Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5561/2022 12.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 289 saylı, xx.xx.2005-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1137a saylı bağ sahəsi iddiaçıya ayrılmışdır. İddiaçı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh tərəfindən verilmiş imtinanı əsassız sayır və onun hüquqlarının pozulmasına səbəb olduğunu bildirir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə münasibətdə etiraz təqdim edərək bildirmişdir ki, təqdim edilən bağ sahəsinin ayrılması barədə Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamının arxiv arayışında bağ sahəsinin ölçüsü qeyd olunmamışdır. Bundan əlavə, İdarədə mövcud arxiv sənədlərinə əsasən qeyd olunan bağ sahəsinə dair order və ya müqavilə nüsxəsi, həmçinin müqavilənin bağlanıb-bağlanmaması haqqında məlumat (sənəd) aşkar edilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Belə ki, iddiaçı icra hakimiyyəti başçısının sərəncamını təqdim etməklə bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. Yəni iddiaçı mülkiyyət hüququnun qeydə alınması üçün torpaq sahəsi kimi “bağ sahəsi” ifadəsindən istifadə etsə də, mahiyyətcə torpaq sahəsi üzərində icra hakimiyyəti tərəfindən qəbul olunmuş sərəncamı hüququn qeydə alınmasının əsasına istinad etmişdir. İmtina məktubunun və iddiaya münasibətdə cavabdeh tərəfindən təqdim olunmuş yazılı etirazın surətindən görünür ki, cavabdeh iddiaçının tələbinin təmin olunmaması üçün iki əsas gətirir: -Bağ sahəsinin iddiaçıya ayrılması barədə məlumatın olmaması; -Bakı şəhər İcra Hakimiyyəti Başçısının 289 saylı, xx.xx.2005-ci il tarixli sərəncamın arxiv arayışında bağ sahəsinin ölçüsünün qeyd olunmamasıdır. İddiaçının müraciətinin təmin olunmamasının əsası kimi yuxarıda göstərilmiş halların əmlakın özəlləşdirilməsinə dair maneənin yaradıb-yaratmamasına qiymət verilməsi üçün əmlaka dair hüquqmüəyyənedici sənədlərin əhatə dairəsi müəyyən edilməlidir. Daşınmaz əmlakın dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar aşağıdaki qanunvericiliyin müddəaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Fiziki şəxsin bağ sahəsi üzərində mülkiyyət hüququnun yaranmasının əsaslarından biri də, bağ sahəsinin ayrılması ilə bağlı sərəncamın mövcudluğudur. Belə halda, fiziki şəxsin həmin bağ sahəsi üzərində hüququ mövcüd olur və qanunvericiliyin tələbləri əsasında, onun həmin bağ sahəsinin özəlləşdirilməsini tələb etmək hüququ yaranır. Məhkəmə iddiaçının istinad etdiyi sərancama hüquqi qiymət vermək məqsədilə ilə aidiyyəti üzrə müvafiq orqanlara sorğular verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının arxivində saxlanılan və məhkəmə icraatı zamanı təqdim olunan Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 289 №-li Sərəncamından (arxiv arayışına) görünür ki, vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə X1 və İstismarı Birliyinin xx.xx.2005-ci il tarixli, 105 №-li protokolu təsdiq edilmiş və xx.xx.2005-ci il tarixdə Ləhiş bağ massivindəki № 1137a bağ sahəsinin İddiaçı ayrılmışdır. Göründüyü kimi iddiaçının iddia etdiyi bağ sahəsinə münasibətdə hüquqları yaranmışdır ki, bu hüquqlarının yaranmasına əsas onun “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 8.0.7-ci maddəsində sadalanmış sənədlərə malik olmasıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan qeyd olunan bağ sahəsinə dair order və ya müqavilə nüsxəsinin, həmçinin müqavilənin bağlanıbbağlanmaması haqqında məlumatın olmaması ilə bağlı mülahizələr irəli sürsə də, irəli sürülən mülahizələrin hər hansı hüquqi əsası olmamış və bu əsaslar imtina əsası qismində çıxış edə bilməz. Belə ki, torpaq (bağ) sahəsinin qanuni əsaslarla iddiaçıya ayrılması Bakı şəhəri İcra Hakimiyyətinin sərəncamı əsasında həyata keçirilmişdir. Məhkəmə qeyd edir ki, icarə müqaviləsinin bağlanılmaması iddiaçının irafə ifadəsindən asılı olmamış, başqa sözlə desək iddiaçının təqsiri ilə bağlı olmamışdır. Nəzərə alınmalıdır ki, iddiaçı hər bir vətəndaş kimi öz hüquq və mənafeilərinin, o cümlədən “legitim gözləntisi”nin qorunmasının təminatı kimi mübahisəli daşınmaz əmlaka münasibətdə zəruri olan hüquqmüəyyənedici sənədlərə malik olmaq niyyətində olmuşdur. Hazırda müqavilənin olmaması da, onun iradə ifadəsindən asılı olmayan və əslində həmin dövrdə icarə müqaviləsinin bağlanılmasını təmin edən orqanın öz səlahiyyətlərinin lazımı qaydada icra etməməsinin göstəricisidir. Məhkəmə cavabdehin imtina məktubunda torpaq (bağ) sahəsinin ölçüsü barədə Sərəncamda hər hansı məlumatın olmamasına dair irəli sürdüyü mülahizələrə münasibətdə bildirir ki, doğrudur ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 289 №-li Sərəncamda iddiaçıya ayrılan bağ sahəsinin ölçüləri ilə bağlı məlumat göstərilməmişdir. Nəzərə alınmalıdır ki, həmin sərəncamın kökündə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.1997-ci il tarixində qəbul edilmiş 233 nömrəli sərəncam dayanır. Sözügedən sərəncam ilə “Bakı şəhərində icarəyə, bağ–tikinti kooperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşların növbəyə götürülməsi və bağ sahələri ilə təmin edilməsi” barədə Əsasnamə təsdiq olunmuşdur. Baxmayaraq ki, hazırki sorğuya cavab məktubunda adı çəkilən Əsasnamənin təsdiq olunmuş surəti əlavə olunmasa da, məhkəmə həmin Əsasnamənin surətini Məhkəmə İşlərinin Elektron İdarəetmə Sisteminə daxil edilmiş oxşar mübahisəli məhkəmə işindən əldə etmişdir. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.1997-ci il tarixli, 233 nömrəli Sərəncam ilə təsdiq edilmiş “Bakı şəhərində icarəyə, bağ–tikinti kooperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşların növbəyə götürülməsi və bağ sahələri ilə təmin edilməsi” barədə Əsasnamənin 4-cü bəndindən görünür ki, rəsmi sənədi olmadan on ildən artıq müddət ərzində bağ sahəsi götürüb abadlaşdıran vətəndaşların sənədlərinə Bakı şəhər İcra Hakimiyyəti aparatının nəznində təşkil olunmuş komissiya tərəfindən baxılır və müvafiq Sərəncam qəbul edilir. Sərəncama əsasən ümumi torpaq sahəsi 0,12 ha olan həmin bağ sahəsi/ yaxud artıq olduqda 0,12 ha hissəsi/aidiyyəti vətəndaşın adına təhkim edilir. Göründüyü kimi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.1997-ci il tarixli, 233 nömrəli Sərəncamı əsasında ayrılmış torpaq sahələrinin ölçüləri 0,12 ha olmuş və sənədləşdirilmənin yalnız 0,12 ha münasibətdə həyata keçirilməsi mümkün olmuşdur. Bunun müqabilində Məhkəmə hesab edir ki, bağ sahəsinin iddiaçıya ayrılması ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.1997-ci il tarixli, 233 nömrəli Sərəncamında ayrılan torpaq sahəsinin ölçüsü göstərilməsə də, “Bakı şəhərində icarəyə, bağ–tikinti kooperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşların növbəyə götürülməsi və bağ sahələri ilə təmin edilməsi” barədə Əsasnaməyə əsasən həmin bağ sahəsinin ölçüsü 0,12 ha olması müəyyən olunur. Eyni zamanda nəzərə alınmalıdır ki, ümumiyyətlə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1137a saylı bağ sahəsinin ölçüsünün 0,12 ha olması cavabdeh İdarənin arxivində saxlanılan arayışdan da görünür. Belə ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının X2 və İstismarı Birliyinin arayışında Ləhiş bağ massivində yerləşən 0,12 ha bağ sahəsinin ölçüsünün 0,12 ha olduğu göstərilmişdir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müayinə aktından da göründüyü kimi iddia olunan bağ sahəsinin faktiki ölçüsü 0,12 ha təşkil edir. Məhkəmə hesab edir ki, iddia olunan bağ sahəsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.1997-ci il tarixli, 233 nömrəli Sərəncamı ilə ayrıldığından, həmçinin həmin sərəncam hal-hazırda qüvvədə olduğundan, eyni zamanda bağ sahəsinin faktiki ölçüsü 0,12 ha olduğundan, bundan başqa bağ sahəsinin digər fiziki şəxsin istifadəsində və ya mülkiyyətində olan bağ sahəsi ilə üst-üstə düşmədiyindən, iddiaçının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən mülkiyyət hüquqları yaranmışdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2362/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərarından görünür ki, cavabdeh inzibati orqan vətəndaşın müraciətdən məhz bağ sahəsinin ayrılması ilə bağlı sərəncamda ölçülərin göstərilməməsi əsası ilə imtina etmiş, məhkəmələr tərəfindən bu hissədə araşdırma aparılmış, bağ sahəsinin 0,12 ha olması müəyyən edilmiş, bununla da mübahisə vətəndaşın xeyrinə nəticələnmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən ümumi sahəsi 0,12 ha olan 1137a saylı bağ sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-5561/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5561/2022
12.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver