Məhkəmə qərarları › İş №2-1(112)-5553/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5553/2022

04.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5553/2022 04.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçı X3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə iddiaçı X3 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinə dair texniki pasportun tərtib edilməsi və reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı X7 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinə dair texniki pasportun tərtib edilməsi və reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, X4 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 8, ev 12 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüquqları "xxxx" ASC-nin 6 fevral 2018-ci il tarixli arayışı ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. "xxxx" ASC-nin arayışında onun istifadəsində olmuş fərdi yaşayış evinin və torpaq sahəsinin mühafizə zolağındakı 35 kV-luq YS “Zabrat” – YS 492, 6 kV-luq YS “Zabrat” – KTM 575 yüksək gərginlikli elektrik hava xəttinin istismarında çətinliyin yaranmadığı, fərdi yaşayılş evinin və torpaq sahəsinin üzərində hüququnun daşınmz əmlakın dövlət reyestrində qeydiyyata lınmasına etiraz olunmadığı bildirilmişdir. İddiaçı X7 ilə X9 arasında 12 aprel 2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 8, ev 12 ünvanındakı 0,069 ha ölçüdə torpaq sahəsi iddiaçının mülkiyyətinə keçmişdir. Həmin torpaq sahəsindəki fərdi yaşayış evi 1972-ci ildə inşa edilmişdir və retestrdə qeydiyyata alınmamışdır. Bu səbəbdən də, yalnız 0,069 ha torpaq sahəsinin alqı-satqısı olmuşdur. İddiaçı mülkiyyətindəki torpaq sahəsində olan fərdi yşayış evinə dair reyestrdən çıxarışın verilməsi ilə bağlı DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin İdarə məsələnin həllindən imtina etmiş və imtinada göstərilmişdir ki, torpaq sahəsinin 35 kV-luq yüksək gərginlikli hava elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir, həmçinin yüksək gərginlikli hava elektrik xəttinin mühafizə zolağı ilə bağlı "xxxx" ASC tərəfindən münasibət bildirilməsi məqsədəuyğun hesab edilir. Bundan sonra iddiaçı 26 dekabr 2018-ci il tarixdə "xxxx" ASC-yə müraciət etmiş və "xxxx" MMC-nin mütəxəssisləri əraziyə baxış keçirmiş və baxış zamanı evin "xxxx" ASC-yə məxsus 110 kV-luq 3-cü Maştağa xəttinin 25 metr məsafəsində yerləşməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 V-dan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları»nın 5-ci bəndinə əsasən 110 kV-luq elektrik verilişi xəttinin mühafizə zonası hava xəttinin keçdiyi tras boyu kənar məftillərin hər iki tərəfə 20 metr qəbul edilmişdir. Bundan sonra iddiaçı evə hüquqların qeydiyyata alınması ilə bağlı təkrarən DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə 30 yanvar 2019-cu il tarixdə müraciət etmiş, lakin bu dəfə də imtina cavabı almışdır. Növbəti dəfə iddiaçı 13 iyun 2019-cu il tarixdə qaldırılan məsələ ilə əlaqədar yenidən cavabdehə müraciət etsə də, eyni səbəblər göstərilməklə müsbət nəticə əldə olunmamışdır. Bütün hallarda imtina əsassız olaraq verilmişdir. Belə ki, "xxxx" ASC yalnız 110 kV-luq yüksək gərginlikli hava elektrik xətlərinin mühafizə zonası keçdiyi tras boyu kənar məftillərin hər iki tərəfə 20 metrdir. 1000, 6000, 10000 və 35000 kV-luq yüksək gərginlikli hava elektrik xətlərinə cavabdehliyi isə, "xxxx" ASC daşıyır. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 3-cü bəndində “real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş arayışa əsasən müqavilə bağlananadək daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır” qeyd olunmuşdur. Göründüyü kimi, əgər bu torpaq sahəsinin yaxınlığından yüksək gərginlik xətti keçirsə və bu hal torpaq sahəsinin qeydiyyata alınmasına imkan vemirsə, cavabdehin həmin torpaq sahəsinə mülkiyyət hüququnu 27 aprel 2018-ci il tarixdə hansı əsaslarla qeydiyyata alması sual doğurur. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 149-cu maddələrinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1, 2.0.2, 2.0.6, 20-ci maddələrinə, İPM-in 2.1, 2.2, 73.1-ci maddələrinə, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9, 10-cu maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8, 15-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 178, 179-cu maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli Fərmanının müddəalarına əsaslanaraq, iddaçının adına Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 8, ev 12 ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki pasportun tərtib edilməsi və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 4 aprel 2022-ci il tarixli məktubunda bildirilir ki, iddiaçı X3 iddiası etirazla qarşılanır. İdarə mütəxəssisləri tərəfindən keçirilən yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən 25 metr aralı məsafədə 110 kV-luq, 4 metr məsafədə 35 kV-luq və hasarın üzərindən 6 kV-luq elektrik xətti keçir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə X5 1 avqust 2018-ci il, 21 dekabr 2018-ci il və 10 iyul 2019-cu il tarixli “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyatına alınmasından imtina barədə” bildiriş ünvanlanmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbycan Respublikası Qanununun 11.1, 23-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların müddəalarına əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçı X7 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, 8-ci döngə, 120 saylı ev X3 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 27 aprel 2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə reyestrdən çıxarış verilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin X6 ünvanlanmış 6 fevral 2018-ci il tarixli məktubunda bildirilir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müvafiq arayış verilməsinə dair ərizəyə ASC-də baxılmışdır. Həmin torpaq sahəsinin 35 kV-luq YS “Zabrat” – YS492; 6 kV-luq YS “Zabrat”- KTM575 hava elektrik verilişi xəttinin istismarında heç bir çətinlik yaratmadığını nəzərə alaraq, "xxxx" ASC qeyd olunan fərdi yaşayış evi və torpaq sahəsinin üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına etiraz etmir. İş materiallarında olan "xxxx" ASC-nin X5 ünvanlanmış 23 yanvar 2019-cu il tarixli məktubunda bildirilir ki, ASC-yə ünvanlanmış 26 dekabr 2018-ci il tarixli müraciətlə bağlı "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən Maştağa qəsəbəsi, M.Hüseynzadə qəsəbəsi, döngə 8, ev 12B ünvanında yaşayış evinin yerləşdiyi əraziyə yerində baxış keçirilmişdir. Yaşayış evi yerləşən ərazinin yaxınlığında "xxxx" ASC-yə məxsus 110 kV-luq 3-cü “Maştağa” hava xətti keçir. Yüksək gərginlikli elektrik şəbəkələrinin mühafizəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 103 nömrəli 10 iyun 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 V-dən yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları” ilə tənzimlənir. Qaydaların 5-ci bəndinə əsasən 110 kV-luq elektrik verilişi xətlərinin mühafizə zonası hava xəttinin keçidiyi trassa boyu kənar məsafələrdən hər iki tərəfə 20 metr qəbul olunmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - (8.0.2) qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; - (8.0.3) daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; - (8.0.4) qanuni qüvvəyə minmiş məhkəmə qərarları; - (8.0.5) 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; - (8.0.9) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: (8.0.9.1) hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: (8.0.9.1.1) icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; (8.0.9.1.2) məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanı ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin Siyahının 1-ci bəndində (1.11) Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar, 2-ci bəndində isə (2.4) Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) nəzərdə tutulmuşdur. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsi) daşınmaz əmlaklara, o cümlədən fərdi yaşayış evlərinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması əsasların dairəsini konkret müəyyən etmişdir. Lakin hazırkı iddiaçı X7 ünvan 4 ünvanında yerləşən torpaq sahəsinə mülkiyyət hüququ əldə etsə də, həmin ünvanda mövcud olan tikiliyə, yəni evə dair qanunvericilikdə nəzərdə tutulan müvafiq sənədlərdən hər hansı birini, məsələn alqı-satqı müqaviəsi, vərəsəlik şəhadətnaməsi, evin inşa olunduğu tarixdən asılı olaraq digər müvafiq sənədləri, habelə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsində nəzərdə tutulan başqa əsaslardan biri təqdim etmədiyindən (həmin sənədlər mövcud deyil), onun həmin tikiliyə mülkiyyət hüququ yaranmış olmur. Belə olan halda, məhkəmənin qənaətinə görə inzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin onun həmin evə hüquqlarının qeydiyyata alınmasından imtinası qanuna zidd sayıla bilməz və bu hal iddiaçının hüquqlarının pozulmasına səbəb olan qismində qiymətləndirilməməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı X3 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinə dair texniki pasportun tərtib edilməsi və reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı X3 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinə dair texniki pasportun tərtib edilməsi və reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar