Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5564/2025 23.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1800 kv.m torpaq sahəsinin mülkiyyət hüququ əsasında adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayonu Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli, 1380 saylı sərəncamına əsasən Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1800 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə onun mülkiyyətinə verilmişdir. Qeyd edir ki, torpaq sahəsinin yerləşdiyi ərazinin planı Bələdiyyə tərəfindən tərtib və təsdiq edilmişdir. Lazımi sənədləri toplayıb qanuni istifadəsində olan 1800 kv.m torpaq sahəsinin hüquqi qeydiyyatıa alınmasına dair çıxarışın və texniki pasportun verilməsi məqsədi ilə xx.xx.2024-cü il tarixdə ********** saylı ərizə ilə cavabdehə müraciət etmiş, lakin, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Qeyd olunan məktubda torpaq sahəsinə dair DTXK tərəfindən qeydiyyata alınmaması və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqı qaydaları”na əsasən rayon, şəhər, bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvfiq qərar qəbul edir. Hesab edir ki, cavabdehin hərəkəti qanuna ziddir və təqdim etdiyi sənədlər qanunvericiliyə əsasən ona məxsus torpaq sahəsinə dair hüquqların qeydiyyata alınması üçün əsasdır. Belə ki, Səbail rayonu Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli 1380 saylı sərəncamına əsasən Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1800 kv.m torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Həmin vaxtdan etibarən torpaq sahəsindən sahiblik, istifadə hüquqlarını həyata keçirir. Vaxtı-vaxtında bələdiyyə vergilərini ödəyir. Lakin, mülkiyyət hüquqları qeydə alınmadığından əmlakın üzərində sərəncam vermək hüquqları məhdudlaşdırılmışdır. Bu səbəbdən qanuni istifadəsində olan torpağın hüquqi qeydiyyata alınması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
3. Sonradan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1700 kv.m torpaq sahəsinin mülkiyyət hüququ əsasında adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********91 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamışdır. İdarənin mütəxəssisləri tərəfindən ünvana yerli baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 1700 kv.m-dır. Elektron kadastr baza məlumatlarına əsasən sahə dövlət mülkiyyətində olmaqla sənayə, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına aiddir, sahənin bələdiyyə ərazisi olması barədə məlumat yoxdur. Təqdim edilmiş cizgidə istinadlar, istinad məsafələri və perimetrik ölçülər qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Torpaq sahəsinin çox hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir və sahədən qaz boru xətti keçir. Həmçinin elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi 13 saylı qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin hüdudları daxilində yerləşir. (№ 00209952 registr) “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli qərarı ilə tənzimlənir.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-M-1868-8/2024 **********91 nömrəli məktubla imtina edilmişdir.
9. Bakı şəhəri Səbail Bələdiyyəsinin 1380 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamına əsasən Səbail rayonu, Salyan şosesi, 32 ünvanda yerləşən 1800 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında İddiaçı adına sənədləşdirilmişdir. Qərara kassa mədaxil orderinin, torpaqların alqı-satqısına dair aktın və yerləşmə cizgisinin surəti əlavə edilmişdir.
10. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 21 fevral 2025-ci il tarixli, 3-48-2F/2-402/2025 nömrəli məktubla bildirilmişdir ki, Səbail rayonu Səbail Bələdiyyəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bununla əlaqədar Səbail rayonu Səbail Bələdiyyəsinə müraciət edilməsi tövsiyə edilir.
11. Məhkəmənin sorğusuna əsasən Səbail Bələdiyyəsi tərəfindən verilmiş 28 fevral 2025-ci il tarixli, 07-171/M-06-1125/2125 nömrəli məktubla bildirilmişdir ki, Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 1380 saylı sərəncamı və ona əsas olan sənədlər Bələdiyyənin hazırda mövcud olan Arxiv bazasında əşkar edilməmişdir Bu səbəbdən də həmin qərar və ona aid inzibati icraat materiallarnın təsdiq olunmuş sürətlərinin göndərilməsi imkan xaricindədir.
12. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 22 aprel 2025-ci il tarixli, 3- 21-3-30/2-15713/2025 nömrəli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşn 13 nömrəli qeyri-yaşayış sahəsinin (qeyri-yaşayış binasının) qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.
13. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 5, 13 km (Yeni qaydalarla: AZ 1023, ünvan 5 ünvanında yerləşən qeyriyaşayış binasına dair daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və həmin ünvanla bağlı bütün sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
14. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən iddiaçının iddia etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar və həmin çıxarışların verilməsinə əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
15. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2025ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”-na və orto foto görüntüyə əsasən müəyyən edilmişdir ki, ərizə ilə əlaqədar sözügedən sahəyə baxış keçirmək üçün iddiaçının nümayəndəsinin iştirakı ilə faktiki göstərilməsi nəzərdə tutulan ünvanda olmuşlar, lakin, giriş darvaza qapısı bağlı olduğundan qapı açarı işləmədiyindən növbəti gün qapı açarını düzəltdikdən sonra sözügedən sahəyə baxış keçirilmiş, torpaq sahəsini yerləşmə cizgisində dəqiq istinad məsafələr qeyd olunmamışdır. Əlavə olaraq, sahənin qərb tərəf (yol tərəf) sərhəddindən 0.8-0.9 metr aralı məsafədən sərhəddi boyu yüksək gərginlikli (6kV) elektrik hava xətti və 15 sm diametrlik qaz boru xətti keçir. Faktiki göstərilən sahənin koordinatları digər hallarla bağlı baxılması üçün akta əlavə olunmuşdur. Torpaq sahəsini əks etdirən foto şəkil akta əlavə olunmuşdur.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
16. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
17. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
19. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
20. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
21. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
22. Belə ki, işin hallarından görünür ki, cavabdehin iddiaçının müraciətindən imtinasının və məhkəməyə təqdim edilmiş etirazının əsasları aşağıdakılardır:
1. Torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamışdır.
2. İdarənin mütəxəssisləri tərəfindən ünvana yerli baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 1700 kv.m-dır.
3. Elektron kadastr baza məlumatlarına əsasən sahə dövlət mülkiyyətində olmaqla sənayə, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına aiddir, sahənin bələdiyyə ərazisi olması barədə məlumat yoxdur.
4. Təqdim edilmiş cizgidə istinadlar, istinad məsafələri və perimetrik ölçülər qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır.
5. Torpaq sahəsinin çox hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir və sahədən qaz boru xətti keçir.
6. Həmçinin elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi 13 saylı qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin hüdudları daxilində yerləşir (№ 00209952 registr).
23. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
24. Qanunvericiliyin tələbindən də, göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir.
25. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ...
26. İddiaçı Bakı şəhəri Səbail Bələdiyyəsinin 1380 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamına istinad edərək, mübahisə predmeti torpaq sahəsinə dair hüququn dövlət reyestrində qeydə alınmaqla çıxarışın və plan-ölçünün verilməsi tələbini irəli sürmüşdür.
27. İlk növbədə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin 1380 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamının və ona əlavə edilmiş sənədlərin əsli iddiaçıda mövcuddur və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi (mötəbərlilik prezumpsiyası) baxımından həmin sənədlər məhkəmə tərəfindən mötəbər qiymətləndirilir.
28. Belə ki, İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə (Hüquqi dövlətin ümumi prinsipləri) əsasən: 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11-ci maddəsinə əsasən (Qanunçuluq prinsipi). 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Həmin Qanunun 13-cü maddəsinə əsasən (Etimad hüququnun qorunması prinsipi). 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 30.“X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci i il tarixli qərarında qeyd edilmişdir ki, bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarına əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisəli torpaq sahəsinin ayrılması barədə qərar (inzibati akt) qanunla müəyyən olunmuş qaydada geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən, beləliklə hüquqi qüvvəsini saxladığından hüquqi cəhətdən etibarlı sayılır. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.
32. Lakin, cavabdeh tərəfindən iddiaçının tələbinin təmin edilməsinə maneə törədən hallar əsaslandırılmamışdır. Belə ki, sözügedən Plenum Qərarda göstərildiyi kimi, yalnız formal yanlışlıqlara (texniki səhvlərə) - torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmaması və s. və eləcə də, prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).
33. Məhkəmə araşdırması zamanı isə torpaq sahəsinin ayrılması barədə inzibati aktın hüquqi qüvvəsini itirməsi və hüquqi cəhətdən etibarsız sayılması ilə bağlı hər hansı bir sübuta rast gəlinməmişdir.
34. Məhkəmə eləcə də, cavabdehin digər dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsinin faktiki ölçüsünün 1700 kv.m təşkil etməsi hazırki məhkəmə icraatında artıq tərəflər arasında mübahisəli məqam hesab edilmir. Belə ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək torpaq sahəsi üzərində hüquqların faktiki sahəyə uyğun qeydə alınması xahiş edilmişdir. Belə olan təqdirdə məhkəmə cavabdehin həmin dəlilinin araşdırılaraq ona münasibət bildirilməsini lüzum bilməmişdir.
35. Bundan əlavə, cavabdeh tərəfindən elektron kadastr baza məlumatlarına əsasən sahənin dövlət mülkiyyətində olmaqla sənayə, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olması və bələdiyyə ərazisi olması barədə məlumatın aşkar edilməməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin sorğusuna əsasən cavabdeh inzibati orqandan əldə edilmiş, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış iddiaçının qonşuluğunda yerləşən torpaq sahələrinə dair ilkin hüquqmüəyyənedici sənədlərdən müəyyən edilmişdir ki, həmin torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd qismində Səbail Bələdiyyəsinin qərarları olmuşdur və həmin torpaq sahələrinin kateqoriyası “yaşayış məntəqələrinin torpaqları” göstərilmişdir. Göründüyü kimi, eyni faktiki və hüquqi hallara söykənən işlər üzrə cavabdeh tərəfindən fərqli qərarlar qəbul edilmişdir ki, bu hal iddiaçıya münasibətdə əsas konstitusion hüquqlardan biri olan bərabərlik hüququ və həmin hüquq əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində də, öz əksini tapmış bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilməlidir.
36. Məhkəmə eləcə də, qeyd edir ki, torpaq sahəsinin cizgisində istinadlar, istinad məsafləri və perimetrik ölçülərin qeyd edilməməsi iddiaçının məsuliyyət sferası ilə əhat oluna bilməz.
37. O cümlədən, torpaq sahəsinin çox hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi və sahədən qaz boru xəttinin keçməsi və torpaq sahəsinin 13 saylı qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin hüdudları daxilində yerləşməsi ilə bağlı cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, torpaq sahəsinin elektrik xəttinin mühafizə zolağında yerləşməsi və sahədən qaz boru xəttinin keçməsi iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz.
38. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.
39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”-in 1.4-cü bəndinə Bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər.
40. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər.
41. Göründüyü kimi, cavabdehin bu dəlili əsassız olmaqla iddiaçının ona məxsus hüququn qeydə alınmasından imtina üçün əsas ola bilməz.
42. Eləcə də, cavabdeh imtinasının əsaslarında torpaq sahəsinin 13 saylı qeyriyaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin hüdudları daxilində yerləşməsinə istinad etsə də, bununla bağlı müvafiq təsdiqedici sənədlər məhkəməyə təqdim edə bilməmiş, əksinə məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”-da və ortofoto görüntüdə belə bir hala rast gəlinməmişdir.
43. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsi üzərindəki mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.
44. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir.
45. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin (Hüquqların dövlət qeydiyyatından imtina) tələblərinə əsasən: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
46. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və iddiaçı sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etməkdə haqlı olmuşdur.
47. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
48. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1700 kv.m torpaq sahəsinin mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva