilməsi, atası tərəfindən özəlləşdirilərək başqa şəxsin adına keçirilməsini maliyyələşdirir. Halbuki, həmin mənzildə iddiaçı yaşayır, kommunal ödənişlər edir. Etirazın məzmunu onunla bağlı olmuşdur ki, iddiaçının müraciəti cavabdehə daxil olmamışdır. İddiaçı iddia tələbinə dəqiqləşmə verərək əmlakın özgəninkiləşdirilməsinin cavabdehə qadağan edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Sonradan iddiaçı yenidən iddia tələbinə dəqiqləşmə verərək ünvan 1 ünvanda yerləşən mənzilə qeydiyyat hərəkətlərinin qadağa qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiaya mahiyyəti üzrə baxılmasını və mümkün sayılaraq təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etmişdir. Üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etmir. Məhkəmə izahatları dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab edilir. İş materiallarında olan: Çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi X2 mülkiyyətindədir. Cavabdehin 30 oktyabr 2023-cü il tarixli məktubunda mənzilə dair dövlət reyestrində əməliyyatın aparılmasının dayandırılmasına dair iddiaçının müraciəti üzrə qeyd edilmişdir ki, məhkəmədən müvafiq məlumat daxil olduqda səlahiyyətlər çərçivəsində bununla bağlı tədbirlər görüləcəkdir. Şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı ünvan 1 ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. Doğum haqqında şəhadətnamədən görünür ki, iddiaçı üçüncü şəxsin oğludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri təsbit edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Nəzərə alınmalıdır ki, hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olubolmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa iddia mahiyyəti üzrə qiymətləndirilməlidir. Prosessual qanunvericiliyin aşkar tələbindən də göründüyü kimi məhz qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut edilməli, inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırılmalı, konkret halda hüquqi müdafiəyə ehtiyacının olub müəyyən edilməlidir. İşin hazırkı faktiki hallarından isə göründüyü kimi iddiaçının məhkəmədən tələbi ehtimallarla bağlı olmuş, xəyali pozuntu ehtimalına əsaslanmaqla hazırkı tələblə müraciət edilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi iddiaçı faktiki yaşadığı, atasının mülkiyyətində olan mənzilin onun razılığı olmadan başqa şəxsin adına özəlləşdirilməsinin qarşısını almağa yönəlmiş iddia ilə müraciət etmişdir. Məhkəmənin sualına cavab olaraq da mənzilə dair qeydiyyat hərəkətlərinin aparılması ilə əlaqədar şübhələrinin olduğunu bildirmişdir. Göründüyü kimi mənzilin atası tərəfindən özəlləşdirilməsinin aparılmasının qarşısının alınmasına yönəlmiş iddianın verilməsini zəruri edə biləcək halın mövcudluğu ümumiyyətlə təsdiq edilmir. Cavabdehə bununla bağlı hər hansı müraciət də daxil olmamışdır ki, məhkəmə hesab edir ki, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut edilməli, inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmalı olduğu halda şübhə və ehtimallar əsasında hazırkı iddiaya mahiyyəti üzrə qiymət verilməsi məhkəmə hesab edir ki, mümkünsüzdür. Əks halda, hər hansı zərurət olmadan Bakı şəhəri üzrə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və ya alınmamış bütün əmlaklar üzərində hər hansı inzibati xarakterli mübahisə olmadan, təkcə qeydiyyatın aparılmasının qadağan edilməsinə yönələn tələblərin inzibati məhkəmə icraatı qaydasında araşdırılmalı olması kimi hal yaranar ki, məhkəmə göstərilənlər nəzərə almaqla hesab edir ki, iddia mümkünsüz iddiadır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehə üçüncü şəxs tərəfindən hər hansı müraciət daxil olmadan, iddiaçıda yaranmış şübhələr və ehtimallar əsaslanmaqla, mənzilə dair qeydiyyat hərəkətlərinin qadağan edilməsinə dair iddiaya mahiyyəti üzrə qiymət verilməsi prosessual qanunceriliyin tələblərinə uyğun deyildir. İddiaçının diqqətinə çatdırılır ki, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın:
38. Notariuslar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər.
45. Daşınmaz əmlakın özgəninkiləşdirilməsinə və ipoteka qoyulmasına dair müqavilələr təsdiq olunarkən, daşınmaz əmlakın yerləşdiyi inzibati ərazi üzrə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci, 10.5-ci, 10.6-cı və 11.3cü maddələri ilə müəyyən edilmiş dövlət rüsumu və ya haqq tutulur.
49. Yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin soyadı, adı və atasının adı haqqında elektron sənədi müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Qanunvericiliyin tələbindən də göründüyü kimi mənzilə dair sərəncam verilməsi, onun özgəninkiləşdirilməsi zamanı həmin mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı alınmalıdır. Həmin razılıq mövcud olmadan da, notariat hərəkətlərinin aparılması həyata keçirilməməkdədir.İddiaçı da özgəninkiləşdirilməsinin qadağan edilməsini tələb etdiyi mənzilə dair yaşayış yeri üzrə qeydiyyatda olan ailə üzvü qismində çıxış edir ki, hazırkı mərhələdə onun mənzilin ehtimal olunan özəlləşdirilməsinin qadağan edilməsinin inzibati məhkəmə icraatı qaydasında hazırda tələb edilməsi, məhkəmə hesab edir ki, mümkünlük şərtlərinə cavab vermir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov