Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-556/2024 19.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan şossesi yaxınlığında AR DNŞ “Azneft” İB Qum adası Neft və Qazçıxarma idarəsinin bağçılıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsindən XİX küçə 11-də ayrılmış 600 kv.m bağ sahəsinə dair onun adına mülkiyyət hüququ üzrə dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 126 nömrəli sərəncamı ilə kollektiv bağçılıq təsərrüfatı yaradılaraq Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 251 saylı razılıq məktubunu nəzərə alaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft" İstehsalat Birliyi ‘'Qum adası” Neft və Qazçıxarma idarəsinə Suraxanı rayonu, Zığ-Hövsan şossesinin cənub-şərqində yerləşən sahədə bağ təsərrüfatı yaratmaq üçün 7,0 ha torpaq sahəsi icarə əsasında istifadəyə verilmişdir. “Qum adası“ NQÇİ-nin “Qum adası“ bağçılıq-yoldaşlıq cəmiyyətinin İdarə Heyyətinin iclasının 03 iyun 2005-ci il tarixli, 02 saylı Protokoluna əsasən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2005-ci il tarixli 126 saylı Sərəncamla Suraxanı rayonu, Zığ-Hövsan şossesi yaxınlığında bağçılıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsindən 600,0 kv.metr sahəsi olan XİX küçəsində 11 saylı bağ sahəsi Cəmiyyətə üzv qəbul edilməklə iddiaçıya ayrılmış, bağ sahəsinin harada yerləşməsinə dair torpaq sahəsinin eskizi verilmişdir. İddiaçı qeyd etmişdir ki, o, xx.xx.2005-ci il tarixdə Qum adası NQÇİ-nin bağçılıq-yoldaşlıq cəmiyyətinə üzv qəbul olunmuş və ona bağçının üzvlük kitabçası verilmişdir. Göstərilən sənədləri cavabdehə təqdim edib torpaq sahəsinə çıxarışın verilməsini xahiş etmiş, lakin cavabdeh imtina etmişdir. Halbuki o, həmin torpaq sahəsini daş hasara almış, orada ev tikərək ailəsi ilə birlikdə yaşayır, evə dair kommunal xidmətləri ödəyir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar olaraq bildiririk ki, “Qum Adası” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı idarənin arxiv qovluğunda aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi “Qum Adası” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Əlavə olaraq bildiririk ki, iddiaçı tərəfindən ərizəyə əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 126 saylı sərəncamı və bağçılıq-yoldaşlıq cəmiyyətinin bağlar sahəsinin eksizindən çıxarış barədə İdarənin arxivində məlumat aşkar edilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) üçüncü şəxs qismində hazırkı iş üzrə icraata cəlb edilmişdir. Üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) iddiaya yazılı münasibət təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, həmin koordinatlarda olan torpaq sahəsi Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X3 Limited” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Bu səbəbdən, həmçinin qanuvericiliyin tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı nın nümayəndəsi verdiyi izahatında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya verilmiş imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun məzmunda cavab verilmişdir. -“Qum adası“ NQÇİ-nin “Qum adası“ bağçılıq-yoldaşlıq cəmiyyətinin İdarə Heyətinin iclasının 03 iyun 2005-ci il tarixli, 02 saylı Protokoldan Çıxarışdan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2005-ci il tarixli 126 saylı Sərəncamla Suraxanı rayonu, Zığ-Hövsan şossesi yaxınlığında bağçılıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsindən 600 (altı yüz) kv.metr sahəsi olan XİX küçə, 11 saylı bağ sahəsi cəmiyyətə üzv qəbul edilməklə iddiaçıya ayrılmışdır. -Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft" İstehsalat birliyi “Qum adası“ neft və qazçıxarma İdarəsi tərəfindən verilmiş “bağçının üzvlük kitabçası”ndan görünür ki, iddiaçı xx.xx.2005-ci il tarixdə bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, bağçılıq cəmiyyəti bağından sahəsi 600 (altı yüz) kv.m. olan 11 saylı bağ sahəsi xx.xx.2005-ci il tarixdə qeydə alınmış qərarına əsasən daimi istifadə üçün verilmişdir. -Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 156 saylı Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qum Adası” adına Neft və Qazçıxarma İdarəsinin xx.xx.2000-ci il tarixli, 01-7/513 № li məktubunu nəzərə alaraq “Qum Adası” adına Neft və Qazçıxarma İdarəsinin kollektiv bağçılıq təsərrüfatının yaradılması üçün 10 ha torpaq sahəsi ayrılmışdır. Ayrılmış həmin torpaq sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi şəhər ərazisinin tikinti planlaşdırma İdarəsi tərəfindən xx.xx.2001-ci il tarixli, 11406 №li “İnşaat Pasportu” hazırlanmış və torpaq sahəsinin hüdudlarını müəyyən edən 01/94 nömrəli ayrıc aktı tərtib edilmişdir; -Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 126 №-li Sərəncamına əsasən Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 251 saylı razılıq məktubu nəzərə alınaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “Qum adası” Neft və Qazçıxarma idarəsinə, Suraxanı rayonu, Zığ-Hövsan şossesinin cənub-şərqində yerləşən sahədə bağ təsərrüfatı yaratmaq üçün 7,0 ha torpaq sahəsi verilmişdir; -Cavabdeh tərəfindən təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, İddiaçı istifadəsində olan Zığ-Hövsan şossesi, XİX küçəsi, 11 nömrəli bağ sahəsinin sərhədləri hər tərəfdən mişar daşı ilə hasarlanmış və hasarla iki hissəyə ayrılmışdır. Bağ sahəsində 2 ədəd iki mərtəbəli yaşayış evi və iki ədəd yarımçıq köməkçi tikililər var. -Cavabdeh tərəfinddən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, “Qum adası” bağçılıq yoldaşlığına aid arxiv qovluğunda üzvlərin siyahısı və bağ sahələrinin yerləşmə sxemi aşkar olunmamışdır. -Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən BŞİH başçısının xx.xx.2005-ci il tarixli, 126 №-li Sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “Qum adası” Neft və Qazçıxarma idarəsinə, Suraxanı rayonu, Zığ-Hövsan şossesinin cənub-şərqində yerləşən sahədə bağ təsərrüfatı yaratmaq üçün 7,0 ha torpaq sahəsinin ayrıc aktının, plan sxeminin və digər əlaqəli sənədlərin məhkəməyə təqdim edilməsi məzmunlu sorğuya verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış torpaq sahələrinə verilən ayrıc aktları, plan, sxemlər Bakı Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/5006 saylı rəyindən görünür ki, işin mübahisəli halları ilə bağlı ekspertiza qarşısında qoyulmuş suallara aşağıdakı məzmunda cavab verilmişdir: İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-14772/2024 saylı mütəxəssis rəyinə əsasən, torpaq sahəsi faktiki olaraq hasardaxili 609,0 kv.m təşkil edir (sahə iki hissəyə ayrılıb). Torpaq sahəsinin üzərində iki ədəd yaşayış evi və iki ədəd köməkçi (yarımçıq) tikili mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə heç bir ayrıc aktı daxilində yerləşməməklə ARDNŞ-nin istifadəsinə verilmiş ərazisidir. Torpaq sahəsi üzərində yerləşən tikilinin qeydiyyatı barədə məlumat ytoxdur. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra- hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.1.7-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Həmin Qanunun 25-ci maddəsinin 4-cü bəndində göstərilir ki, bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qəbul edilmiş “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış bu əsaslar sırasında nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia olunan bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər adıçəkilən Qanunun 8.0.7-ci maddəsində göstərilən aktlara uyğun gəlir. Belə ki, iddiaçı qeyd edilən sənədlərdən kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışı cavabdehə təqdim etmişdir. Bağ sahəsi iddiaçının mübahisəsiz istifadəsindədir, həmin sahəyə digər şəxslərin müraciətinin qeydə alınması, yaxud üst-üstə düşməsi barədə hər hansı dəlil məhkəməyə təqdim edilməmiş, iddiaçının təqdim etdiyi sənədlərin mötəbərliyini şübhə altına alan hər hansı dəlil təqdim edilməmişdir. Həmin sənədlər ləğv edilməmiş və ya etibarsız hesab edilməmiş, hazırda qüvvədədir. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddia tələbinin rədd olunmasının xahiş edir: 1) Elektron kadastr məlumatlarına əsasən, göstərilən torpaq sahəsi “Qum Adası” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir; 2) İdarənin arxivində “Qum adası” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı və bölgü sxemi aşkar olunmamışdır; 3) Bakı Şəhər İcra Hakimiyyəti başçısının 126 nömrəli Sərəncamı və bağçılıqyoldaşlıq cəmiyyətinin bağlar sahəsinin eskizindən çıxarış barədə İdarənin arxivində məlumat aşkar edilməmişdir. Məhkəmə cavabdehin torpaq sahəsinin bağçılıq-yoldaşlıq təsərrüfatına ayrılmış ərazilərin hüdudlarından kənarda olması dəlili ilə bağlı qeyd edir ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)-2201/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli qərarında (üç ulduzla işarələnmiş qərar) ifadə edilmiş hüquqi mövqe ondan ibarət olmuşdur ki, “...Bağ-torpaq sahəsinə dair hüquqların qeydiyyata alınması ilə bağlı işlərə baxılarkən, cavabdeh mübahisələndirilən torpaq sahəsinin bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktına və bölgü sxeminə əsasən ayrılan ərazidən kənarda yerləşməsi barədə dəlilə istinad edirsə, sözügedən ayrıc aktını və bölgü sxemini, eləcə də onlara əsaslanan kənarda yerləşməyə dair müvafiq sübutları təqdim etmək öhdəliyi daşıyır. Öz növbəsində, məhkəmələr həmin mübahisəli hal üzrə nəticəyə, qeyd edilən sənədlər və sübutları işdəki digər sübutlarla əlaqəli, birgə və məcmu halda tədqiq etməklə gəlməlidirlər. Bağ-torpaq sahəsinə dair hüquqların qeydiyyata alınması ilə bağlı mübahisələrə baxılarkən cavabdeh məhz ayrıc aktı və bölgü sxeminə istinadla mübahisəli torpaq sahəsinin bağçılığa ayrılan ərazinin hüdudlarından kənarda yerləşdiyini bildirdikdə və həmin sənədləri təqdim etdikdə, ayrıc aktı və bölgü sxeminin məlumatlarının nəzərə alınmadığı tədqiqat nəticəsi iş üzrə mübahisələndirilən halların mötəbər qaydada müəyyənləşdirilməsi kimi qəbul edilə bilməz. Bağ-torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasına dair tələbin təmin edilməsi mübahisəli sahəsinin bağçılığa ayrılmış ərazinin daxilində yerləşməsinə dair faktiki halın müəyyən olunmasından asılıdır”. Baxılan işdən müəyyən edilir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Qum Adası” bağçılıq yoldaşlığa torpaq sahəsinin ayrılması dair iki sərəncamı mövcuddur; 1) xx.xx.2001-ci il tarixli, 156 saylı Sərəncamı ilə 10 ha torpaq sahəsi; 2) xx.xx.2005-ci il tarixli, 126 №-li Sərəncamı ilə 7.0 ha torpaq sahəsi. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş arxiv qovluğundan müəyyən edilir ki, xx.xx.2001-ci il tarixli, 156 saylı Sərəncamı ilə bağçılığa ayrılmış 10 ha torpaq sahəsinin ayrıc aktı mövcud olduğu halda, xx.xx.2005-ci il tarixli, 126 №-li Sərəncam ilə ayrılmış 7.0 ha torpaq sahəsinin ayrıc aktı yoxdur. İddiaçının hüquqmüəyyənedici sənəd kimi təqdim etdiyi sənədlərdən müəyyən edilir ki, iddiaçıya torpaq sahəsi, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 126 №-li Sərəncamı ilə “Qum Adası” bağçılıq yoldaşlığa ayrılmış 7.0 ha torpaq sahəsindən verilmişdir. Qeyd edilən torpaq sahəsinin ayrıc aktı isə arxiv qovluğunda yoxdur. Belə olan halda, ayrıc aktı olmadığı təqdirdə, iddiaçıya ayrılmış torpaq sahəsinin bağçılığın ayrıc aktından kənarda yerləşməsinə dair imtinası da əsassızdır. Torpaq sahəsinin ayrıc aktında kənarda olmasını müəyyən edilməsi üçün ilk növbədə ayrıc aktı olmalıdır ki, həmin torpaq sahəsinin ayrıc aktının daxilində, yaxud kənarda olub-olmaması müəyyən edilsin. Torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd eedilməsini zəruri hesab edir. Torpaq sahələri Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “Qum adası” Neft və Qazçıxarma idarəsinin əməkdaşlarına ayrılmışdır. İddiaçıya ayrılmış torpaq (bağ) sahəsi məhz Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olmuş “Azneft” İstehsalat Birliyi “Qum adası” Neft və Qazçıxarma İdarəsi tərəfindən ayrılmışdır. Yəni, iddiaçının bağçılıq üzvlüyünə qəbul edilməsi, ona torpaq sahəsinin ayrılmasını həyata keçirən aidiyyəti İdarə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olan İdarə olmuşdur. Odur ki, torpaq sahəsinin ARDNŞ istifadəsinə verilmiş ərazilərdə yerləşməsi əsası ilə, tələbin təmin olunmasından imtina edilməsi əsassızdır. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)-1607/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...iş üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Dövlət Neft Şirkəti, Bakı şəhər İcra Hakimiyyəti əlavə bağ sahəsinin ayrılmasını təkzib etmir. Bununla belə, cavabdeh də daxil olmaqla adıçəkilən qurumlarda həmin bağçılığa aid sənədlər arxivdə aşkar olunmamışdır. Arxivdə aşkar olunan sənədlər isə natamamdır. Halbuki, sözügedən bağ sahələri məhz Dövlət Neft Şirkətinin balansında olan torpaq sahəsindən onun tabeliyində olan müəssisənin işçilərinə bağçılıq məqsədilə əlavə olaraq ayrılmışdır. İddiaçı da Dövlət Neft Şirkətinin tabeliyində olan müəssisənin işçisi olmuşdur və bağ sahəsi də məhz ona verilmişdir. Qeyd edilən hüquqi mövqe kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsinə uyğundur (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1416/2022 nömrəli, 2- 1(102)-2034/2022 nömrəli qərarları) 2007-ci il mayın 22-dək kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.Hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədin - iddiaçıya Buzovna qəsəbəsində bağ sahəsinin ayrılması barədə H.Z.Tağıyev adına NQÇİ-nin müdiriyyətinin və bağçılıq birliyi üzvlərinin iclas protokolundan çıxarışın mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Qeyd olunan hüquqmüəyyənedici sənəd geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır”. Məhkəmə qeyd edir ki, torpaq sahəsinə dair iddiaçının təqdim etdiyi sənədlər mülkiyyət hüququnun qeydə alınması üçün hüquqmüəyyəndici sənədlər hesab edilir və iddiaçı həmin torpaq sahəsinə müllkiyyət hüququnun dövlət reyestirinin qeydiyyatı üçün qanuni gözləntiyə sahibdir. Məhkəmə həmçinin qeyd edir ki, baxılan işdə iddiaçının gözlənilən mülkiyyət hüququ üçüncü şəxsin istifadə hüququndan üstündür. Əgər həqiqətən də iddiaçıya ayrılmış torpaq sahəsi Neft Şirkətinin istifadəsində olan torpaqların hüdudları daxilində və neft-qaz quyularının mühafizə zolağında yerləşirsə, bu torpaq sahəsi ayrılmış fiziki şəxsin mülkiyyət hüququnun realizəsinə mane ola bilməz. Əksinə fiziki şəxs ona ayrılmış torpaq sahəsindən istifadə edə bilməməsi səbəbindən pozulmuş hüquqlarının müdafiəsi baxımından (ədalətli kompensasiya tələb edə bilməsi və s.) üçün gözlənti mülkiyyət hüququnu reallaşdıra bilməlidir. Oxşar işlər üzrə (mülkiyyətə müdaxilə nəticəsində kompensasiya ödənilməsi) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında eyni hüquqi mövqe sərgilənmişdir. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, “... hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə suiistifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar”. Torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə olmasının mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas olmaması barədə hüquqi mövqe Azərbaycan Resubılikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(112)-1984/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli, 2-1(112)- 2364/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1416/2022 nömrəli iş üzrə, xx.xx.2022-ci il tarixli qərarlarında və 2-1(102)-1607/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında da ifadə edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə sorğusuna cavab olaraq ARDNŞ təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, torpaq sahəsi hər hansı bir neft-qaz boru kəmərinin, işlək və ya ləğv edilmiş neft-qaz quyusunun mühafizə zonası daxilində yerləşmir. Cavabdehin Bakı Şəhər İcra Hakimiyyəti başçısının 126 nömrəli Sərəncamının, bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısının və bağlar sahəsinin eskizindən çıxarışın İdarənin arxivində aşkar olunmamasına dair dəlili ilə bağlı məhkəmə qeyd edir ki, bu məsələ iddiaçının məsuliyyət sferasına aid edilə bilməz. İddiaçı üzvlük kitabçasının, protokoldan çıxarış və torpaq sahəsinin yerləşməsini müəyyən edən cizgini məhkəməyə təqdim etmişdir. Həmçinin iş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin arxivində sözügedən sərəncamın (BŞİHB-nin xx.xx.2005-ci il tarixli, 126 nömrəli) arxiv surəti mövcuddur. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Nəzərə alınmalıdır ki, bu prosesi tənzimləyən qanunvericiliyə görə əvvəllər vətəndaşların daimi istifadəsinə verilmiş torpaq sahələrinin onların xüsusi mülkiyyətinə verilməsi məhdudlaşdırılmamış, bir şərtlə ki, torpaq islahatı aparılan zaman həmin torpaq sahəsi onların qanuni istifadəsində olsun. Hazırkı iş üzrə müəyyən edilmiş hallar mübahisə predmetini təşkil edən bağ sahəsinin iddiaçının qanuni istifadəsində olmasını deməyə əsas verir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, cavabdehin dəlilləri qanunvericiliklə torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilməməlidir. Odur ki, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməli və İddiaçı Bakı şəhəri Suraxanı rayonu, Zığ-Hövsan şossesi ərazisində XİX küçədə yerləşən və sahəsi 600 kv.m olan, 11 saylı bağ sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/5006 saylı ekspert rəyinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İddia tələbi təmin edildiyindən qeyd olunan pul vəsaiti cavabdehə aid edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Mərkəzinin (X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE********************) xeyrinə tutulmalıdır. İPM-in 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasəm prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri Suraxanı rayonu, Zığ-Hövsan şossesi ərazisində XİX küçədə yerləşən və sahəsi 600 kv.m olan, 11 saylı bağ sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində prosessual xərcin X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-556/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-556/2024
19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver