Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5564/2024 20.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məhdudiyyətin aradan qaldırılması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi uzun illərdir ki, İddiaçı mülkiyyətində olmaqla faktiki istifadəsindədir və o, bu günədək həmin mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüquqlarından istifadə edir. Belə ki, işin faktiki hallarına görə İddiaçı X2 məxsus və texniki pasportu mövcud olan ünvan 1 evi alqısatqı yolu almışdır və həmin evə dair xx.xx.2001- ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Tİ və MHQİ tərəfindən İddiaçı adına FM seriyalı 004554 Nə-li qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı əvvəlcədən müvafiq qurumlarla razılaşdırıldıqdan sonra özünə məxsus fərdi yaşayış evinin sökülərək, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş fərdi layihə əsasında yenisinin tikintisi ilə bağlı (eskiz layihəsi hazırlanmaqla) Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etmiş və İHB-nin xx.xx.2010-cu il tarixli 385 N-li sərəncamına əsasən tikintiyə icazə verilməklə, tikinti başa çatdıqdan sonra evin texniki pasportunda və qeydiyyat vəsiqəsində dəyişiklik edilməsinin Azərbaycan Respublikası ƏMDK-dən xahiş edilməsi nəzərdə tutulmuşdur. Bundan sonra iddiaçı özünə məxsus 9 saylı evdə yenidənqurma işlərini apardığını nəzərə alaraq həmin evin hüquqi qeydiyyata alınması ilə bağlı Sanunçu Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Sabunçu RİHB-nin xx.xx.2014-cü il tarixli 538 N-li sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həmid Araslı küçəsində 9 saylı 3 mərtəbəli, 5 yaşayış otağı, sahəsi 142,5 kv.m., köməkçi sahəsi 126,1 kv.m, 2 eyvan 9,8 kv.m, terass sahəsi 29,4 kv.m-dən ibarət olan fərdi yaşayış evinin İddiaçı adına hüquqi qeydiyyata alınması qərara alınmışdır. 2019-cu ildən başlayaraq yaşayış evinin sahibi olaraq qanunun verdiyi hüquqdan istifadə etməklə iddiaçı sənədləri müvafiq qaydada hazırlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həmid Araslı küçəsində 9 saylı fərdi yaşayış evi söküldüyü üçün üzərindəki hüquqların dövlət qeydiyyatının ləğv edilməsi və yeni inşa edilmiş evə çıxarışın və texniki pasportun verilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etsədə, sonuncu hər dəfə süni bürokratik əngəllər yaratmaqla sadəcə imtina məktubları yazmaqla kifayətlənmişdir. İmtina məktubunda əmlak üzərində məhdudiyyət olması əsas gətirililmişdir. Bundan sonra iddiaçı özünə məxsus daşınmaz əmlakın üzərinə məhdudiyyət qoyulması məsələsini araşdırmaq məqsədi ilə müxtəlif instansiyalara (Azərbaycan Respublikasının Baş Prokurorluğuna və s.) yazılı müraciətlər etmişdir. Uzun sürən araşdırmalardan sonra (iddiaçının bu araşdırmaların hansı formada və nə səviyyədə aparılmasından məlumatı olmamışdır) cavabdeh təşkilat özünün xx.xx.2021-ci il tarixli məktubunda (qoşmaya əlavə olunur) səbəbini və məhdudiyyət qoyan orqanı qeyd etmədən yenə də ümumi şəkildə fərdi yaşayış evinin üzərinə məhdudiyyət qoyulmuşdur sözlərini göstərməklə kifayətlənmişdir. Göründüyü kimi cavabdeh son imtinalarının səbəblərini və labüdlüyünü əsasalandıra bilməmişdir. Halbuki, iddiaçının araşdırmasına görə (Baş Prokurorluğun cavab məktubunda hər hansı bir məhdudiyyətin olmaması qeyd edilmişdir) ona məxsus daşınmaz əmlakın üzərinə hər hansı məhdudiyyət qoyulması faktı aşkar edilməmişdir. Nəhayət iddiaçı çıxarışın və texniki pasportun verilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 1(112)-1019/2023 saylı qərarına əsasən (hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə) iddia tələbi təmin edilməklə, ünvan 1 ünvana dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin əmlaka dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Lakin, əmlaka dair çıxarış və texniki pasport verilsədə, daşınmaz əmlakın üzərinə qoyulmuş məhdudiyyət götürülməmişdir. Dəfələrlə cavabdeh orqana qoyulmuş qanunsuz məhdudiyyətin götürülməsi barədə müraciət etsək də bundan imtina edilmişdir. Hətta məhdudiyyətin hansı orqan tərəfindən və hansı məqsədlə qoyulması belə bəlli deyildir. Cavabdeh təşkilatın bu mövqeyini qeyri-qanuni hesab edərək və vətəndaşın hüquqlarının pozulmasına yönələn hərəkət kimi qiymətləndirərək məhkəmədə hazırki iddianı qaldırır. Cavabdehin imtinası əsassızdır və müvafiq hərəkətlərin edilməsi vəzifəsi onun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi üzərinə (vətəndaş İddiaçı məxsus) Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olan xx.xx.2017-ci il tarixli, 1520060xx-xx/1940m nömrəli məxfi dərəcəli məktuba əsasən məhdudiyyət qoyulmuşdur. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki: -Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair İddiaçı xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. - Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyətinin Başçısının 13 aprel 2010-cu il tarixli sərəncamı ilə vətəndaş İddiaçı ünvan 4 ünvanda yerləşən ona məxsus evin sökülərək, təsdiq edilmiş fərdi layihə əsasında yenidən tikintisinə icazə verilmişdir. - Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyətinin Başçısının 17 sentyabr 2014-cü il tarixli sərəncamı ilə ünvan 4 üç mərtəbəli, beş yaşayış otağı sahəsi - 142,5 kv.m, köməkçi sahə - 126,1 kv.m., iki eyvan - 9,8 kv.m., terass sahəsi - 29,4 kv.m-dən ibarət olan fərdi yaşayış evi İddiaçı adına hüquqi qeydiyyata alınması qərara alınmışıdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli **********81 nömrəli məktubundan görünür ki, ünvan 2 fərdi yaşayış evinin üzərinə məhdudiyyət qoyulmuşdur. - Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1019/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbi təmin edilərək, ünvan 1 ünvana dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin əmlaka dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X4 küçəsi, ev 9 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının müraciətinə hər hansı cavab verməmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -9.4-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün), dövlət qeydiyyatı həmin daşınmaz əmlak üzərində əvvəl yaranmış hüquqların dövlət reyestrində qeydiyyata alındığı təqdirdə aparılır. -13.1-ci maddəsinə əsasən dövlət reyestrində daşınmaz əmlak, onlar üzərində həm mövcud olan, həm də xitam verilmiş hüquqlar və hüquq sahibləri barədə məlumat saxlanılır. -20.1-ci maddəsinə əsasən daşınmaz əmlakın, o cümlədən tikintisi başa çatdırılmamış obyektin ipotekası haqqında müqavilənin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, ipoteka ilə təmin edilmiş borcun (öhdəliyin) icra müddəti, ipotekasaxlayan və ipotekaqoyan barədə məlumat qeyd edilir. -20.3-cü maddəsinə görə ipotekanın dövlət qeydiyyatı ərizənin qeydiyyat orqanına daxil edildiyi gündən 3 iş günü müddətində aparılır. -20.4-cü maddəsinə görə ipotekanın dövlət qeydiyyatı ipotekasaxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında ləğv olunur. İşdən müəyyən olunur ki, mübahisəli əmlakın üzərinə Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olan xx.xx.2017-ci il tarixli, 1520060xx-xx/1940m nömrəli məxfi dərəcəli məktuba əsasən məhdudiyyət qoyulmuşdur. Məhkəmə icraatı gedişində Azərbaycan Respublikasının Baş Prokurorluğuna sorğu göndərilərək ünvan 6 ünvanında fərdi yaşayış evi üzərinə (İddiaçı məxsus) qoyulmuş məhdudiyyətin nə ilə bağlı olduğu, hansı cinayət işi ilə əlaqədar olduğu barədə məlumat təqdim edilməsi tələb olunsa da sorğu ünvanladığı qurum tərəfindən cavablandırılmamışdır. Cinayət Prosessual Məcəllənin 249.1-ci maddəsinə əsasən əmlak üzərinə həbs yalnız cinayət işi üzrə toplanılmış materiallar üzrə kifayət qədər əsas verdikdə qoyula bilər. Həmin Məcəllənin 249.2-ci maddəsinə əsasən əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. Məhkəmə əmlak üzərinə həbs qoyulması haqqında qərarı aşağıdakı hallarda çıxarır: -249.2.1.məhkəməyə müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq təqdimatı daxil olduqda; -249.2.2.məhkəməyə müraciət etmiş şəxslər bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş halların təsdiq edilməsi üçün kifayət olan ilkin sübutlar təqdim etdikdə, habelə əmlak üzərinə həbs qoyulmasının zəruriliyini əsaslandırdıqda. Həmin Məcəllənin 249.5-ci maddəsinə əsasən təxirə salına bilməyən hallarda cinayət törətmiş şəxs tərəfindən əmlakın və ya cinayət yolu ilə əldə edilmiş əşya və vasitələrin məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya verilmiş mülki iddianın təmin edilməsi hesabına özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, müstəntiq məhkəmənin qərarı olmadan bu Məcəllənin 177.2— 177.5-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdə əmlak üzərinə həbs qoya bilər. Həmin Məcəllənin 249.6-cı maddəsinə əsasən bu Məcəllənin 249.5-ci maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq əmlak üzərinə həbs qoyulması barədə əsaslandırılmış qərar çıxarır. Müstəntiqin qərarı bu Məcəllənin 249.3-cü maddəsinin tələblərinə uyğun olaraq və məhkəmənin qərarı olmadan əmlak üzərinə həbs qoyulmasının zəruriliyi və təxirə salına bilməməsi əsaslandırılmaqla tərtib edilir. Hazırkı işin hallarından müəyyən olunur ki, Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olan xx.xx.2017-ci il tarixli, 1520060xx-xx/1940m nömrəli məxfi dərəcəli məktubuna əsasən cavabdeh tərəfindən həmin əmlak üzərinə məhdudiyyət qoyulmuşdur. Halbuki, qeyd edilən cinayət prosessual qanunvericiliyin normalarının tələblərindən görünür ki, cinayət işi ilə əlaqədar əmlak üzərinə həbs yalnız məhkəmənin qərarına əsasən, qanunvericilikdə nəzərdə tutulan təxirəsalınmaz hallarda isə müstəntiqin qərarına əsasən qoyula bilər. Hazırkı iş üzrə isə iddiaçıya məxsus əmlak üzərinə həbs qoyulması barədə nə qanuni qüvvəsini almış məhkəmə qərarının, nə də müstəntiqin əsaslandırılmış qərarının qəbul olunduğu müəyyən olunmamışdır. Belə olan halda cavabdeh daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqanın təqdim edilmiş məktub əsasında iddiaçının mülkiyyətində olan mənzil üzərinə məhdudiyyət (nəzarət) qoyması ilə bağlı hərəkətləri qanunsuz hesab edilməlidir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-5564/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5564/2024
20.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver