Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5574/2020 30.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə iddiaçı – İddiaçı (yerləşdiyi yer: Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, ev 56, mənzil 11) cavabdeh – Bakı Baş Gömrük İdarəsinə (yerləşdiyi yer: Bakı şəhəri, Salyan şosesi, 14-cü km) qarşı «cavabdeh tərəfindən gömrük ödənişləri üzrə iddiaçıya hesablanmış borcun qanunsuz sayılaraq silinməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı cavabdeh tərəfindən gömrük ödənişləri üzrə ona hesablanmış 178.286,40 manat borcun qanunsuz sayılaraq silinməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddia ərizəsində qeyd olunur ki, İddiaçı MMC 1999-cu ildən qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçərək fəaliyyət göstərir. Şirkət poliqrafiya, ofis və bank sahəsinə keyfiyyətli məhsul və peşəkar xidmətlər təqdim edir və öz kommersiya fəaliyyətini həyata keçirmək üçün bir sıra xarici şirkətlərlə əməkdaşlıq etməkdədir. Şirkət uzun illər Rusiya Federasiyasında istehsal olunan kağız məhsullarını respublikaya idxal etmiş, gömrük rəsmiləşdirilməsi sahəsində heç bir problem yaranmamış, bu məsələlərdə həmişə intizamlılıq nümayiş etdirmişdir. İddiaçı "Yaşıl Dəhliz" buraxılış sistemindən daimi istifadə hüququ əldə etmiş, gömrük qaydalarının pozulmaması barədə öhdəlik götürmüşdür. Lakin cavabdeh Bakı Baş Gömük İdarəsinin iddiaçıya ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli 1400-02/0xx-xx/001566 saylı məktubunda bildirilir ki, aparılan audit yoxlaması zamanı 2017 – 2018-ci illərdə Rusiya Federasiyasından idxal olunan mallara tərtib edilmiş bir sıra gömrük bəyannamələrində Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2020-cu il tarixli 1046 nömrəli sərəncamı ilə təsdiq edilmiş «MDB-də malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında» Sazişin tələblərinin pozulması halları aşkar edilmiş, ticarət edən ölkə Finlandiya Respublikası olduğundan, 110.688,77 manat idxal rüsumu, 19.923,98 manat əlavə dəyər vergisi, 47.673,65 manat dəbbə pulu olmaqla, ümumilikdə 178.286,40 manat gömrük rüsumu müəyyən edilmişdir (məktuba əlavədə bəyannamələrinin sorğu nömrələri qeyd olunur). Cavabdeh öz məktubunda vurğulayır ki, gömrük borcu hansısa gömrük audit yoxlanması nəticəsində müəyyən olunur. Halbuki, bu cür gömrük auditinin keçirilməsindən iddiaçının məlumatı olmamışdır. Həmin audit yoxlanmasının gömrük qanunvericiliyinə və «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununun tələblərinə uyğun aparılıb-aparılması aydın deyildir. Həmin gömrük yoxlanması barədə şirkətə məlumat verilməmişdir. Gömrük qanunvericiliyinin tələblərinə əsasən gömrük auditi gömrük orqanının rəhbərinin və ya onu əvəz edən şəxsin yazılı qərarı əsasında həyata keçirilir. Gömrük orqanının auditin aparılması barədə qərarının surəti, auditin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və auditi aparan şəxsin xidməti vəsiqəsi audit keçirilməmişdən əvvəl barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunmalıdır. Cavabdeh inzibati orqan qanunvericiliyin imperativ tələblərini pozmuşdur. Şirkət tərəfindən xx xxxx 2020-ci il tarixli 1/39 saylı ərizə ilə cavabdehə müraciət olunaraq bildirilmişdir ki, iddiaçı ilə Finlandiya Respublikasında qeydiyyatda olan “X4 X7.” arasında bağlanmış xx xxxx 2017-ci il tarixli ********** nömrəli və x xxx 2018-ci il tarixli ********** nömrəli müqavilələrdə istehsal və idxal ölkəsi kimi Rusiya Federasiyasının rezidenti olan hüquqi şəxs “İlim Group” BM-in Koryajma filialı qeyd edilmişdir və mallar Azərbaycan Respublikasına həmin filialdan təchiz olunur. “İlim Group” BM-nin Koryajma filialı – X1 rezidenti olduğundan, «Azad Ticarət haqqında» xx xxxxxxx 1992-ci il tarixli Sazişin və «Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında» xx xxxxxx 2009-cu il tarixli Sazişin müddəaları tətbiq olunacaqdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2010- cu il tarixli 1046 saylı Sərəncamı ilə təsdiqlənmiş «Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında» xx xxxxxx 2009-cu il tarixli Sazişin 5.1-ci bəndinin “b” yarımbəndinə əsasən Sazişin iştirakıçısı olan dövlətlərin gömrük ərazilərindəki mala xarici ticarət müqaviləsinə/sövdələşməyə uyğun olaraq, habelə Sazişin iştirakçısı olan dövlətlərin milli qanunvericiliyində nəzərdə tutulan digər hallarda, mal üzərində mülkiyyət hüququ Sazişin iştirakçısı olan dövlətin rezidenti olan şəxsə məxsusdursa sərbəst ticarət rejimi tətbiq edilir. Müqavilələrin obyektini təşkil edən mallara münasibətdə mülkiyyət hüququna malik olan və Müqavilənin icrasını həyata keçirən tərəf Rusiya rezidenti olan “İlim Group” BM-nin Koryajma filialıdır. Bu səbəbdən həmin müqavilə üzrə ölkəyə idxal olunan mallar gömrük ödənişlərindən azaddır. Lakin cavabdeh xx xxxx 2020-ci il tarixli 1400-001/0xxxx/002362 saylı məktub ilə iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, xx xxxx 2017-ci il tarixli ********** nömrəli və x xxx 2018-ci il tarixli ********** nömrəli müqavilələrdə satıcı Finlandiya Respublikası qanunvericiliyinə uyğun yaradılmış və hüquqi ünvanı Finlandiya Respublikası olan şirkətdir. «Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında» Sazişin 5.1-ci bəndinin “a” yarımbəndinə əsasən satıcı Saziş ölkəsi olmadığından, sərbəst ticarət rejiminin tətbiqini istisna edir. Sözügedən “a” yarımbəndində qeyd edilir ki, mal Sazişin bir iştirakçısı olan dövlətin rezidenti ilə Sazişin digər iştirakçısı olan dövlətin rezidenti arasındakı müqaviləyə/kontrakta əsasən Sazişin bir iştirakçısı olan dövlətin gömrük ərazisindən ixrac edilir və Sazişin digər iştirakçısı olan dövlətin gömrük ərazisinə idxal olunursa. Daha sonra cavabdeh İdarə iddiaçıya x xxxxx 2020-ci il tarixli 1400-012/0xx-xx/002575 saylı məktub ünvanlamaqla, eyni mövqeyi ifadə edərək xx xxxxxx 2020-ci il tarixli 1400-02/0xx-xx/001566 saylı məktubda qeyd olunan gömrük borcun ödənilməsini tələb etmişdir. Şirkət cavabdehə borcun əsassız olduğunu bildirərək silinməsini xahiş etmiş, cavabdeh özünün x xxxx 2020ci il tarixli 10000-160/1xx-xx/010266 saylı cavab məktubu ilə bundan imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdeh Bakı Baş Gömrük İdarəsinin hərəkəti qanunsuzdur və cavabdeh qanunsuz və əsassız olaraq, iddiaçını 178.286,40 manat gömrük borcunu ödəməyə məcbur edir. Belə ki, 2017 və 2018-ci illər ərzində iddiaçı Azərbaycan Respublikasına Rusiya Federasiyasından “İlim Group” BM-nin Koryajma filialına mülkiyyət hüququ ilə məxsus olan kağız məhsulları idxal etmiş, gömrük orqanı rəsmiləri tərəfindən «MDB-də malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında» Sazişin tələblərinə əsasən sərbəst ticarət rejiminin tətbiq edildiyi ilə razılaşmış, mallara dair gömrük bəyannamələrini qəbul edib gömrük ərazisindən buraxılmışdır. Həmin vaxtdan 3 il keçdikdən sonra cavabdeh təşkilat bildirir ki, iddiaçının gömrük borcu var. Məlumat üçün qeyd olunmalıdır ki, idxal olunmuş malların müştərilər üzrə satışı illər öncə baş tutmuş, həm də dövlət əhəmiyyətli layihələr üçün, daha dəqiq desək AR Təhsil Nazirliyi tərəfindən sifariş olunmuş dərsliklərin nəşrində istifadə olunmuşdur. Aydın məsələdir ki, iddiaçı müştərilərindən alınmış malların illər sonra əlavə gömrük rüsumunun fərqini istəsə də, onlar bu fərqi ödəyə bilməyəcəklər, yəni onlar da AR Təhsil Nazirliyindən vəsaiti ala bilməyəcəklər. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2010-cu il tarixli 1046 saylı Sərəncamı ilə təsdiqlənmiş «Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında» Sazişin 5.1-ci bəndinin “b” yarımbəndinə əsasən, Sazişin iştirakçısı olan dövlətlərin gömrük ərazilərindəki mala xarici ticarət müqaviləsinə/sövdələşməyə uyğun olaraq, habelə Sazişin iştirakçısı olan dövlətlərin milli qanunvericiliyində nəzərdə tutulan digər hallarda, mal üzərində mülkiyyət hüququ Sazişin iştirakçısı olan dövlətin rezidenti olan şəxsə məxsusdursa, sərbəst ticarət rejimi tətbiq edilir. Bu Qaydaların 5.1-ci bəndinə edilmiş 2014-cü il noyabrın 21-də Aşqabad şəhərində keçirilmiş MDB ölkələri arasında görüşdə edilmiş dəyişikliyə əsasən “b” yarımbəndinin güddüyü məqsəd məhz istehsalçısı və malın mənşə ölkəsinin Saziş iştirakçısı olduğu halda da sərbəst ticarət rejiminin tətbiq edilməsidir. Həmin müddəa hazırkı işin hallarında tətbiq edilə bilər, lakin cavabdeh inzibati orqan aid olmayan “a” yarımbəndini rəhbər tutaraq əsassız olaraq iddiaçını borclu hesab edir. İdxal edilən malın mənşə ölkəsinin müəyyən edilməsi ticarət siyasətinin tətbiqi nöqteyi nəzərindən mühüm bir məsələdir. Məsələn, hər hansı bir ölkə ilə sərbəst ticarət sazişi olduqda, bu sazişdən irəli gələn güzəştlər mənşəyi yalnız saziş iştirakçısı olan ölkədə olan mallara tətbiq olunmalıdır. «Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında» xx xxxxxx 2009-cu il tarixli Sazişin məqsədi də Sazişin iştirakçısı olan dövlətlərdən gələn və həmin dövlətlər arasında mal dövriyyəsinə sərbəst ticarət rejimi tətbiqinin müəyyən olunmasıdır. Həmin Qaydalara əsasən malın mənşə ölkəsi – malın tam istehsal olunduğu və ya bu Qaydalara müvafiq olaraq kifayət qədər emala/təkrar emala məruz qaldığı ölkədir. İşin faktiki hallarına əsasən idxalın həyata keçirildiyi və idaxl olunan bütün malların mənşə ölkəsi Rusiya Federasiyasıdır, həmin malların istehsalçısı “İlim Group” BM-in Koryajma filialıdır. Həmin hüquqi şəxs də öz möhürü ilə mənşə sertifikatını təsdiq etmişdir. İddiaçı ilə Finlandiya Respublikasında qeydiyyatda olan “X4 X7.” arasında bağlanmış xx xxxx 2017-ci il tarixli ********** nömrəli və x xxx 2018-ci il tarixli ********** nömrəli təchizat müqavilələrinə əsasən yalnız satıcı “X4 X7.” qeyd edilmişdir. Məlumat üçün bildirilir ki, “İlim Group” BM Rusiyada kağız sənayesində liderdir. 2007-ci ildən etibarən xxxx şirkəti BM-in strateji tərəfdaşıdır. BM-in qərargahı Sankt-Peterburqda yerləşir. “xxxx” Şirkəti Rusiyada meşə sənayesinə mühüm investisiya qoyuluşu etmişdir. “xxxx” Şirkəti və “Him Group” BM birgə marketinq müqaviləsi bağlamışdır. Həmin əməkdaşlığa əsasən, “xxxx” Şirkəti “İlim Group” BM tərəfindən istehsal olunan bütün yüksək keyfiyyətli kağız məhsullarının müstəsna marketinq və satış nümayəndəsi olacaqdır. Birgə marketinq müqaviləsi X5 Xidməti tərəfindən təsdiqlənmişdir. “X4 X7.” “xxxx” Şirkətinə məxsus olmaqla ayrı-ayrı ölkələrdə məhsulların satışını həyata keçirən şirkətidir. Başqa sözlə, xx xxxx 2017-ci il tarixli ********** nömrəli və x xxx 2018-ci il tarixli ********** nömrəli müqavilələrdə istehsal və idxal ölkəsi kimi Rusiya Federasiyasıdır. X1 rezidenti olan hüquqi şəxs “İlim Group” BM-in Koryajma filialı olduğundan, idxal edilən məhsullar məhz Rusiya Federasiyasının rezidenti olan hüquqi şəxsə məxsusluğu təsdiq olunur. Uzun illər idxal əməliyyatları həyata keçirən iddiaçı məhz bu müqavilələr üzrə idxal etdiyi məhsullara gömrük orqanı tərəfindən «MDBdə malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında» Sazişin tələblərinə əsasən sərbəst ticarət rejimi tətbiq edilmişdir. Hazırkı halda cavabdeh heç bir hüquqi əsas olmadan borc hesablamış və həmin borcu iddiaçıdan tələb etməkdədir. Buna görə də iddiaçı cavabdehdən həmin borcun silinməsini tələb etsə də, heç bir müsbət nəticə olmamışdır. Həmin gömrük borcunun ödənilməsini tələb edən məktubların heç biri hüquqi əsası yoxdur, milli və beynəlxalq hüquq normalarının tələblərini pozur. Cavabdehin gömrük borcunu tələb etməsi qanunsuz olduğundan və iddiaçının qanuni maraqları pozulduğundan iddiaçının mövcud iddianı qaldırmağa haqqı çatır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 68, 73-cü maddələrinə, «İnzibati icraat haqqında» AR Qanununun 1, 2.0.2, 2.0.8, 13.1, 13.2-ci maddələrinə, AR Gömrük Məcəlləsinin 1.0.33, 6.3, 8, 40.4, 48.4cü maddələrinə, İPM-in 2.2.3, 34.1, 45, 46-cı maddələrinə əsaslanaraq, cavabdeh Bakı Baş Gömrük İdarəsi tərəfindən İddiaçı MMC-dən tələb edilən ümumilikdə 178.286,40 manat borcun (110.688,77 manat idxal rüsumu, 19.923,98 manat ƏDV, 47.673,65 manat dəbbə pulu olmaqla) qanunsuz hesab edilərək silinməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim olunmuş iddia ilə bağlı yazılı etirazında aşağıdakılar bildirilir: - Cavabdeh Bakı Baş Gömrük İdarəsi iddiaçının ərizəsində irəli sürülən tələbə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir: İddia ərizəsində göstərildiyi kimi, İddiaçı MMC-nin alıcı olaraq təsdiq etdiyi xx xxxx 2017-ci il tarixli ********** nömrəli və x xxx 2018-ci il tarixli ********** nömrəli təchizat müqavilələrinə əsasən idxal etdiyi malların satıcısı Finlandiya qanunvericiyinə əsasən yaradılmış və hüquqi ünvanı Finlandiya Respublikası olan ”X4 X7” şirkətidir. 2009-cu il noyabrın 20-də Yalta şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2010-cu il tarixli, 1046 saylı Sərəncamı ilə təsdiq edilmiş «Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında» Sazişin 5.1-ci maddəsinə əsasən Sazişin iştirakçısı olan dövlətlərin gömrük ərazilərindəki sərbəst ticarət rejimi mala aşağıdakı hallarda tətbiq edilir: a) mal Sazişin bir iştirakçısı olan dövlətin rezidenti ilə Sazişin digər iştirakçısı olan dövlətin rezidenti arasındakı müqaviləyə/kontrakta əsasən, Sazişin bir iştirakçısı olan dövlətin gömrük ərazisindən ixrac edilir və Sazişin digər iştirakçısı olan dövlətin gömrük ərazisinə idxal olunursa . . . İddiaçının bağladığı müqavilədən göründüyü kimi, satıcı Sazişin iştirakçısı olan dövlətin rezidenti deyil və bu hal sərbəst ticarət rejiminin idxal edilən mallara münasibətdə tətbiqini istisna edir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə»nin 4.1.23-cü bəndinə əsasən Komitə sisteminə daxil olan gömrük orqanlarının və onun tabeliyində olan digər qurumların fəaliyyətini yoxlamaq və təftişini həyata keçirmək Komitənin hüququdur. Bu hüquqa və Dövlət Gömrük Komitəsinin xx xxxxxx 2019-cu il tarixli 1000/331 bömrəli sərəncamına əsasən Bakı Baş Gömrük İdarəsinin x xxxxxx 2016-cı il tarixdən x xxxxxx 2019-cu il tarixədək olan fəaliyyəti Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsi tərəfindən audit olunmuşdur. Audit nəticəsində cəmi 178.286,40 manat gömrük borcunun iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmədiyi aşkar olunmuş, həmin borc müəssisəyə hesablanmış və ödənilməsi tələb olunmuşdur. Hesab edilir ki, gömrük borcu gömrük orqanı tərəfindən əsaslı hesablanmışdır və iddiaçı bu borcu dövlət büdcəsinə ödəməlidir. Göstərilənləri nəzərə alaraq və İPM-in 68, 69-cu maddələrinə əsaslanaraq, iddianın rədd edilməsi məhkəmədən xahil olunur. İddiaçının nümayəndəsinin (vəkilinin) cavabdehin etirazına qarşı yazılı izahatında aşağıdakılar bildirilir: - Cavabdeh tərəfin məhkəməyə təqdim olunmuş yazılı etirazında qeyd olunanlar əsassızdır və hüquqa söykənmir. Etirazda bildirilir ki, gömrük auditi həyata keçirilmiş, lakin həmin auditin qanuniliyini təsdiq edən heç bir dəlil qeyd edilməmişdir. Halbuki, qanunvericilik bu cür auditin keçirilmə qaydasını müəyyən edir. Cavabdeh auditin keçirilməsini «Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə»nin 4.1.23-cü bəndinə əsasən öz qurumlarını təftiş etmək hüququ ilə əsaslandırır. Bu hüququn reallaşması iddiaçıya borc hesablanması üçün əsas deyildir. Yəni, qanunvericilik gömrük auditinin keçirilməsinin qaydasını müəyyən edir. Əgər audit keçirilmişdirsə, o, AR Gömrük Məcəlləsi və «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanunu ilə tənzimlənir. AR Gömrük Məcəlləsinin 9.0.4-cü maddəsinə görə şəxslərin xarici ticarət əməliyyatlarının gömrük auditini aparmaq gömrük orqanının hüququdur. Həmin Məcəllənin 92.2.4-cü maddəsinə əsasən gömrük auditi gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarətini həyata keçirdiyi formalardandır. Həmin Məcəllənin 74-cü maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri sənədlərin gömrük auditini bu Məcəllənin 98-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirirlər. Həmin Məcəllənin 98-ci maddəsinə əsasən gömrük auditi gömrük orqanları tərəfindən, malların və nəqliyyat vasitələrinin buraxılışından, o cümlədən şərti buraxılışından sonra gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünə əmin olmaq, eləcə də şəxsin mallar və nəqliyyat vasitələri barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət etmək öhdəliklərini yerinə yetirməsinin vəziyyətini müəyyənləşdirmək rnəqsədi ilə aparılır. Bunun üçün gömrük orqanları idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin həmin mallar və nəqliyyat vasitələri ilə əlaqədar apardığı əməliyyatlara və beynəlxalq ticarət sövdələşmələrinə dair kommersiya sənədlərini və məlumatları yoxlayırlar. Gömrük auditi gömrük bəyannaməsində qeyd olunan malların gömrük nəzarəti altında olan mallar statusunu itirməsindən sonrakı 3 il ərzində və yalnız hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barəsində həyata keçirilə bilər. Gömrük auditi və onun nəticələrinin rəsmiləşdirilməsi «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununa uyğun olaraq həyata keçirilir. Ümumi gömrük auditi gömrük orqanının rəhbərinin və ya onu əvəz edən şəxsin yazılı qərarı əsasında həyata keçirilir. Gömrük orqanının ümumi gömrük auditinin aparılması barədə qərarının surəti, auditin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və auditi aparan şəxsin xidməti vəsiqəsi audit keçirilməmişdən əvvəl barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunmalıdır. Xüsusi gömrük auditi gömrük orqanının rəhbərinin və ya onu əvəz edən şəxsin yazılı qərarı əsasında həyata keçirilir. Gömrük orqanının xüsusi gömrük auditinin aparılması barədə qərarının surəti, auditin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və auditi aparan şəxsin xidməti vəsiqəsi audit keçirilməmişdən əvvəl barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunmalıdır. Cavabdeh orqan keçirdiyi gömrük auditinin qanuniliyini təsdiq edən heç bir sübutu təqdim etmir. Gömrük auditi sənəd üzrə də keçirilmiş olsa da, mütləq AR Gömrük Məcəlləsinin 98-ci maddəsinə, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununun tələblərinə cavab verməlidir. Cavabdeh inzibati orqan öz qurumlarını təftiş etməsi “gömrük auditi” adlı nəzarətin həyata keçirilməsi demək deyidlir. Gömrük auditi gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünə əmin olmaq, eləcə də şəxsin mallar və nəqliyyat vasitələri barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət etmək öhdəliklərinin yerinə yetirməsinin vəziyyətini müəyyənləşdirmək məqsədi ilə aparılır. Bunun üçün gömrük orqanları idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin həmin mallar və nəqliyyat vasitələri ilə əlaqədar apardığı əməliyyatlara və beynəlxalq ticarət sövdələşmələrinə dair kommersiya sənədlərini və məlumatları yoxlayırlar. Cavabdeh orqan inzibati orqan olmaqla inzibati icraatı qanun çərçivəsində həyata keçirməlidir. Hazırda cavabdeh orqan qanunsuz əsaslarla iddiaçıdan gömrük borcu tələb edir və bununla iddiaçının hüquqları kobud şəkildə pozulur. Heç bir qanunun tələblərinə cavab verməyən auditin nəticəsi də qanunsuz hesab edilməlidir. Gömrük əməkdaşları gömrük nəzarətini həyata keçirərkən hesab etmişlər ki, iddiaçının idxal etdiyi kağız məhsullarının mənşə ölkəsi və idxal olunduğu ölkə Rusiya Federasiyasıdır və sərbəst ticarət rejimi tətbiq edilir. Onlara gömrük bəyannaməsi, təchizat müqavilələri təqdim edilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 68, 73-cü maddələrinə, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununun 1, 3-cü maddələrinə, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» AR Qanununun 1, 2.1-ci maddələrinə, «İnzibati icraat haqqında» AR Qanununun 13-сü maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.4-cü bəndinə əsaslanaraq, cavabdeh tərəfindən iddiaçıya hesablanmış gömrük borcunun qanunsuz sayılaraq silinməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq məhkəməyə aşağıdakı məzmunda yazılı izahat təqdim etdi: Məhkəmədən iddia tələbinin təmin edilməsi xahiş olunur. Cavabdeh inzibati orqan AR Gömrük Məcəlləsinin 74, 98-ci maddələrinin, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununun, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin tələblərini pozaraq “audit” keçirmiş, bu cür aparılan yoxlamaların isə hüquqi nəticəsi yoxdur. Bundan əlavə cavabdeh iznibati orqan Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2010-cu il tarixli 1046 saylı Sərəncamı ilə təsdiqlənmiş «Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında» Sazişin 5.1-ci bəndinin “a” yarımbəndinə istinad edərək İddiaçı MMC ilə ticarə sövdələşməsinin tərəfi olan “xxxx” Şirkətinin Saziş iştirakçısı olan dövlətin rezidenti olmadığını əsas gətirmişdir. Cavabdehin qeyd etdiyi xüsusatla bağlı qeyd olunur ki, «Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında» Sazişin 5.1-ci bəndinin “b” yarımbəndinə əsasən, Sazişin iştirakçısı olan dövlətlərin gömrük ərazilərindəki mala xarici ticarət müqaviləsinə/sövdələşməyə uyğun olaraq, habelə Sazişin iştirakçısı olan dövlətlərin milli qanunvericiliyində nəzərdə tutulan digər hallarda, mal üzərində mülkiyyət hüququ Sazişin iştirakçısı olan dövlətin rezidenti olan şəxsə məxsusdursa, sərbəst ticarət rejimi tətbiq edilir. “xxxx” Şirkəti Rusiya Federasiyasının rezdenti və idxal olunan məhsulların mülkiyyətçisi olan “İlim Group” BM birgə marketinq müqaviləsi bağlamışdır. Həmin əməkdaşlığa əsasən, “xxxx” Şirkəti “İlim Group” BM tərəfindən istehsal olunan bütün yüksək keyfiyyətli kağız məhsullarının müstəsna marketinq və satış nümayəndəsi olacaqdır. Birgə marketinq müqaviləsi X5 Xidməti tərəfindən təsdiqlənmişdir. “X4 X7.” “xxxx” Şirkətinə məxsus olmaqla ayrı-ayrı ölkələrdə məhsulların satışını həyata keçirən şirkətidir. İdxal olunan məhsullar “İlim Group” BM-nin Koryajma filialına məxsusdur, məhsul onlar tərəfindən göndərilmiş, “xxxx” Şirkəti isə marketinq müqaviləsinə əsasən satışı həyata keçirir. Qeyd edilənlərə əsasən iddiaçının idxal etdiyi kağız məhsulları Sazişin iştirakçısı olan Rusiya Federasiyasının 5.1-ci bəndinin “b” yarımbəndinin təsiri dairəsinə düşür. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim edilmiş yazılı etirazın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 21-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. AR Gömrük Məcəlləsinin 1.0.17-ci maddəsinə görə gömrük ödənişləri – bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, dövlət rüsumu və haqdır. Həmin Məcəllənin 98-ci maddəsinə əsasən gömrük auditi gömrük orqanları tərəfindən, malların və nəqliyyat vasitələrinin buraxılışından, o cümlədən şərti buraxılışından sonra gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünə əmin olmaq, eləcə də şəxsin mallar və nəqliyyat vasitələri barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət etmək öhdəliklərini yerinə yetirməsinin vəziyyətini müəyyənləşdirmək məqsədi ilə aparılır. Bunun üçün gömrük orqanları idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin həmin mallar və nəqliyyat vasitələri ilə əlaqədar apardığı əməliyyatlara və beynəlxalq ticarət sövdələşmələrinə dair kommersiya sənədlərini və məlumatları yoxlayırlar (maddə 98.1). Gömrük auditi gömrük bəyannaməsində qeyd olunan malların gömrük nəzarəti altında olan mallar statusunu itirməsindən sonrakı 3 il ərzində və yalnız hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barəsində həyata keçirilə bilər (maddə 98.2). Gömrük auditi ümumi və xüsusi formalarda həyata keçirilir (maddə 98.7). Ümumi gömrük auditi gömrük orqanının rəhbərinin və ya onu əvəz edən şəxsin yazılı qərarı əsasında həyata keçirilir. Gömrük orqanının ümumi gömrük auditinin aparılması barədə qərarının surəti, auditin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və auditi aparan şəxsin xidməti vəsiqəsi audit keçirilməmişdən əvvəl barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunmalıdır (maddə 98.8). Auditin aparılması şəxsin istehsal və kommersiya fəaliyyətinin həyata keçirilməsinə mane olmamalıdır. Eyni mallara dair təkrar ümumi gömrük auditinin aparılmasına icazə verilmir (maddə 98.9). Xüsusi gömrük auditi gömrük orqanının rəhbərinin və ya onu əvəz edən şəxsin yazılı qərarı əsasında həyata keçirilir. Gömrük orqanının xüsusi gömrük auditinin aparılması barədə qərarının surəti, auditin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və auditi aparan şəxsin xidməti vəsiqəsi audit keçirilməmişdən əvvəl barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunmalıdır (maddə 98.10). «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə görə sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2012-ci il tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə»nin 4.1-ci bəndinə görə Komitə öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir: (4.1.4) şəxslərin xarici ticarət əməliyyatlarının gömrük auditini aparmaq; (4.1.23) Komitə sisteminə daxil olan gömrük orqanlarının və onun tabeliyində olan digər qurumların fəaliyyətini yoxlamaq və təftişini həyata keçirmək. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5-ci bəndinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2010-cu il tarixli, 1046 saylı Sərəncamı ilə təsdiq edilmiş «Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında» Sazişin 5.1-ci bəndinə görə Sazişin iştirakçısı olan dövlətlərin gömrük ərazilərindəki sərbəst ticarət rejimi mala aşağıdakı hallarda tətbiq edilir: - a) mal Sazişin bir iştirakçısı olan dövlətin rezidenti ilə Sazişin digər iştirakçısı olan dövlətin rezidenti arasındakı müqaviləyə / kontrakta əsasən, Sazişin bir iştirakçısı olan dövlətin gömrük ərazisindən ixrac edilir və Sazişin digər iştirakçısı olan dövlətin gömrük ərazisinə idxal olunursa. Bu Qaydaların 8.5-ci və 8.6-cı bəndlərində qeyd olunan hallarda, belə müqavilə malın ixracından sonra bağlanıla bilər; - b) xarici ticarət müqaviləsinə/sövdələşməyə uyğun olaraq, habelə Sazişin iştirakçısı olan dövlətlərin milli qanunvericiliyində nəzərdə tutulan digər hallarda, mal üzərində mülkiyyət hüququ Sazişin iştirakçısı olan dövlətin rezidenti olan şəxsə məxsusdursa. Sazişin 6.1 və 6.3-cü bəndlərinə görə sərbəst ticarət rejiminin təqdim edilməsi məqsədilə Sazişin iştirakçısı olan konkret dövlətdə malın mənşə ölkəsinin təsdiq edilməsi üçün idxal ölkəsinin gömrük orqanına CT-1 formalı sertifikatın əsli (sertifikatın blankı bu Qaydaların ayrılmaz hissəsi hesab olunan Əlavə 2-də təqdim edilmişdir) və ya malın mənşəyi barədə bəyannamə təqdim olunmalıdır. Sazişin iştirakçısı olan dövlətlərdən malların ixracı zamanı malın mənşəyi barədə CT-1 formalı sertifikat ixrac dövlətinin səlahiyyətli orqanı (təşkilatı) tərəfindən onun milli qanunvericiliyinə müvafiq olaraq verilir. Məhkəmə ilk növbədə qeyd edir ki, mövcud qanunvericilik səlahiyyətli inzibati orqana hüquqi və fiziki şəxslərdən borc məbləğlərinin tutulmasını faktiki hərəkətlər, o cümlədən məktub yazılması, xəbərdarlıq olunması ilə deyil, ayrıca əlverişsiz inzibati aktın qəbulu yolu ilə nəzərdə tutur. Belə hal, həm də inzibati orqanın əlverişsiz hərəkətlərindən müdafiə vasitələrindən (qərardan şikayət verilməsi barədə müddəa əks olunmaqla) istifadənin səmərəliyinə yönəlmiş olur. Lakin hazırkı cavabdeh inzibati orqan Bakı Baş Gömrük İdarəsi iddiaçıya münasibətdə nəinki ayrıca inzibati icraat aparmamış, hətta hərəkətlərini də müvafiq inzibati aktın qəbulu ilə rəsmiləşdirməmişdir. Bununla belə, hazırkı mübahisənin predmetini “borcun silinməsi” təşkil etsə də, həmin borcla bağlı cavabdeh Bakı Baş Gömrük İdarəsinin iddiaçıya ünvanlanmış məktubu özündə qanunvericiliklə inzibati aktı səciyyələndirən əlamətləri daşıdığından, o cümlədən ünvanlandığı şəxs kimi hazırkı iddiaçı üçün hüquqi nəticələr yaratdığından, iddiaçıya münasibətdə inzibati akt kimi də qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “«Dini etiqad azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” xx xxxx 2013-cü il tarixli qərarında da vurğulanmışdır. Plenum qərara almışdır ki: 1. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır; 2. «Dini etiqad azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsinin “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəası bu Qərarın birinci hissəsində göstərilən meyarlara cavab verən hər hansı bir qərarın qəbul olunmasını ehtiva edir. Məhkəmə vurğulayır ki, cavabdeh inzibati orqan Bakı Baş Gömrük İdarəsi iddiaçıya əlavə gömrük ödənişlərinin hesablanması barədə qərar qəbul edərkən “gömrük auditi”nin keçirilməsi ilə bağlı qanunvericiliyinin müddəalarına riayət etməli idi. Çünki, əvvəllər respublikaya mal idxal etmiş və onları müvafiq gömrük proseduru altında bəyan etmiş (bu bəyanetmə gömrük orqanlarında rəsmiləşdirilmiş) idxalatçı kimi hazılrkı iddiaçıya münasibətdə onun idxal-ixrac əməliyyatları üzrə fəaliyyətinə bu qəbildən olan yoxlamanın keçirilməsi qanunvericiliklə yalnız “gömrük auditi” keçirilməklə nəzərdə tutulur. İşin bu xüsusatı üzrə məhkəmə cavabdeh inzibati orqanın iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda yoxlamanın «Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında» Əsanamənin 4.1.23-cü bəndinə uyğun aparılması mövqeyi ilə razılaşmır və hesab edir ki, həmin yoxlama xarici ticarət əməliyyatı aparan idxalatçı kimi hazırkı iddiaçının fəaliyyəti üzrə “gömrük auditi” formasında keçirilə bilərdi, hansı qanunvericilik həmin icraatda idxalatçının nümayəndəsinin iştirakının təmin olunması vəzifəsini də inzibati orqanın üzərinə qoyur. Belə olan halda cavabdeh Bakı Baş Gömrük İdarəsi tərəfndən gömrük auditinin keçirilməsi barədə ilkin qərar qəbul olunmadan və həmin qərarın surətinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması, habelə müvafiq vəsiqənin əvvəlcədən barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunması təmin edilmədən İddiaçı MMC-yə gömrük ödənişləri üzrə borc məbləğinin hesablanması AR Gömrük Məcəlləsinin 98.8-ci maddəsinin, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununun 13.3-cü maddəsinin, habelə «İnzibati icraat haqqında» AR Qanunun 21, 24-сü maddəılərinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Sadalanan pozuntular məcmusunda cavabdeh inzibati orqanın həyata keçirdiyi inzibati icraat yoxlama kimi «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5-ci bəndinin tələblərinə zidd aparılmaqla hüquqi nəticəsi olmayan sayılır. Digər tərəfdən məhkəmə bir hal da diqqətə çəkir ki, «Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında» Sazişin 5 və 6-cı bəndləri iştirakçı dövlətdən idxal olunan mala digər iştirakçı dövlətin gömrük ərazisindəki sərbəst ticarət rejiminin tətbiqini malın mənşəyinə dair “CT-1” formalı sertifikatının təqdim edilməsi və mal üzərində mülkiyyət hüququnun Sazişin iştirakçısı olan dövlətin rezidenti olan şəxsə məxsus olması ilə şərtləndirir. İşdə olan sənədlərdən məlum olur ki, hazırkı iddiaçı idxal etdiyi malların gömrük rəsmiləşdirilməsi zamanı cavabdeh inzibati orqan Bakı Baş Gömrük İdarəsinə malların mənşə ölkəsinin Saziş iştirakçısı Rusiya Respublikası olmasına dair “CT-1” formalı sertifikatları da təqdim etmiş və malların gömrük rəsmiləşdirilməsi üzrə bəyannamələrin aidiyyəti (44-cü) qrafalarında həmin sertifikatların göstəriciləri əksini tapmışdır. İddiaçının idxal etdiyi mallara münasibətdə “2-ci şərt”ə, yəni malların Sazişin 5-ci bəndinin “b” yarımbəndinin təsiri altına düşməsinə gəldikdə isə (nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan borcun hesablanmasında Sazişin həmin bəndinin “a” yarımbəndinə istinad etmişdir), iddiaçı tələbinin əsası kimi bildirir ki, bağladığı müqavilənin “satıcı” kimi digər tərəfi Finlandiyanın ”X4 X7” şirkəti olsa da, həmin qurumla Rusiya Federasiyasının rezidenti olan “İlim Group” BM arasında birgə marketinq razılaşması mövcuddur və sözügedən razılaşmaya əsasən həmn şirkət “İlim Group” BM-in kağız məhsullarının müstəsna marketinq və satış nümayəndəsi qismində çıxış edir. Məhkəmə iddiaçının istinad etdiyi bu xüsusatla bağlı qeyd edir ki, hazırkı məhkəmə icraatında iddiaçı tərəf həmin “birgə marketinq müqaviləsi”nin mövcudluğuna dair hər hansı sübut təqdim etməsə də, cavabdeh inzibati orqan da bu halı təkzib edən heç bir sübut, dəlil gətirməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə sonda belə qənaətə gəlir ki, cavabdeh Bakı Baş Gömrük İdarəsinin gömrük ödənişləri üzrə İddiaçı MMC-yə hesabladığı 178.286,40 manat məbləğində borc (110.688,77 manat idxal rüsumu, 19.923,98 manat ƏDV, 47.673,65 manat dəbbə pulu olmaqla) qanuna zidd sayılmalıdır. Həmçinin iddiaçıya hesablanmış həmin borc qanunsuz sayılmaqla yanaşı, iddiaçının hüquqlarını da pozur. Çünki, bu borc iddaçıya gömrük ödənişləri üzrə qanunvericiliklə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğin ödənilməsi öhdəliyi yaradır. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəssinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), 2.2.4-cü maddəsinə görə isə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırımalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh Bakı Baş Gömrük İdarəsinin gömrük ödənişləri üzrə İddiaçı MMC-yə hesabladığı 178.286,40 manat məbləğində borc (110.688,77 manat idxal rüsumu, 19.923,98 manat ƏDV, 47.673,65 manat dəbbə pulu olmaqla) qanunsuz sayılaraq silinməlidir. Göstərilənlərə əsasən və İPM-in 2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Bakı Baş Gömrük İdarəsinin gömrük ödənişləri üzrə İddiaçı MMC-yə hesabladığı 178.286,40 manat məbləğində borc (110.688,77 manat idxal rüsumu, 19.923,98 manat ƏDV, 47.673,65 manat dəbbə pulu olmaqla) qanunsuz sayılaraq silinsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5574/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5574/2020
30.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver