Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-556/2020 04.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, ailəli və himayəsində bir uşağı vardır. 1991-ci ildə Avtomobil Təmir Liseyinin 14 nömrəli məktəbinin avtomobil təmiri çilingəri fakultəsini bitirmişdir. Kolleci qurtardıqdan sonra Səbail rayon Hərbi Komissarlığının N noyabr 1992-ci il, noyabr tarixli çağırışı üzrə Erməni işğalçılarına qarşı Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, lakin hazırki vaxta qədər Qarabağ müharibəsinin veteranı kimi tanınmamışdır. Döyüşlərdə iştirak etməyi ilə əlaqədar iddiaçı Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxiv İdarəsinə müraciət edərək nizami hissə üzrə əmrlərdən çıxarışın verilməsini xahiş etmiş, lakin İşlər İdarəsinin Mərkəzi Arxiv İdarəsinin 13 sentyabr 2019-cu il tarixli 9/2- 13128 saylı məktubu ilə müraciətindən imtina edilərək göstərilmişdir ki, N nömrəli hərbi hissə komandirinin 1992-1995-ci il tarixli nizami hissə üzrə əmrlər Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığına görə xidməti barədə araşdırma aparıla bilməməsi göstərilməmişdir. Halbuki iş materiallarına əlavə edilmiş hərbi biletdən də göründüyü kimi hərbi xidmətini N saylı hissədə başlamış, 3 ay hərbi düşərgədə olmuş, sonra təxminən aprel ayının ortaralarında Ağdərə rayonunun, Aterk, Qazlu, Talış və digər kəndlərində döyüş əməliyyatlarında iştirak etmişdir. Sonra 1993-cü ilin yay aylarında TərTər rayonunun, Qırmızıkənd, Paprəvənd-1, Qlobuş, Tonaşın-1, Çaylı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İddiaçı Qarabağ uğrunda gedən döyüşlərdə yaxından və fəal iştirak etməyinə baxmayaraq, müharibə veteranı vəsiqəsi ilə təmin olunmamışdır. Müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi ilə bağlı Müdafiə Nazirliyi yanında fəaliyyət göstərən komissiyaya müraciət etmiş, lakin müraciətinə 12 oktyabr 2019-cu il tarixli, 1/X-14275 saylı məktubla imtina olunaraq göstərilmişdir ki, “təqdim olunmuş sənədlərə əsasən 28.03.1994-cü il tarixdən oktyabr 1995-ci il tarixədək xidməti barədə məlumat olmadığına görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmiş və məhkəməyə müraciət olunması göstərilmişdir. İddiaçı qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə dair yazılı münasibətini məhkəməyə təqdim edərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, İddiaçı barəsində təqdim edilmiş sənədlərdə hərbi xidməti barədə məlumat olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bu səbəbdən ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən veteran adının və vəsiqəsinin verilməsi qanuna ziddir. Bundan başqa, tələbin faktiki əsasına gəldikdə isə ilk öncə qeyd etmək zəruridir ki, şəxsin hərbi xidmət keçməsi hərbi bilet, nizami hissə üzrə əmrlər, arxiv arayışı və s. Xidmətini bilavasitə əks edən sənədlərdə öz təsdiqini tapmalıdır. Qeyd edilənlərə əsasən, cavabdeh iddia tələbinin təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili A.Bağırov iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən ona «müharibə veteranı» adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Şərifov iddia tələbinə verilmiş yazılı etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş 13.09.2019-cu il tarixli, 912-13128 saylı arxiv arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin 1992-1995-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığına görə İddiaçı xidməti barədə araşdırmanın aparılması mümkün deyildir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 12.10.2019-cu il tarixli, 1/X-14275 saylı və 30.01.2020-ci il tarixli, 1/X-1372 saylı məktublardan görünür ki, iddiaçının ərizəsinə baxılmış və iddiaçı barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Bildirmişdir ki, 28.03.1994-cü il tarixdən oktyabr 1995-ci il tarixədək hərbi xidməti barədə məlumat olmadığına görə vətəndaş İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İşdə olan N nömrəli hərbi hissənin arayışının məzmunundan görünür ki, həmin arayış İddiaçı ondan ötrü verilmişdir ki, o, həqiqətən N saylı hərbi hissənin əsgəri olmuş, hərbi hissənin tərkibində Dağlıq Qarabağda gedən döyüşlərdə 03.04.1993-cü ildən 31.01.1994cü ilədək iştirak etmişdir. İşdə olan iddiaçıya məxsus hərbi biletin dublikatının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı Səbail rayonu hərbi komissarlığı nəzdindəki çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq sıravi qismində həqiqi hərbi xidmətə çağırılmış, N noyabr 1992-ci ildə hərbi hissəyə göndərilmiş və həqiqi hərbi xidmətini 05 dekabr 1995-ci ildə başa vuraraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Hərbi biletin 5-ci səhifəsinin 12-ci qrafasında qeyd olunmuşdur ki, o, 03.04.1993-cü ildən 31.01.1994-cü ilədək Qarabağda gedən döyüşlərdə iştirak etmişdir. Məhkəmə araşdırması dövründə Müdafiə Nazirliyinə göndərilmiş sorğuya cavab məktubundan görünür ki, N №-li hərbi hissə komandirinin 1992-1995-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün, İddiaçı xidməti barədə məlumatın araşdırılması mümkün olmamışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Hərbi Prokurorluğu sorğu göndərilmiş və sorğuya cavab məktubundan məlum olmuşdur ki, N nömrəli hərbi hissənin 1-ci motoatıcı taborunun hərbi qulluqçusu İddiaçı hərbi hissəni özbaşına tərk etməsi faktı üzrə 02 aprel 1995-ci il tarixdə hərbi hissə komandiri tərəfindən 01.09.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 242-ci maddəsi ilə cinayət işi başlanmış və həmin tarixdə Tərtər qarnizonu hərbi prokurorluğuna göndərilmişdir. Tərtər qarnizonu hərbi prokurorluğunun müvafiq qeydiyyat kitablarında olan qeydlərə əsasən İddiaçı 01.09.2000ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 242-ci maddəsi ilə təqsirləndirilməsinə dair həmin cinayət işinin istintaqı 05 avqust 1995-ci ildə tamamlanaraq, baxılması üçün aidiyyəti üzrə Tərtər hərbi məhkəməsinə göndərilmişdir. Məhkəmə araşdırması dövründə Səbail rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə göndərilmiş sorğulara cavab məktublarından görünür ki, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı Səbail rayonu Xalq Məhkəməsinin 22.03.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-3-cü maddəsinin 3-cü hissəsinə əsasən 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. R.Ə.X5 Hərbi Məhkəməsinin 16.05.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsinin “V” bəndi və 38-ci maddələrinə əsasən 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bundan başqa İddiaçı Yasamal rayon Məhkəməsinin 26.07.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 67-ci maddələrinə əsasən, 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 13.07.2005-ci il tarixdə Dəvəçi rayon Məhkəməsinin qərarına əsasən 3 ay 17 gün müddətinə vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. Bundan başqa, Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon İdarəsi tərəfindən təqdim olunmuş İddiaçı hərbi qeydiyyat kartasının kserosurətindən görünür ki, İddiaçı N noyabr 1992-ci ildə N №-li hərbi hissəyə göndərilmiş və həqiqi hərbi xidmətindən 05 dekabr 1995-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Həmçinin, hərbi qeydiyyat karotekasında, iddiaçı barəsində 17 oktyabr 1997-ci il tarixdə amnistiya ilə bağlı qərar qəbul olunduğu göstərilmişdir. Son məhkəmə iclasında iddiaçının vəkili tərəfindən təqdim olunmuş Azərbaycan Respublikası Tərtər Hərbi Məhkəməsinin 13 oktyabr 1995-ci il tarixli hökmünün təsdiq olunmuş surətindən görünür ki, İddiaçı N №-li hərbi hissədən gəlmiş hesab edilmiş və qazan təminatına qoşulmuş, 03 sentyabr 1994-cü il tarixdə 11 sentyabr 1994-cü il tarixədək qanareya uretriti diaqnozu ilə stasionar müalicə almış, lakin sonradan hərbi hissəsini özbaşına tərk etdiyi üçün N saylı hərbi hissə komandirinin 07.02.1995-ci il tarixli 33 №-li əmri ilə bütün növ təminatlardan çıxarılmışdır. Sonradan İddiaçı könüllü olaraq qulluq yerinə qayıtmışdır. Sözügedən hökm ilə İddiaçı Əşraf oğlunun Azərbaycan Respublikası CM-nin 241-ci maddəsinin “v” bəndi ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-nin 42-ci maddəsinə əsasən müttəhim İddiaçı döyüş yerinə göndərilməklə hərbi əməliyyatlar qurtaranadək hökmün icrası təxirə salınmışdır. Beləliklə, iddiaçının qənaətinə görə onun 17.11.1992-ci il tarixdən oktyabr 1995-ci il tarixədək hərbi xidmətdə olması və hərbi biletində olan qeydə əsasən döyüş əməliyyatlarında iştirak etməsi ona «Müharibə Veteranı» adının və vəsiqəsinin verilməsinə əsasdır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ordunu öz başına tərk etməsi əsası ilə barəsində cinayət işi açılmış, 2000-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 241-ci maddəsinin v bəndi ilə təqsirli bilinərək barəsində ittihamedici hökm elan edilmiş, 17.10.1997-ci il tarixli amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmişdir. Həmçinin, iddiaçının hərbi xidməti barədə hərbi hissənin əmri və ya arxiv arayışı aşkar edilməmişdir. Məhkəmə işin hallarının məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən olunmuş faktları əsas götürərək bildirir ki, hazırki iddia tələbinin əsasını «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunu təşkil edir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasında göstərilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteran adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»yə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında «Müharibə veteranı» adı verilir. Həmin Əsasnamənin birinci hissəsinin on birinci abzasdan sonra əlavə edilmiş «Qeyd»ə əsasən, bu qayda Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olunmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci ilin sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur». Göstərilənlərlə əlaqədar Məhkəmə hesab edir ki, qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir və hərbi xidmət keçmə dedikdə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılmasdır. Göründüyü kimi, şəxsə «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: 1) şəxsin hərbi xidmət keçməsi və 2) bunun müvafiq sənədlərdə əks edilməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. Hərbi xidmət keçmənin müvafiq sənədlərdə əks edilməsi dedikdə isə bu zaman zəruri sənədlər məfumuna Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən Məhkəmə hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməli olduğundan, lakin iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən, nizami hissə üzrə əmrlərdə onun xidməti barədə tam məlumat olmadığından, iddiaçının belə bir mötəbər sübut kimi istinad etdiyi hərbi biletdə əks olunan məlumatlar AR Müdafiə Nazirliyinin Mərkəzi arxivinin və xidmət etdiyini irəli sürdüyü hərbi hissənin sair rəsmi aktları ilə dəstəklənmədiyindən, iddia sübüta yetirilmiş sayıla bilməz İş materiallarında olan sənədlərə və tərəflərin izahatlarına məcmu halda qiymət verərək, Məhkəmə, belə qənaətinə gəlir ki, iddiaçının hərbi uçot kartı hərbi bilet əsasında tərtib edilmiş, hərbi biletdə iddiaçının N №-li və N №-li hərbi hissələrdə olması və həmin hissədən ehtiyata buraxılması nizami hissə üzrə əmrlərlə və ya Mərkəzi Arxiv arayışı ilə təsdiq olunmamışdır. Beləliklə, Məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının ona müharibə veteranı statusunun verilməsi barədə arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3), bununla bağlı cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1). Əsasnaməyə görə müharibə veteranı adının verilməsi döyüş əməliyyatları aparan hərbi hissədə hərbi xidmət keçməsi, hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması aidiyyəti dövlət orqanının arayışı (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) əsasında verildiyindən və belə arayış və əmrlər olmadığından iddiaçının iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27.09.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 09.07.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-556/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-556/2020
04.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver