Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5567/2022 14.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə qarşı mənzil növbəsinə götürülmə tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə qarşı mənzil növbəsinə götürülmə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddia onunla əsaslandırılmışdır ki, iddiaçı İİ Qarabağ Müharibəsi başlandıqdan sonra gedən döyüşlərdə iştirak etmiş, ağır yaralanmışdır. Vətən müharibəsi əlili kimi mənzil növbəsinə alınması ilə bağlı cavabvdehə müraciət etmiş, lakin cavabdeh ona imtina cavabı vermişdir. İddiaçı bildiririk ki, o, kirayədə yaşayır, kirayə haqqı 450 manatdır. Cavabdeh həmin məbləği ödəmir. Adına isə heç bir daşınmaz əmlak mövcud deyil. Cavabdehin iddiaya etirazından görünür ki, cavabdeh iddiaçının Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 50 saylı ev, 77 saylı mənzilə 14.09.2021-cil tarixdən yaşayış yeri üzrə qeydiyyata alındığını, bu səbəbdən də iddiaçının azı beş il ərzində Bakı şəhərində yaşamadığına istinad edərək imtinanın qanuni və əsaslı olduğunu bildirmişdir. İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 10.0. Mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aşağıdakılar aiddir: 10.0.1. mənzil fondunun uçot qaydasını müəyyən etmək; 10.0.2. yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək; 10.0.3. sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahələrinə ehtiyacı olan vətəndaşların aztəminatlı hesab edilməsi əsaslarını və qaydasını müəyyən etmək; 10.0.4. bələdiyyə mənzil fonduna məxsus yaşayış sahələrinin sosial kirayə müqaviləsi üzrə aztəminatlı vətəndaşlara verilməsi qaydasını müəyyən etmək; 10.0.5. dövlət mənzil fondunun yaşayış sahələrinin verilməsi məqsədilə digər kateqoriyalardan olan vətəndaşları müəyyən etmək; 10.0.6. kateqoriyaları qanunvericiliklə müəyyənləşdirilən və yaşayış sahələrinə ehtiyacı olan vətəndaşlara dövlət mənzil fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən etmək; 10.0.7. dövlət və bələdiyyə mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri üzrə yaşayış sahələrinin verilməsi əsaslarını müəyyən etmək; 10.0.8. mənzil-tikinti kooperativlərinin təşkili və fəaliyyət qaydasını müəyyən etmək, belə kooperativ üzvlərinin hüquqi vəziyyətini, o cümlədən onlara mənzil-tikinti kooperativlərində yaşayış sahələrinin verilməsi qaydasını müəyyən etmək; 10.0.8-1. çoxmənzilli binanın idarə edilməsi qaydasını müəyyən etmək; 10.0.8-2. çoxmənzilli binanın idarə edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi qaydalarını müəyyən etmək; 10.0.9. mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin təşkili və fəaliyyət qaydasını müəyyən etmək, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin üzvlərinin hüquqi vəziyyətini müəyyən etmək; 10.0.10. yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq; 10.0.11. yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək; 10.0.12. mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək; 10.0.13. yaşayış sahələrindən istifadə qaydalarını müəyyən etmək; 10.0.14. vətəndaşların yaşayış sahələrindən çıxarılmasının əsaslarını, qayda və şərtlərini müəyyən etmək; 10.0.15. yaşayış sahələri barəsində ayrı-ayrı əqdlərin hüquqi tənzimlənməsi; 10.0.16. yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödənişin strukturunu, bu ödənişin hesablanması və ödənilməsi qaydasını müəyyən etmək; 10.0.17. dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondun yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək; 10.0.18. müəyyən edilmiş qaydada yaşayış sahələrinin qeyri-yaşayış və qeyriyaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsi barədə qərar qəbul etmək; 10.0.19. mənzil münasibətləri sahəsində bələdiyyələrin və yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin səlahiyyətlərinə aid edilməmiş digər məsələlər. 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 51.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir; 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27.08.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. Qeyd olunan müddəaların təhlilindən aydın olur ki, mənzil sahəsində dövlətin həyata keçirdiyi vəzifələrdən biri də yaşayış sahəsinə ehtiyacı olan xüsusi qrup şəxslərin mənzil növbəsinə götürülməsi, növbəlilik qaydasına uyğun olaraq mərhələli şəkildə mənzillə təmin edilməsidir ki, iddiaçının da mənzilə ehtiyacı olan şəxs kateqoriyasına aid olduğu istisna edilməmişdir. Belə ki, iş materiallarında olan Şəki Şəhər İcra Hakimiyyətinin 23.11.2021-ci il tarixli Sərəncamından da göründüyü kimi iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3 qrup əlilliyi, onun ailə üzvlərinin mənzil və fərdi yaşayış evinin olmaması və digər hallar nəzərə alınmaqla mənzil növbəsinə ailə üzvü ilə birlikdə uçota alınması onun 12 noyabr 2021-ci il tarixədək qeydiyyatda olduğu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanı tərəfindən təmin edilmişdir. Həmin Sərəncam qüvvədədir və ləğv edilməmişdir. Bununla da hazırkı iddianın təmininin əsasında duran mənzil sahəsinə ehtiyac adıçəkilən Məcəllənin 10-cu maddəsi ilə nəzərdə tutulmuş vəzifələr çərçivəsində dövlət tərəfindən ödənilmişdir. İddiaçı isə yuxarıda adıçəkilən yerli icra hakimiyyəti orqanının sərəncamın qəbuluna əsas olmuş hallara yenidən istinad etməklə başqa ərazi üzrə müvafiq yerli icra hakimiyyətinə müraciət edərək mənzil növbəsinə götürülməsini xahiş edir ki, məhkəmə bununla bağlı iddianın əsassız olması qənaətindədir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsindən göründüyü kimi səlahiyyətləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş yerli icra hakimiyyətləri hakimiyyət bölgüsünə uyğun olaraq icra hakimiyyəti orqanı hesab edilirlər. Hazırkı işin faktiki halları ilə də müəyyən edilir ki, iddiaçının mənzil növbəsinə götürülməsi ilə bağlı sərəncam verən və həmin sərəncamın verilməsindən imtina edən inzibati orqanların hər biri icra hakimiyyəti orqanı olmaqla, eyni vaxtda və ya ayrı-ayrılıqda dövlətin onlara həvalə etdiyi funksiyaları (vəzifələri) icra edir, bu zaman onların hər biri dövlətin (hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq icra hakimiyyətinin) adından çıxış edir. Bu konteksdə aparılan qiymətləndirmə onu deməyə əsas verir ki, Şəki Şəhər İcra Hakimiyyəti “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27.08.2009-cu il tarixli Fərmanının 2.3-cü bəndinə və Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci yarımbəndinə uyğun olaraq öz vəzifəsini icra etmiş və iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3 qrup əlilliyi, onun ailə üzvlərinin mənzil və fərdi yaşayış evinin olmaması və digər hallar nəzərə alınmaqla mənzil növbəsinə ailə üzvü ilə birlikdə uçota alınmasını həyata keçirmişdir ki, həmin vəzifənin yenidən eyni əsasla digər yerli icra hakimiyyəti orqanından tələb edilməsi əsassız kimi qiymətləndirilməlidir. Hazırkı işin faktiki hallarına digər bir yanaşma isə onun qeyd edilməsinə zərurət yaradır ki, iddiaçının mənzil növbəsinə götürülməsi gələcəkdə növbə çatdığı vaxt şəxsə mənzil verilməsi ilə nəticələnir ki, hazırkı iddianın təmin ediləcəyi, eyni zamanda iddiaçı yaşayış yerini müəyyən müddətdən bir dəyişəcəyi təqdirdə qeydiyyatda olacağı yer üzrə müvafiq yerli icra hakimiyyəti orqanı tərəfindən mənzil növbəsinə eyni əsaslarla götürüləcəyi təqdirdə digər növbəyə götürülmə ilə bağlı sərəncamlar ləğv edilmədən iddiaçının mənzili əldə etməsində özü ilə eyni kateqoriyada olan şəxslərə nəzərən əldə etməsində üstünlük hüququ yaradacaq və ya həmin üstünlük mənzilin verilməsi ilə bağlı olmasa da növbədə dayanma sırası ilə bağlı olacaqdır ki, məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddiası özü ilə eyni kateqoriyada olan şəxslərdən üstünlük hüququnun əldə edilməsinə münasibətdə də təmin edilməməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-5567/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5567/2022
14.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver