Məhkəmə qərarları › İş №2-1(112)-5563/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5563/2024

20.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5563/2024 20.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzillərə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi, məhdudiyyətin götürülməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, 6012-ci məhəllə, Badamdar şossesi, 92C yaşayış binasının 192 və 193 saylı mənzillərinə dair iddiaçı X2 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi, eyni zamanda daşınmaz əmlakların üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə "xxxx" MTK tərəfindən verilmiş çıxarışlara və maliyyə arayışlarına əsasən Bakı şəhəri, Səbail rayonu, 6012-ci məhəllə, Badamdar şossesi, 92C yaşayış binasının 192 və 193 saylı mənzillərini dəyərini tam ödəməklə almışdır. Həmin mənzillər iddiaçının mülkiyyətində olmaqla faktiki istifadəsindədir və o, bu günədək mənzillərə dair mülkiyyət, sahiblik və istifadə hüquqlarından istifadə edir. Bundan sonra mənzillərin sahibi olaraq qanunun verdiyi hüquqdan istifadə etməklə iddiaçı sənədləri müvafiq qaydada hazırlayaraq çıxarışın və texniki pasportun verilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etsədə, sonuncu hər dəfə süni bürokratik əngəllər yaratmaqla sadəcə imtina məktubları yazmaqla kifayətlənmişdir. Belə imtina məktublarının birində daşınmaz əmlakların üzərinə məhdudiyyət qoyulduğu müəyyən edildiyindən ərizənin icrası mümkün olmamışdır. İddiaçı Orxan X1 adlı şəxsin kürəkənidir. Qeyd edilən mənzillər ilkin olaraq İlqar Mahmudovun adına olmuş, sonradan kürəkəni İddiaçı adına rəsmiləşdirilmişdir. İmtina məktubunda qeyd edilmiş imtina İlqar Mahmudova münasibətdə tətbiq olunan məhdudiyyətdir. Göründüyü kimi, cavabdeh orqan əmlaklara yox, İlqar Mahmudova analoqu olmayan bir məhdudiyyət mexanizmi tətbiq etməkdədir. Cavabdeh təşkilatın bu mövqeyini qeyri-qanuni hesab edərək və vətəndaşın hüquqlarının pozulmasına yönələn hərəkət kimi qiymətləndirərək məhkəmədə hazırki iddianı qaldırırıq. Cavabdehin imtinası əsassızdır və müvafiq hərəkətlərin edilməsi vəzifəsi onun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, qeyd olunan ünvanda yerləşən daşınmaz əmlakların üzərinə məhdudiyyət mövcuddur. Məlumat üçün qeyd edirlər ki, 192 saylı mənzilin ümumi sahəsi 111.01 kv.m, 193 saylı mənzilin ümumi sahəsi 60.6 kv.m rəşkil edir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. İddiaçının vəkili və nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsilə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək imtinanın qanunsuz hesab edilməklə, Bakı şəhəri, Səbail rayonu, 6012-ci məhəllə, Badamdar şossesi, 92C yaşayış binasının 3-cü giriş, sahəsi 96.0 kv.m. olan 2 otaqlı 192 saylı və Bakı şəhəri, Səbail rayonu, 6012-ci məhəllə, Badamdar şossesi, 92C yaşayış binasının 3-cü giriş, sahəsi 60.6 kv.m. olan 1 otaqlı 193 saylı mənzillərinə dair iddiaçı X2 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texinki pasportun verilməsi, eyni zamanda daşınmaz əmlakların üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki: -"xxxx" MTK üzvlərinin ümumi iclasının 08 nömrəli protokolundan çıxarışdan görünür ki, İddiaçı MTK-ya üzv qəbul edilmiş və ona MTK-nın Bakı şəhəri, Səbail rayonu, 6012-ci məhəllə, Badamdar şossesi “92C” ünvanda kooperativ yaşayış binasında, 3-cü giriş, sahəsi 111.01 kv.m olan 2 otaqlı 192 saylı mənzil tam mülkiyyətinə verilmişdir. -"xxxx" MTK-nın 12 aprel 2022-ci il tarixli Maliyyə arayışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, 6012-ci məhəllə, Badamdar şossesi “92C” ünvanda kooperativ yaşayış binasında, 3-cü giriş, sahəsi 111.01 kv.m olan 2 otaqlı 192 saylı mənzil İddiaçı məxsusdur və onun heç bir borcu yoxdur. -"xxxx" MTK üzvlərinin ümumi iclasının 08 nömrəli protokolundan Çıxarışdan görünür ki, İddiaçı MTK-ya üzv qəbul edilmiş və ona MTK-nın Bakı şəhəri, Səbail rayonu, 6012-ci məhəllə, Badamdar şossesi “92C” ünvanda kooperativ yaşayış binasında, 3-cü giriş, sahəsi 68.18 kv.m olan 1 otaqlı 193 saylı mənzil tam mülkiyyətinə verilmişdir. -"xxxx" MTK-nın 12 aprel 2022-ci il tarixli Maliyyə arayışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, 6012-ci məhəllə, Badamdar şossesi “92C” ünvanda kooperativ yaşayış binasında, 3-cü giriş, sahəsi 68.18 kv.m olan 1 otaqlı 193 saylı mənzil İddiaçı məxsusdur və onun heç bir borcu yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********72 nömrəli məktubu ilə məhkəməyə göndərilən Bakı şəhəri, Səbail rayonu, 6012-ci məhəllə, Badamdar şossesi “92C” yerləşən 192 və 193 saylı mənzillərin texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktlarında qeyd edilmişdir ki, 192 saylı mənzil hüquqmüəyyənedici sənəd üzrə 2 otaq, faktiki 2 otaq, yaşayış sahəsi hüquqmüəyyənedici sənəd üzrə göstərilməmiş, faktiki 46.4 kv.m, ümumi sahəsi hüquqmüəyyənedici sənəd üzrə 111.01 kv.m, faktiki 96.0 kv.m.; 193 saylı mənzil hüquqmüəyyənedici sənəd üzrə 1 otaq, faktiki 1 otaq, yaşayış sahəsi hüquqmüəyyənedici sənəd üzrə göstərilməmiş, faktiki 25.5 kv.m, ümumi sahəsi hüquqmüəyyənedici sənəd üzrə 68.18 kv.m, faktiki 60.6 kv.m. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-35/2-2565/2024 nömrəli məktubla ünvan 2 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binasının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanına uyğun olaraq verilmiş Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-cu il tarixli 081 nömrəli istismara icazə sənədinin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. Məhkəməyə göndərilmiş Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019cu il tarixli 081 nömrəli istismara icazə sənədinin təsdiq edilmiş surətindən görünür ki, ünvan 2, 4 girişli, 14 (+texniki) mərtəbəli, zirzəmili yaşayış binasının tikinti obyektinin sahibi (sifarişçisi) "xxxx" Mənzil-Tikinti Kooperativi göstərilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış müayinənin nəticələrinə əsasən yükdaşıyan konstruksiyaların dayanıqlılıq, möhkəmlilik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis- kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı barədə verilmiş müsbət rəy nəzərə alınaraq, xx.xx.2019-cu il tarixindən yaşayış binasının istismarına icazə verilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə "xxxx" MTK üzvlərinin ümumi iclasının 08 nömrəli protokolundan çıxarışları iddiaçının Bakı şəhəri, Səbail rayonu, 6012-ci məhəllə, Badamdar şossesi, 92C yaşayış binasının 192 və 193 nömrəli mənzilləri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd qismində qəbul edilməlidir. Bu əsasdan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsinin oxşar münasibətləri tənzimləyən norma kimi hazırkı iddiaya tətbiq edilməlidir. Qeyd edilməlidir ki, iddiaçının hüquqlarının qeydə alınmasını tələb etdiyi mənzilin yerləşdiyi bina Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə istismarına icazə verilmiş çoxmənzilli yaşayış binasıdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: -3.0.42-ci maddəsinə görə sifarişçi - tikinti obyektlərinin tikintisini (inşasını, cari və əsaslı təmirini, yenidən qurulmasını, bərpasını) və ya sökülməsini, mühəndis-axtarış işlərinin yerinə yetirilməsini və tikinti obyektlərinin layihələndirilməsini sifariş edən dövlət orqanları, bələdiyyələr, eləcə də hüquqi və ya fiziki şəxslərdir. -101.1-ci maddəsinə görə tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. -101.2-ci maddəsinə əsasən tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. -102.2-ci maddəsinə görə obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Cavabdehin istinad etdiyi daşınmaz əmlakın üzərinə məhdudiyyət qoyulmasına dair dəlilini məhkəmə əsassız hesab edir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -9.4-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün), dövlət qeydiyyatı həmin daşınmaz əmlak üzərində əvvəl yaranmış hüquqların dövlət reyestrində qeydiyyata alındığı təqdirdə aparılır. -13.1-ci maddəsinə əsasən dövlət reyestrində daşınmaz əmlak, onlar üzərində həm mövcud olan, həm də xitam verilmiş hüquqlar və hüquq sahibləri barədə məlumat saxlanılır. -20.1-ci maddəsinə əsasən daşınmaz əmlakın, o cümlədən tikintisi başa çatdırılmamış obyektin ipotekası haqqında müqavilənin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, ipoteka ilə təmin edilmiş borcun (öhdəliyin) icra müddəti, ipotekasaxlayan və ipotekaqoyan barədə məlumat qeyd edilir. -20.3-cü maddəsinə görə ipotekanın dövlət qeydiyyatı ərizənin qeydiyyat orqanına daxil edildiyi gündən 3 iş günü müddətində aparılır. -20.4-cü maddəsinə görə ipotekanın dövlət qeydiyyatı ipotekasaxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında ləğv olunur. Cinayət Prosessual Məcəllənin 249.1-ci maddəsinə əsasən əmlak üzərinə həbs yalnız cinayət işi üzrə toplanılmış materiallar üzrə kifayət qədər əsas verdikdə qoyula bilər. Həmin Məcəllənin 249.2-ci maddəsinə əsasən əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. Məhkəmə əmlak üzərinə həbs qoyulması haqqında qərarı aşağıdakı hallarda çıxarır: -249.2.1.məhkəməyə müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq təqdimatı daxil olduqda; -249.2.2.məhkəməyə müraciət etmiş şəxslər bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş halların təsdiq edilməsi üçün kifayət olan ilkin sübutlar təqdim etdikdə, habelə əmlak üzərinə həbs qoyulmasının zəruriliyini əsaslandırdıqda. Həmin Məcəllənin 249.5-ci maddəsinə əsasən təxirə salına bilməyən hallarda cinayət törətmiş şəxs tərəfindən əmlakın və ya cinayət yolu ilə əldə edilmiş əşya və vasitələrin məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya verilmiş mülki iddianın təmin edilməsi hesabına özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, müstəntiq məhkəmənin qərarı olmadan bu Məcəllənin 177.2— 177.5-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdə əmlak üzərinə həbs qoya bilər. Həmin Məcəllənin 249.6-cı maddəsinə əsasən bu Məcəllənin 249.5-ci maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq əmlak üzərinə həbs qoyulması barədə əsaslandırılmış qərar çıxarır. Müstəntiqin qərarı bu Məcəllənin 249.3-cü maddəsinin tələblərinə uyğun olaraq və məhkəmənin qərarı olmadan əmlak üzərinə həbs qoyulmasının zəruriliyi və təxirə salına bilməməsi əsaslandırılmaqla tərtib edilir. Qeyd edilən cinayət prosessual qanunvericiliyin normalarının tələblərindən görünür ki, cinayət işi ilə əlaqədar əmlak üzərinə həbs yalnız məhkəmənin qərarına əsasən, qanunvericilikdə nəzərdə tutulan təxirəsalınmaz hallarda isə müstəntiqin qərarına əsasən qoyula bilər. Hazırkı iş üzrə isə iddiaçıya məxsus əmlak üzərinə həbs qoyulması barədə nə qanuni qüvvəsini almış məhkəmə qərarının, nə də müstəntiqin əsaslandırılmış qərarının qəbul olunduğu müəyyən olunmamışdır. Həmçinin, cavabdeh orqan nə imtina məktubunda nədə ki iddiaya dair yazılı etirazında daşınmaz əmlakın üzərinə məhdudiyyətin hansı sənəd əsasında qoyulmasını qeyd etməmişdir. Belə olan halda cavabdeh daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqanın iddiaçının mülkiyyətində olan mənzillər üzərinə məhdudiyyət (nəzarət) qoyması ilə bağlı hərəkətləri qanunsuz hesab edilməlidir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının mübahisəli mənzillərə dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək qeyd edilən əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Səbail rayonu, 6012-ci məhəllə, Badamdar şossesi, 92C yaşayış binasının 3-cü giriş, sahəsi 96.0 kv.m. olan 2 otaqlı 192 saylı və Bakı şəhəri, Səbail rayonu, 6012-ci məhəllə, Badamdar şossesi, 92C yaşayış binasının 3-cü giriş, sahəsi 60.6 kv.m. olan 1 otaqlı 193 saylı mənzillərinə dair iddiaçı X2 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texinki pasportun verilməsi, eyni zamanda daşınmaz əmlakların üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, 6012-ci məhəllə, Badamdar şossesi, 92C yaşayış binasının 3-cü giriş, sahəsi 96.0 kv.m. olan 2 otaqlı 192 saylı və Bakı şəhəri, Səbail rayonu, 6012-ci məhəllə, Badamdar şossesi, 92C yaşayış binasının 3-cü giriş, sahəsi 60.6 kv.m. olan 1 otaqlı 193 saylı mənzillərinə dair mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texinki pasportun verilməsi, mənzillər üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar