Məhkəmə qərarları › İş №2-1(112)-5575/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5575/2022

01.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5575/2022 01.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, cavabdehin nümayəndəsi X4 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – mühəndis, arxiv sektorunun müdiri vəzifəsində işləyir) iştirakı ilə, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququ haqqında çıxarışın və texniki pasportun verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X3 Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia qaldıraraq Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan şossesi yaxınlığında “Qum adası” adına Neft və Qaz Çıxarma İdarəsinin bağçılıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsində yerləşən, 1200 kv.m. sahəsi olan İİ küçə 2 nömrəli bağ sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla əlaqədar dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 156 nömrəli Sərəncamı əsasında Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qum adası” adına Neft və Qaz Çıxarma İdarəsinə kollektiv bağçılıq təsərrüfatı yaradılması üçün 10 ha torpaq sahəsi icarəyə verilmişdir. Bakı şəhəri İcra hakimiyyəti Memarlıq və Baş İdarəsi tərəfindən ayrıc aktı tərtib edilmişdir. Ayrıc aktında bağçılıq təssərüfatı yaradılması üçün nəzərdə tutulmuş torpaq sahəsinin koordinatları dəqiq göstərilmişdir. Suraxanı rayonunun Zığ-Hövsan şossesi yaxınlığında bağçılıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsindən 1200 kv.m. sahəsi olan İİ küçə 2 nömrəli bağ sahəsi cəmiyyətə üzv qəbul etməklə iddiaçıya ayrılmışdır. İddiaçı həmin daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla bağlı dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, “Qum adası” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı İdarənin arxiv qovluğunda aşkar olunmamışdır. Həmçinin, təqdim edilmiş üzvlük kitabçası və protokoldan çıxarış “Qum adası” bağçılıq-yoldaşlıq təsərrüfatının möhürü ilə təsdiq edilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Оdur ki, məhkəmə işə iddiaçının iştirаkı оlmаdаn bахmışdır. Cavabdehin nümayəndəsi N.Səmədov məhkəmə iclasında cavabdehin arxivində saxlanılan “Qum adası” NQÇİ-nin bağçılıq-yoldaşlıq cəmiyyətinin arxiv qovluğunu baxış üçün məhkəməyə təqdim etdi. Məhkəmə, iddia ərizəsini nəzərdən keçirərək və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarında olan: “Qum adası” NQÇİ-nin bağçılıq-yoldaşlıq cəmiyyətinin bağlar sahəsinin eskizindən çıxarışa əsasən Mədən küçəsi İİ ünvanda iddiaçıya 2 nömrəli bağ sahəsi ayrılmışdır, çıxarış “Qum adası” NQÇİ-nin bağçılıq yoldaşlığı cəmiyyətinin idarə heyətinin sədri tərəfindən imzalanmış, “Qum adası” NQÇİ-nin həmkarlar Komitəsinin möhürü ilə təsdiq edilmişdır. Bakı şəhəri İcra hakimiyətininin başçısının 156 nömrəli, xx.xx.2001-ci il tarixli sərəncamına əsasən Dövlət Neft Şirkətinin “Qum adası” Neft və Qazçıxarma idarəsinin xx.xx.2000-ci il tarixli, 01-7/513 nömrəli məktubunu nəzərə alaraq Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində “Qum adası” Neft və Qazçıxarma İdarəsinə kollektiv bağçılıq təsərrüfatı yaratmaq üçün 10 ha torpaq sahəsi icarəyə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 01/34 nömrəli, xx.xx.2001-ci il tarixli ayrıc aktına əsasən Bakı şəhəri İcra Hakimiyyətinin başçısının 156 nömrəli, xx.xx.2001-ci il tarixli sərəncamına əsasən Dövlət Neft Şirkətinin “Qum adası” adına Neft və Qazçıxarma idarəsinə bağçılıq təsərrüfatı yaratmaq üçün ayrılmış torpaq sahəsinin cizgisi hazırlanmış, koordinatları müəyyən edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin şəhər ərazisinin tikinti planlaşdırma idarəsinin tərtib etdiyi 11406 nömrəli “Torpaq sahəsinin ayrılmasına dair inşaat pasportuna” əsasən sahəsi 10 ha olan ərazinin təyinatı bağçılıq təsərrüfatıdır, sahəyə giriş geofizika institutuna gedən yoldan nəzərdə tutulmuşdur,sahə Dövlət Neft Şirkətinin “Qum adası” adına Neft və Qazçıxarma idarəsinə məxsus olmuşdur. Cavabdehin iddiaçının etibarnamə üzrə nümayəndəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna əsasən “Qum adası” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısının İdarənin arxiv qovluğunda aşkar olunmaması, təqdim edilmiş üzvlük kitabçasının və protokoldan çıxarışın “Qum adası” bağçılıq-yoldaşlıq təsərrüfatının möhürü ilə təsdiq edilməməsi əsası ilə Bakı şəhəri, Suraxanı rayonu, Qum adası ərazisində yerləşən 2 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə iddiaçının müraciəti təmin edilməmişdir. “Qum adası” NQÇİ-nin “Qum adası” Bağçılıq-Yoldaşlıq Cəmiyyətinin İdarə Heyətinin iclasının xx.xx.2022-ci il tarixli, 01 saylı protokolundan çıxarışa əsasən Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2001-ci il tarixli, 156 nömrəli sərəncamla Suraxanı rayonunun Zığ-Hövsan şossesi yaxınlığında bağçılıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsində 1200 kv metr torpaq sahəsi olan 2 saylı bağ sahəsi cəmiyyətə üzv qəbul edilməklə X2 ayrılmışdır, bu barədə iddiaçıya bağçının üzvlük kitabçası verilmişdir. X1 adına verilmiş “Qum adası” NQÇİ-nin bağçılıq-yoldaşlıq cəmiyyətinin sədri tərəfindən imzalanmış arayışa əsasən iddiaçı xx.xx.2002-ci ildən həmin bağçılıq-yoldaşlıq cəmiyyətinə üzv qəbul edilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, Bakı şəhəri İcra Hakimiyyətinin başçısının 156 nömrəli, xx.xx.2001-ci il tarixli sərəncamına əsasən Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində “Qum adası” adına Neft və Qazçıxarma İdarəsinə kollektiv bağçılıq təsərrüfatı yaratmaq üçün 10 ha torpaq sahəsi icarəyə verilmiş, həmin sahənin ayrıc aktı tərtib edilmiş, torpaq sahəsinin cizgisi hazırlanmış, koordinatları, torpaq sahəsinə girişin istiqaməti müəyyən edilmişdir, həmin torpaq sahəsində Mədən küçəsi İİ ünvanda iddiaçıya 2 nömrəli bağ sahəsi ayrılmışdır, bu barədə iddiaçıya bağçının üzvlük kitabçası verilmişdir, həmin şəxs qeyd edilən bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir, odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanısahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada verilmişdir, yəni özəlləşdirilmişdir. Həmin Əsasnamənin 6-cı bəndinə görə bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:..139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;.. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasinin Qanununun 8.0-ci maddəsində deyilir: Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; İşin faktiki hallarına əsasən həqiqətən də Bakı şəhər İcra Hakimiyyətinin bağçılıq məqsədilə ayırdığı torpaq sahəsində iddiaçıya bağçılıq-yoldaşlığın üzvü kimi bağ sahəsi ayrılmış, bu barədə iddiaçıya bağçının üzvlük kitabçası və bağçılıq yoldaşlığın üzvlərinin iclasının protokolundan çıxarış verilmişdir. İddiaçı həmin sənədləri cavabdehə təqdim edərək qeyd edilən bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də müraciəti təmin edilməmişdir, əsas kimi “Qum adası” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısının İdarənin arxiv qovluğunda aşkar olunmaması, təqdim edilmiş üzvlük kitabçasının və protokoldan çıxarışın “Qum adası” bağçılıq-yoldaşlıq təsərrüfatının möhürü ilə təsdiq edilməməsi göstərilmişdir. Məhkəmə cavabdehin qeyd edilən əsasla imtinasını əsassız hesab edir ki, belə ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş sənədlərə (bağçının üzvlük kitabçası və bağçılıq yoldaşlığın üzvlərinin iclasının protokolundan çıxarış) malikdir, arxiv qovluğunda bağçılıq təsərrüfatının üzvlərinin siyahısının olmamasına görə məsuliyyət daşımır, bundan başqa iddiaçının təqdim etdiyi sənədlərdə “Qum adası” NQÇİ-nin həmkarkar Komitəsinin möhürü mövcuddur,həmin sənədlərin mötəbərsizliyini təsdiq edən hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş materiallarından göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində göstərilən əsasların iddiaçıya münasibətdə heç biri mövcud deyildir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;...” «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı X1 Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan şossesi yaxınlığında “Qum adası” adına Neft və Qaz Çıxarma İdarəsinin bağçılıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsində yerləşən, 1200 kv.m. sahəsi olan İİ küçə 2 nömrəli bağ sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla əlaqədar dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı X1 Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan şossesi yaxınlığında “Qum adası” adına Neft və Qaz Çıxarma İdarəsinin bağçılıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsində yerləşən, 1200 kv.m. sahəsi olan İİ küçə 2 nömrəli bağ sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla əlaqədar dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar