Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5550/2022 06.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1, üçüncü şəxsin nümayəndəsi X8 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının AiləŞ Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının X15) «etibarlı dövlət qulluğu münasibətinin mövcudluğunun müəyyən edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının AiləŞ Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə qarşı «etibarlı dövlət qulluğu münasibətinin mövcudluğunun müəyyən edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı 2007-ci ildə X17 Bakı Türk Litseyindən fərqlənmə attestatı ilə məzun olmuş və ali məktəblərə qəbul imtahanında yüksək nəticə – 671 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetində “beynəlxalq istisadi münasibətlər” fakultəsinin beynəlxalq münasibətlər istisası üzrə bakalavr pilləsində “Prezident təqaüdçüsü” kimi (Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2007-ci il tarixli 2388 saylı Sərəncamına əsasən) təhsil almışdır. O, 2011-ci ildə bakalavr təhsilini fərqlənmə diplomu ilə bitirib, Bakı Dövlət Universitetində “beynəlxalq münasibətlər və istisadiyyat” fakultəsinin beynəlxalq münasibətlər ixtisası üzrə magistr pilləsində təhsilini davam etdirmiş, 2013-cü ildə həmin ixtisas üzrə magistr təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. İddiaçı 3 oktyabr 2011-ci il tarixdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61.3cü maddəsinə əsasən əmək müqaviləsi ilə Ümumi şöbənin böyük məsləhətçisi vəzifəsinə təyin edilməklə əmək fəaliyyətinə başlamış və 12 iyul 2012-ci il tarixədək sözügedən vəzifədə işləmişdir. Həmin tarixdə «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 28.6-cı maddəsinə əsasən bir il müddətinə stajçı kimi Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kadr və kargüzarlıq şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyin edilmişdir. Uşağaı qulluğa görə məzuniyyətdən qayıtdıqdan sonra 1 oktyabr 2014-cü il tarixdən etibarən 6 ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmişdir. 1 aprel 2015-ci il tarixdə ona «Dövlət qulluğu haqqında» Qanuna uyğun olaraq daimi dövlət qulluğuna qəbul edilmiş və inzibati vəzifələrin beşinci təsnifatı üzrə 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. 1 oktyabr 2015-ci il tarixdə qulluqda yüksəliş yolu ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin edilmişdir. 30 dekabr 2016-cı il tarixdə «Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları»na əsasən 2016-cı il üzrə illik fəaliyyəti 5 (əla), 30 dekabr 2020-ci il tarixdə həmin Qaydalara əsasən 2020-ci il üzrə illik fəaliyyəti 4 (yaxşı) qiymətləndirilmişdir. 11 yanvar 2021-ci il tarixdə İddiaçı «Dövlət qulluğu haqqında» Qanuna əsasən inzibati vızifələrin beşinci təsnifatı üzrə 1-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. Hal-hazırda iddiaçı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin baş məsləhətçisi vəzifəsində dövlət qulluqçusu statusunda qulluq keçir. 12 iyul 2012-ci il tarixdən indiyədək iddiaçının tutduğu vəzifə daimi dövlət qulluğu sayılmaqla dövlət qulluqçuları üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquq və vəzifələr ona aid edilmişdir. İddiaçı 9 ildən artıqdır ki, dövlət qulluğunda dövlət qulluqçusu kimi uğurlu fəaliyyətini davam etdirir. «Dövlət qulluğu haqqında» Qanuna uyğun olaraq, dövlət qulluqçusu kimi hər ay vəzifə maaşı, ixtisas dərəcəsinə görə əlavə, kollektiv mükafatlar, ildə bir dəfə vəzifə maaşı həcmində müavinət və məzuniyyət haqqı almışdır. Komitədə dövlət qulluğunda işlədiyi müddətdə iddiaçı dövlət əhəmiyyətli sənədlərin üzərinə çalışmış, “Uşaqlara dair Strategiya”nın 2020 – 2025-ci illər üçün Fəaliyyət Planının ölkə üzrə icrası, eləcə də «Uşaqların zərərli informasiyadan qorunması haqqında» Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı məsələlər ona tapşırılmışdır. Həmçinin, 2020-ci ilin iyun – dekabr aylarında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən “X18”nin işinə nəzarəti həyata keçirmişdir. Bir sıra dövlət proqramlarının hesabatlarının hazırlanması, təkliflərin irəli sürülməsi, tədbirlərin təşkil olunması, məktubların hazırlanması və s. fəaliyyət istiqamətində xidmət etmişdir. Çalışdığı illər ərzində Komitəni təmsil etməklə təlim, seminar və treninqlərdə iştirak etmiş, müvəffəqiyyətlə həmin təlimləri başa vurub sertifikatla mükafatlandırılmışdır. İddiaçı 6 fevral 2016cı il tarixdə Komitə sədri tərəfindən uğurlu fəaliyyətinə görə “Fəxri Diplom”la təltif olunmuşdur. Bundan başqa, 16 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasının X15 tərəfindən dövlət qulluğuna qəbul üçün keçirilmiş müsabiqənin test mərhələsində iştirak edərək, 120 maksimum baldan 93 bal toplamış və BA3 nəticəsi üzrə 3 illik sertifikat (3 mart 2020-ci il tarixli) qazanmışdır. Lakin iddiaçı X15 tərəfindən keçirilən ümumi müsahibədə iştirak etmək istəsə də, dəfələrlə onun müsahibədə iştirakına imkan verilməmişdir. Nəzərə alınmalıdır ki, dövlət qulluğu ilə əlaqədar ümumi müsahibədə iştirak üçün X15 tərəfindən sənədlərin qəbulu onlayın qaydada aparılır. İddiaçı da bu prosedura riayət edərək elektron qaydada müraciət etmiş və zəruri sənədləri təqdim etmişdir. Sonuncu dəfə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatında Sosial təminat siyasəti şöbəsində Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərlə iş sektoruna böyük məsləhətçi vakansiyası ilə əlaqədar ümumi müsahibədə iştirak etmək istəsə də, ümumi müsahibədə iştirakla bağlı elektron sistemdə onun sənədlərinin qəbulundan imtina edilmiş, 15 iyun 2021-ci il tarixdə ona imtina ilə bağlı elektron poçt göndərilmişdir. X9 15 iyun 2021-ci il tariixli elektron məktubu ilə iddiaçının ümumi müsahibədə iştirak etmək üçün iddia etdiyi vakant vəzifə üzrə müraciətinə cavab olaraq, dövlət qulluğuna dair qanunvericiliyin tələbləri gözlənilmədən dövlət qulluğuna qəbul edildiyinə görə müsahibədə iştirakına imtina verilmişdir. İddiaçı elektrin qaydada X13 15 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının Mənzil X5, 28 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fonduna təqdim etmək məqsədilə stajla bağlı arayış alınması üçün müraciət etmə də, hər iki müraciət müsbət cavablandırılmamış, yenə də səbəb kimi dvlət qulluğuna dair qanunvericiliyin tələbləri gözlənilmədən dövlət qulluğuna qəbul edilməsi göstərilmişdir. İddiaçı hesab edir ki, belə yanaşma, 9 ildən artıq müddət ərzində mübahisəsiz qaydada dövlət qulluğu münasibətlərindən iddiaçını kənarda saxlayır və dövlət qulluqçusu kimi onun hüquqlarının pozulması ilə nəticələnir. Əslində 9 ildən artıq müddət ərzində dövlət qulluğunda olmağı, onun mübahisəsiz qaydada hüquq münasibətində olmasının göstəricisidir və bu hüquq münasibətləri müəyyən edilməli və ya tanınmalıdır. Qeyd olunduğu kimi, iddiaçı «Dövlət qulluğu haqqında» Qanuna istinadən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin əmri ilə dövlət qulluğuna qəbul edilmişdir. Onun fəaliyyəti hər il dövlət qulluqçusu kimi qiymətləndirilmişdir. Bundan başqa, onun adı dövlət qulluqçusu kimi Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2006-cı il tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Dövlət qulluqçuları reyestrinin aparılması Qaydaları»na əsasən reyestrə daxil edilmişdir. Həmin reyestrin aparılmasına və ümumi fəaliyyətinə nəzrətə görə isə, X15 məsuldur. Uzun illər ərzində dövlət qulluqçularının reyestrində iddiaçı dövlət qulluqçusu kimi görünsə də, X15 tərəfindən hər hansı nöqsan aşkar edilməmiş və 9 il ərzində bu fakta etiraz olunmamışdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən iddiaçıya dövlət qulluğu xidməti vəsiqəsi verilmişdir. Sonuncu dəfə belə vəsiqə ona 19 mart 2021-ci il tarixdə verilmişdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlanmış 20 mart 2021-ci il tarixli 1-240/21 saylı məktubunda da iddiaçının dövlət qulluqçusu statusu tanınmış, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.5-ci maddəsinə istinad edilərək, onun dövlət qulluğuna xitam verilməsinin mümkün olmadığı bildirilmişdir. Sözügedən Qanunun həmin maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İddiaçı 12 iyul 2012-ci il tarixdən hal-hazıradək dövlət qulluğu vəzifələrində işləmiş, dövlət qulluqçusu kimi vəzifə öhdəliklərini icra etmiş, bütün təminatlardan istifadə etmişdir. Onunla dövlət orqanı arasında dövlət qulluqçusu kimi hüquq münasibətləri olmuşdur. Digər tərəfdən, inzibati orqanın iddiaçının onunla işə qəbul prosesi ilə əlaqədar işçi ilə işə götürən münasibətlərini tənzimləyən və bir-birini tamamlayan yuxarıda qeyd olunan inzibati aktlar mövcuddur. Eyni zamanda, işçi ilə işəgötürən arasında 9 ildən artıq müddət ərzində qəbul edilmiş işçilərin həvəsləndirilməsi, məzuniyyət məsələlərini tənzimləyən əmrlər, əməyin ödənişi ilə bağlı bir sıra tədbirlər (dövlət qulluqçusu kimi əmək haqqından tutulmalar, habelə sosial sığorta haqqı ilə bağlı ödənişlər və s.) barədə çoxsaylı inzibati aktlar da qəbul edilmişdir. Həmin inzibati aktların heç biri 9 ildən artıq müddət ərzində istər inzibati orqanın özü, istərsə də X15 və ya bundan əvvəl dövlət qulluğuna qəbulla bağlı prosedurları yerinı yetirən orqanlar, habelə digər orqanlar tərəfindən mübahisələndirilməmiş və həmin inzibati aktlar ləğv edilməmişdir. Göründüyü kimi, iddiaçının işçi kimi inzibati orqanla aralarında publik hüquq münasibətləri mövcud olmuşdur. Belə olan halda hesab edilir ki, onunla inzibati orqan arasında mövcud olan publik hüquq münasibətləri tanınmalıdır (müəyyən edilməlidir). Yəni, iddiaçının müvafiq vəzifə üzrə dövlət qulluğunda çalışdığı nəzərə alınmalı və onun Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində işlədiyi bütün dövr (2012-ci ildən hal-hazıradək) üzrə dövlət qulluqçusu kimi statusu və stajı nəzərə alınmalıdır. Göstərilənlərə və «İnzibati icraat haqqında» Qanunun 67-ci maddəsinə, İPM-in 2.2.5, 36-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsaslanaraq, İddiaçı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində müvafiq olaraq böyük məsələhətçi və baş məsləhətçi vəzifələrində 12 iyul 2012-ci il tarixdən hal-hazıradək dövlət qulluğunun inzibati vəzifəsi üzrə iş stajı nəzərə alınaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə həmin tarixlər üzrə etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğunun müəyyən edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 17 mart 2022-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı 3 oktyabr 2011-ci il tarixdən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ümumi şöbəsində əmək fəaliyyətinə başlamışdır. 1 oktyabr 2015-ci il tarixdən hal-hazıradək Komitənin Uşaq problemləri şöbəsində baş məsləhətçi vəzifəsində çalışır. İddiaçı 11 yanvar 2021ci il tarixdə inzibati vəzifələrin beşinci təsnifatı üzrə 1-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi cavabdeh olaraq iddianı qəbul edir, məhkəmə iclasında işə baxılmasını və qərar çlxarılmasını məhkəmədən xahiş edir. Məhkəmənin iş üzrə 26 aprel 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının X15 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. X9 nümayəndəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında bildirilir ki, dövlət qulluğuna qəbul «Dövlət qulluğu haqqında» Qanunun 28.1-ci maddəsinə əsasən müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. İddiaçı 2012-ci ildə dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozulmaqla müsabiqədən keçmədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində inzibati vəzifələrin beşinci təsnifatına aid olan böyük məsələhətçi vəzifəsinə dövlət qulluğuna qəbul edilmişdir. X15 tərəfindən aparılan məlumat bazalarında İddiaçı dövlət qulluğuna qəbulla bağlı hər hansı müsabiqədə iştirakı qeydə alınmamışdır. İddiaçı qeyd olunan vəzifəyə müsabiqədən keçməklə təyin edilməli olduğu halda, bu cür prosedurdan keçmədən birbaşa dövlət qulluğuna qəbul edilmiş, 2015-ci ildə isə, əlavə olaraq müvafiq qanunvericiliyin tələbləri pozulmaqla, yəni müsabiqə və ya müsahibədə (daxili və ya ümumi müsahibə) iştirak etmədən vəzifədə irəli çəkilmiş və baş məsələhətçi vəzifəsinə təyin edilmişdir. İddiaçının dövlət qulluğu vəzifəsinə birbaşa (müsabiqədənkənar) təyinatı eyni zamanda «Dövlət qulluğu haqqında» Qanunun 4.1.6-cı maddəsində nəzərdə tutulmuş dövlət qulluğuna qəbulun şəffaflığı, 4.1.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların dövlət qulluğuna müsabiqə və müsahibə əsasında qəbul edilməsi və 4.1.8-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların öz qabiliyyətlərinə, xidməti nailiyyətlərinə və peşə hazırlığına uyğun olaraq dövlət qulluğunun hər hansı vəzifəsini tutmaqda hüquq bərabərliyi prinsiplərinin tələblərini də pozmuşdur. Həmin Qanunun 14.1-ci maddəsində dövlət qulluqçusunun anlayışı verilmişdir. Həmin maddəyə əsasən dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Maddədən də göründüyü kimi, dövlət qulluqçusunun statusunun əldə edilməsi üçün şəxs həmin Qanunla müəyyən edilmiş qaydada dövlət qulluğu vəzifəsini tutmalıdır. İnzibati vəzifə üzrə dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması prosedurları sözügedən Qanunun 28 və 29-cu maddələrində nəzərdə tutulmuşdur. İddiaçı dövlət qulluğu vəzifəsini qanunvericiliklə müəyyən edilmiş qaydada tutmamış, dövlət qulluqçusu statusunu qanunvericilikdə müəyyən edilmiş qaydada əldə etməmişdir. «Dövlət qulluğu haqqında» Qanunun 33.1.4-cü maddəsinə əsasən qanunvericiliyin tələbləri pozularaq işə qəbul edilmə dövlət qulluğuna xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli 860 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının X15 yaradılmış, 2016-cı ilin oktyabr ayında dövlət qeydiyyatına alınmış, 2017-ci ilin yanvarından fəaliyyətə başlamışdır. Həmin Fərmanla təsdiq edilmiş «Azərbaycan Respublikasının X15 publik hüquqi şəxsin Nizamnaməsi» ilə Mərkəzin üzərinə dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyətini öyrənmək və bu barədə hesabat hazırlamaq (Nizamnamənin 2.1.28-ci yarımbəndinə uyğun olaraq), dövlət orqanlarının dövlət qulluğu ilə bağlı qanunsuz aktlarının ləğv edilməsinə dair təkliflər vermək (Nizamnamənin 2.1.29-cu yarımbəndinə uyğun olaraq), dövlət qulluğu və dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunvericiliyin tələblərinin pozulması hallarını aradan qaldırmaq üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat vermək və yol verilmiş pozuntu halları barədə Azərbaycan Respublikası Prezidentinə məlumat vermək (Nizamnamənin 2.1.34-cü yarımbəndinə uyğun olaraq) kimi vəzifələrin icrası qoyulmuşdur. Qeyd olunan vəzifələrin icrası ilə əlaqədar X15 dövlət orqanlarında dövlət qulluğuna qeyri-qanuni qəbul hallarını araşdıraraq yol verilmiş pozuntu halları ilə bağlı 2017-ci ildə müvafiq dövlət orqanlarına məktublar ünvanlamışdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində inzibati dövlət qulluğu vəzifələrinə müsabiqədə iştirak etmədən qəbul edilmiş 17 nəfər şəxs müəyyən edilmiş, qanunvericilik tələblərinin pozulması hallarının aradan qaldırılması ilə bağlı məsələnin araşdırılması və müvafiq tədbirlərin görülməsi barədə Mərkəzə məlumat verilməsi xahişi 2017-ci ilin noyabr ayında dövlət orqanına bildirilmiş və sözügedən şəxslərin siyahısı, o cümlədən İddiaçı barədə məlumatlar dövlət orqanına təqdim edilmişdir. Eyni məsələ ilə bağlı 14 may 2018-ci il tarixli 01/01-09/1323 nömrəli məktubla X15 Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına müraciət etmişdir. Həmin məktubda İddiaçı məlumatları da öz əksini tapmışdır. X15 tərəfindən dövlət qulluğuna dair qanunvericiliyin tələblərinin pozulması halları barədə yenidən 18 dekabr 2018-ci il tarixli 01/01-09/3566 nömrəli məktubla Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına müraciət edilmişdir. Qeyd edilən məktubda dövlət qulluğuna dair qanunvericiliyin tələbi pozulmaqla dövlət qulluğuna qəbul edilmiş şəxslərin siyahısında iddiaçıya dair məlumatlar yenidən öz əksini tapmışdır. «İnzibati icraat haqqında» Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. İddiaçı ilə bağlı qanunsuz inzibati aktın qəbul edilməsi halı X13 fəaliyyətə başladığı tarixdən 1 il keçmədən məlum olmuş və həmin müddət ərzində bu qanunsuz inzibati aktla bağlı qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edilmişdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinə ünvanladığı 21 iyun 2018-ci il tarixli 1-712/18 nömrəli məktubunda Komitədə çalışan 10 nəfərin, o cümlədən İddiaçı «Dövlət qulluğu haqqında» Qanunun tələbləri pozulmaqla dövlət qulluğuna qəbul edildiyini etiraf etmiş və həmin şəxslərlə bağlı lazımi tədbirlərin görülməkdə olduğunu, sadəcə olaraq iddiaçının uşağa qulluğa görə sosial məzuniyyətdə olduğu üçün onun barəsində həmin vaxt üçün tədbir görülməsinin mümkün olmadığını bildirmişdir. Lakin bugünədək iddiaçı barəsində yol verilmiş pozuntu halının aradan qaldırılması ilə bağlı hər hansı bir tədbir görülməmişdir. «Dövlət qulluğu haqqında» Qanunun 29.3-cü maddəsinin birinci hissəsinə əsasən 1 – 5-ci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin dördüncü – yeddinci təsnifatlarına (2-ci kateqoriya dövlət orqanlarına aid müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələr (bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) istisna olmaqla) uyğun olan vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış, eləcə də bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması ümumi müsahibə yolu ilə həyata keçirilir. Həmin Qanunun 29.3-cü maddəsinin ikinci hissəsinə əsasən 1 – 5-ci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin dördüncü yeddinci (2-ci kateqoriya dövlət orqanlarına aid müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələr (bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) istisna olmaqla) təsnifatlarına uyğun olan vəzifələrin tutulması məqsədi ilə dövlət orqanı rəhbərinin qərarı əsasında, ilk növbədə, həmin dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçularının, habelə bu Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifələrə iddia edən şəxslərin iştirakını nəzərdə tutan daxili müsahibə keçirilə bilər. “«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 31 may 2021-ci il tarixli 340-VİQD nömrəli Qanununun keçid müddəalarına uyğun olaraq 2021-ci il iyulun 1-dək «Dövlət qulluğu haqqında» Qanuna uyğun olaraq dövlət qulluğuna qəbul olunmuş, on il və daha çox qulluq stajı olan dövlət qulluqçuları, habelə əvvəllər azı on il dövlət qulluğunda çalışmış və yenidən dövlət qulluğuna qəbul olunan şəxslər müddətsiz “Dövlət qulluğu sertifikatı” almış dövlət qulluqçularına bərabər tutulurlar. Eyni zamanda “«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (yəni 10 avqust 2016-cı il tarixədək) «Dövlət qulluğu haqqında» Qanuna uyğun olaraq dövlət qulluğuna qəbul olunmuş (2021-ci il iyulun 1-dək «Dövlət qulluğu haqqında» Qanuna uyğun olaraq dövlət qulluğuna qəbul olunmuş, on il və daha çox qulluq stajı olan dövlət qulluqçuları, habelə əvvəllər azı on il dövlət qulluğunda çalışmış və yenidən dövlət qulluğuna qəbul olunan şəxslər istisna olmaqla) və on ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə sertifikat əldə etməlidirlər. Qeyd edilənlərdən göründüyü kimi, 10 avqust 2016-cı il tarixədək «Dövlət qulluğu haqqında» Qanuna uyğun olaraq dövlət qulluğuna qəbul edilmiş, 10 ildən az qulluq stajı olan hazırda dövlət orqanında inzibati vəzifələrdə qulluq keçməklə inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcələri olan dövlət qulluqçuları qulluq keçdikləri dövlət orqanında mövcud vakant inzibati vəzifələrin tutulması ilə bağlı elan edilmiş daxili müsahibələrdə, eyni zamanda həm qulluq keçdikləri dövlət orqanında, həm də digər dövlət orqanlarında mövcud vakant vəzifələrin tutulması ilə bağlı elan edilmiş ümumi müsahibələrdə iştirak etmək üçün X15 tərəfindən keçirilən test imtahanında iştirak edərək dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə sertifikat əldə etməlidirlər. Deməli, dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması ilə bağlı elan edilmiş ümumi və daxili müsahibələrdə iştirak etmək üçün dövlət qulluqçusu eyni zamanda dövlət qulluğuna «Dövlət qulluğu haqqında» Qanuna uyğun olaraq qəbul edilmiş olmalıdır. Yuxarıda artıq qeyd olunduğu kimi, İddiaçı dövlət qulluğuna qəbulu «Dövlət qulluğu haqqında» Qanunun tələbləri gözlənilmədən həyata keçirilmişdir. «Dövlət qulluğu haqqında» Qanuna 31 may 2021-ci il tarixdə edilmiş dəyişikliklərlə qanunverici 10 avqust 2016-cı il tarixdən əvvəl dövlət qulluğuna qəbul edilmiş şəxslərin hüququ statusunu müəyyən etməklə bu kateqoriyadan olan şəxsləri 2 kateqoriyaya ayırmışdır. 1-ci kateqoriyaya 2021-ci il iyulun 1-dək «Dövlət qulluğu haqqında» Qanuna uyğun olaraq dövlət qulluğuna qəbul olunmuş, on il və daha çox qulluq stajı olan dövlət qulluqçuları, habelə əvvəllər azı on il dövlət qulluğunda çalışmış və yenidən dövlət qulluğuna qəbul olunan şəxslər daxildir. Qanunverici bu şəxsləri müddətsiz “Dövlət qulluğu sertifikatı” almış dövlət qulluqçularına bərabər tutur. 2-ci kateqoriyaya isə, 10 avqust 2016-cı il tarixədək «Dövlət qulluğu haqqında» Qanuna uyğun olaraq dövlət qulluğuna qəbul olunmuş dövlət qulluqçuları daxildir. Qanunverici həmin kateqoriyadan olan dövlət qulluqçularının daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət hüququnu həmin Qanunun 28-1-ci maddəsinə əsasən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə sertifikat alması ilə şərtləndirir. Qanundan da göründüyü kimi, qanunverici «Dövlət qulluğu haqqında» Qanuna uyğun olmadan dövlət qulluğuna qəbul olunmuş şəxslərə münasibətdə hər hansı status müəyyən etməmişdir. Yuxarıda qeyd edilənləri və İddiaçı dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozulmaqla dövlət qulluğuna qəbul edildiyini nəzərə alaraq, onun “etibarlı dövlət qulluğu münasibətinin mövcudluğunun müəyyən edilməsi” barədə iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddiaya etiraz etmədiyini bildirdi. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən üçüncü şəxsin nümayəndəsi X16 iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında da vurğulanmışdır. Həmin qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı müvafiq hüquqi marağının mövcudluğu onun subyektiv hüquqa mallik olmasını əsaslandırmış, dövlət qulluğu münasibətlərində olduğunu iddia etdiyi qurumu cavabdeh qismində seçmişdir, eləcə də hazırkı iddianın mümkünlüyünü istisna edən hallar mövcud deyil. Belə olan halda, məhkəmə iddianı mümkün sayır. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan əmək kitabçasından görünür ki, X7 3 oktyabr 2011-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61.3-cü maddəsinə əsasən 3 ay müddətinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ümumi şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin olunmuş, 3 yanvar 2012-ci il tarixdə onunla əmək müaviləsinə xitam verilmiş, 9 yanvar 2012ci il tarixdən Komitənin Ümumi şöbəsinə həmin vəzifəyə təyin olunmuş, 9 aprel 2012-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, 12 aprel 2012-ci il tarixdə 3 ay müddətinə yenidən həmin vəzifəyə təyin olunmuş və 12 iyul 2012-ci il tarixdə növbəti dəfə onunla əmək müqaviləsinə xitam verilmiş, 12 iyul 2012-ci il tarixdə «Dövlət qulluğu haqqında» Qanunun 28.6-cı maddəsinə uyğun olaraq 1 il müddətinə stajçı kimi Komitənin Kadr və kargüzarlıq şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyin edilmiş, 1 oktyabr 2014-cü il tarixdə 6 ay sınaq müddətilə dövlət qulluğuna qəbul edilmiş, 1 aprel 2015-ci il tarixdə ona «Dövlət qulluğu haqqında» Qanunua əsasən inzibati vəzifələrin 5-ci təsnifatı üzrə 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş, 1 oktyabr 2015-ci il tarixdə «Dövlət qulluğu haqqında» Qanunun 32-ci maddəsinə uyğun olaraq dövlət qulluğunda yüksəliş yolu ilə Komitənin Uşaq problemləri şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin edilmiş və 11 yanvar 2021-ci il tarixdə həmin Qanuna əsasən ona inzibati vəzifələrin 5-ci təsnifatı üzrə 1-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. İş materiallarından görünür ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 3 oktyabr 2011-ci il tarixli əmri ilə X2 3 oktyabr 2011-ci il tarixdən vəzifə maaşı ştat cədvəlinə uyğun ödənilməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61.3-cü maddəsinə əsasən 3 ay müddətinə Ümumi şöbənin böyük məsələhətçisi vəzifəsinə təyin edilmişdir. İş materiallarından görünür ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 9 yanvar 2012-ci il tarixli əmri ilə X2 9 yanvar 2012-ci il tarixdən vəzifə maaşı ştat cədvəlinə uyğun ödənilməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61.3-cü maddəsinə əsasən 3 ay müddətinə Ümumi şöbənin böyük məsələhətçisi vəzifəsinə təyin edilmişdir. İş materiallarından görünür ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 12 aprel 2012-ci il tarixli əmri ilə X2 12 aprel 2012-ci il tarixdən vəzifə maaşı ştat cədvəlinə uyğun ödənilməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61.3-cü maddəsinə əsasən 3 ay müddətinə Ümumi şöbənin böyük məsələhətçisi vəzifəsinə təyin edilmişdir. İş materiallarından görünür ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 12 iyul 2012-ci il tarixli 166 “k” nömrəli əmri ilə X2 12 iyul 2012-ci il tarixdən 1 il müddətinə stajçı kimi Komitəyə dövlət qulluğuna qəbul edilmiş və X10 və kargüzarlıq şöbəsinin böyük məsələhətçisi vəzifəsinə təyin edilmişdir. İş materiallarından görünür ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 30 sentyabr 2014-cü il tarixli əmri ilə X7 2014-cü il 1 oktyabr tarixdən 6 ay sınaq müddəti ilə Komitəyə dövlət qulluğuna qəbul edilmiş və X10 və kargüzarlıq şöbəsinin böyük məsələhətçisi vəzifəsinə təyin edilmişdir. İş materiallarından görünür ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 30 mart 2015-ci il tarixli 57 nömrəli əmri ilə X10 və kargüzarlıq şöbəsinin böyük məsələhətçisi X7 daimi dövlət qulluğuna qəbul edilmiş və ona İnzibati vəzifələrin 5-ci təsnifatı üzrə 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. İş materiallarından görünür ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 22 sentyabr 2015-ci il tarixli 203 “k” nömrəli əmri ilə X10 və kargüzarlıq şöbəsinin böyük məsələhətçisi X7 dövlət qulluğunda yüksəliş yolu ilə 1 oktyabr 2015-ci il tarixdən Uşaq problemləri şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin edilmişdir. İş materiallarından görünür ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Komitənin Uşaq problemləri şöbəsinin baş məsləhətçisi X4 qulluq stajına görə vəifə maaşına 5% əlavə haqq ödənilməsi barədə 1 oktyabr 2015-ci il tarixli 207 “a” nömrəli əmr verilmişdir. İş materiallarından görünür ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Komitənin Uşaq problemləri şöbəsinin baş məsləhətçisi X4 qulluq stajına görə vəifə maaşına 10% əlavə haqq ödənilməsi barədə 21 yanvar 2020-ci il tarixli 29 nömrəli əmr verilmişdir. İş materiallarından görünür ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 11 yanvar 2021-ci il tarixli 10 nömrəli əmri ilə X11 problemləri şöbəsinin baş məsələhətçisi X4 İnzibati vəzifələrin 5-ci təsnifatı üzrə 1-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. İddiaçı adının dövlət qulluqçusu kimi Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2006cı il tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Dövlət qulluqçuları reyestrinin aparılması Qaydaları»na əsasən reyestrə daxil edilməsi işin mübahisə olunmayan hallarına aiddir. «Dövlət qulluğu haqqında» Qanunun 16.1-ci maddəsinə görə dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, dövlət qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir. Həmin Qanunun 17.1-ci maddəsinin birinci hssəsinə görə ixtisas dərəcələri bu Qanunun 16cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Həmin maddənin üçüncü hissəsinə görə ixtisas dərəcəsi verilərkən dövlət qulluqçusunun peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınır. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.4-cü maddəsinə görə qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə görə maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda (67.6.1), səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda (67.6.2), inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda(67.6.3). Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Həmin Qanunun 67.12-ci maddəsinə görə qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Həmin Qanunun 67.12-ci maddəsinə görə qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Azərbaycan Respublikasaı Prezidentinin 21 iyun 2006-cı il tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları»nın 2-ci bəndinə görə dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır. Həmin Qaydaların 3-cü bəndinə əsasən Dövlət Reyestrinin yaradılmasında məqsəd dövlət qulluqçuları haqqında məlumatları toplamaq, təzələmək və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması məsələlərinin və dövlət qulluğu ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək, müvafiq hallarda bu Qaydalarla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət orqanlarını həmin məlumatlarla təmin etməkdir. Həmin Qaydaların 12-ci bəndinə görə Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı bu şəxs haqqında məlumatları Dövlət Reyestrini aparan dövlət qurumuna dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim etməlidir. Məhkəmə hazırkı iş üzrə müəyyən etdiyi aşağıdakı halları diqqətə çəkir: - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İddiaçı dövlət qulluğu vəzifəsinə təyin olunması barədə 12 iyul 2012-ci il tarixli 166 “k” nömrəli və 22 sentyabr 2015-ci il tarixli 203 “k” nömrəli əmrləri iddiaçıya müvafiq hüquq verdiyindən, ona münasibətdə əlverişli inzibati aktlar sayılır. Həmin əmrlərə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, İddiaçı etimadın qanunla qorunması hüququna malikdir; - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 12 iyul 2012-ci il tarixli 166 “k” nömrəli və 22 sentyabr 2015-ci il tarixli 203 “k” nömrəli əmrləri qanunsuz hesab edilsə belə, əlverişli inzibati akt kimi onların mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Bundan başqa, etimad hüququnun qorunması həmin əmrlərin hətta qanunsuz sayıldığı halda ləğvini istisna edir; - İddiaçı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində dövlət qulluğu vəzifəsinə təyin olunduğu vaxtdan, yəni 2012-ci ildən qanunvericilikdə dövlət qulluqçuları üçün nəzərdə tutulmuş müvafiq vəzifələri yerinə yetirmiş və hüquqlardan, təminatlardan istifadə etmiş, eləcə də ona dövlət qulluqçuları üçün nəzərdə tutulmuş təminatlardan istifadə etdiyi 9 ildən artıq dövrdə ixtisas dərəcəsi verilmiş, ixtisas dərəcəsinə və qulluq stajına görə vəzifə maaşına əlavələr ödənilmişdir. Sadalananlar, həmçinin İddiaçı ixtisas səviyyəsinin, peşəkar və təcrübəli dövlət qulluqçusu olmasının əlaməti kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddia təmin edilərək İddiaçı Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində müvafiq olaraq böyük məsləhətçi və baş məsləhətçi vəzifələrində 12 iyul 2012-ci il tarixdən hal-hazıradək dövlət qulluğunun inzibati vəzifəsi üzrə iş stajı nəzərə alınmaqla Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə etibarlı dövlət qulluğu münasibətinin mövcudluğu müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 52, 58.7, 68, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində müvafiq olaraq böyük məsləhətçi və baş məsləhətçi vəzifələrində 12 iyul 2012-ci il tarixdən halhazıradək dövlət qulluğunun inzibati vəzifəsi üzrə iş stajı nəzərə alınmaqla Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə etibarlı dövlət qulluğu münasibətinin mövcudluğu müəyyən edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5550/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5550/2022
06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver