Məhkəmə qərarları › İş №2-1(112)-5565/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5565/2021

10.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5565/2021 10.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X19 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri, Xətai rayon Polis İdarəsinə qarşı X14, X15, X10, X13 və X16 məhkəmə icraatına 3-cü şəxslər qismində cəlb olunmaqla “qeydiyyatdan çıxarılma” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxslər-22.08.1979-cu il təvəllüdlü X15, 08.06.1968ci il təvəllüdlü X13, 03.10.1971-ci il təvəllüdlü X11, 10.08.1996-cı il təvəllüdlü X16 və 29.07.2004-cü il təvəllüdlü X7 onun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 88 ünvanda yerləşən 83 saylı mənzildə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına dair öhdəliyinin icrasının Bakı şəhəri Xətai rayon Polis İdarəsinə həvalə edilməsi olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5565/2021 saylı, 12 aprel 2021-ci il tarixli qərardadı ilə X14, X15, X10, X13 və X16 iş üzrə 3-cü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və cavabdehə və üçüncü şəxslərə iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin iddiaçı, cavabdeh və 3-cü şəxslər tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X5 ilə 28.12.2010-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsi bağlayaraq Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yerləşən 3 otaqlı mənzili almış. O, mülkiyyətində olan Bakı şəhəri, Babək prospekti, ev 88 ünvanda yerləşən 83 saylı mənzildə tanımadığı, heç bir qohumluq münasibəti olmayan, həmin mənzildə yaşamayan 5 nəfər şəxsin - üçüncü şəxslər X15, X13, X11, X16 və X7 yaşayış yeri üzrə qeydiyyatda olduğunu müəyyən etmiş. O, həmin şəxslərin mənzilinə nə vaxt və hansı əsaslarla qeydiyyata düşməsi barədə məlumat və sənədlərin təqdim edilməsi ilə bağlı vəkil sorğusu ilə Bakı şəhəri Xətai rayon Polis İdarəsinə müraciət etmişdir. Xətai rayon Polis İdarəsinin həmin vəkil sorğusuna verdiyi 01.02.2021-ci il tarixli cavab məktubunda qeyd olunan şəxslərin mənzilinə qeydiyyata düşməsi ilə bağlı sənədlərin yandırılma yolu ilə məhv edilməsi səbəbindən ona təqdim edilməsinin mümkün olmadığı bildirilib. O, mənzilində formal olaraq qeydiyyatda olan həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə ərizə ilə Bakı şəhəri Xətai rayon Polis İdarəsinə müraciət etmişdir. Xətai rayon Polis İdarəsinin 11.03.2021-ci il tarixli cavab məktubunda onun ərizəsinin təmin olunmasından imtina olunub. O, aşağıdakılara əsasən inzibati orqanın imtinasını düzgün hesab etmir. Belə ki, iddia ərizəsində göstərdiyi şəxslərlə onun hər hansı qohumluq münasibəti yoxdur, onlar onun mənzilində yaşamırlar və ondan istifadə etmirlər, o onları tanımır, ümumiyyətlə onları heç vaxt görməmişdir, mənzilinə nə vaxt və hansı əsasla yaşayış yeri üzrə qeydiyyata düşmələrindən xəbəri yoxdur və onların onun mənzilində qeydiyyatı formal xarakter daşıyır. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş 3-cü şəxslər və cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Bakı şəhəri Xətai rayon Polis İdarəsi 20.05.2021-ci il tarixli 101-15528-1221 nömrəli məktubla müraciət edərək, şifahi məhkəmə baxış iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı 28.12.2010-ci il tarixdə X5 ilə bağlanmış alqı-satqı və ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanına mülkiyyət hüququ əldə etmişdir. Hazırda iddiaçı 3-cü şəxslər X7, X8, X3, X6 və X9 mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bunu da həmin şəxslərin qeydiyyatının formal olması ilə əsaslandırır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - Seriya MA № ******* saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 62.9 kv.m olan 3 otaqlı mənzil İddiaçı adına 28.01.2011-ci il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmişdir. - Bakı şəhər Xətai rayon Polis İdarəsi tərəfindən Bakı şəhəri 25 saylı vəkil bürosunun vəkili Vəkil ünvanlanan 01.02.2021-ci il tarixli 101-3220-1221 saylı məktubundan görünür ki, 3-cü şəxslərin Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanına qeydiyyata alınmalarına əsas verən sənədlər DİN-nin normativ hüquqi aktına əsasən yandırılma yolu ilə məhv edildiyindən, onların təqdim edilməsi mümkün deyildir. - Bakı şəhəri Xətai rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış imtina məktubundan görünür ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır. 1. Yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən 2. Başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq dövlət orqanının məlumatına əsasən 3. Öldükdə və ya məhkəmə qətnaməsi əsasında ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında 4. Yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə- məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qanunda göstərilən sənədlərdən hər-hansı biri təqdim edildiyi halda keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 15.11.2020-ci il tarixli arayışdan görünür ki, 22.08.1979-cu il təvəllüdlü X15, 08.06.1968-ci il təvəllüdlü X13, 03.10.1971-ci il təvəllüdlü X11, 10.08.1996cı il təvəllüdlü X16 və 29.07.2004-cü il təvəllüdlü X14 Bakı şəhəri, Xətai rayonu, ünvan 1də qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə göndərilmiş sorğuya cavab olaraq 26 aprel 2021-cil tarixli, 018-5391-1221 saylı cavab məkubunda qeyd edilmişdir ki, 08.06.1968-ci il təvəllüdlü X13 25.05.2005-ci il, 03.10.1971-ci il təvəllüdlü X11 18.06.2005-ci il, 29.07.2004-cü il təvəllüdlü X14 25.12.2017-ci il, 10.08.1996-cı il təvəllüdlü X16 03.11.2012-ci il və 22.08.1979-cu il təvəllüdlü X15 10.08.2002-ci il tarixdən hal-hazıradək Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Adları qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericliklə müəyyən edilmiş qaydada məhv edilmişdir. - Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yerləşən mənzil çıxarış əsasında İddiaçı məxsusdur. Həmin mənzilə dair X14, X15, X10, X13 və X9 istifadə hüququnun qeydiyyata alınmasına dair məlumat idarənin arxivində aşkar edilməmişdir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İş materiallarında olan sənədlərdən, işin araşdırılmış hallarından məlum olur ki, hazırki iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş şəxslər 16.01.2006-cı il tarixli arayışa əsasən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 88, 83 nömrəli mənzilində daimi qeydiyyatda olmuşlar. X11 və X13 tərəfindən verilmiş 14 yanvar 2006-cı il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, onlar yaşadıqları mənzilin qohumu X8 adına özəlləşdirilməsinə etiraz etməmişdirlər.10.08.1996-cı il təvəllüdlü X16 və 29.07.2004-cü il təvəllüdlü X14 həmin dövrdə yetkinlik yaşına çatmadıqlarından onlardan ərizə alınmamışdır. Sözügedən mənzil 26.01.2006-cı il tarixli “Qeydiyyat vəsiqəsi”nə əsasən X12 məxsus olmuşdur. 18.12.2006-cı il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X15 tərəfindən mənzil X1. Satıcı alıcıya 3-cü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi və 15 gün müddətində satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, iş üzrə 3-cü şəxslər mənzil hələ X8 mülkiyyətində olan vaxtı mənzilin satılmasına, mənzilə dair hər hansı hüquqlarının olmaması dair notarial ərizə vermişlər. Mənzil sonradan X2, daha sonra isə alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətinə keçmişdir. Həmin mənzilə dair üçüncü şəxslərin istifadə hüququ mövcud deyildir. Həmçinin, satıcı iddiaçıya mənzili satan zamanı üçüncü şəxslərin hüquqlarından azad əmlak verməyi öhdəsinə götürmüşdür. İddiaçı Bakı şəhəri Xətai rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin inzibati orqan əsassız olaraq iddiaçının tələbinin yerinə yetirilməsindən imtina etmişdir. Hazırkı mübahisədə həqiqətən də şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Belə olan təqdirdə Məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinin üçüncü şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmalarından imtina etməsi İddiaçı hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, X7, X8, X3, X6 və X9 Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 88, 83 saylı mənzildən qeydiyyatdan çıxarılma vəzifəsi cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 68-ci, 69-cu, 85-ci,10-cu mаddələrini rəhbər tutаrаq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanından üçüncü şəxslər X8, X3, X6, X7 və X9 qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakıİ nzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar