Məhkəmə qərarları › İş №2-1(112)-5566/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5566/2025

14.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5566/2025 14.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcəli əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən iddiaçının əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və iddiaçının İİ dərəcəli əlilliyinin ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2009-cu ildə İddiaçı yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət almışdır. Bununla bağlı uzun müddət xəstəxanada müalicə alaraq, müəyyən edilmişdir ki, qapalı kəllə beyin travmasım almışdır. Onun aldığı xəsarətlə bağlı nitqi pozulub, eyni zamanda yaddaşında ciddi poroblemlər olur və bədəninin sol hissəsi hərəkətsizdir. Bundan başqa iddiaçı yeriyərkən ayağında tutulmalar baş verir, yalnız digər şəxsin köməyi ilə hərəkət edə bilir. 2016-cı ildə DSMF tərəfindən əlilliyin müəyyən olunması meyarı 2.2. ikinci idəcəli əlillik= 2.2.12. sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegatativ əlamətlərlə keçən funksional pozğunluqları təyin edilmişdir. TSEK-in diaqnozu: Qapalı kəllə beyin travmasından sonrakı vəziyyət. Sol tərəfli hemiparer. Qabarıq A.N.S. Müayinə barədə məlumatda göstərilmişdir ki, əmək zəmanəti barədə bölmədə əmək qabiliyyətsiz olması göstərilmişdir. İddiaçıya qeyd edilən xəstəliklə bağlı DSMF tərəfindən ikinci qrup əlillik dərəcəsi verilmişdir və əlilik dərəcəsini aldığı üçün dövlət tərəfindən əlilliyə görə pensiya təyin edilmişdir. Lakin 2 ildən çoxdur ki, pensiya ödənişi dayandırılıb, ilk olaraq pensiyanın kəsilməsini bankla bağlı yaranmış problemlə əlaqəli olduğunu bilmiş, amma sonradan şifahi məlumata əsasən ona məlum olmuşdur ki, təyin edilmiş pensiya DSMF tərəfindən dayandırılıb. xx.xx.2024-cü ildə iddiaçı pensiyanın bərpası üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinə müraciət etmişdir, lakin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2024-cü il tarixli imtina məktubu ilə qeyd etmişdir ki, şəxsin əlilik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əliliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Cavabdeh tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının əllilik vəzəyyti dövlət tibb müəssisəsinin 2768003AADBJ nömrəli göndəriş əsasında xx.xx.2022-ci il tarixində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərar qəbul edilmişdir. Bununla əlaqədar, dövlət tibb müəssisəsi tərəfindən ətraflı müayinə olunub, ixtisaslaşmış müalicə aldıqdan sonra sağalamlıq vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir. Qeyd edilən imtina məktubunda cavabdeh təşkilat süründürməçiliyə yol verərək, iddiaçının konstitusiyon hüquqlarını pozaraq süni şəkildə pensiyanı əsassız olaraq ləğv etmiş və imtinada pensiyanın ləğv etməsini əsaslandırmamışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş, lakin həmin Qərar xx.xx.2024-cü il tarixinədək yəni, məhkəməyə müraciət edilənək mübahisələndirilməmişdir. Göründüyü kimi iddiaçı tərəfindən mümkünlük şərtlərinə də əməl edilməmişdir. Hesab olunur ki, qərarın mübahisələndirilməsi hazırkı mərhələdə iddia müddəti ötürüldüyü üçün mümkünsüz hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan: Müayinə barədə məlumatlarından görünür ki, iddiaçıya xx.xx.2009-cu il tarixindən 1 il müddətinə, xx.xx.2014-cü il tarixdən 1 il müddətinə, xx.xx.2015-ci il tarixdən 1 il müddətinə, xx.xx.2016-cı il tarixdən 5 il müddətinə ikinci dərəcəli əlillik təyin olunmuş, əlilliyin növbəti qiymətləndirmə tarixi xx.xx.2021-ci il tarix üçün müəyyən olunmuşdur. Müayinə barədə məlumatlardan görünür ki, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə aparılmış müayinələr nəticəsində iddiaçıya əlilliyin təyin olunmasından imtina olunmuşdur. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-17-4/2-Ə-28981/2024 nömrəli məktuba əsasən şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, iddiaçının əlillik vəziyyəti dövlət tibb müəssisəsinin 2768003AADBJ nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri təsbit edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilməlidir. “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” Azərbaycan Respublikasının Ali Məhkəməsinin İcmal məktubunun 16-cı bəndində qeyd olunmuşdur ki, “Göstərilən xüsusata münasibətdə qeyd edilməlidir ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, eləcə də müddətlə bağlı məhdudiyyətlərə tabedir. Sözügedən iddialar (əlilliyin müəyyən edilməsinə dair) da məcburetmə növündə iddia olmaqla, iddia müddətinə bağlıdır və iddia müddəti tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində müəyyən edilir (İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsi). Beləliklə, işə baxan məhkəmə ilk öncə mümkünlük şərtlərinin mövcudluğunu, o cümlədən iddia müddətinə riayət edilib-edilmədiyini yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra işin mahiyyəti üzrə araşdırmasını aparmalıdır.” Əvvəla iddianın növünə münasibətdə qeyd edilməlidir ki, hazırkı iddia mübahisələndirmə növündə iddia yox, məcburetmə növündə iddiadır. Bu zaman əlilliyin təyin edilməsindən imtina barədə qəbul edilmiş qərar, iddiaçının müraciətindən imtina xarakteri daşımaqla, hazırkı növ iddianın mübahisələndirmə növündə olmasını istisna edir. Qeyd olunmalıdır ki, sözügedən iddialar (əlilliyin müəyyən edilməsinə dair) da məcburetmə növündə iddia olmaqla, iddia müddətinə bağlıdır və iddia müddəti tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində müəyyən edilir (İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsi). İş materiallardan görünür ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə Bakı Qaradağ Tibb Mərkəzinin xx.xx.2022-ci il tarixli, 2768003AADBJ nömrəli göndərişi əsasında qiymətləndirilmiş və iddiaçının əlavə müalicəyə ehtiyacının olması səbəbi ilə xx.xx.2022-ci il tarixdə ona əlilliyin təyin olunmasından imtina edilmişdir. İddiaçı isə prosessual qanunvericiliklə müəyyən edilmiş 30 günlük müddət keçdikdən sonra məhkəmədə hazırkı iddianı qaldırmışdır. Eyni zamanda, iddiaçı tərəfindən iddianın vaxtında qaldırılmasını və ya müddətin onun təqsiri olmadan buraxılmasını təsdiq edən sübutlar, eləcə də müddətin bərpasına dair ərizə (vəsatət) məhkəməyə təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, prosessual müddət yalnız proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda bərpa edilə bilər. Göründüyü kimi, iddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli imtina qərarından məlumatlı olmasına və həmin zaman kəsiyində iddia qaldırmaq imkanına malik olmasına rəğmən, həmin zaman kəsiyində iddia qaldırmamışdır. Bu zaman nəzərə alınmalıdır ki, iddiaçı pensiya alan şəxs olmaqla yanaşı, 2022-ci ildən etibarən pensiya almaması faktiki olaraq onun əlillik statusunun ləğv edilməsi ilə əlaqədardır. İddia tələbinin əsaslandırılmasında qeyd olunmuşdur ki, iddiaçı güman etmişdir ki, ona pensiyanın ödənilməməsi bank əməliyyatlarının texniki səhvi ilə əlaqədar olmuşdur. Lakin məhkəmə iddiaçının irəli sürdüyü mülahizəni inandırıcı qəbul etmir. Çünki, əgər iddiaçı pensiyanın dayandırılmasının bank əməliyyatları ilə bağlı olduğunu hesab etsəydi, bu müddət ərzində bu məsələyə diqqət yetirər, banka və ya pensiya təyin edən orqanlara müraciət edə bilərdi. Lakin, iddiaçı tərəfindən belə bir müraciətinin edildiyi müəyyən olunmur. Məhkəmə qeyd edir ki, iddia müddətinə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Belə olan halda Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli cavabdeh tərəfindən qəbul edilmiş qərarla bağlı iddiaçı tərəfindən şikayət vermə müddəti ötürüldüyündən iddia tələbi mümkün sayılmamalıdır. Eyni zamanda, nəzərə alınmalıdır ki, İPM-in: 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir; 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz; 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; 24.6-cı maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Nəzərə alınmalıdır ki, prosessual müddətin bərpa edilməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, prosessual müddətin bərpa edilməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə,hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. İnzibati hüquq münasibətlərini tənzimləyən qanunvericilik müddətin bərpa edilməsi barədə ərizənin təqdim edilməsini istisna edən hal kimi ərizənin müddətin buraxılmasından 1 il keçməsi ilə şərtləndirir. Hazırki iş üzrə iddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxtdan artıq 1 ildən çox müddət keçdiyindən, iş üzrə iddia müddətin bərpa edilməsi barədə ərizənin verilməsi istisna olunur. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2294/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2-1(102)-2458/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2-1(102)-1318/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2-1(102)- 1571/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarlarında oxşar mövqeyidən çıxış edilmiş, əlilliyin təyin edilməsi ilə bağlı mübahisələrdə iddia müddətinin vacibliyi ilə mövqeyi nümayiş olunmuşdur. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar