Məhkəmə qərarları › İş №2-1(112)-555/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-555/2025

23.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-555/2025 23.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Üçüncü şəxsin nümayəndəsiƏliyev Rəşad Nizami oğlunun iştirakı ilə, İddiaçı qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və fərdi yaşayış evinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N. Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti Başçısının 23 iyul 1998-ci il tarixli 254 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xətai rayon, Qafqaz küçəsi 45 nömrəli binanın yaxınlığında yerləşən ərazidə fərdi yaşayış evi tikilməsi üçün ayrılmış 0.015 ha torpaq sahəsini və inşa edilmiş fərdi evi üzərində daşınmaz əmlaka dair mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alıb onun adına müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abdullayeva (nikahdan əvvəl Əzizova) Şəhla Abdul qızına Bakı şəhəri Xətai rayon İcra Hakimiyyət Başçısının 23 iyul 1998-ci il tarixli 254 saylı sərəncamına əsasən Bakı şəhəri Xətai rayonu Qafqaz küçəsi 45 nömrəli binanın yaxınlığında yerləşən fərdi yaşayış evi tikilməsi üçün 0,015 ha. torpaq sahəsi ayrılmış və fərdi yaşayış evi tikilməsinə icazə verilmişdir. Həmin vaxtdan torpaq sahəsini daş hasarla əhatəyə alaraq, fərdi yaşayış evi tikərək orada yaşayır və bu gün onun faktiki istifadəsindədir. Fərdi yaşayış evini özəlləşdirmək üçün sənədləri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, torpaq sahəsinin cizgisi təqdim edilmədiyinə görə sənədlər geri qaytarılmışdır. Lakin həmin Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 23 iyul 1998-ci il tarixli 254 saylı sərəncamı verilən zaman torpaq sahəsinin cizgisi verilməmişdir. Bununla əlaqədar olaraq sərəncamların saxlanıldığı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına həmin sərəncamın arxiv surətinin əldə edilməsi üçün müraciət etmişdim, yalnız sərəncamın arxiv surəti verilsə də orada qeyd edilmişdir: “Qeyd: Sərəncama vət. X3 məxsus cizgi sənədi əlavə edilməmişdir”. Bununla əlaqədar olaraq mən ərizə ilə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısına müraciət edərək Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 23 iyul 1998-ci il tarixli 254 saylı sərəncamı verilən zaman torpaq sahəsinin cizgisinin verilmədiyini nəzərə alıb, həmin torpaq sahəsinin cizgisinin çəkilərək verilməsi barədə sərəncam verilməsini xahiş etmişdim. Ona imtina verilmişdir. O, həmin imtina ilə razılaşmayaraq ədalət ümidi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə cizginin çəkilərək verilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2-1(112)-7530/2022 nömrəli qərarı ilə ‘‘İddia təmin edilmiş, Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 254 saylı Sərəncamı ilə X3 ayrılmış torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi öhdəliyi cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması” qərara alınmışdır. Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti həmin qərardan apellyasiya şikayəti vermiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 fevral 2023-cü il 2-1(103)- 974/2023 nömrəli qərarı ilə “cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 7530/2022 saylı 11 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılması” qərara alınmışdır. Həmin məhkəmə qərarı icrayə yönəldilmiş və ona ayrılmış torpaq sahəsinin planölçü sxeminin (yerləşmə cizgisinin) verilmişdir. O, bütün sənədlərini toplayaraq yenidən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və inşa edilmiş fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdim. zərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 20 oktyabr 2023-cü il tarixli 3-21-330/2-A0548/02-8/2023, **********94 nömrəli imtina, cavab məktubunda yazılmışdır ki, “ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır Müraciətinizlə əlaqədar olaraq bildiririk kielektron kadastr məlumatlarına əsasən Xətai Rayon İcra Hakimiyyətinin 23 iyul 1998-ci il tarixli 254 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsinin 74.5 kv.m hissəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai İdarəsinin ərazisində yerləşməklə dövlət mülkiyyəti torpağıdır Yuxarıda qeyd olunanlar nəzərə alınaraq"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir”, həmin məktubu 24 oktyabr 2023-cü il tarixdə 1 saylı Bakı Ərazi İdarəsindən almışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-16278/2023 nömrəli qərardadına əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsi iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqan tərəfindən iddiaya yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Vİ-ЖГ seriyalı 307598 nömrəli Nikahın bağlanması haqqında Şəhadətnaməyə əsasən X2 və X4 arasında 22 may 1993-cü il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1993-cü il tarixdə 503 nömrəsi ilə qeyd edilmişdir. Nikahdan sonra ərə Abdullayev, arvada Abdullayeva soyadı verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli 3-48-2F/2-08878/2023 nömrəli məktubundan görünür ki, sərəncama vətəndaş X3 məxsus cizgi sənədi əlavə edilməmişdir. Həmin məktubla təqdim edilmiş sənədlərdən görünür ki: -xx.xx.1998-ci il tarixli X4 tərəfindən Xətai rayon İcra Hakimiyyətinə ünvanlanmış ərizədə Xətai rayon İcra Hakimiyyətindən onların ailəsinin böyüklüyü nəzərə alınmaqla ailələri üçün rayon daxili ərazidən onlara torpaq sahəsi ayrılmasını xahiş etmişdir. -Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 254 nömrəli sərəncamına əsasən 9-cu Qaraşəhər küçəsi, ev 9, mənzil 6-da yaşayan vətəndaş X3, Qafqaz küçəsi 45 saylı binanın yaxınlığında, cizgidə göstərilən sahədə 0.015 ha, torpaq sahəsi verilməsi və fərdi ev tikintisinə icazə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(112)-7530/2022 nömrəli qərarına əsasən, iddia təmin edilmiş, Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 254 saylı sərəncamı ilə X3 ayrılmış torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi öhdəliyi cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)-974/2023 nömrəli qərarına əsasən cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya çikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7530/2022 saylı 11 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş iddiaçının Xətai rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsində Şəhərsalma və tikinti Məəlləsinin tələblərinə uyğun olaraq məlumatlandırma icraatı qaydasında bildirir ki, mülkiyyətində (istifadısində) olan ünvan 5 ünvanında yerləşən 53.63 kv.m, hündürlüyü 3.2, mərtəbəliliyi 1 olan fərdi yaşayış evini inşa etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş fərdi yaşayış evinin eskiz layihəsi Xətai rayon İcra hakimiyyətnin möhürü ilə təsdiq edilərək razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş Xətai rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli 5-11/2-A-101-012/2023 nömrəli məktubunda göstərilmişdir ki, qeyd olunan ünvanda ünvan 6aş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,015 ha torpaq sahəsində razılaşdırılmış memarlıq-planlaşdırma həlli layihəsinə uyğun inşa olunmuş fərdi yaşayış evinin torpaq sahəsinin yerləşmə cizgisi Xətai Rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış və mövcud vəziyyətə uyğundur. - Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli Sərəncamına əsasən 9-cu Qaraşəhər küçəsi, ev 9, mənzil 6-da yaşayan vətəndaş X3, Qafqaz küçəsi 45 saylı binanın yaxınlığında, cizgidə göstərilən sahədə 0.015 ha, torpaq sahəsi verilməsi və fərdi ev tikintisinə icazə verilməsi qərara alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-11/2-2028/2023 nömrəli məktubunda göstərilmişdir ki, , son 5 ilədək rayon İcra Hakimiyyəti tərəfindən qəbul olunmuş Sərəncamlar və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı şəhər Filialına təhvil verildiyindən müraciətinizə mahiyyəti üzrə baxılması imkanımız xaricindədir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-43-92/2-250/2023 nömrəli məktubu ilə ünvan 7 ünvanında yerləşən, balansaxlayıcısı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti olan xx.xx.2016-cı il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş əmlak kompleksinin texniki pasportunun surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-11/2-211/2024 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçı X1 iddia ərizəsilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, torpaq sahəsinin cizgisinin çəkilərək verilməsi öhdəliyinin Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsini xahiş etmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7530/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qeyd olunan məhkəmənin qərarında rayon İcra Hakimiyyəti tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-974/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7530/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı qüvvəsində saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-974/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən iddia tələbi icra edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli 3-21-3/2-696/2024 nömrəli məktubu ilə təqdim edilmiş dövlət əmlakının registrindən görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin balansında olan ümumi sahəsi 1721.8 kv.m olan tikili və 5273 kv.m olan torpaq sahəsinin 17279 qeydiyyat nömrəsi ilə dövlət əmlakı olaraq qeydiyyata alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********54 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2024-cü il tarixli yerli müayinə aktından görünür ki, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 150.0 kv.m, faktiki sahəsi 75.5 kv.m olmaqla, 74.5 kv.m azdır. A tikilisi 1 mərtəbəli fərdi yaşayış evinin faktiki ümumi sahəsi 40.7 kv.m, yaşayış sahəsi 30.8 kv.m-dir. Torpaq sahəsi mişar daşı hasarı daxilindədir. 1 tərəfdən yol, 2 tərəfdən qonşu, bir tərəfdən isə Xətai rayon Hərbi komissarlığının köhnə mişar daşı hasarı ilə həmsərhəddir. Yerləşmə cizgisində göstərilən 150 kv.m torpaq sahəsinin eninə ölçüləri yerində faktiki olaraq azdır. Ərizəçinin faktiki istifadəsində olan sahə 75.5 kv.m-dir. Ərazinin bir hissəsi cizgiyə əsasən ərizəçinin hissəsi kimi göstərilsə də faktiki olaraq Xətai rayon Hərbi Komissarlığının mişar daşı hasarı daxilində olan ərazisidir. Cizgiyə əsasən 45 saylı binaya nəzərən yerləşmə məsafəsi 6 metr qeyd olunmaqla faktiki olaraq l=2.5 m-dir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********94 nömrəli məktubunda göstərilmişdir ki, göstərilən torpaq sahəsi yerləşmə cizgisinə əsasən 150.0 kv.m olsa da, faktiki olaraq hasardaxili 75.5 kv.m təşkil edir (74.5 kv.m azdır). Torpaq sahəsinin bir hissəsi (74.5 kv.m) yerləşmə cizgisinə əsasən İddiaçı hissəsi kimi qeyd olunsa da, faktiki olaraq xx.xx.2016-cı il tarixli texniki pasporta əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinin hasarı (mişar daşı) daxilində olan ərazisidir. Cizgiyə əsasən 45 saylı binaya nəzərən yerləşmə məsafəsi 6.0 m qeyd olunduğu halda faktiki olaraq 1.25 m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən cizgidəki istinadlarda və məsafələrdə fərqlər mövcuddur. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, **********94 nömrəli məktubunda bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən Xətai Rayon İcra Hakimiyyətinin 23 iyul 1998-ci il tarixli, 254 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsinin 74.5 kv.m hissəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai İdarəsinin ərazisində yerləşməklə dövlət mülkiyyəti torpağıdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə qismən əsaslıdır. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 254 nömrəli sərəncamı ilə ayrılmış Bakı şəhəri, Xətai rayon, Qafqaz küçəsi 45 saylı binanın yaxınlığında, cizgidə göstərilən sahədə 0.015 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüquqların qeydiyyatı ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan iddia olunan torpaq sahəsinin 74.5 kv.m hissəsinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai İdarəsinin ərazisində yerləşərək dövlət mülkiyyəti torpağı olmasını əsas gətirərək müraciəti təmin etməmişdir. Hazırkı tələbində iddiaçı cavabdehin imtinasının əsasızlığını iddia edərək sözügedən torpaq sahəsinə və fərdi yaşayış evinə müllkiyyət hüququnun daşınmaz əmalakın dövlət reyestrində qeydiyyata alınmasını və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtina dəlillərini qismən əsaslı hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: -8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə sərəncamları torpaq sahələrinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə məhkəmə icraatında tədqiq olunmuş materiallardan görünür ki, Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 254 nömrəli sərəncamına əsasən iddiaçıya Qafqaz küçəsi 45 saylı binanın yaxınlığında, 0.015 ha ölçüdə torpaq sahəsinin ayrılması və ayrılmış sahədə fərdi ev tikintisinə icazə verilməsi qərara alınmışdır. İddiaçı sözügedən sərəncamla ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi ilə bağlı torpaqayıran Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli 2- 1(112)-7530/2022 nömrəli qərarı ilə xx.xx.1998-ci il tarixli, 254 saylı sərəncamla ayrılmış sahənin yerləşmə cizgisinin verilməsi öhdəliyi cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuş, qərar cavbadeh tərəfindən icra edilmiş, yerləşmə cizgisi Xətai Rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilmişdir. Beləliklə, iddiaçının iddia etdiyi torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnun qeydiyyatına əsas verən Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 254 nömrəli sərəncamı və sərəncamın tərkib hissəsi olan, torpaq sahəsinin naturada ayrılmasını göstərən yerləşmə cizgisi mövcuddur. Eyni zamanda müəyyən olunur ki, iddiaçı ayrılmş 0.015 ha ölçüdə olan torpaq sahəsinin üzərində 1 mərtəbəli ümumi sahəsi 40.7 kv.m, yaşayış sahəsi 30.8 kv.m olan fərdi yaşayış evinin inşa etmişdir. İddiaçı fərdi evin inşası ilə bağlı məlumatlandırma icraatı qaydasında yerli icra hakimiyyətinə müraciət etmiş, fərdi evin "xxxx" MMC tərəfindən eskiz layihəsi Xətai rayon İcra hakimiyyətinin möhürü ilə təsdiq edilərək razılaşdırılmışdır. Cavabdeh reyestr orqanının mütəxəssisləri tərəfindən keçirilmiş yerli müayinə zamanı tikilmiş fərdi yaşayış evinin layihədənkənar və ya icazə icraatı tələb edən tikili olması barədə hər hansı qeydlər təqdim edilməmişdir. Lakin işin hallarından müəyyən olunur ki, ayrılmış torpaq sahəsi 150.0 kv.m olsa da, iddiaçının hasarı daxilində yerləşən və faktiki istifadədə olan torpaq sahəsi 75.5 kv.m təşkil edir və iddia olunan fərdi yaşayış evi həmin hasardaxili 75.5 kv.m torpaq sahəsinin üzərində inşa edilmişdir. 150 kv.m-dən qalan 74.5 kv.m torpaq sahəsi isə faktiki olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinin hasarı daxilində yerləşir. Məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı da iddiaçının istifadəsində olan fərdi evin yerləşdiyi sahədən qalan hissənin faktiki olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinin hasarı daxilində qalan ərazi olduğu, həmin sahəyə giriş və çıxışın yalnız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinin giriş qapısından olmaqla iddiaçının bilavasitə həmin sahəyə girişinin olmadığı müəyyən olunmuşdur. Məhkəmə sorğularına cavab olaraq ünvan 7 ünvanında yerləşən, balansaxlayıcısı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti olan xx.xx.2016-cı il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş əmlak kompleksinin texniki pasportu və cavabdehin mütəxəssisləri tərəfindən yerli müayinə keçirilərək ərazinin yerləşmə vəziyyəti ilə texniki pasportundakı vəziyyətin müqayisəli təhlilinə dair baş plan, koordinatlar və ortofoto görüntü məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, torpaq sahəsinin 74.5 kv.m hissəsi yerləşmə cizgisinə əsasən İddiaçı hissəsi kimi qeyd olunsa da, faktiki olaraq xx.xx.2016-cı il tarixli texniki pasporta əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin balansında olan ərazi daxilində yerləşir. Başqa sözlə, iddiaçının iddia etdiyi yerləşmə cizgisinə əsasən 150 kv.m torpaq sahəsindən faktiki istifadəsində olmayan 74.5 kv.m hissəsi dövlət əmlakı olaraq daşınmaz dövlət əmlakının registrində qeydə alınmış və hazırda həm faktiki, həm də hüquqi olaraq (texniki pasportda) Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinə aid əmlak kompleksinə aid ərazi daxilində yerləşir. Belə olan halda məhkəmə hesab edir ki, nə qədər ki, ayrılmış 150 kv.m torpaq sahəsindən 75.5 kv.m hissə iddiaçının faktiki istifadəsində olmaqla üzərində fərdi ev inşa etmiş, həmin hissələrdə iddiaçı yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə uyğun olaraq torpaq sahəsi və fərdi evlə bağlı mülkiyyət hüququna dair vahid çıxarış və texniki pasport tələb etməkdə haqlıdır. İddia olunan qalan 74.5 kv.m torpaq sahəsi isə dövlət əmlakı olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin texniki pasportunda olan hissə ilə üst-üstə düşdüyündən və həmin hissədə texniki pasport qüvvədə olmaqla dövlət əmlakının registrində qeydiyyatda olduğundan, bu halda həmin hissəyə dair iddiaçının adına əmlak hüququ ilə qeydiyyata alınması tələbi əsaslı deyil və təmin edilə bilməz. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Xətai rayon, Qafqaz küçəsi 45 nömrəli binanın yaxınlığında yerləşən ərazidə fərdi yaşayış evi tikilməsi üçün ayrılmış 0.015 ha torpaq sahəsindən 75.5 kv.m torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdehə həvalə edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Xətai rayon, Qafqaz küçəsi 45 nömrəli binanın yaxınlığında yerləşən fərdi yaşayış evi tikilməsi üçün ayrılmış 0.015 ha torpaq sahəsindən 75.5 kv.m torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq vahid çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar