Məhkəmə qərarları › İş №2-1(112)-5557/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5557/2020

01.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5557/2020 01.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəriman İbrahim oğlu Abıyevin sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı əmrin etibarsız hesab edilməsi tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı əmrin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları komandirinin xx.xx.2019-cu il tarixli 427 nömrəli əmrinin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, 2017- ci ildən xx xxxxxx 2019- cu ilədək Sərhəd Xidmətində baş çavuş kimi xidmət etmişdir. Xidmət etdiyi müddətdə rəhbərliyin bütün tapşırıqlarını nümunəvi hərbiçi kimi yerinə yetirmişdir. Lakin onu xx xxxxxx 2019-cu il tarixli 427 nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə əsasən “xidməti uyğunsuzluğa görə” Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılib. Məlum deyil ki, hansı əsasla iddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılıb. Hərbi xidmətə yararsızlıq və ya uyğunsuzluq müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən tibbi müayinənin nəticələrinə uyğun olaraq müəyyənləşdirilməlidir. Ona görə də o hərbi xidmətə uyğunsuz hesab edilməklə onun ehtiyata buraxılmasını qanunsuz hesab edir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətini davam etdirmək istəyir. Lakin onun hərbi biletində xidməti uyğunsuzluq ifadəsinin qeyd edilməsi ona xidməti davam etdirməyə imkan vermir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin komandirinin öz diskresion səlahiyyətlərini aşaraq vediyi qanunsuz əmr onun hüquq və azadlıqlarını məhdudlaşdırır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qnunun 14.3-cü maddəsində qeyd olunur ki, “Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəlmiş qərarlar qəbul oluna bilməz. Sərhəd xidməti komandiri işin hallarını tam araşdırmadan onu ehtiyata buraxmışdır. Diskresion səlahiyyətin düzgün həyata keçirilməməsi bir qayda olaraq, icraat nəticəsində qəbul edilmiş qərarın konkret olaraq ona münasibətdə qəbul edilmiş əmrin etibarsızlığına səbəb olur. “İnzibati icraat haqqında” Qnunun 24.1-ci maddəsində qeyd olunur ki, “İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.” İddiaçı Dövlət Sərhəd Xidmətinə yenidən bərpa edilməsi barədə müraciət etsə də onun bərpa olunmağını məqsədəuyğun saymamışdır. Dövlət Sərhəd Xidməti onun konstitusiun hüquq və azadlıqlarını məhdudlaşdırmışdır. Vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinin real təmin olunması məsələsi müasir hüquqi dövlətin əsas vəzifəsi sayılır. İddiaçı iddiasında onun Sərhəd Xidmətinə bərpa olunmağı tələbini qoymur. Onun tələbi onun hüquq və azadlıqlarını məhdudlaşdıran “xidməti uyğunsuzluğa görə” Silahlı Qüvvələrdən ehtiyata buraxılması barədə Dövlət Sərhəd Xidməti komandiri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 427 nömrəli əmrin etibarsız hesab edilməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh-Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinətəqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasında İddiaçı iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək, məhkəmədən iddianın əsassız olduğu üçün təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki işə ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə görə inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və elektron məhkəmə informasiya sistemində olan şəxsin şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, xx.xx.1992-ci ildə İsmayıllı rayonu Qalacıq kəndində doğulmuş Rüstəmov X2 rayonu, Qalacıq ərazi D., Qalacıq kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Məhkəmə hesab edir ki, iddiaçının şəxsiyyət vəsiqəsi üzrə qeydiyyatı və yaşayış ünvanı İsmayıllı rayonu olduğundan işə aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, İsmayıllı rayonu Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə iclasında iştirak edən İddiaçı və cavabdehin nümayəndəsi X3 işin aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirdilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3, 8.5, 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı əmrin etibarsız hesab edilməsi tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar