Məhkəmə qərarları › İş №2-1(112)-5569/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5569/2021

23.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5569/2021 23.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “hərrac protokolunun ləğv edilməsi və ödənilən vəsaitin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə X3 Niva markalı **-PF-*** dövlət nömrə nişanlı avtomaşının alınmasına dair 02.02.2021-ci il tarixli 04/01 №-li Hərrac Protokolunun ləğv edilməsi və bununla əlaqədar avtomaşının alınmasına dair ödədiyi 3750 (üç min yeddi yüz əlli) manat pulun qaytarılmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 23.12.2000-ci il tarixli 432 saylı Fərmanı ilə “Dövlət əmlaklarının hərraclar vasitəsi ilə satışı qaydaları”-na uyğun olaraq dövlət orqanlarının balansında olan əmlaklarının hərrac vasitəsi ilə satışa çıxarılması əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyin yanında Əmlak Məsələri Dövlət Xidməti Hərracların Təşkili üzrə Auksion Mərkəzinə müraciət edərək Chevrolet Niva markalı **-PF- *** dövlət nömrə nişanlı avtomaşının hərracda satılması üçün təqdim edilmişdir. O zaman Chevrolet Niva markalı **-PF-*** dövlət nömrə nişanlı avtomaşının texniki vəziyyəti ilə əlaqədar Hərrac Mərkəzinə təqdim edilmiş arayışda, həm də İnternet bazasında məlumatlar var idi. Həmin vaxtı iddiaçı avtomaşının texniki vəziyyətini nəzərə alaraq hərracda iştirak etmişdir. Avtomaşının texniki vəziyyəti barədə həmin arayışlara təqdim edilmiş fotoşəkillərdə avtomaşının xarici və motor hissəsinin vəziyyəti göstərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili üzrə Auksion Mərkəzi 02.02.2021-ci il tarixli 04/01 №li Hərrac Protokoluna əsasən iddiaçı Chevrolet Niva markalı **-PF-*** dövlət nömrə nişanlı avtomaşınını almış və bununla əlaqədar Hərrac Mərkəzinin təqdim etdiyi hesaba 3750 manat pul ödəmişdir. Lakin hərracdan sonra Hərrac Mərkəzinin məktubu ilə iddiaçı avtomaşını götürmək üçün Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi Tədqiqat və Layihə-X1 İnstitutuna gəlmiş, lakin İnstitutun rəhbərliyi avtomaşını iddiaçıya təqdim etməkdən açıq imtina etmişdir və bildirmişdir ki, İnstitut müstəqil qurumdur və hərracda alqı-satqı müqaviləsi üzrə ödənilən pul vəsait institutun hesabına köçürülməlidir. Ona görə də iddiaçı yenidən Hərrac Mərkəzinə gəlmiş və avtomaşının ona təqdim edilməsindən imtina edilməsini onlara bildirmişdir. Ona görə də iddiaçı İqtisadiyyat Nazirliyin yanında Əmlak Məsələri Dövlət Xidmətinə müraciət edərək hərracda satılmış avtomaşının təhvil verilməsinin təmin edilməsini xahiş etmişdir. İqtisadiyyat Nazirliyin yanında Əmlak Məsələri Dövlət Xidmətinin rəis müavininin imzası ilə **********98 saylı 08.02.2021-ci il tarixli məktubda Chevrolet Niva markalı **-PF-*** dövlət nömrə nişanlı avtomaşının balansdan çıxarılaraq onun texniki sənədlərinin dövlət yol polis orqanlarında İddiaçı adına rəsmiləşdirilməsini bildirmişdir. Bununla əlaqədar iddiaçı avtomaşının saxlandığı yerə getmiş və avtomaşına baxış keçirən zaman məlum olmuşdur ki, avtomaşının hərraca çıxarılması zamanı onun texniki vəziyyəti daha da pisləşdirilmişdir. Belə ki, avtomaşının təkərləri çıxardılmış, mator hissəsində detalları dəyişdirilmiş, avtomaşının kabinə hissəsində söküntii işləri aparılmışdır. Avtomaşının hərraca çıxarılması vaxtı avtomaşının şəkilləri çəkilmiş və həmin şəkillərdə avtomaşının texniki vəziyyəti ilə hazırkı vəziyyəti çox fəqrlidir və pisləşdirilmişdir. Ona görə də iddiaçı 12.02.2021-ci il və 19.02.2021-ci il tarixlərində İqtisadiyyat Nazirliyin yanında Əmlak Məsələri Dövlət Xidmətinə müraciət edərək Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elini Tədqiqat və Layihə-X1 İnstitutuna müraciət edilməsini və Chevrolet Niva markalı **-PF-*** dövlət nömrə nişanlı avtomaşının satış vəziyyətində iddiaçıya təqdim edilməsi, əks təqdirdə müqavilənin ləğv edilməsi və ödədiyi pulun qaytarılmasını xahiş etsə də, bu vaxta kimi iddiaçıya cavab verilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 izahatında bildirdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilmiş hərracda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutunun balansında olan və satış qiyməti 3750 manat olan 2011-ci il buraxılışlı, Chevrolet Niva markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı satılmışdır, bununla əlaqədar olaraq 02.02.2021-ci il tarixli 04/01 nömrəli Hərrac Protokolu tərtib edilmişdir və satış qiyməti olan 3750 manat iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Qeyd olunan nəqliyyat vasitəsinin hərracın qalibi İddiaçı adına rəsmiləşdirilməsi üçün tərəflərindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinə, Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə bir neçə məktublarla müraciət edilmişdir. Cavabdeh tərəfindən bütün hərəkətlər qanunvericiliyin tələblərinə uyğun olaraq yerinə yetirilmişdir. İddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 02.02.2021-ci il tarixli 04/01 nömrəli Hərrac Protokolunun təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçirilmiş hərracda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutunun balansında olan və satış qiyməti 3750 manat olan Chevrolet Niva markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Satıcı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Qalib (Alıcı) İddiaçı satılmışdır. İş materiallarında olan özəlləşdirmə portalından çıxarışından görünür ki, Balanssaxlayıcı təşkilat (müəssisə) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu; Nəqliyyat vasitəsinin markası - Chevrolet Niva; buraxılış ili - 2011, yürüşü (km) -, Start qiyməti (manatla) – 2000; yerləşdiyi yer – Bakı şəhəri qeyd edilmişdir. Nəqliyyat vasitəsinin ön hissəsi tamamilə yanmışdır. Mühərrik, ön faralar, sürətlər qutusu, ön bufer, ön şüşə, radiator, starter, dinamo, akkumlyator yararsız haldadır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə ünvanlanmış 08.02.2021-ci il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutunun balansında olan 2011-ci il buraxılışlı, Chevrolet Niva markalı, 10PF722 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışının həyata keçirilməsi barədə müraciət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olmuşdur. Bununla əlaqədar bildiririk ki, müraciətə əlavə olunmuş sənədlərə Xidmətdə yaradılmış xüsusi komissiyada baxılaraq Azərbaycan Respublikası Prezidentinin 23.12.2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları" və qüvvədə olan digər normativ aktlarla müəyyən edilmiş qaydada sözügedən nəqliyyat vasitəsi 02 fevral 2021-ci il tarixli 04/01 nömrəli hərrac protokoluna əsasən İddiaçı satılmış və həmin şəxs tərəfindən nəqliyyat vasitəsinin 3750 (üç min yeddi yüz əlli) manat dəyərinin dövlət büdcəsinə ödənilməsi təmin olunmuşdur. Göstərilənləri nəzərə alaraq bildiririk ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutunun balansında olmuş 2011-ci il buraxılışlı, Chevrolet Niva markalı, 10PF722 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi balansdan çıxarılaraq onun texniki sənədləri X6 orqanlarında İddiaçı adına rəsmiləşdirilə bilər. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə və İddiaçı ünvanlanmış 26.02.2021-ci il tarixli məktubda qeyd olunur: Dövlət müəssisə və təşkilatlarının, habelə tam özəlləşdirilməmiş səhmdar cəmiyyətlərinin və nizamnamə fondunda dövlət payı olan hüquqi şəxslərin balansında olan limitdən və tələbatdan artıq minik avtomobillərinin və digər nəqliyyat vasitələrinin, o cümlədən normativ istismar müddəti bitmiş, tam aşınmış, silinməli olan nəqliyyat vasitələrinin hərrac vasitəsilə satışı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 avqust 1997-ci il tarixli 164s nömrəli sərəncamına əsasən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə Konstruktur İnşaat Materialları İnstitutunun müraciəti əsasında (əlavə olunur) İnstitutun balansında olan 2011-ci il buraxılışlı, Chevrolet Niva markalı 10PF722 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 2 fevral 2021-ci il tarixində keçirilən hərracda 3750 (üç min yeddi yüz əlli) manata satılmış və hərracın qalibi İddiaçı olmuşdur. Hərrac komissiyası tərəfindən 2 fevral 2021-ci il tarixli 04/01 nömrəli protokol hərrac qalibinə təqdim edilmiş və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2.8 və 11.1-ci maddələrinin tələbinə əsasən qalib alıcı tərəfindən dövlət büdcəsinə tam ödəniş həyata keçirildiyi üçün prosedur qaydalarına uyğun olaraq vətəndaşın adına rəsmiləşdirilmə işlərinin həyata keçirilməsi məqsədilə balanssaxlayıcı təşkilata və Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə Xidmət tərəfindən 08.02.2021-ci il tarixli **********98 nömrəli məktub ünvanlanmışdır. Qalib alıcı əmlakın tam dəyərini dövlət büdcəsinə ödəməsinə baxmayaraq, Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə Konstruktur İnşaat Materialları İnstitutu nəqliyyat vasitəsinin vətəndaşın adına rəsmiləşdirilməsini təmin etməmişdir. Eyni zamanda, hərracın qalibi olan İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək nəqliyyatın hərraca çıxarılmış foto şəkilləri ilə hazırkı vəziyyəti arasında uyğunsuzluğun olduğunu və bir çox ehtiyat hissələrinin çıxarıldığını bildirərək vətəndaş tərəfindən müvafiq foto şəkillər şikayət olaraq Xidmətə təqdim olunmuşdur (əlavə olunur). Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən işçi qaydada İnstitutun rəhbərliyi ilə dəfələrlə əlaqə saxlanılmasına baxmayaraq, bugünədək adıçəkilən nəqliyyat vasitəsi yeni mülkiyyətçisinə - İddiaçı təhvil verilməmişdir ki, bu da vətəndaşın haqlı narazılığına səbəb olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə. Dadaşov adına Elmi- Tədqiqat və Layihə-X1 İnstitutunun balansında olmuş 2011-ci il buraxılışlı, Chevrolet Niva markalı, 10PF722 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin balansdan çıxarılaraq onun texniki sənədlərinin X6 orqanlarında hərracın qalibi İddiaçı adına rəsmiləşdirilməsinin qısa müddət ərzində təmin edilməsini və nəticəsi barədə Xidmətə məlumat verilməsini xahiş edirik. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə və İddiaçı ünvanlanmış 13.04.2021-ci il tarixli məktubda qeyd olunur: Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə Konstruktur İnşaat Materialları İnstitutunun müraciəti əsasında İnstitutun balansında olan 2011-ci il buraxılışlı, Chevrolet Niva markalı 10PF722 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində 2 fevral 2021-ci il tarixində keçirilən hərracda 3750 (üç min yeddi yüz əlli) manata satılmış və hərracın qalibi İddiaçı olmuşdur. Hərrac komissiyası tərəfindən 2 fevral 2021-ci il tarixli 04/01 nömrəli protokol hərrac qalibinə təqdim edilmiş və "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 8.2.8 və 11.1-ci maddələrinin tələbinə əsasən qalib alıcı tərəfindən dövlət büdcəsinə tam ödəniş həyata keçirildiyi üçün prosedur qaydalarına uyğun olaraq vətəndaşın adına rəsmiləşdirilmə işlərinin həyata keçirilməsi məqsədilə balanssaxlayıcı təşkilata və Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə Xidmət tərəfindən 08.02.2021-ci il tarixli **********98 nömrəli məktub ünvanlanmışdır. Qalib alıcı əmlakın tam dəyərini dövlət büdcəsinə ödəməsinə baxmayaraq, Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə Konstruktur inşaat Materialları İnstitutu nəqliyyat vasitəsinin vətəndaşın adına rəsmiləşdirilməsini təmin etməmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutunun balansında olmuş 2011-ci il buraxılışlı, Chevrolet Niva markalı, 10PF722 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin balansdan çıxarılaraq onun texniki sənədlərinin X6 orqanlarında hərracın qalibi İddiaçı adına rəsmiləşdirilməsinin qısa müddət ərzində təmin edilməsi və nəticəsi barədə Xidmətə məlumat verilməsi barədə 26.02.2021-ci il tarixli **********76 nömrəli məktubla Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə müraciət edilməsinə baxmayaraq müvafiq tədbirlər görülməmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən işçi qaydada İnstitutun rəhbərliyi ilə dəfələrlə əlaqə saxlanılmasına baxmayaraq, bugünədək adıçəkilən nəqliyyat vasitəsi yeni mülkiyyətçisinə - İddiaçı təhvil verilməmişdir ki, bu da vətəndaşın haqlı narazılığına səbəb olmuşdur (əlavə olunur). Yuxarıda qeyd olunanları nəzərə alaraq, nəqliyyat vasitəsinin balansdan çıxarılaraq onun texniki sənədlərinin X6 orqanlarında hərracın qalibi İddiaçı adına rəsmiləşdirilməsinin qısa müddət ərzində təmin edilməsini və nəticəsi barədə Xidmətə məlumat verilməsini bir daha xahiş edirik. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 23.07.2021-ci il tarixli məktubda qeyd olunur: İcraatınızda olan 2-1(112)-5569/2021 nömrəli iş üzrə yaranmış zərurətlə bağlı **-PF-*** dövlət nömrə nişanlı Chevrolet Niva markalı avtomobilin satışı üzrə 02.02.2021-ci il tarixdə hərrac vasitəsilə satılmasına dair sənədlərin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim olunması barədə sorğunuza İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bildiririk ki, qeyd olunan nəqliyyat vasitəsinin hərracın qalibi İddiaçı adına rəsmiləşdirilməsi üçün tərəfimizdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinə və Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə 08 fevral 2021-ci il tarixli **********98 nömrəli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə 13 aprel 2021-ci il tarixli **********54 nömrəli məktublarla müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. «Dövlət müəssisə və təşkilatlarının balansında olan limitdən və tələbatdan artıq minik avtomobilləri və digər nəqliyyat vasitələri barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.08.1997-ci il tarixli 164s nömrəli Sərəncamına əsasən dövlət müəssisə və təşkilatlarının balansında olan limitdən və tələbatdan artıq minik avtomobilləri və digər nəqliyyat vasitələrinin, o cümlədən normativ-istismar müddəti bitmiş, tam aşınmış, silinməli olan nəqliyyat vasitələrinin bazar qiymətlərinə uyğun olaraq Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən müəyyən olunmuş qaydada satılmasının və əldə olunan vəsaitin dövlət büdcəsinə köçürülməsinin təmin edilməsi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə tapşırılmışdır. «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir. 8.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. 8.2-ci maddəsinə əsasən dövlət əmlakının satıcısı aşağıdakı funksiyaları həyata keçirir: 8.2.1. müəyyən olunmuş qaydada dövlət əmlakının registrini aparır; 8.2.2. qanunvericilikdə müəyyən edilmiş qaydaya uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi üzrə komissiya yaradır; 8.2.3. özəlləşdirməyə açıq elan edilmiş dövlət əmlakını satılan anadək müəyyən edilmiş qaydada idarə edir. 20.1-ci maddəsinə əsasən dövlət əmlakının hərraclar vasitəsilə ilə satışı həmin əmlakın hər hansı bir şərt qoyulmadan alıcıya satışıdır. Bu zaman əmlak üzərində mülkiyyət hüququ hərracın gedişində maksimum qiymət təklif etmiş alıcıya verilir. Dövlət əmlakının hərrac vasitəsilə satışı baş tutmadıqda (sifariş verilmədikdə və ya start qiyməti ilə satılmadıqda) növbəti hərracda dövlət əmlakının satıcısı müəyyən olunmuş qaydada start qiymətini aşağı sala bilər. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları»nın: 1.2-ci maddəsinə əsasən hərraclar vasitəsi ilə dövlət əmlakının habelə torpaq sahələrinin satışı özəlləşdirilən əmlak barəsində alıcıdan hər hansı bir şərtin yerinə yetirilməsi tələb olunmadan özəlləşdirmədə alıcı kimi tanınan fiziki və hüquqi şəxslərin mülkiyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirilməsidir. Bu zaman əmlak üzərində mülkiyyət hüququ hərracın gedişində maksimum qiymət təklif etmiş alıcıya verilir. Alıcı əmlakın hərrac dəyərini pulla ödəyir. 1.3-cü maddəsinə əsasən özəlləşdirilən dövlət əmlakının habelə torpaq sahələrinin satıcısı kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra - Satıcı) çıxış edir. 2.1-ci maddəsinə əsasən satıcı hərraca hazırıq mərhələsində hərrac gününə ən azı 30 (otuz) gün qalmış hərrac haqqında məlumatın Satıcının rəsmi mətbu orqanı olan "Mülkiyyət" qəzetində dərc olunmasını təmin edir. 2.3-cü maddəsinə əsasən məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək üçün sifariş vermiş şəxslərə satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı yaradılır. 4.1-ci maddəsinə əsasən hərracın keçirilməsi məqsədilə satıcı tərəfindən komissiya yaradılır və onun iş reqlamenti təsdiq olunur. Komissiya 5 (beş) nəfərdən ibarət olmaqla onun tərkibinə satıcının, satışa çıxarılan əmlakın yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti orqanının, yerli maliyyə və ədliyyə orqanlarının nümayəndələri daxil edilir. Komissiyanın sədri satıcının nümayəndələrindən təyin olunur. 4.4-cü maddəsinə əsasən hərrac başa çatdıqdan sonra hərrac komissiyası hərracın yekunlarını protokollaşdırır. Hərracın nəticələrinə görə yekun protokolu iki nüsxədə tərtib edilir, hərraca yekun vurulan gün iclasda iştirak edən komissiya üzvləri tərəfindən imzalanır və təsdiq olunmaq üçün satıcıya verilir. Həmin protokol 3 (üç) gün müddətində satıcı tərəfindən təsdiq edilir. Protokol 2 (iki) nüsxədə alıcı və ya onun nümayəndəsi, komissiyanın sədri və üzvləri tərəfindən imzalanır. Protokolda satıcı və alıcı haqqında məlumatlar, özəlləşdirilən müəssisənin (obyektin) və səhmin adı, axırıncı satış qiyməti, habelə alqı-satqı müqaviləsini imzalamaq haqqında tərəflərin öhdəlikləri əks olunur. Hərracın yekunları haqqında protokolun bir nüsxəsi alıcıya verilir. Bu protokol obyekt üzrə alqı-satqı müqaviləsi bağlanması üçün alıcının hüququnu təsdiq edən sənəddir. Hərracın qalibi hərrac başa çatdıqdan sonra həmin gün hərracın yekunları haqqında protokola imza etməlidir. 5.1-ci maddəsinə əsasən satıcı və alıcı arasında hərracın yekunları haqqında protokol imzalandığı andan 10 (on) təqvim günü ərzində qüvvədə olan qanunvericiliyə müvafiq olaraq alqı-satqı müqaviləsi imzalanmalıdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçirilmiş hərracda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutunun balansında olan və satış qiyməti 3750 manat olan 2011-ci il buraxılışlı, Chevrolet Niva markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Satıcı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İddiaçı satılmışdır, bununla əlaqədar olaraq 02.02.2021-ci il tarixli 04/01 nömrəli Hərrac Protokolu tərtib edilmişdir. Satış qiyməti olan 3750 manat iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Lakin qeyd olunan avtomobil bu günədək iddiaçıya təhvil verilməmişdir. İddiaçı bununla əlaqədar olaraq cavabdeh orqana müraciət etmişdir, lakin avtomobilin iddiaçıya təhvil verilməsi üçün cavabdeh tərəfindən hər hansı hərəkət edilməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən keçirilmiş hərracda iddiaçıya satılan avtomobilin dəyəri iddiaçı tərəfindən tam ödənilməsinə baxmayaraq, cavabdeh orqan tərəfindən həmin avtomobil bu günədək iddiaçıya təhvil verilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutunun balansında olan Chevrolet Niva markalı **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satılmasına dair hərracın nəticələri barədə 02.02.2021-ci il tarixli 04/01 saylı Hərrac Protokolu ləğv edilsin və həmin nəqliyyat vasitəsinin alınması üçün iddiaçı tərəfindən ödənilmiş 3750 (üç min yeddi yüz əlli) manat məbləğində pulun İddiaçı qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar