Məhkəmə qərarları › İş №2-1(112)-5574/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5574/2023

08.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5574/2023 08.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə qarşı “qoşqunun üzərində qeydiyyat hərəkətlərinin aparılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə (bundan sonra mətndə- BDYPİ) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən “SKİF M- 1” markalı qoşqunun üzərində qeydiyyat hərəkətlərinin aparılmasından imtina olunması haqqında xx.xx.2022-ci il tarixli, 157907O-3222 saylı aktın ləğv edilərək “SKİF M-1” markalı qoşqunun üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının cavabdehə öhdəliyin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 1992-1994-cü illərdə 1-ci Qarabağ müharibəsində iştirak etmişdir. Ağdam və Tərtər rayonları istiqamətlərində gedən döyüşlərdə zirehçi tankçı kimi döyüşmüşdür. Həmin döyüşlərdə bir neçə dəfə ağır yaralanaraq əlil olmuşdur. 2-ci qrup Qarabağ əlilidir. X1, Veteranları və X2 Birliyinin üzvüdür. İddiaçının “Naz Lifan” markalı, ** HF *** dövlət qeydiyyat nişanlı avtomaşını var. Həmin avtomaşın ilə Qarabağ əlillərini balıq ovuna, gəzintiyə və digər yerlərə apararkən, əlil arabalarını avtomaşına yerləşdirmək mümkün olmur. Ona görə də qərara gəlmişdir ki, “Naz Lifan “ markalı avtomaşınının mühərrik gücünə uyğun olan qoşqu alsın ki, əlil arabalarını yerləşdirməklə daşınması mümkün olsun. O, axtarsa da özünə məxsus “Naz Lifan“ markalı avtomaşına uyğun qoşqu tapa bilməmişdir. Sonradan bir nəfərdə metal kimi qəbul etdiyi “SKİF M-Г markalı qoşqu olmasını bilib həmin qoşqunu həmin şəxsdən almışdır. Həmin qoşqu tam yararsız vəziyyətdə idi. İddiaçı həmin sovet istehsalı olan avtomobillər üçün nəzərdə tutulmuş “SKİF М-1” markalı qoşqunun əksər detallarını müxtəlif topdan satış və pərakəndə satış məntəqələrindən alıb yenisi ilə əvəz etmiş, qaynaq-tənəkə, rəngsaz və bərpa-təmir xaraterli əməliyyatlar aparmaqla fərdi qaydada yığdırıb tam yararlı vəziyyətə gətirmişdir. Qoşqunun yığılmasında istifadə edilən ehtiyyat hissələrinin qaimələri vardır. “SKİF M-1” markalı qoşqu turist səyahəti təyinatlı olmaqla, oxu mərkəzi yerləşməli iki təkərli, amartizatorlu, qoşucu qurğuya malikdir. Qoşqunun qabarit ölçüləri 2920x1650x940 mm.koleya isə 1440 mm təşkil edir. Həmin“SKlF M-1" markalı qoşqunun sənədləşdirilməsi ilə bağlı Azərbaycan Texniki Universiteti tərəfindən texniki rəy verildikdən sonra iddiaçı tərəfindən həmin qoşquya dair qeydiyyat hərəkətlərinin aparılması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə müraciət edilmiş, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən 27.12. 2022-ci il tarixli, 1579070-3222 saylı məktubla cavab olaraq bildirilmişdir ki, qeyd edilən, “SKİF M-1” markalı qoşquya aid sənədlərin və qoşqunun aqreqat nömrələrinin olmaması səbəbindən iddiaçının xahişinin müsbət həlli, yəni həmin qoşquya dair DİN Baş X3 İdarəsinin Qeydiyyat-imtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə oqranları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilməsi göstərilməklə, qoşquya dair qeydiyyat hərəkətlərinin aparılmasından imtina edilmişdir. “SKİF M-Г markalı qoşqunun etibarlı işinin təmin edilməsi üçün xüsusi avadanlıqlarla təchiz edilmiş, həmin qoşqu texniki tələblərə uyğundur. ”SKlF M-1” markalı qoşqunun texniki tələblərə uyğunluğu ilə bağlı Azərbaycan Texniki Universiteti tərəfindən texniki rəy verilmişdir. Cavabdehin imtinası qanunsuzdur və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən “SKİF M-1” markalı qoşqunun üzərində qeydiyyat hərəkətlərinin aparılmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 08 may 2023-cü il tarixli Qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə göndərilmişdir. Cavabdehin iddiaya yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -İddiaçının "SKİF M-1” markalı qoşqunun rəsmiləşdirilməsinə köməklik göstərilməsi barədə müraciətinə cavabdeh BDYPİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubda qeyd olunan "SKİF M-1” markalı qoşquya aid sənədlərin və qoşqunun aqreqat nömrələrinin olmaması səbəbindən iddiaçının xahişinin müsbət həlli, yəni həmin qoşquya dair DİN Baş X3 İdarəsinin Qeydiyyat-imtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində iddiaçının mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq Qərar qəbul edildiyi təqdirdə mümkün ola biləcəyi bildirilmişdir. -Azərbaycan Texniki Universitetinin tərəfindən İddiaçı tərəfindən fərdi qaydada yığılan “SKİF M1” markalı qoşqunun sənədləşdirilməsi ilə bağlı verilmiş texniki rəydən görünür ki, texniki rəyə təqdim edilən qoşqunun ilkin sənədi, onun mənbəyi, alqı-satqı sənədi barədə sənədləri təqdim edilməmişdir. “SKİF M-1” qoşqusu 1973-1993-cü illərdə istehsal edilmişdir. Qoşqu sovet istehsalı olan “ИЖ”, “Волга”, “Москвич” və bir sıra “ВАЗ” avtomobilləri üçün nəzərdə tutulmuşdur. Qoşqu turist səyahəti təyinatlı olmuş, oxu mərkəzi yerləşməli iki təkərli, amartizatorlu, qoşucu qurğuya malikdir. Qoşqunun hərəkəti dartqı avtomobilinin hərəkət edəcəyi relyefə uyğun layihə olunmuş, hissələr və bütövlükdə qoşqu müvafiq sınaqdan keçdikdən sonra, istismara buraxılmışdır. İstehsalçı-zavodun qoşquları müxtəlif dəstlərdə təchiz edilmiş kütləsi 240...290 kq, maksimal tam çəki 400 kq, qabarit ölçüləri 2920x1650x940 mm, koleya 1440 mm təşkil edir. Qoşqunun əksər detalları, müxtəlif topdansatış və pərakəndə satış məntəqələrdən alınan hissələrlə əvəz edilmiş, qaynaq-tənəkə, rəngsaz, bərpa-təmir xarakterli əməliyyatlar aparmaqla fərdi qaydada yığılmışdır. Yığımda istifadə edilən hissələrin qaimələri ərizəyə əlavə edilmişdir. Təqdim edilən sənədlər və mövcud qanunvericilik əsasında komissiya aşağıdakı rəyə gəlmişdir: - “B” kateqoriyasından olan avtomobillərdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Bakı şəhəri, 3 iyul 1998-ci il) əsasən tam çəkisi 750 kq-dan az olan qoşqulardan istifadə edilə bilər; -qoşqunun etibarlı işininin təmin edilməsi üçün xüsusi avadanlıqlarla təchiz edilmiş, müvafiq lisenziyaya malik olan avtomobil laboratoriyalarında, avtoxidmət mərkəzlərində istismar sınaqları aparılmalıdır. Hal-hazırda bu sınaqların aparılması üçün AzTU-nun müvafiq laboratoriya bazası yoxdur; -sınaq nəticələri qənaətbəxş olduqda qoşqunun sənədləşdirilməsi “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında əsasnamənin və nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı”na (Bakı ş.,15 mart 1999-cu il №39) uyğun həyata keçirilməlidir. -vətəndaşa lisenziyalı qoşqu əldə edərək, istifadə edilməsi tövsiyə edilir. -Müxtəlif tarixli qaimələrindən görünür ki, yığımda istifadə edilən hissələrin qoşqunun əksər detalları, müxtəlif topdansatış və pərakəndə satış məntəqələrdən alınan hissələrlə əvəz edilmiş, qaynaq-tənəkə, rəngsaz, bərpa-təmir xarakterli əməliyyatlar aparmaqla yığılmışdır. -AR DİN BDYPİ tərəfindən xx.xx.2014-ci il tarixdə verilmiş, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ** HF *** nömrəli qeydiyyat nişanlı, NAZ LİFANminik markalı, 2014-cü il buraxılışlı, ağ rəngli, şassi qeyd olunmamış nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. İşin faktiki hallarından görünür ki, iddiaçı “SKİF M-1” markalı qoşqunun rəsmiləşdirilməsi ilə bağlı cavabdeh BDYPİ-yə müraciət etmiş, lakin cavabdeh qoşqunun aqreqat nömrələrinin olmamasını əsas gətirərək imtina etmişdir. İddiaçı hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunazidd olmamışdır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsindən: 1) yol hərəkəti — xüsusi nəzərdə tutulmuş yollarda nəqliyyat vasitələrinin köməyi ilə və ya belə kömək olmadan hərəkət etmək, habelə sərnişin və yük daşınması üzrə fiziki və hüquqi şəxslərin tələbatlarını ödəmək prosesində yaranan ictimai münasibətlərin məcmusudur; 2) yol hərəkətinin təşkili — nəqliyyat vasitələrinin və ya piyadaların təhlükəsizliyini, fasiləsiz və rahat hərəkətini, optimal sürətini təmin etmək məqsədilə küçəyol şəbəkəsində həyata keçirilən və yol hərəkətinin ayrılmaz hissəsi olan mühəndis və təşkilati tədbirlər sistemidir; 17) nəqliyyat vasitəsi — yolda hərəkət üçün konstruksiya imkanları olan və insan tərəfindən idarə edilən qurğu, habelə onun qoşqusudur (nəqliyyat vasitələri mexaniki və insanın, yaxud heyvanın əzələ enerjisi ilə hərəkətə gətirilən nəqliyyat vasitələrinə bölünür); 21) qoşqu — mexaniki nəqliyyat vasitəsi ilə yedəyə alınmaq üçün nəzərdə tutulan hər hansı nəqliyyat vasitəsidir; 22) yarımqoşqu — avtomobillərə birləşdirilmək üçün nəzərdə tutulan, bir hissəsi avtomobilə söykənərək özünün və yükün kütləsinin xeyli hissəsini onun üstünə salan hər hansı qoşqudur; Həmin Qanunun 2-ci maddəsinə göstərilir ki, Yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir. İstinad olunan Qanunun 4-cü maddəsinin 18 və 21-ci bəndlərinə əsasən nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək, qanunla müəyyən edilmiş hallarda texniki baxışları həyata keçirmək, konstruksiyası və ya texniki vəziyyəti müəyyən olunmuş standartlara, habelə mühərrik, ban və şassi nömrələri qeydiyyat sənədlərində göstərilmiş nömrələrə uyğun gəlməyən nəqliyyat vasitələrinin istismarını qadağan etmək; nəqliyyat vasitələrinin konstruksiyalarının hazırlanmasına və yenidən quraşdırılmasına, aqreqat, ban və ban hissələrinin dəyişdirilməsinə icazə vermək və yol hərəkəti təhlükəsizliyinin tələblərinə uyğun olmasına nəzarət etmək; nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini və onların uçotunu aparmaq, ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və dövlət qeydiyyat nişanlarını vermək yol hərəkəti sahəsində dövlətin vəzifələrinə daxildir. Həmin Qanunun 27-ci maddəsinin: -İ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. -V hissəsinə əsasən bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. -V-İİ hissəsinə əsasən nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. -XV hissəsinə əsasən, nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 39 №li Qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən, nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır. Həmin Əsasnamənin 1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilati- hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər (bundan sonra "nəqliyyat vasitələrinin mülkiyyətçiləri") onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatından keçirməlidirlər. Həmin Əsasnamənin 2.9-cu bəndinə görə, nəqliyyat vasitələrinə sahiblik, nömrəli aqreqatların alınması və əldə edilməsinin qanuniliyi aşağıdakı sənədlərlə təsdiq edilir: istehsalçı zavodun, yaxud nəqliyyat vasitəsinə xüsusi avadanlıq quraşdırmış zavodun təhvil-təslim aktı və nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi. Təhvil-təslim aktı itirildikdə aşağıda sadalanan sənədlərdən biri təqdim edilə bilər; nəqliyyat vasitəsinin həmin müəssisəyə daşınması barədə dəmir yolunun verdiyi qaimə, istehsalçı zavod tərəfindən verilmiş (nəqliyyat vasitəsinin şassisinin, banının nömrələri yazılmış) arayış, pasport, istehsalçı zavodun sertifikatı. Həmin Əsasnamənin 4.1-ci bəndinə əsasən aşağıdakı hallarda nəqliyyat vasitələri təkrar qeydiyyata alınır: 4-cü bəndinə əsasən avadanlıqla təchiz edilib yenidən yığılmasına və aqreqatların dəyişdirilməsinə görə nəqliyyat vasitəsinin tipi və yaxud modeli dəyişdirildikdə; 4.5. Avadanlıqla təchiz edilmiş və yenidən yığılmış, yaxud aqreqatları dəyişdirilmiş nəqliyyat vasitələrinin təkrar qeydiyyata alınması aşağıdakı əsaslarla aparılır: avadanlıqla təchiz edilməsi və yenidən yığılması haqqında nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan müvafiq orqanın verdiyi icazə; avtotəmir zavodunda (müəssisədə) avadanlıqla təchiz edilməsi və yenidən yığılması barədə müvafiq qeyd aparılmış texniki pasport, qeydiyyat şəhadətnaməsi (yenidən quraşdırmanın tarixi, qoyulmuş banın, şassinin, mühərrikin nömrələri göstərilir); nəqliyyat vasitəsinin avadanlıqla təchiz edilib yenidən yığılması və qəbulu haqqında təhvil-təslim aktı; avadanlıqla təchiz edilməsi və yenidən yığılmasının yerinə yetirilməsini təsdiq edən sənəd və görülmüş işin ödənilmə qaiməsi; həmçinin 2.8. bəndində göstərilmiş digər müvafiq sənədlər. Qeyd. Əsasnamənin 2.9-cu bəndində göstərilənlərdən başqa aqreqatların alınmasının qanuniliyini təsdiq edən sənədlər aşağıdakılardır: pərakəndə və komisyon ticarəti mağazalarının, yaxud texniki xidmət stansiyalarının qovşaqların və hissələrin satılmasına dair verdikləri əmtəə qəbzləri (yarlıqları); xəzinəyə mədaxil orderinə əlavə verilmiş qəbz və ehtiyat hissələrinin satılmasına (buraxılmasına) dair müəssisələrin verdiyi qaimə. 4.6. Avadanlıqla təchiz edilib yenidən yığılması və aqreqatların dəyişdirilməsinin xüsusiyyətləri: 1) Nəqliyyat vasitələrinin markasının dəyişdirilməsi ilə nəticələnən avadanlıqla təchiz edilməsi və yenidən yığılmasına icazə verilmir. 2) Bir markadan olan nəqliyyat vasitələrinin başqa modelə avadanlıqla təchiz edilib yenidən yığılmasını texniki xidmət stansiyalarında, avtotəmir zavodlarında, avtonəqliyyat müəssisələrində və nəqliyyat vasitələrinin təmiri ilə məşğul olan digər müəssisələrdə həyata keçirilə bilər. 3) Eyni modeldən olan nəqliyyat vasitələrinin banını və aqreqatlarını dəyişməyə həm bu bəndin 2-ci hissəsində göstərilmiş müəssisələrə, həm də nəqliyyat vasitəsinin mülkiyyətçisinin özünə icazə verilir. Əsasnamənin 10-cu bəndinə əsasən, dövlət qeydiyyat nişanlarında, qeydiyyat şəhadətnaməsində və digər təqdim edilən sənədlərdə və nəqliyyat vasitələrinin nömrəli aqreqatlarında saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitələrinin mühərrik, ban və şassi nömrələri dəyişdirildikdə, aqreqat nömrələrinin və qeydiyyat məlumatlarının təqdim edilən sənədlərə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda, həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır. Əsasnamənin 13-cü bəndinə əsasən, nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Əsasnamə ilə nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. Əsasnamənin 14-cü bəndinə əsasən, qeydiyyat məntəqəsi nəqliyyat vasitəsini qeydiyyata almaqdan imtina etdikdə, onun sahibinə imtinanın səbəbləri barədə yazılı məlumat verməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iddia üzrə tələb “SKİF M-1” markalı qoşqu üzərində iddiaçının adına qeydiyyat hərəkətlərinin aparılmasından ibarətdir. Məhkəmə bildirir ki, yuxarıda istinad olunan normalardan göründüyü kimi müvafiq qanunvericilik nəqliyyat vasitəsinin dövlət qeydiyyatını nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitəsinə dair dair təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildiyi təqdirdə qeyd olunan çatışmazlıqların aradan qaldırılmasından sonra aparılmalı olması ilə şərtləndirir və dövlət qeydiyyatının məqsədlərini müəyyən edir. Başqa sözlə, qanunvericilik dövlət qeydiyyatının aparılması üçün şərtlərdən biri kimi həm də nəqliyyat vasitəsinin aqreqat nömrəsinin və qeydiyyat məlumatlarını təsdiq edən müvafiq sənədlərin təqdim edilməsini tələb edir. Hazırkı mübahisədə isə iddiaçının qeydiyyat hərəkətlərinin aparılmasını istədiyi “SKİF M-1” markalı yarımqoşquya aid ümumiyyətlə aqreqat nömrəsi mövcud deyil. Bu isə onu deməyə əsas verir ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması ilə bağlı qanuni şərtlər ödənilməmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, mübahisənin predmetini olan yarımqoşqunun qanuni əsaslarla əldə edilməsinin göstərən sənədlər məhkəməyə təqdim edilməmişdir. Halbuki, yuxarıda istinad olunan Əsasnamənin 2.9-cu bəndindən görünür ki, nəqliyyat vasitələrinə sahiblik, nömrəli aqreqatların alınması və əldə edilməsinin qanuniliyini təsdiq edən sənədlər konkret göstərilmişdir. Hazırkı halda isə iddiaçının qeyd olunan nəqliyyat vasitəsinin, qoşqunun iddiaçının mülkiyyətində olmasını təsdiqləyən hər hansı sənəd müəyyən edilmir. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Məhkəmə göstərilənləri ümumiləşdirərək bu qənaətə gəlir ki, “SKİF-1” markalı qoşqunun aqreqat nömrələri olmadığından və həmin qoşqunun qanuni əsaslarla əldə etməsi iş materialları ilə təsdiq edilmədiyindən cavabdehin imtinası qanunazidd sayıla və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Odur ki, iddia təmin edilməməlidir. «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə görə inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Eyni Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar