Məhkəmə qərarları › İş №2-1(112)-5557/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5557/2024

15.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5557/2024 15.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pulun ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə anasına ödənilməli olan əmək pensiyasının ödənilməmiş 17X377=6409,00 manat məbləğin və onun balansında yığılmış və anası tərəfindən istifadə edilməmiş yığım kapitalının yenidən hesablanaraq və bu yeni hesablamaya görə ödəniş etmək öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, X1 oğludur. Eyni zamanda xx.xx.2023-cü il tarixli Qanuni vərəsəlik haqqında Şəhadətnaməyə əsasən anasının vərəsəsidir. Anası xx.xx.2023-cü ildə dəqiqləşdirilməmiş kəskin miokard infarktından dünyasını dəyişmişdir. xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək İİ qrup əlil olduğu müəyyən edilmişdir. Daha sonra isə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək orqanizmin funksiyalarının 40%-dək itirilməsi səbəbi ilə, İİİ dərəcəli diaqnozu qoyulmuşdur. xx.xx.2022ci il tarixdən xx.xx.2023-cü il tarixədək 6 ay müddətində həm əlilliklə bağlı pensiyadan məhrum olmuşdur, həm də İİ dərəcəli əlillik əvəzinə İİİ dərəcəli əlillik təyin edilmişdir. Xəstəlik getdikcə ağırlaşmaq əvəzinə daha da yüngülləşib ki, anasına İİ dərəcəli diaqnozdan İİİ dərəcəli daha yüngül diaqnoz qoyulmuşdur. Bu səbəblə də, bir neçə ay əlilliklə bağlı alacağı pensiya məbləğindən də məhrum olmuşdur. Bundan başqa əmək kitabçasında da qeyd edildiyi kimi, anası 31 il orta məktəbdə müəllimə işləmiş və onun hesabına xeyli miqdarda pensiya kapitalı yığılmışdır. Lakin əmək pensiyası təyin edilməsinə baxmayaraq, anasına xx.xx.2022-ci il tarixədək heç bir pensiya ödənişi edilməmişdir. Daha sonra anası xx.xx.2022-ci il tarixidən xx.xx.2023-cü il tarixədək 377 manat məbləğində pensiya almışdır. Ondan əvvəlki 17 ay müddətində isə, heç bir məvacib almamışdır. Belə ki, 17 ay ərzində aylıq 377 manat pensiya məbləğinin hesablanaraq anasının vərəsələrinə verilməsini tələb edir. Digər təfədən isə, yığılmış pensiya kapitalının da hesablanıb onun vərəsələrinə keçməsini AR-nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı məktubda bildiriblər. Cavabdeh 18 avqust 2023-cü il tarixli məktubla imtina vermişdir. 17 ay gecikdirilmiş DSMFnin 377,00 manat təyin etdiyi yekun pensiya məbləği və digər tərəfdən də, anasının balansında yığılmış müvafiq pensiya kapitalı onun mülkiyyəti sayılmalıdır. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz göndərərək iddianın mümkünsüz sayılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü tarixli ərizə ilə Filiala müraciət edərək mərhum anası X1 pensiyasının dayandırıldığı tarixdən ala bilmədiyi aylıq pensiya məbləğinin cəminin 100 mislinin ödənilməsini xahiş etmişdir. Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli 3-17- 1/2-Ş-188951/2023 nömrəli məktubda qeyd olunmuşdur ki, vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim edildikdən sonra mərhum X1 əmək pensiyası haqqında məlumat verilməsi məsələsinə baxılacaqdır. Göründüyü kimi iddiaçı inzibati orqana müraciət edərkən “mərhum anası X1 pensiyasının dayandırıldığı tarixdən ala bilmədiyi aylıq pensiya məbləğinin cəminin 100 mislinin ödənilməsini” xahiş etmişdir. Lakin iddiaçı “ödənilməli olan əmək pensiyasının ödənilməmiş 6409 manat məbləğin və onun balansında yığılıb istifadə olunmamış yığım kapitalının yenidən hesablanması və bu hesablamaya görə ödəniş edilməsi” iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi iddiaçının "ödənilməli olan əmək pensiyasının ödənilməmiş 6409 manat məbləğin və onun balansında yığılıb istifadə olunmamış yığım kapitalının yenidən hesablamaq və bu hesablamaya görə ödəniş edilməsi” iddia tələbi onun cavabdeh inzibati orqana “mərhum anası X1 pensiyasının dayandırıldığı tarixdən ala bilmədiyi aylıq pensiya məbləğinin cəminin 100 mislinin ödənilməsi” ilə bağlı müraciət ərizəsi ilə eynilik təşkil etmir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən fərdi şəxsi hesabın yığım hissəsi - sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır. Mərkəzi Filial tərəfindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-17-1/3-1-11888/2024 nömrəli məktubda qeyd olunmuşdur ki, mərhum X2 əlillik müddətinə - xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə əsasən ona xx.xx.2021-ci il tarixdə əlillik müddəti bitdikdən sonra növbəti əlillik xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 1 il müddətinə təyin edilmişdir. K.Şəmiyevaya xx.xx.2022-ci il tarixdən İİİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş və keçmiş dövr üzrə ödənilməmiş məbləğ onun cari əmək pensiyasının üzərinə əlavə edilməklə ödənilmişdir. Eyni zamanda onun əlilliyə görə əmək pensiyası xx.xx.2023-cü il tarixdə vəfat etməsi səbəbilə dayandırılmışdır. Mərhum K.Şəmiyevaya keçmiş dövr üzrə ödənilməmiş əskik məbləğ tam şəkildə ödənildiyindən İddiaçı müraciətinin təmin edilməsi mümkün hesab olunmamışdır. Göründüyü kimi iddiaçı cavabdeh inzibati orqana və məhkəməyə fərqli tələblər ilə müraciət etməsi ilə, eyni zamanda onun iddia tələbi üzrə subyektiv hüququnun olmadığı müəyyən edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd) Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. İddia tələbindən göründüyü kimi, iddiaçı hazırkı tələbində anasına ödənilməli olan əmək pensiyasının ödənilməmiş 6409,00 manat məbləğin və onun balansında yığılmış və anası tərəfindən istifadə edilməmiş yığım kapitalının anasının vərəsəsi kimi ona verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, məhkəməyə təqdim edilmiş inzibati icraat materiallarında müəyyən edilir ki, iddiaçının hazırkı tələblərlə bağlı cavabdehə müraciəti və həmin müraciət əsasında cavabdeh tərəfindən aparılmış inzibati icraat və imtinası yoxdur. İddiaçının müraciəti mərhum anasına pensiyanın dayandırıldığı müddətdə ala bilmədiyi pensiyanın cəminin 100 mislinin ödənilməsi ilə bağlı olmuşdur. Digər tərəfdən iş materiallarından müəyyən edilir ki, iddiaçının anasına əlilliyə görə pensiya təyin edilmişdir. Təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçının anasına xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə əsasən xx.xx.2021-ci il tarixdə əlillik müddəti bitdikdən sonra növbəti əlillik xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 1 il müddətinə təyin edilmişdir. K.Şəmiyevaya xx.xx.2022-ci il tarixdən İİİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş və keçmiş dövr üzrə ödənilməmiş məbləğ onun cari əmək pensiyasının üzərinə əlavə edilməklə ödənilmişdir. Hazırda iddiaçı anasının əlilliyinin müddətinin bitdiyi tarixdən, yəni xx.xx.2021-ci il tarixdən, əlilliyin yenidən təyin olunduğu xx.xx.2022-ci il tarixədək ödənilməyən dövrlər üçün anasına ödənilməli olan məbləğlərin ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Cavabdeh Fililal iddiaçının anasına əlilliyə görə pensiya ödənişləri etmişdir. Hazırda iddiaçı anasının əlilliyinin olmadığı dövrlər üzrə pensiya ödənişinin ödənilməsi tələbini irəli sürüb ki, bu tələblə bağlı həm iddiaçının subyektiv hüququ müəyyən edilmir, həmçinin iddiaçı hüquqi marağına çatmaq üçün düzgün iddia növündən iddia etməmişdir. Belə ki, iddiaçının anası sağlığında əlilliyin təyin edilməsi tarixini mübahisələndirməmişdir. Yuxarıda istinad olunan normaya görə isə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Tələbin digər hissəsi, yəni yığım kapitalının qaytarılması ilə bağlı hissədə məhkəmə qeyd edir ki, qeyd edildiyi kimi iddiaçının bu tələblə bağlı cavabdehə müraciəti müəyyən edilməməklə, həmçinin bu hissədə də iddiaçının subyektiv hüququ da müəyyən edilmir. Belə ki, qanunvericilikdə məcburi sığorta üzrə yığım kapitalının pensiyaçının vərəsəsinə ödənilməsi ilə bağlı hər hansı bir norma müəyyən edilməmişdir. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar