Məhkəmə qərarları › İş №2-1(112)-555/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-555/2020

24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-555/2020 24.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi X7 qızının katibliyi ilə, üçüncü şəxs X2, üçüncü şəxsin vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 26 saylı, xx xxxx 2017-ci il tarixli “İstifadədə olan tikinti obyektinin mövcud vəziyyətdə istismarına icazə”nin ləğv edilməsi barədə” iddia tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 26 saylı, xx xxxx 2017-ci il tarixli “İstifadədə olan tikinti obyektinin mövcud vəziyyətdə istismarına icazə”nin ləğv edilməsi barədə” iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İnzibati Prosessual Məcəllənin45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından işin hallarını və müba-hi-sə-nin vəziy-yə-tini müzakirə etmək üçün məhkəmənin hazırlıq icraatına başlanmışdır. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 419 saylı qərarına əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 809 nömrəli sərəncamı ilə Binəqədi bələdiyyəsinin mülkiyyətinə təhvil verilmiş torpaqların tərkibinə daxil olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., H.Hüseynov küçəsi, 13 saylı yaşayış binasının qarşısındakı 160 kv.metr torpaq sahəsi müvafiq eskiz əsasında iddiaçının mülkiyyətinə verilmişdir. Mülkiyyətə verilmiş həmin torpaq sahəsində iddiaçı tərəfindən tikinti işləri aparılmış və həmin torpaq və əmlak üzrə bələdiyyəyə müvafiq qaydada vergilər ödənilmişdir. Cavabdeh Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən həmin torpaq sahəsində yerləşən tikintinin 89,5 kv.metr hissəsi xx.xx.2017-ci il tarixli, 26 saylı İCAZƏ (“İstifadədə olan tikinti obyektinin mövcud vəziyyətdə istismarına) əsasında “X6 X1 X10 və Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialının tərtib etdiyi layihə uyğun olaraq səhvən X2 əmlakı kimi qəbul edərək təsdiq etmişdir. Bu barədə məlumat aldıqdan sonra iddiaçı xx.xx.2019-cu il tarixli ərizə ilə qərarın surətinin ona verilməsi və həmin xx.xx.2017-ci il tarixli, 26 saylı “İCAZƏ” sənədin ləğv edilməsini cavabdehdən xahiş etsə də, xx.xx.2017-ci il tarixli, 26 saylı “İCAZƏ” sənədi nə ona təqdim edilmiş, nə də cavabdehin özü tərəfindən ləğv edilmişdir. Cavabdeh tərəfindən iddiaçının xx.xx.2019-cu il tarixli ərizəsi üzrə hərəkətsizlik göstərildiyindən xx.xx.2019-cu il tarixdə iddiaçının vəkili tərəfindən VB122 saylı məktubla təkrar cavabdehə müraciət edilərək, xx.xx.2019-cu il tarixli ərizəyə baxılmasının nəticəsi barədə sorğu verilsə də, cavabdeh tərəfindən mübahisəli akt və yaxud ərizəyə baxılmasının nəticəsi barədə hər hansı məlumat verilməmişdir. Hansı ki, Binəqədi rayon Binəqədi Bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 419 saylı qərarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., H.Hüseynov küçəsi, 13 saylı yaşayış binasının qarşısındakı ayrılmış 160 kv.metr torpaq sahəsinin 89.5 kv.metr hissəsinə dair hazırkı torpaq sahəsinə heç bir aidiyyəti olmayan X2 adına qanunsuz tərtib edilmiş eskiz layihəyə uyğun olaraq hazırkı mübahisəli icazə sənədi ilə rəsmiləşdirilmişdir. Hansı ki, ilkin torpaq ayırma sənədinə uyğun olaraq X4 89.5 kv.metr torpaq sahəsinin ayrılmasına dair hüquq müəyyən edən sənəd mövcud deyildir. Eyni zamanda, mövcud tikilinin aparılmasına dair də heç bir tələb olunan razılaşdırma mövcud olmamışdır. Göründüyü kimi cavabdeh tərəfindən mübahisəli icazə sənədi verilərkən sənəddə göstərilən torpaq sahəsinin və tikintinin X4 aid olması və buna dair sənədlərin olmamasına diqqət yetirilməmişdir. Nəticədə iddiaçıya aid torpaq sahəsinin bir hissəsinə dair hissədə X2 adına ona aid olmayan, onun tərəfindən tikilməyən faktiki olaraq iddiaçı tərəfindən inşa olunmuş mövcud tikinti obyektinin istismarına icazə verilmişdir. Hazırlıq icraatının gedişində məhkəmənin 2-1(112)-55/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən üçüncü şəxs X5 məhkəməyə verdiyi izahatında bildirdi ki, Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 689 nömrəli sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli məktubu nəzərə alınaraq ona Binəqədi rayonu, 8-ci mkr, H.Hüseynov küçəsi, 13 saylı binanın qarşısındakı mövcud ticarət cərgəsində 35.0 kv.m ölçüdə mağaza tikintisinə icazə verilmişdir. Binəqədi Bələdiyyəsi tərəfindən iddiaçıya satılan torpaq sahəsi isə həmin bələdiyyənin mülkiyyətində deyil, dövlət mülkiyyətində olmuşdur. Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 689 nömrəli sərəncamı ilə onun istifadəsinə verilmiş 35.0 kv.metr ölçüdə torpaq sahəsinin iddiaçıya satılmış torpaq sahəsinin hüdudları daxilində olması nəzərə alınmamışdır. Başqa sözlə, bələdiyyə orqanı müvafiq torpaq sahəsini satmağa (ayırmağa), ümumiyyətlə, səlahiyyətli olmamışdır. Bu halda, iddiaçının sonradan cavabdeh tərəfindən inzibati icraat çərçivəsində ləğv edilmiş və hazırda heç bir hüquqi qüvvəsi olmayan Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 419 saylı, xx.xx.2005-ci il tarixli qərarına, xx.xx.2005-ci il tarixli, 348 saylı müqaviləyə və onlara əlavə edilən digər sənədlərə istinad etməklə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən adına verilmiş 26 saylı, xx xxxx 2017-ci il tarixli “İstifadədə olan tikinti obyektinin mövcud vəziyyətdə istismarına icazə”nin ləğv edilməsi barədə iddia qaldırmasına, ümumiyyətlə, subyektiv hüququ yoxdur. İddiaçı göstərilən halda, iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Üçüncü şəxsin vəkili çıxışında hüquqlarını müdafiə etdiyi şəxsin izahatında qeyd etdiyi halları təsdiq edərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Təyin edilmiş məhkəmə iclasında iddiaçı və cavabdeh tərəf iştirak etmədiyinə görə, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə iddiaçı və cavabdeh tərəfin iştirakı olmadan baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsi mümkün hesab etmişdir. Məhkəmə, üçüncü şəxsin izahatını və onun vəkilinin çıxışını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının 1 və 2-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Yuxarıda göstərilənləri nəzərə almaqla məhkəmə qeyd edir ki, hazırkı işin halları baxımından iddiaçının subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün subyektiv hüququnun mövcudluğunu təsdiq edən sənədlərin mövcud olması zəruridir. İddiaçı isə hazırkı iddiasında Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2- 1(102)-2199/2019 saylı qərarında göstərildiyi kimi müvafiq qərar qəbul edilərkən bələdiyyə orqanı səlahiyyətsiz olduğu üçün etibarsız olan, qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılan və heç bir hüquqi nəticə doğurmayan Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 419 saylı, xx.xx.2005-ci il tarixli qərarı ilə ona ayrılmış Binəqədi rayonu, 8-ci mikrorayon, H.Hüseynov küçəsi, 13 saylı yaşayış binasının qarşısında 160 kv.metr torpaq sahəsinin hüdudları daxilində üçüncü şəxs X5 tərəfindən inşa edilmiş qeyri-yaşayış binasının mövcud vəziyyətdə istismarına icazə verilməsinə dair cavabdeh tərəfindən qəbul edilmiş 26 saylı, xx.xx.2017-ci il tarixli aktı mübahisələndirmişdir. Hansı ki, iddiaçı göstərilən torpaq sahəsinə dair heç bir subyektiv hüquq daşıyıcısı deyildir. Belə ki, Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 419 saylı, xx.xx.2005-ci il tarixli qərarı, xx.xx.2005-ci il tarixli, 348 saylı müqaviləsi və onlara əlavə edilən situasiya planı Binəqədi rayon Binəqədi bələdiyyəsinin xx.xx.2017-ci il tarixli, 16 nömrəli qərarı ilə etibarsız hesab edilərək ləğv edilmiş, həmin qərarın mübahisələndirilməsinə dair İddiaçı iddiası Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(102)-2199/2019 saylı qərarı ilə mümkün sayılmamışdır. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar