Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5573/2020 20.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə qarşı əmək haqqının ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.2012-ci ildən xx.xx.2016-cı ilədək Polşadakı Səfirliyində təsərrüfat müdiri vəzifəsində işlədiyi vaxt üzrə Bakıda yığılan həmin vəzifə maaşın 50 faizini sayıb, onun adına bank hesabı açıb, həmin hesaba ona çatacaq vəsaiti köçürməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2012-ci ildən xx.xx.2016-cı ilədək Azərbaycanın Polşadakı Səfirliyində təsərrüfat müdiri vəzifəsində çalışmışdır. Orada ezamiyyət pulu aldığı və müvafiq qayda-qanuna görə Bakıda həmin vəzifənin maaşın 50 faizi onun adına yığılmalı idi. Bu qanun Azərbaycanın xarici səfirliklərində çalışan hər bir əməkdaşlarına aiddir. O vaxt yanlış hesab edərək həmin vəsaiti almaqdan imtina etmiş, onun bank hesabına ödənilmiş vəsaiti isə cavabdehə geri qaytarmışdır. 2020-ci ilin fevral ayında, Dövlət Sosial Müdafiə Fondunda ona həmin vəsaiti almaq hüququnun olduğunu bildirmişlər. Ona görə də cavabdehə müraciət edərək onun xx.xx.2012-ci ildən xx.xx.2016cı ilədək Azərbaycanın Polşadakı Səfirliyində təsərrüfat müdiri vəzifəsində işlədiyi vaxt üzrə vəzifə maaşın 50 faizinin ona ödənilməsini xahiş etmişdir. Onun ərizələrinə XİN-nin maliyyə idarəsinin rəisi Lamiyə Cənəhmədovanın imzası ilə 1 aprel tarixli 7/16-216/16/20 nömrəli cavab almışdır. Həmin cavabın sonuncu abzasında göründüyü kimi faktiki olaraq onun tələbinin haqqlığı təsdiq olunur, amma tələb etdiyi əmək haqqı vəsaiti 2020-ci ilin xərclər smetasında tutulmağı bahasını gətirilməklə, onun xahişi rədd olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbi ilə bağlı etirazdan görünür ki, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsində qeyd olunmuşdur ki, diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin əmək münasibətləri bu Qanun, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə tənzimlənir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində qulluq dövlət qulluğunun xüsusi növüdür. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1014 nömrəli Sərəncamına müvafiq olaraq, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin strukturuna daxildir. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında işləyən diplomatik xidmət əməkdaşları üçün vəzifələr “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 6.3-cü maddəsində müəyyən edilir. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında işləyən texniki tərkibə aid vəzifələrin adları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 aprel tarixli 83s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlardakı diplomatik nümayəndəliklərində və konsulluqlarında çalışan işçilərin aylıq əmək haqqı sxemi”ndə qeyd olunur. Texniki tərkibə aid olan “təsərrüfat müdiri” vəzifəsi həmin əmək haqqı sxeminin 10-cu bəndində yerləşir. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində dövlət qulluğunda olmayan şəxs diplomatik nümayəndəlikdə və ya konsulluqda inzibati-texniki xidmətin həyata keçirilməsi ilə bağlı müvafiq vəzifəyə (məsələn, təsərrüfat müdiri vəzifəsinə) təyin olunur ki, yardımçı vəzifələr ali - 5-ci kateqoriya dövlət orqanlarında texniki işləri həyata keçirən dövlət qulluqçularının (kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilərin) vəzifələridir. Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu”nun 2.4-cü bəndinə uyğun olaraq, dövlət orqanının rəhbəri Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə razılaşdırmaqla, ştat cədvəlində həmin orqanın strukturunun profilini əks etdirən vəzifə adlarını nəzərdə tuta bilər. Beləliklə, yuxarıda qeyd olunan qanunvericilik aktlarının təhlili Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində mövcud olan təsərrüfat müdiri (mütəxəssis) vəzifəsində qulluq dövrünün dövlət qulluğu stajına aid olduğunu söyləməyə əsas verir. Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyində xx.xx.2012-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək təsərrüfat müdiri vəzifəsində işləmiş İddiaçı dövlət qulluğunun mütəxəssis vəzifəsinə uyğun vəzifə maaşının 50 faizi məbləğində əmək haqqı onun vəzifəyə təyin olunduğu tarixdən başlayaraq 2014-cü ilin sonunadək Azərbaycan Respublikasındakı bank hesabına köçürülmüşdür. İddiaçı ərizə ilə Xarici İşlər Nazirliyinə müraciət edərək həmin əmək haqqından imtina etmiş və onun bank hesabında yığılan tam məbləğ 2015-ci ilin fevral ayında dövlət büdcəsinə qaytarılmışdır. Yuxarıda qeyd olunanlar İddiaçı xx xxxx 2020-ci il tarixli iddia ərizəsində də təsdiq edilmişdir. Məlum olduğu kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həllində iddia müddətləri müəyyən olunur. Həmin maddənin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir il ərzində məhkəməyə müraciət edə bilər. Beləliklə də İddiaçı tərəfindən iddia ərizəsində qeyd olunan fərdi əmək mübahisəsinin həlli ilə bağlı qanunvericilikdə nəzərdə tutulan iddia müddətinin ötürüldüyü məlum olmuşdur. Qeyd olunanları və İddiaçı tərəfindən iddia müddətinin ötürülməsi nəzərə alınmaqla iş üzrə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilsə də səlahiyyətli numayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1946-cı ildə, Bakı şəhərində doğulmuşdur. - “xxxx” ASC-nin xx.xx.2015-ci il tarixli məxaric üzrə kassa orderinin surətindən görünür ki, İddiaçı hesabına 1161.76 AZN köçürülmüşdür. - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin BŞH seriyalı, 172396 №-li, xx.xx.2015-ci il tarixli kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, İddiaçı 1161,60 AZN əmək haqqını geri qaytarmışdır. - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 7/16-216/16/20 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının “Diplomatik Xidmət haqqında” Qanunun 23.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında dövlət qulluğunda olmayan şəxs Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 6.3.1ci və 6.3.2-ci maddələrində göstərilən vəzifələrə təyin olunduqda, həmin şəxs üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında bu orqanın aparıcı idarə rəisinin vəzifə maaşının, digər diplomatik vəzifələrə və ya inzibati-texniki xidmətin həyata keçirilməsi ilə bağlı vəzifələrə təyin olunduqda isə həmin vəzifələrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında uyğun gələn vəzifələr üçün müəyyən edilmiş vəzifə maaşının 50 faizi həcmində əmək haqqı saxlanılır. 2012-ci ildə Azərbaycan Respublikasının Polşadakı səfirliyinə təsərrüfat müdiri - komendant vəzifəsinə təyin edilmişdir. Həmin dövrdən 2014-cü ilin sonunadək (imtina edənədək) Azərbaycan Respublikasının “Diplomatik Xidmət haqqında” Qanunun 23.5-ci maddəsinə uyğun olaraq Xarici İşlər Nazirliyində dövlət qulluğunun mütəxəssis yardımçı vəzifəsinin 50 faiz məbləğində vəzifə maaşı (vergilər tutulmaqla) saxlanılırdı. 2015-ci ilin fevral ayında ərizə ilə Xarici İşlər Nazirliyinə müraciət edərək saxlanılan, 50 faiz əmək haqqından imtina etmiş, ona ödənilmiş 1161.76 (bir min bir yüz altmış bir) manat 76 qəpik məbləğində vəsaiti geri qaytararaq büdcəyə bərpa etmişdir. xx.xx.2020 və xx.xx.2020-ci il tarixli ərizələrində tələb etdiyi 2012-2016-cı illərə aid əmək haqqı məbləğləri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2020-ci ilin xərclər smetasında nəzərdə tutulmadığı üçün ödənilməsi imkan xaricindədir. - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məhkəməyə ünvanladığı 4/25- 868/25/20 №-li, xx.xx.2020-ci il tarixli məktubuna əlavə edilmiş Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Maliyyə İdarəsinin D/16-2656/25-20 nömrəli, xx.xx.2020-ci il tarixli xidməti qeydi ilə təqdim olunmuş məlumatından görünür ki, Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyində xx.xx.2012-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək təsərrüfat müdiri vəzifəsində işləmiş İddiaçı 50 faiz əmək haqqısı 5016.00 (beş min on altı) manat (vergilər tutulduqdan sonra) təşkil etmişdir; İddiaçı 2015-ci ilin fevral ayında ərizə ilə Xarici İşlər Nazirliyinə müraciət edərək saxlanılan 50 faiz əmək haqqından imtina etdikdən sonra 2015-2016-cı illər üçün İddiaçı əmək haqqının hesablanması və ödənilməsi dayandırılmışdır; İddiaçı Xarici İşlər Nazirliyinə geri ödədiyi 1161.76 (bir min bir yüz altmış bir) manat 76 qəpik məbləğində vəsait xx.xx.2016-cı il tarixində digər vəsaitlərlə birlikdə büdcəyə geri ödənilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı Quluzadə- Pərviz Səftər oğlu xx.xx.2012-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyində təsərrüfat müdiri - komendant vəzifəsində işləmiş, səfirlikdə işlədiyi müddətdə vəzifə maaşının 50 faizi həcmində əmək haqqı saxlanılmaqla ödənilməli olduğu halda iddiaçı həmin məbləği almaqdan imtina etmişdir. Hazırda iddiaçı almadığı əmək haqqının ona ödənilməsini cavabdehdən xahiş etsə də cavabdeh həmin məbləğlərin 2020-ci ilin xərclər smetasında nəzərdə tutulmadığını əsas gətirərək xahişinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia tələbi inzibati məhkəmə icraatında baxılması nəzərdə tutulan öhdəliyin icrası qaydasında iddialara aiddir. Bu qəbildən olan iddialarla bağlı qanunvericilikdə iddia müddəti nəzərdə tutulmamışdır. Belə olan halda cavabdehin iddia müddətinin (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulan müddət) tətbiqi ilə bağlı irəli sürdüyü dəlil əsassızdır. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: - 22-ci maddəsinə əsasən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin əmək münasibətləri "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, bu Qanun və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə tənzimlənir. - 23.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində işləyən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin əməyinin ödənilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. - 23.2-ci maddəsinə əsasən xaricdə işləyən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin əməyinin ödənilməsi, habelə maddi və maliyyə təminatı, olduqları dövlətin sosial-iqtisadi və maddiməişət şəraiti nəzərə alınmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. - 23.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında dövlət qulluğunda olmayan şəxs Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 6.3.1-ci və 6.3.2-ci maddələrində göstərilən vəzifələrə təyin olunduqda, həmin şəxs üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında bu orqanın aparıcı idarə rəisinin vəzifə maaşının, digər diplomatik vəzifələrə və ya inzibati-texniki xidmətin həyata keçirilməsi ilə bağlı vəzifələrə təyin olunduqda isə həmin vəzifələrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında uyğun gələn vəzifələr üçün müəyyən edilmiş vəzifə maaşının 50 faizi həcmində əmək haqqı saxlanılır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 9-cu maddəsinin 1-ci hissəsinin “d” bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. - 154-cü maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. - 155-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. - 156-cı maddəsinin 1-ci hissəsinə görə əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. - 172-ci maddəsinin 1-ci hissəsinə görə aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. - 178-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. Qanunvericiliyin tələblərindən göründüyü kimi işçinin əmək haqqının ödənilməsi işəgötürənin vəzifəsidir və işçinin həmin əmək haqqını almaqdan imtina etməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, xx.xx.2012-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyində təsərrüfat müdiri komendant vəzifəsində işləmiş İddiaçı işəgötürən tərəfindən vəzifə maaşının 50 faizi həcmində əmək haqqı saxlanılaraq ödənilməli olduğundan iddia tələbi həmin hissədə əsaslıdır. Məhkəmə iddia tələbinin “cavabdehin iddiaçının adına bank hesabı açıb, həmin hesaba ona çatacaq vəsaitin köçürülməsi” hissəsinə hüquqi qiymət verərək hesab edir ki, cavabdehin üzərinə onun səlahiyyətlərinə aid olmayan vəzifənin icrası həvalə edilə bilməz. Ona görə də həmin hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyində xx.xx.2012-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək təsərrüfat müdiri vəzifəsində işləmiş İddiaçı vəzifə maaşının 50 faizi həcmində əmək haqqının hesablanaraq ödənilməsi cavabdehə həvalə edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyində xx.xx.2012-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək təsərrüfat müdiri vəzifəsində işləmiş İddiaçı vəzifə maaşının 50 faizi həcmində əmək haqqının hesablanaraq ödənilməsi cavabdeh Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə həvalə edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-5573/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5573/2020
20.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver