Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5552/2020 27.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçı X4, tərcüməçi Qulam Səxinin iştirakı ilə iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «qərarın ləğv edilməsi, iddiaçıya qaçqın statusunun verilməsi üçün onun yenidən müsahibəyə buraxılması»na dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Bağır cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «qərarın ləğv edilməsi, iddiaçıya qaçqın statusunun verilməsi üçün onun yenidən müsahibəyə buraxılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil oldudan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Əfqanıstan İslam Respublikasının X2 Valiliyinin Şəxmiran kəndində doğulmuşdur. Milliyyətcə hazara, dini etiqadına görə müsəlmandır (şiədir). Öz ölkəsini tərk etmək səbəbi odur ki, kiçik yaşlarında valideyinlərini itirmişdir, imkansızlıq ucbatından orta məktəbə gedə bilməmiş, çobanlıq və kənd təsərrüfat işləri ilə məşğul olmuşdur. Lakin babası və əmiləri atasından qalan miras payı verməmiş, onu və bacılarını çox incitmişlər. Qohumları dəfələrlə ona hədə-qorxu gəlmişlər, onu bir daha burada görsələr öldürəcəkləri ilə hədələmişlər. Təziqlərə tab gətirə bilməyib İrana getmiş, lakin İran polisi ölkədə qeyri-qanuni qaldığı üçün onu Əfqanıstana deport etmişdir. O, 1 ay Kabildə qalıb, yenidən qeyri-qanuni yolla İrana qayıtmış, orada bir müddət qaldıqdan sonra 2006-cı ildə Azərbaycana gəlmişdir. Azərbaycanda BMT-nin Qaçqınlar üzrə X1 müraciət etmişdir. Miqrasiya Xidməti verdiyi müsahibə zamanı həyatının təhlükədə olmasının həqiqətə uyğun olmaması ehtimalları əsasında övladlarıyla Əfqanıstana qayıdıb təqiblərə məruz qalacağını əsas kimi qəbul etmir. Buna görə Dövlət Miqrasiya Xidməti onun və ailəsinin həyatına təhlükənin olmadığını bildirərək, qaçqın statusu verməkdər imtina edir. Həyat yoldaşı və üç övladı BMT-nin QAK-ın himayəsindədirlər. O, ailəsi ilə birgə yaşamağına kömək olunmasını xahiş edir. Onu deport edərlərsə həyat yoldaşı üç övladı ilə burada başsız qalacaqlar ailədə işləyən ailəni dolandıran tək özüdür. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsini rəhbər tutaraq bu ölkədə sığınacaq axtarmaq və qaçqın statusu ilə təmin olunması üçün kifayət qədər əsas olduğundan, cavabdeh orqan onun müraciətini təmin etməkdən imtina edir. Diqqətçəkən və sübuta ehtiyac olmayan hal ondan ibarətdir ki, o ailəsi ilə birlikdə doğulduğu və yaşadığı doğma ölkəni, evi, ocağı buraxıb Azərbaycana – dilini bilmədiyi, gecələməyə yerinin olmadığını, iş tapa bilmədiyi bir ölkəyə gəlmişdir. Əfqanıstanda bu gün də dinc əhaliyə qarşı təqiblərin, təxribatlrın arası kəsilmədiyindən onun geri qayıtmağına heç bir təminat yoxdur. BMT təşkilatları da Əfqanıstanda faktiki olaraq əhalinin təhlükəsizliyinə zəmanət verə bilmir. Dövlət Miqrasiya Xidməti də bundan istifadə edərək onlara status verməkdən imtina edib. Bu gün Əfqanıstanda əhalinin təhlükəsizliyinin təmini məsələsinin nəzarətdən çıxması, hamıya beynəlxalq ictimaiyyətə bəlli olduğundan sübuta ehtiyac qalmır. Ona görə də Dövlət Miqrasiya Xidmətinə qaçqın statusu almaq barədə Azərbaycan qanunvericiliyinə və beynəlxalq normalara, qaçqınların status haqqında konvensiya və protokola əsaslanaraq müraciət etsə də, xx xxxx 2020-ci ildə İQ-53/1 saylı qərarı ilə onu qaçqın kimi tanımaqdan imtina etmişdir. Onun təhlükəsizliyinin pozulmasını, təhdidə və təqibə məruz qalmamasını önə çəkərək müraciətini təmin etməmişlər. Özü və ailə üzvləri vətəndaşı olduqları ölkədə baş vermiş hadisələr nəticəsində kənardadırlar və ölkənin himayəsindən istifadə edə bilmirlər, ehtiyat üzündən istifadə etmək istəmirlər, ora qayıda da bilmirlər. Qayıdacaqları təqdirdə onların təhlükəsiz yaşamağına nə dövlət, nə də BMT-nin müvafiq qurumları təminat vermir. BMT-nin X3 bəyannaməsinin (1948) 14-cü maddəsinə əsasən “Hər kəsin təqibdən qorunmaq üçün başqa ölkələrdə sığınacaq axtarmaq və bu sığınacaqdan istifadə hüququ vardır” 4-cü maddədə “heç kəs asılı vəziyyətdə saxlanılmamalı, 7-ci maddədə bütün insanlar qanun qarşısında bərabərdir və heç bir ayrı-seçkiliyə məruz qalmamalıdır” ifadələri onun pozulmuş hüquqlarının bərpası üçün olduğu ölkədə məhkəmələrə hüquqi əsas verir. Beləliklə, qeyd olunanlar və bu bəyannamənin 13-cü maddəsi ona Azərbaycan dövlətinin hüdudlarında sərbəst hərəkət etmək və yaşayış yeri hüququnu verir. Faktiki olaraq onun və ailə üzvləri üçün vətəndaşsızlıq halları yaranır. Daha önəm kəsb edən məsələ odur ki, DMX tərəfindən onun qaçqın statusu almaq barədəki müraciətini onun özünün və ya nümayəndəsinin iştirakı olmadan müzakirə edilmiş və imtina qərarı verilmişdir. Bu beynəlxalq normaların və müasir demokratik, hüquqi dövlətin prinsiplərinə ziddir. Qeyd olunan hal onun və ailə üzvlərinin şəxsiyyətinin inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarının həyata keçirilməsinə bilərəkdən maneə yaratmaqdır. Hüququn qayəsi azadlıq, ədalət və bərabərlik ölçüləri ilə tamamlanır. Bunların biri yoxdursa hüquq da yoxdur. Bu bir daha DMX-nin qərarının hüquqi əsaslara söykənərək qəbul edilməsidir. Onun iştirakı təmin edilmədən qərar qəbul edilir, absurddur. Qiyabi icraat səlahiyyəti DMX-ya verilmir və onun iştirakı olmadan vəsatətinə baxılması barədə onlara müraciət etməmişdir. Ona görə də DMX-nin qərarı ədalətli və hüquqi sayıla bilməz. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə, AR Mülki Prosessual Məcəlləsinin 150 – 151-ci maddələriə əsaslanaraq, məhkəmədən cavabdeh AR Dövlət Miqrasiya Xidmətinin qərarının (xx xxxx 2020-ci il tarixli İQ-53/1 nömrəli) ləğv edilməsi, iddiaçıya qaçqın statusunun verilməsi üçün onun yenidən müsahibəyə buraxılması və iştirakının təmin edilməsi barədə qərar çıxarılması xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən X5 Bağır iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 9-cu maddəsinə görə qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 1-ci bəndinin 5-ci hissəsinə görə "qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Qaydanın 3-cü bəndinin 1-ci hissəsinə əsasən "qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir. Qaydanın 8-ci bəndinə görə müsahibə zamanı şəxs "qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. Qaydanın 13-cü bəndinə görə şəxsə "qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə beş gün müddətində yazılı bildiriş göndərsin. Məhkəmə qeyd edir ki, iddiaçının ona “qaçqın” statusunun verilməsi ilə bağlı dəlilləri qanunvericliklə («Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» AR Qanunu ilə) “qaçqın”a verilən anlayışın tələbləri, buna dair əlamətlərlə əhatə olunmur. Eləcə də iddiaçı vətəndaşı olduğu ölkədə sosial qrupa qoşulması, təqiblərə məruz qalmasını təsdiqləyən tutarlı sübutlar təqdim etməmişdir, onun dəlilləri isə mülahizələrə söykənir. Məhkəmə qeyd olunanları və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdeh AR Dövlət Miqrasiya Xidmətinin X5 Bağıra “qaçqın” statusunun verilməsindən imtina olunması barədə xx xxxx 2020-ci il tarixli qərarı qanuna zidd sayıla bilməz. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «qərarın ləğv edilməsi, iddiaçıya qaçqın statusunun verilməsi üçün onun yenidən müsahibəyə buraxılması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «qərarın ləğv edilməsi, iddiaçıya qaçqın statusunun verilməsi üçün onun yenidən müsahibəyə buraxılması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5552/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5552/2020
27.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver