Məhkəmə qərarları › İş №2-1(112)-5563/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5563/2021

20.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5563/2021 20.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 (hüquq şöbəsinin aparıcı mütəxəssisi, Abşeron rayonu, Saray qəsəbəsi, Ərazi dairəsi, təzə məhəllə ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3-cü qrup əlillik dərəcəsi təyin edilməklə cavabdeh orqana müraciət etdiyi tarixdən indiyə kimi əlilliyə görə müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya 3-cü qrup əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərnə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, 2019-cu ilin yanvar ayında məişət zəminində aldığı bədən xəsarəti nəticəsində sağ əlindən ciddi kəsik yaraları almış, nəticədə həmin vaxtda etibarən indiyə kimi sağ əli və sağ əlinin 5 barmağı fəaliyyətsiz olmaqla fiziki iş görmək üçün tam yararsız vəziyyətə düşməklə əmək qabiliyyətini itirmişdir. Bu səbəbdən, əsas bədən üzvlərindən olan sağ əli işləmir və fiziki və əməli işlər görə bilmir. Əmək qabiliyyəti itirdiyindən dövlətin sosial təminat sistemindən yararlanmaq məqsədi ilə müvafiq əlillik dərəcəsinin təyin edilməklə ona əlilliyə görə müavinətin təyin olunması üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan əsasız olaraq ona əlillik dərəcəsinin təyin olunmasından imtina etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçı tərəfindən irəli sürülən tələblər qanunsuz və əsassızdır. Belə ki, iddiaçının əlillik vəziyyəti Abşeron Rayon Mərkəzi Xəstəxanasının 17.12.2020-ci il tarixli 0215003AABSF saylı göndərişi əsasında baxılmış və “Səbəbi: X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S50-S59 - Dirsək və saidin travmaları => S54 - Sinirlərin said səviyyəsində travması => S54.0 - Dirsək si...; Diaqnozun mətni: Sinirlərin said səviyyəsində travması, sağ bazunun aşağı 1:3 nin ön səthinin dirsək büküşü və saidin yuxarı 1:3 nin orta dirsək və mil səviyyəsində travmas (S 54.1 orta sinirin said səviyyəsində travması, S 54.2 Mil sinirin said səviyyəsində travması, S 54.3 Dəri hissiyyat sinirinin said səviyyəsində travması); Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: esas diaqnozun ağırlaşmalarını təsdiq edən instrumental müayinələrin nəticələri dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir. Daha sonra həmin xəstəxananın 08.01.2021-ci il tarixli 0215003AABXU saylı göndərişi əsasında baxılmış və “X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S50-S59 - Dirsək və saidin travmaları => S54 - Sinirlərin said səviyyəsində travması => S54.0 - Dirsək si...; Diaqnozun mətni: Sinirlərin said səviyyəsində travması, sağ bazunun aşağı 1:3 nin ön səthinin dirsək büküşü və saidin yuxarı 1:3 nin orta dirsək və mil səviyyəsində travmas (S 54.1 orta sinirin said səviyyəsində travması, S 54.2 Mil sinirin said səviyyəsində travması ,S 54.3 Dəri hissiyyat sinirinin said səviyyəsində travması). Ağırlaşma M20 Əl və ayaq barmaqlarının qazanılma deformasiyaları, əl barmaqlarının qazanılma deformasiyası; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Ağırlaşmalarını təsdiq edən instrumental müayinələrin nəticələri dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir. Həmin xəstəxananın 19.02.2021-ci il tarixli 0215003AAB5A saylı göndərişi əsasında baxılmış və “X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M20-M25 - Oynaqların digər zədələnmələri => M21 - Ətrafların digər qazınılma deformasiyaları...; Diaqnozun mətni: Sinirlərin said səviyyəsində travması, sağ bazunun aşağı 1:3 nin ön səthinin dirsək büküşü və saidin yuxarı 1:3 nin orta dirsək və mil səviyyəsində travmas S Dəri hissiyyat sinirinin said səviyyəsində travması) Qazanılma caynağabənzər əl, çəpəllik, boş pəncə (yüksək tağla) və pəncənin əyriliyi (əyripəncəlik); Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış müayinə və müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarfna əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyyə edilir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını və hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan, - Ukrayna Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən 01 aprel 2019-cu il tarixli Konsultaiv Rəyin azərbaycan dilinə tərcümə edilən surətndən görünür ki, xx xxxx 1994-cü il təvəllüdlü İddiaçı nevropatoloq Y.S.Yakienko tərəfindən 2019-cu ilin yanvar ayında məişətdə aldığı zədədən (şüşə ilə kəsisdən) sonra yaranmış biləyin arxa səthi hissəsində, sağ biləyin 1-4 barmaqlarının paresteziyası sağ biləyin deformasiyası, sağ bazu sümüyü, biləyin, laterial kənarı boyunca həssəaslığının itirilməsi şikayəti ilə müayinə edilərək, sağ tərəfdə orta (median) və dirsək sinirlərinin travmatik neyropatiyası, biləyin kəsiyi diaqnozu qoyulmuş, reabelitasiya terapiyası kursu üçün xəsətəxananın n\ş yerləşdiriməsi məsləhət görülmüş, fizioterapevtik müalicə: sağ əlin yüngül massaj edilməsi məsləhət görülmüş, aqapurin CP 400 mq, Berlition (Tioktasid, Dialipon) 600, Neyromidin 20-dən ibarət 1 ay müalicə təyin edilmişdir. Şəhadətnamədə həmçinin Kiyev şəhərində əməliyyat olunduğu, lakin tibbi sənəd təqdim etmədiyi, əməliyyat müdaxiləsindən sonra neyrorubin, tseftriakson, deksalqin tərkibdən ibarət dərman preparatlarından ibarət müalicənin yazıldığı, daha sonra isə müalicənin edilmədiyi qeyd edilmişdir. - Ukrayna Milli Tibb X4.A.P.Romodanov adına Neyrocərrahiyə İnstitutu tərəfindən verilən 192078 saylı 26.04.2019-cu il tarixli tibbi kartı, stasionar xəstənin xəstəlik tarixçəsindən Çıxarışın azərbaycan dilinə tərcümə edilən surətndən görünür ki, xx xxxx 1994-cü il təvəllüdlü İddiaçı 25.04.2019-cu il tarixdə sağ çiyinin aşağı üçdə bir hissəsi və qolun üçdə bir hissəsinin orta (median), dirsək və mil sinirlərinin açıq, kompression işemik (jqut) zədələnməsi nəticəsi. Qol əzələlərinin dərin kəsiyi şəklində sağ yuxarı ətrafın disfunksiyası, sağ əlin barmaqlarının əyilmə kontrakturası diaqnozu ilə yaranın ilkin cərrahi işlənməsi aparıldığı, orta (median) sinir tikildiyi qeyd olunmuşdur. Tibbi sənəddə həmçinin müsbət dinamikanın iki ay ərzində olmadığı, dirsəyin orta (median) və qismən mil sinirlərinin funksiyalarının itirilməsinin müşahidə ediləcəyi, 25.04.2019-cu il tarixində - sağ çiyinin aşağı üçdə bir hissəsinin və qolun üçdə bir hissəsinin orta (median), dirsək və mil sinirlərinin dekompressiyası aparıldığı, səthi fasiyanın (qolun, barmaqların bükücü (vətər) əzələlərinin tendolizi) faşiotomiyası aparıldığı, karpal bağın yarılması, qolun çiyin, mil və dirsək arteriyalarının angiolizi, kiçik müsbət dinamikanın olduğu qeyd olunaraq, “NeySi ZM” Elektrostimulyasiya sisteminin implantasiyası tövsiyə edilmişdir. İddiaçı oğunun əlillik vəziyyəti “Abşeron rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 0215003AABSF nömrəli 02.12.2020-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Səbəbi: Sinirlərin said səviyyəsində travması sağ bazunun aşağı 1:3 nin ön səthinin dirsək büküşü və saidin yuxarı 1:3 nin orta dirsək və mil səviyyəsində travması (S 54.1 orta sinirin said səviyyəsində travması, S 54.2 Mil sinirin said səviyyəsində travması, S 54.3 Dəri hissiyyat sinirinin said səviyyəsində travması diaqnozu qoyulmuş, TSEK-ə göndərilməsi üçün əsas ümumi xəstəlik qeyd olunmuşdur. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatından görünür ki, İddiaçı müayinə olunaraq 19.02.2021-ci il tarixdə Sinirlərin said səviyyəsində travması, sağ bazunun aşağı 1:3 nin ön səthinin dirsək büküşü və saidin yuxarı 1:3 nin orta dirsək və mil səviyyəsində travma S Dəri hissiyyat sinirinin said səviyyəsində travması, qazanılma caynağabənzər əl, çəpəllik, boş pəncə (yüksək tağla) və pəncənin əyriliyi (əyripəncəlik) diaqnozu ilə imtina edilərək, səbəb əlavə müalicəyə ehtiyacın olması qeyd olunaraq, ixtisaslaşdırılmış müayinə və müalicə məsləhət görülmüşdür. İşdə olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş TSEK müayinələrinə dair Əlillik altsistemindən çıxarışdan görünür ki, İddiaçı barəsində rəsmiləşdirilmiş 0215003AAB5A nömrəli göndəriş 19.02.2021-cı il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması – səbəb: əlavə müalicəyə ehtiyac olması, ixtisaslaşdırılmış müayinə və müalicəyə ehtiyac olması barədə qərar qəbul edilərək, imtina edilmişdir. Xəstəxana tərəfindən rəsmiləşdirilmiş 0215003AAB5A nömrəli göndərişində İddiaçı əsas diaqnoz “X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M20-M25 - Oynaqların digər zədələnmələri => M21 - Ətrafların digər qazınılma deformasiyaları...; sinirlərin said səviyyəsində travması, sağ bazunun aşağı 1:3 nin ön səthinin dirsək büküşü və saidin yuxarı 1:3 nin orta dirsək və mil səviyyəsində travmas S Dəri hissiyyat sinirinin said səviyyəsində travması, qazanılma caynağabənzər əl, çəpəllik, boş pəncə (yüksək tağla) və pəncənin əyriliyi (əyripəncəlik) diaqnozları qoyulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli, 1077 saylı Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.3-cü bəndinə əsasən əlilliyin və reablitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələrindəndir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydaların 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Beləliklə işdə olan sənədlərdən görünür ki, İddiaçı əlillik vəziyyəti 0215003AAB5A nömrəli Forma 88 arayışı əsasında qiymətləndirilməsi üçün cavabdehə göndərilmiş, cavabdeh tərəfindən 19.02.2021-ci il tarixdə qiymətləndirilmə aparılarkən, göndərişin natamam doldurulması – səbəb: ixtisaslaşdırılmış müayinə və müalicənin məsləhət görülməsi barədə qərar qəbul edilərək imtina edilmiş, bu barədə bildiriş altsistem vasitəsilə onu rəsmiləşdirənə geri göndərilmişdir. Göründüyü kimi cavabdeh öz səlahiyyətləri daxilində hərəkət edərək, səhiyyə müəssisəsi tərəfindən daxil olan göndəriş natamam olduğu üçün iddiaçının sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi barədə qərar qəbul etmək mümkün olmadığından TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla, yəni natamam doldurulmasının səbəblərini göstərməklə bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya geri göndərmişdir. Lakin bundan sonra həmin natamamlıq aradan qaldırılmamış, İddiaçı ətraflı müayinə olunub, sağlamlıq vəziyyətini tam və ətraflı şəkildə əks etdirən göndəriş səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməmişdir. Belə olan halda iddiaçının əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndirilməsi cavabdeh tərəfindən mümkün olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının aldığı travmanın nəticəsində diaqnoz üzrə qoyulan xəstəliklərini müalicə edilməklə reabilitə olunması ehtimalının olmasını nəzərə alaraq ixtisaslaşdırılmış müalicəni qəbul etməsini, o cümlədən eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasını, xəstəliyində hər hansı müsbət, vəziyyətini yaxşılaşdıran irəliləyişin olmadığını təsdiq edən müvafiq sübutlar təqdim edilmədiyindən iddianın əsassız olduğu qənaətindədir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının əlilliyinin qiymətləndirilməsinə əsas olmuş səhiyyə müəssisəsinin 0215003AAB5A nömrəli göndərişi natamam doldurulduğundan, bununla da iddiaçıya əlilliyin təyin edilməsinin qiymətləndirilməsi mümkün olmadığından, cavabdeh tərəfindən əlilliyin təyin edilməsindən imtina edilərək, göndərişin tamamlanması üçün onu rəsmiləşdirənə geri göndərilməsi əsaslı olmuşdur. İddiaçının tələbi əsassız olduğundan iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar