Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5560/2024 29.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, iddiaçının cavabdehə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, “Sahil” bağçılıq ərazisində yerləşən 0,05 ha torpaq sahəsinə dair hüquqların onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Sahil” bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən iddiaçıya Bakı şəhəri, Qaradağ rayonu “Sahil” bağçılıq ərazisində xx.xx.1990-cı il tarixli 31 saylı orderlə 0,05 ha torpaq sahəsi ayrılmışdır. Daha sonra oğlunun xəstəliyi ilə əlaqədar ona xx.xx.1998-ci il tarixdə həmin bağçılıq təsərrüfatı ərazisində əlavə 0,05 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı bildirmişdir ki, hər iki torpaq sahəsi eyni hasarın içərisindədir və hal-hazırda onun istifadəsindədir. Öncə 31 saylı orderlə ayrılmış torpaq sahəsinin dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarış verilməsi üçün cavabdeh qeydiyyat orqanına müraciət etsə də, imtina cavabı almış, daha sonra məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərarı ilə iddiaçının iddia tələbi təmin edilmişdir. Qeyd edilir ki, iddiaçı ona xx.xx.1998-ci il tarixli 28 saylı orderlə ayrılmış torpaq sahəsi üzrə hüquqlarının dövlət qeydiyyatı və ona çıxarışın verilməsi üçün cavabdehə müraciət etdikdə cavabdeh yenə hüquqların dövlət qeydiyyatından və çıxarışın verilməsindən imtina etmişdir. İddiaçı cavabdehin imtina məktubunu qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim olunan 31A nömrəli orderdə torpaq sahəsinin nömrəsi qeyd olunmamışdır. Həmçinin İdarənin arxiv məlumatlarına əsasən eyni bağçılıq yoldaşlıq təsərrüfatı nəzdində “31” nömrəli torpaq sahəsi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (**********53-11301, **********). Həmçinin elektron kadastr baza məlumatlarına əsasən faktiki olaraq göstərilən ərazi heç bir bağçılıq yoldaşlıq bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıcı daxilində yerləşmir və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Qobustan ƏŞ) istifadəsinə verilmiş ərazidə yerləşir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ARDNŞ-nin (SOCAR) “Azneft” İB və “Qobustan” ƏŞ hazırkı iş üzrə üçüncü şəxs qismində çəlb edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddianən təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının Bakı şəhəri, Qaradağ rayonu, “Sahil” bağçılıq ərazisində yerləşən 0,05 ha torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. -Dənizdə Neft və Qazçıxarma İB Səngəçal Bağçılıq təsərrüfatı tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli 31 a nömrəli orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil bağçılıq ərazisində 20x25 m ölçüdə torpaq sahəsi İddiaçı verilmişdir. Əsas: Müdiriyyət, Birləşmiş HİK və Bağçılıq yoldaşlıq təsərrüfatının qərarı. Müvafiq sorğu əsasında Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, “Sahil” b/y-nın arxiv qovluğunda olan sənədlərin, həmçinin həmin bağçılıq yoldaşlıq təsərrüfatı nəzdindəki 31 saylı, 0,05 ha sahəsi olan torpaq sahəsinin mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyata alınması üçün əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki: Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 4/145 nömrəli qərarına əsasən Səngəçal Dəniz İdarəsinin 62 nəfər işçisinə Qaradağ rayonu, Səngəçal qəsəbəsində bağ sahəsi ayrılmışdır. N.Nərimanov adına NQÇİ-nin rəisə və həmin müəsisənin HİK sədri tərəfindən xx.xx.2012-ci il tarixdə təsdiq edilmiş Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1989cu il tarixli 10/369 saylı, xx.xx.1990-cı il tarixli 4/145 saylı, xx.xx.1990-cı il tarixli 7/437 saylı və xx.xx.1991-ci il tarixli 10/518 saylı qərarları ilə Səngəçal bağ massivindən N.Nərimanov adına NQÇİ-nin işçilərinə paylanmış bağ sahəsinin 385 nəfərlik siyahısında İddiaçı 290-cı sırada qeyd olunmuşdur. “Sahil” bağçılıq yoldaşlığının xx.xx.1990-cı il tarixli, 31 nömrəli orderinə əsasən İddiaçı 20x25 m ölçüdə 31 nömrəli bağ sahəsi ayrılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-2132/2022 saylı qərarından görünür ki, İddiaçı cavabdeh DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiası təmin edilmiş və Bakı şəhəri, Qaradağ rayonu, Sahil bağçılıq ərazisində yerləşən 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi cavabdehə həvalə edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, “Sahil” b/y-nin 31 saylı bağ sahəsi (yeni qaydalarla: Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, 30-cu Sanqaçal qəsəbəsi, 30-cu Sanqaçal küçəsi 26) yerləşən bağ evi İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. -********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən ünvan 1 ünvanında (yeni qaydalarla: Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, 30-cu Sanqaçal qəsəbəsi, 30-cu Sanqaçal küçəsi 26) yerləşən bağ evi İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. -SOCAR tərəfindən məhkəmənin sorğusuna verilmiş 20 may 2024-cü il tarixli cavabda bildirilmişdir ki, iddiaçının istifadəsində olan mübahisəli torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının 13 noyabr 1998-ci il tarixli, 538-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Cənub-Qərbi Qobustan blokuna daxil olan üç sahənin (“Şıxzəgirli,” “Şeytanud”, “Bürgüt”, “Donquzduq”, “Nardaran”, “İlxıçı”, “Qərbi Hacıvəli”, “Sundi”, “Şərqi Hacıvəli”, “Turağay”, “Kənizədağ”, “Qərbi Duvannı”, “Duvannı”, “Solaxay” və “Daşgil” yataqlarının), kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən Qobustan Əməliyyat şirkətinin istifadəsinə verilmiş kontrakt sahələrinin hüdudları daxilində yerləşmiş və Əməliyyat şirkəti ləğv olunduğundan hazırda onun istifadəsində olan torpaq sahələrinin SOCAR tərəfindən “Azneft” İB-nə ötürülməsinə başlanılıb. Həmin ərazilərdə hazırda SOCAR-ın “Azneft” İB tərəfindən neft-qaz əməliyyatları aparılır ki, bu səbəbdən, həmçinin torpaq qanunvericiliyinin tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Göstərilənlərə əsasən iddianın rədd olunması xahiş edilmişdir. Beləliklə, işin hallarından görünən odur ki, iddiaçı “Sahil” b/y təsərrüfatı tərəfindən ona ayrılmış 31 A saylı, 0,05 ha sahəsi olan (20x25m) torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb edir. Bununla bağlı cavabdehə müraciəti təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.1.7-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Eyni Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Həmin Qanunun 25-ci maddəsinin 4-cü bəndində göstərilir ki, bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qəbul edilmiş “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Məhkəmə hesab edir ki, iddiaçının 31 A saylı bağ sahəsinə dair təqdim etdiyi hüquqmüəyyənedici sənəd yuxarıda istinad olunan Qanunun 8.0.7-ci maddəsində nəzərdə tutulmuş aktlara uyğun gəlir. Belə ki, iddiaçı “Sahil” bağçılıq-yoldaşlığının verdiyi xx.xx.1998-ci il tarixli orderini cavabdehə təqdim etmiş, iddiaçının adı bağçılıq üzvlərinin həm ilkin, həm də sonrakı siyahısında göstərilmişdir. Həmçinin qeyd olunan orderin ləğv edilməsi, etibarsız sayılması, qüvvəsini itirməsi, yaxud həqiqətə uyğun olmaması ilə bağlı cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə cavabdehin dəlillərini daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınmasından imtina üçün tutarlı əsas hesab etməyərək bildirir ki, Sahil bağçılıq yoldaşlığın xx.xx.1998-ci il tarixli 31 A saylı orderində torpaq sahəsinin nömrəsinin göstərilməməsi və göstərilən faktiki olaraq göstərilən ərazinin heç bir bağçılıq yoldaşlıq bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıcı daxilində yerləşməməsi iddiaçının iradəsindən asılı hal olan hal və məsuliyyət sferasına aid olmadığından onun üçün məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Həmçinin bağların bölgü sxeminin təqdim edilməsi iddiaçının üzərinə öhdəlik kimi qoyula bilməz. İddiaçıya həmin sahənin ayrılmasına dair order mövcuddur və bu orderin mövcudluğu tərəflər arasında mübahisə yaratmır. Bundan başqa, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “Sahil” bağçılıq yoldaşlığının arxiv əsaslarında saxlanılan sənədlərdə həmin bağçılığın bölgü sxemi aşkar edilməmişdir. “Sahil” bağçılığın yerləşdiyi sahənin yerləşdiyi torpağın iddiaçının mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqları aradan qaldırılmaqla rəsmiləşdirmək cavabdehin səlahiyyətinə aid olan məsələdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü və 3.0.50-ci bəndlərinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq, həmçinin Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək Xidmətin vəzifələrinə aid edilmişdir. Məhkəmə onu da nəzərə alır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(112)-2132/2022 saylı qərarından və həmin qərarın icraya yönəldilməsinə dair məktubdan görünür ki, iddiaçının cavabdehə qarşı oxşar hüquqi və faktiki əsaslara söykənən iddiası təmin edilmiş, qeyd olunan qərar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2058/2023 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmış və cavabdeh tərəfindən icra edilərək “Sahil” bağçılıq yoldaşlığında yerləşən 0,05 ha sahəsi olan 31 saylı bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququ qeydə alınmışdır. Hazırda iddia olunan torpaq sahəsi sözügedən 31 saylı torpaq sahəsinə bitişikdir (cavabdehin təqdim etdiyi müayinə aktından və əlavə edilmiş sxemdən də görünür) və həmin sahə ilə ümumi hasar daxilində yerləşməklə iddiaçının mübahisəsiz istifadəsindədir. Həmçinin, o da vurğulanır ki, mövcud əmlak qanunvericiliyində eyni adamın adına bir neçə bağ sahəsinin ayrılması ilə bağlı qadağa nəzərdə tutulmamışdır. Mübahisə predmeti olan torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsi ilə bağlı qeyd olunur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 2-ci bəndində qeyd edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Göründüyü kimi, qanunvericilikdə müəyyən məhdudiyyətlər nəzərdə tutulsa da, bu məhdudiyyətlər məhz “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsində göstərilmiş sənədlərə istinad olunduğu halları ehtiva edir. Ona görə də, hazırkı halda hüquqların qeydiyyatından o halda imtina edilə bilərdi ki, iddiaçı mübahisə predmeti olan torpaq sahəsinə dair 439 nömrəli Fərmanla təsdiq edilmiş Siyahıdakı hüquqmüəyyənedici sənədlərdən hər hansı birini təqdim etmiş olsun. Lakin iddiaçının tələbinin qanuni əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsində göstərilmiş sənədlər təşkil etdiyindən qeyd olunan məhdudiyyətin tətbiq olunması qanunvericiliyin tələbləri baxımından istisna edilir. İddiaçı həmin bağın qanuni istifadəçisi kimi onun yerləşdiyi torpaq sahəsinə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9 və 10-cu maddələrinə əsasən mülkiyyət hüququ əldə etmişdir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, cavabdehin dəlilləri qanunvericiliklə torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilməməlidir. Odur ki, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməli və Bakı şəhəri, Qaradağ rayonu, Sahil bağçılıq ərazisində yerləşən 0,05 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Sahil bağçılıq ərazisində yerləşən 0,05 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-5560/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5560/2024
29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver