Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5568/2021 04.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Ağaləsgər qızının cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X6, Səmədova (Tağıyeva) Gülgün Zaur qızı və X11) «mənzildən qeydiyyatdan çıxarılma» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı Ağaləsgər qızı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X6, Səmədova (Tağıyeva) Gülgün Zaur qızı və X11) «mənzildən qeydiyyatdan çıxarılma» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 38, mənzil 49 (Yeni qaydalarla 116, М2, m1) hal-hazırda İddiaçı xüsusi mülkiyyətindədir. DƏDRX-in ******* nömrəli reyestrdən çıxarışına əsasən həmin mənzil mülkiyyət hüququ üzrə reyestrdə iddiaçının adına qeydiyyata alınmışdır. Hal-hazırda həmin mənzildə iddiaçının keçmiş gəlini 7 fevral 1956-cı il tarixdə doğulmuş X6, nəvələri 2 dekabr 1989-cu il tarixdə doğulmuş X8 və 25 iyun 1988-ci il tarixdə doğulmuş X11 formal olaraq pasport qeydiyyatında qalmaqdadırlar. Belə ki, qeyd olunan şəxslər uzun müddətdir həmin mənzildə qeydiyyatda olsalar da, indiyədək həmin mənzildə yaşamamışlar. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin məktubundan görünür ki, onlar uzun müddətdir Rusiya Federasiyasında yaşayırlar. 31 saylı Mənzil Komunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş aktdan da görünür ki, cavabdehlər həmin mənzildə qeydiyyatda olmalarına baxmayaraq orada yaşamırlar. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 444/2021 nörməli 2 fevral 2021-ci il tarixli qərardadı ilə müəyyən edilmişdir ki, iş üzrə cavabdehlər X8, X9 və X1 mənzildən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi mübahisə doğuran məsələ deyil (onların belə bir hüquqları yaranmamışdır), cavabdehlər iddiaçı ilə qohumluq münasibətlərində deyillər və onların mübahsəli mənzilə istifadə hüquqlarının yaranması üçün əsas da olmamışdır. Cavabdehlərin mənzildə qeydiyyatda olmaları isə, onların istifadə hüquqlarının olması üçün əsas deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəşində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Həmin qərarın nəticə hissəsinin 3-cü bəndində göstərilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Üçüncü şəxslər X1, X3 və X7 İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün Bakı şəhəri Nəsimi RPİ-yə müraciət olunmuş, lakin bu günədək həmin İdarədən cavab verilməmişdir. Həmin şəxslərin mənzilində pasport qeydiyyatında qalmaları səbəbindən iddiaçının yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 152.1, 152.5-ci maddələrinə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1, 5, 9-cu maddələrinə, İPM-in 34.1-ci maddəsinə əsaslanaraq, İddiaçı Ağaləsgər qızının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 38 saylı evin 49 saylı mənzilindən (Yeni qaydalarla Asif Məhərrəmov küçəsi 116, M2, m1) üçüncü şəxslər X1, Səmədova (Tağıyeva) Gülgün Zaur qızının və X7 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Nəsimi RPİ-nin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə saxil olmamışdır. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş və üçüncü şəxs X5 gəlmişlər, cavabdeh tərəf və digər üçüncü şəxslər gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 38 saylı evin 49 saylı mənzili İddiaçı Ağaləsgər qızının mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Əsəlgərov küçəsi, 38 saylı binanın sakinləri X4, X14 və X2 imzası, Bakı şəhəri Nəsimi rayonu 18 saylı MKİS-in möhürü ilə təsdiq edilmiş 17 iyun 2020-ci il tarixli aktda aşağıdakılar bildirilir: - həqiqətən 5-ci mikrorayon, Asif Məhərrəmov küçəsi, 38 saylı binanın 49 saylı mənzilində yaşayan qonşu İddiaçı Ağaləsgər qızının mənzilində gəlini 1956-cı il təvəllüdlü X6, nəvəsi 1988-ci il təvəllüdlü X11, nəvəsi 1989-cu il təvəllüdlü X8 qeydiyyatda olsalar da, mənzildə yaşamırlar. İş materiallarında olan Bakı şəhəri Nəsimi RPİ-nin İddiaçı Ağaləsgər qızının nümayəndəsinə ünvanlanmış 3 mart 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - Bakı şəhəri Nəsimi RPİ QMB-yə daxiul olmuş müraciətə baxılmışdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 9-cu maddəsinin tələblərinə əsasən müraciətdə göstərilən şəxslərin Bakı şəhəri, Nəsimi rayonu, 38 saylı evin 49 saylı mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. «İnzibati icraat haqqında» AR Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, ömürlük azadlıqdan məhrum edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndinə əsasən vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixdə qərara almışdır ki: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; - «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi, mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyat çıxarılması üçün halları müəyyən etmiş və “şəxsin yaşayış yerini dəyişməsi” və “şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” belə hallara aiddir. Nəzərə alınmalıdır ki, şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasının qanunvericiliklə müəyyən edilmiş digər əsasları hazırkı mübahisə ilə uzlaşmır və belə əsasların iş üzrə müəyyən edilməsinin yoxlanılmasına zərurət yaranmır. Lakin hazırkı işin hallarından məlum olur ki, üçüncü şəxslər X1, Səmədova (Tağıyeva) Gülgün Zaur qızının və X7 hazırkı İddiaçı Ağaləsgər qızının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 38 saylı evin 49 saylı mənzilinə (Yeni qaydalarla Asif Məhərrəmov küçəsi 116, M2, m1) hər hansı hüququ mövcud deyil və bunu təkzib edən xüsusatlar məhkəmə icraatında müəyyən edilmir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan Bakı şəhəri Nəsimi RPİ tərəfindən aparılan inzibati icraatda iddiaçıdan müvafiq yaşayış sahəsinin mülkiyyətçisi kimi «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş “yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilmə barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi”nin tələb olunması formal xarakret daşıyır və «İnzibati icraat haqqında» AR Qanununun 15, 17-ci maddələri ilə ziddiyyət təşkil edir. Odur ki, məhkəmənin qənaətinə görə İddiaçı Ağaləsgər qızının mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 38 saylı evin 49 saylı mənzilində üçüncü şəxslər X6, Səmədova (Tağıyeva) Gülgün Zaur qızı və X11 hazırda yaşamadıqlarından (bu hal cavabdeh tərəfindən təkzib olunmur), mənzilin mülkiyyətçisi kimi hazırkı iddiaçının müraciəti əsasında adıçəkilən şəxslərin sözügedən yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasından imtina olunması qanuna zidd sayılmalı və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı Ağaləsgər qızının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 38 sylı evin 49 saylı mənzilindən (Yeni qaydalarla Asif Məhərrəmov küçəsi 116, M2, m1) üçüncü şəxslər X1, Səmədova (Tağıyeva) Gülgün Zaur qızının və X7 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi RPİ-nin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Ağaləsgər qızının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 38 sylı evin 49 saylı mənzilindən (Yeni qaydalarla Asif Məhərrəmov küçəsi 116, M2, m1) üçüncü şəxslər X1, Səmədova (Tağıyeva) Gülgün Zaur qızının və X7 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5568/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5568/2021
04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver