Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5559/2021 05.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinətin əvvəlki dövrlər üzrə ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı kimi nəzərdə tutulmuş sosial müavinətin təyin edildiyi gündən əvvəlki 3 il üçün hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 22 iyun 2001-ci il tarixdə müharibə veteranı statusu və vəsiqəsi verilmişdir. Lakin ona müharibə veteranı kimi təyin olunmuş müavinət ödənilsə də, qanunvericiliklə müəyyən edilmiş qaydada həmin tarixdən geriyə üç il üçün ödənilməli olan məbləğ ödənilməmişdir. Halbuki qanunvericiliyə müvafiq qaydada müharibədə iştirak etməsi nəzərə alınaraq ona veteranlıq təyin edildiyi vaxtdan öncəki sosial müavinət də ödənilməlidir. Bu barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina olunmuşdur. İmtina qanunsuzdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçının istinad etdiyi “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu 01 yanvar 2006-cı ildə qüvvəyə minmişdir. İddiaçıya isə müharibə veteranı statusu 22.06.2001-ci il tarixdə verilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun müddəaları bun Qanun qüvvəyə mindikdən sonra “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15.04.2019cu il tarixli Fərmanı qüvvəyə minənədək “müharibə veteranı” adı və vəsiqəsi almış şəxslərə şamil oluna bilər. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Əzizbəyov rayon şöbəsinin müavinət təyin edən komissiyasının 22 noyabr 2005-ci il qərarı ilə İddiaçı müraciət etdiyi tarixdən (22.11.2005-ci il) müharibə veteranları üçün nəzərdə tutulmuş müavinət təyin edilmişdir. Belə ki, 22 noyabr 2005-ci il tarixdən 01 aprel 2019-cu il tarixədək ona qanunvericiliyin tələblərinə uyğun olaraq müavinət ödənilmiş, 01 aprel 2019-cu il tarixdən etibarən hazırkı günə qədər isə Prezident təqaüdü ilə əvəz edilərək ödənişi davam etdirilmişdir. İddiaçının tələbi 2 səbəbə görə təmin olunmamalıdır: 1) “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları (əvvəlki üç il üçün ödənilmə) 01.01.2006-01.04.2019-cu il tarixədək “müharibə veteranı” adı və vəsiqəsi almış şəxslərə şamil oluna bilər; 2) Prezident fərmanının tətbiq edildiyi 01.04.2019-cu il tarixdən iddiaçının müraciət etdiyi 11.02.2021-ci il tarixədək ona müavinət ödənilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək, iddia təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 19 fevral 2021-ci il tarixli imtina məktubunda göstərilmişdir, müharibə veteranları üçün nəzərdə tutulan təqaüd qanunauyğun olaraq təyin edilmişdir. İşin hallarından və məhkəmə araşdırması zamanı təqdim edilmiş müavinət işinin təsdiq edilmiş surətindən müəyyən olunur ki, iddiaçıya müharibə veteranı vəsiqəsi 22 iyun 2001-ci il tarixdə verilmişdir. 22 noyabr 2005-ci il tarixdə müavinətin təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş və həmin tarixdən etibarən müavinət təyin olunmuş, ödənişlər həyata keçirilməyə başlanılmışdır. Hazırda iddiaçının tələbi müraciət etdiyi 22 noyabr 2005-ci il tarixdən əvvəlki dövrlər üzrə müavinətin ödənilməsi ilə bağlıdır. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1-ci maddəsinə əsasən, sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir; 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər; 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar; 7-ci maddəsinə əsasən, müharibə veteranı adı verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq olunmuş “müharibə veteranları, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 4-cü bəndinə əsasən, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Qanunvericiliyin istinad olunan müddəalarını nəzərə almaqla, məhkəmə qeyd edir ki, sosial müavinətin müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən təyin edilməli olmasına dair qanunda imperativ göstəriş nəzərdə tutulmamışdır. İstinad olunan maddi hüquq normalarında müavinət almaq hüququ iki müddətlə, Qanunun qüvvəyə mindiyi günlə (01 yanvar 2006-cı il) və hüququn yarandığı günlə məhdudlaşdırılmışdır. Birinci halda hüququn yarandığı gün bu Qanunun qüvvəyə mindiyi gündən əvvələ təsadüf etdikdə (hazırkı işdə olduğu kimi), sözügedən sosial müavinət Qanunun qüvvəyə mindiyi gündən təyin edilir. Bununla belə, hazırkı işdə daha da əvvəlki tarixdən (22 noyabr 2005-ci il) təyin edilmişdir. İkinci halda, yəni bu Qanunun qüvvəyə mindiyi gündən sonra hüququ yaranmış şəxslərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququ müəyyən edilmişdir. Həmçinin əvvəlki üç illik dövr də, bu Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixlə məhdudlaşır. Beləliklə, müharibə veteranı olmuş şəxsin müharibə veteranı olması faktını təsdiq edən sənədi nə zaman almasından asılı olmayaraq ona ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq “Sosial müavinət haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. İddiaçıya müharibə veteranı vəsiqəsi 22 iyun 2001-ci il tarixdə təqdim edilmiş və müraciət etdiyi 22 noyabr 2005-ci ildən etibarən müavinət təyin olunmuş, ödənişlər həyata keçirilməyə başlanılmışdır. İddiaçı isə hazırkı tələbində müavinətin müraciət etdiyi 22 noyabr 2005-ci il tarixdən əvvəlki dövrlər üzrə ödənilməsini xahiş edir ki, bununla bağlı qeyd edilməlidir ki, iddiaçının tələbinin hüquqi əsası olan, müavinətin əvvəlki dövrlər üzrə ödənilməsi barədə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinin özündə, həmin maddənin sözügedən Qanunun qüvvəyə mindiyi tarixdən əvvəlki dövrə tətbiq edilməsi istisna edilmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “müavinətin əvvəlki dövrlər üzrə ödənilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinətin əvvəlki dövrlər üzrə ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-5559/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5559/2021
05.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver