Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5576/2025 08.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Heyətinin qərarının İddiaçı aid hissədə ləğv olunmasına dair qərar qəbul edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya ilk dəfə xx.xx.2019-cu ildə müddətsiz olaraq ümumi xəstəlik səbəbindən 3-cü dərəcə əlillik təyin edilmişdir. Təyin edilmiş əlilliyin diaqnoz bölməsində “monokulyar korluq, VİSOD = 0.6 K/etmir (onda altı), VİSOS=0.02 K/etmir (yüzdə iki) konsentrik daralma – 15 dərəcə” qeyd edilmişdir. İddiaçıya xx.xx.2024-cü il tarixli məktub ünvanlanaraq xx.xx.2024-cü il tarixdə, sat 14:00-da Agentliyə əyani müayinəyə dəvət edilmişdir. İddiaçı həmin əyani müayinədə iştirak etməmişdir. Bundan sonra cavabdeh inzibati orqan iddiaçıya xx.xx.2024-cü il tarixli, 3-17- 4/2-H-29965/2024 saylı məktub ünvanlayaraq ona xx.xx.2019-cu ildə təyin edilmiş müddətsiz 3-cü dərəcə əlilliyin ləğvi barədə qərar qəbul edildiyini bildirmişdir. Hesab edirlər ki, cavabdeh orqanın iddiaçıya münasibətdə əlillik qiymətləndirilməsinin ləğv edilməsinə dair hərəkətləri qanuni olmadığından bu barədə qəbul edilmiş qərar ləğv edilməlidir.
3. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarının iddiaçıya aid hissədə ləğv edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Sərəncamın icrası ilə əlaqədar olaraq cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçıya dair Bakı Xocasən Sağlamlıq Mərkəzinin 2740003AABYV nömrəli göndərişi Tibbi sosial ekspert komissiyası tərəfindən xx.xx.2019cu il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.14-cü bəndinə müvafiq ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs əbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Monokulyar korluq, VİS OD=0.6 k/tmir (onda altı), VİS OS=0.02 k/etmir (yüzdə iki) konsentrik daralma 15 dərəcə.” olmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılmsı məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-A-23869/2024 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinəyə gəlməyəcəyitəqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati AKT qəbul ediləcəyi barədə məlumat qeyd edilmiş, lakin, vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud səndələr və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, əlillik təyinatı barədə qüvvədə olan qərar ləğv edilmiş, xx.xx.2019-cu il tarixindən “Diaqnoz öz təsdiqini tapmadı” qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymtləndirilməsi zərurəti yaranmışdır.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Cavabdeh tərəfindən iddiaçıya ünvalanmış xx.xx.2024-cü il tarixli, 3-17-4/2-11- 29965/2024 nömrəli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə Tibbi-Sosial Ekspert Komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Bununla əlaqədar olaraq o, xx.xx.2024-cü il tarixində Agentliyə əyani müayinəyə dəvət olunmuşdur. Həmin bildirişdə əyani müayinəyə gəlmədiyi halda, iştirakı ollmadan barələrində müvafiq inzibati akt qəbul ediləcəyi qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, ona ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən xx.xx.2019-cu il tarixində təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyinin ləğvi barədə qərar qəbul edilmişdir. Nəzərə çatdırılmışdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71-73-cü maddələrinə əsasən barələrində qəbul eidlmiş qərardan 30 gün müddətində və ya məhkəməyə şikayət vermək hüququna malikdir.
8. Cavabdeh tərəfindən iddiaçıya məxsus əlillik təyinatı ilə bağlı məlumatları özündə əks etdirən “Əlillik alt sistemi”ndən çıxarışlar məhkəməyə təqdim edilmişdir.
9. Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Heyətinin sədr müavini tərəfindən İdarə Heyətinin sədrinə ünvanlanmış xidməti məktubla bildirilmişdir ki, vətəndaş İddiaçı əlilliyə görə əmək pensiyasının ödənişinin bərpa edilməsi haqqında xx.xx.2023-cü il tarixli müraciəti baxılmaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuşdur. Bildirilmişdir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlar aəsasən İddiaçı xx.xx.2019-cu il tarixindən İİİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş, əyani müayinəyə cəlb edilərək əlillik dərəcəsinin əsaslılığının araşdırılması məqsədilə pensiya ödənişi Fondun keçmiş Nəsimi rayon şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixindən dayandırılmışdır. Bu səbəbdən, İddiaçı əlilliyə görə əmək pensiyasının ödənişinin bərpa edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı əyani müayinəyə cəlb olunamsı və qüvvədə olan əlilliyi barədə (səbəbi, dərəcəsi və müddəti) ətraflı məlumat verməsi xahiş edilmişdir.
10. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının 01 oktyabr 2024-cü il tarixli qərarı ilə iddiaçı barəsində qəbul edilmiş əlillik təyinatı barədə qüvvədə olan qərar ləğv edilmiş, xx.xx.2019-cu il tarixindən “Diaqnoz öz təsdiqini tapmadı” barədə qərar qəbul edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.
12. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
14. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.
15. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.
16. Hazırkı iş üzrə işin hallarından müəyyən edilmişdir ki, iddiaçı mübahisə predmeti təşkil edən qərarı məhkəmə icraatı zamanı əldə etmiş və sonradan iddia tələbinin dəqiqəşdirilməsi barədə ərizə ilə müraciət edərək həmin qərarı mübahisələndirmiş və beləliklə də, qərarı mübahisələndirmək üçün qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
17. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
18. Məhkəmə gəldiyi nəticəni aşağıdakılar ilə əsaslandırır:
19. “İnzibati icraat haqqında” Qanun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qaya nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Maddə 57. İnzibati aktın forması 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 57.2. Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. 57.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilə bilər. 57.4. Bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt aşağıdakı hallarda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: 57.4.1. inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda (əlverişsiz inzibati aktın qəbul edildiyi hallarda); 57.4.2. inzibati orqan inzibati aktı yazılı formada qəbul edəcəyini vəd etdikdə; 57.4.3. qanunla birbaşa nəzərdə tutulduqda. 57.5. Qanunla nəzərdə tutulmuş hallarda inzibati akt işıq, səs siqnalları və işarələri, təsvirlər formasında və yaxud digər formalarda qəbul edilə bilər. Maddə 59. Yazılı inzibati aktın rekvizitləri 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. 59.2. İnzibati akt texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə, həmin aktda vəzifəli şəxsin imzasının və inzibati orqanın möhürünün olmaması mümkündür. 59.3. İnzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. ... Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.5. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4-cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
22. Hazırkı işin hallarından göründüyü kimi, iş üzrə iddiaçının hüquqi marağı ona təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyin bərpa edilməsi ilə bağlıdır.
23. Sözügedən məsələyə münasibətdə ilk növbədə, müddətsiz əllilik təyinatı ilə bağlı qərarın mahiyyəti izah olunmalı, eləcə də, müddətsiz əllilik təyinatına dair əvvəlki əlverişli inzibati aktın inzibati orqan tərəfindən sonradan hansı qaydada və şərtlər daxilində ləğv edilməsinə dair qərarın çıxarıla biləcəyi aydınlaşdırılmalıdır.
müddətsiz əllilik təyinatı ilə bağlı qərarın mahiyyətinə dair
24. Müddətsiz əlilliyin müəyyən olunmasının məqsədi dövlət tərəfindən şəxsin sağlamlığında sabit və geridönməz pozuntuların olduğunun və həmin pozuntularda əhəmiyyətli yaxşılaşmanın obyektiv səbəblərdən mümkün olmadığının qəbul edilməsidir. Başqa sözlə, qanunverici müddətsiz əllilik müəyyən edilmiş şəxslərə münasibətdə onların reabilitasiya imkanlarının tükəndiyini qəbul edir, buna görə də, onların təkrar müayinəyə cəlb edilməsi zərurəti aradan qalxmış olur.
25. Belə yanaşma, bir tərəfdən, şəxsin sağlamlığında əhəmiyyətli yaxşılaşmaların artıq istisna edildiyi hallarda onun mütəmadi təkrar müayinələrdən keçirilməsi ilə bağlı dövlət orqanlarını əlavə yükdən azad edir və dövlət resurslarına qənaət olunmasına xidmət edir. Digər tərəfdən isə, müddətsiz əlilliyi müəyyən olunmuş şəxs sabit və davamlı sosial dəstək təminatı əldə edir və yenidən müayinədən keçmədən, sosial dəstək təminatlarını itirmək qorxusunu yaşamadan öz həyatını planlaşdırmaq imkanı qazanır. Beləliklə, əlilliyin müddətsiz müəyyən olunması ilə həm dövlət orqanlarının və şəxsin əlavə inzibati yükdən azad olunmasına nail olunur, xüsusən dövlət reabilitasiyası artıq mümkün olmayan həmin şəxslərin təkrar müayinəsi ilə bağlı əlavə resurs sərfindən azad edilir, həm də müvafiq sahədəki dövlət idarəçiliyinin səmərəliliyi və proqnozlaşdırıla bilən olması, eləcə də şəxslərin hüquqi statuslarının sabitliyi və müəyyənliyi təmin edilir.
müddətsiz əllilik təyinatı ilə bağlı qərarın sonradan ləğv edilməsinin mümkünlüyü
26. Bununla əlaqədar ilk növbədə fərqləndirilməli olan məsələ inzibati orqanın istinad etdiyi halla bağlıdır. Başqa sözlə, diqqət yetirilməli məqam ondan ibarətdir ki, inzibati orqan müddətsiz əlillik təyinatı ilə bağlı özünün əvvəlki qərarını qanunsuz, yoxsa qanuni əlverişli inzibati akt kimi ləğv etmişdir. qanunsuz əlverişli inzibati aktın ləğvi
27. Əgər inzibati orqan müddətsiz əlillik təyinatına dair qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindən hərəkət etmişsə, bu halda, mübahisə “İnzibati icraat haqqında” Qanunun 3.3-cu və 67-ci maddəsinin, eləcə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinin müvafiq müddəaları nəzərə alınmaqla həll olunmalıdır.
28. Məhkəmə qeyd edir ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində qanunverici inzibati orqana müəyyən şərtlər daxilində əvvəllər şəxsə müəyyən olunmuş əlilliklə bağlı qərarın dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək imkanı tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır.
29. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə inzibati orqan istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliyin müəyyən olunması ilə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir.
30. “Əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar”ın mövcudluğu ilə bağlı məsələ qiymətləndirilərkən nəzərə alınmalıdır ki, burada əsaslı şübhədən kənar sübut standartı tətbiq olunmalıdır. Yəni, müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq konkret, uyğun və yetərli əsaslar ortaya çıxmış olmalıdır. Yalnız belə tələblərə cavab verən əsasların mövcudluğundan çıxış edilməklə müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın qanuniliyinin yoxlanılmasına dair icraata başlanıla bilər. Digər tərəfdən, belə əsaslar həm qərarın özü çıxarılarkən mövcud olan, lakin inzibati orqana bəlli olmayan hallar ola biləcəyi kimi, sonradan yaranmış, lakin qərarın qanuniliyinə təsir edə bilən hallar da ola bilər. Bundan başqa, sözügedən hallar konkret iddiaçı ilə birbaşa bağlı hallar olmalı, məhz ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş əsaslar müəyyən edilmiş olmalıdır.
31. Belə mübahisələr həll edilərkən həm də “İnzibati icraat haqqında” Qanunun 67.12- ci maddəsinin müddəaları da, nəzərə alınmalıdır. Buna görə, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.
qanuni əlverişli inzibati aktın ləğvi
31. Bu halda, inzibati orqan özünün müddətsiz əlliliklə bağlı əvvəlki qərarının qanuniliyi qəbul edir, lakin sonradan yaranmış hüquqi və ya faktiki hallara görə qərarın ləğv edilməli olduğunu bildirir. Məsələn, şəxsin artıq tam reabilitasiya olunması qənaətinə gəlməklə müddətsiz müəyyən edilmiş əlliliklə bağlı əvvəlki qərarı ləğv edir. Bu zaman, inzibati orqan əlillik təyinatına dair özünün əvvəlki qərarının qanuni olduğunu qəbul etmiş, lakin şəxsin artıq sonradan tam reabilitasiya olunduğu nəticəsinə gəlmişdir.
32. Bu halda, mübahisənin həllinə tətbiq edilməli olan hüquq Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndi deyil, “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin müvafiq normalarıdır.
34. Çünki, “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndi əlillik təyininə dair əvvəlki qərarın qanunsuz olduğunun güman edildiyi halların nizamlanmasına yönəlib. Bu elə bir vəziyyətdir ki, inzibati orqan sonradan əldə edilmiş sübutlara istinadla özünün əvvəlki qərarının qanunsuz inzibati akt olduğu qənaətinə gəlir. Hazırkı halda isə inzibati orqan əvvəlki qərarın qanuniliyini qəbul edir, aktın qəbulundan sonra yaranmış faktiki vəziyyətə (şəxsin tam reabilitasiya olunduğuna) istinadla onun ləğv edilməli olduğunu hesab edir. Ona görə də, mübahisəyə qanuni inzibati aktın ləğvinə dair “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş normalar tətbiq edilməlidir.
35. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, inzibati orqan əlilliyin müəyyən edilməsinə dair əvvəlki qərarın qəbulundan sonra yaranmış hallara istinad etdiyi halda da, həmin hallar konkret şəxslə bağlı olmalı, eləcə də istinad olunan halın mövcudluğu uyğun, yetərli və mötəbər qaydada sübut olunmalıdır.
36. “İnzibati icraat haqqında” Qanunun 68.2-ci maddəsi qanuni əlverişli inzibati aktın ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutmaqla yanaşı, bunun üçün həm də məhdud əsaslar dairəsi müəyyən etmişdir. Buna görə, yalnız Qanunda sadalanmış həmin məhdud əsasların birinin və ya bir neçəsinin mövcudluğunda qanuni əlverişli inzibati aktın ləğv edilə bilər. Qanunun 68.3-cü maddəsinə görə qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Beləliklə, inzibati orqan Qanunun 68.2-ci maddəsində sadalanmış əsasların mövcudluğunda həmin əsaslar ona məlum olduğu gündən 1 il müddətində özünün əvvəlki qanuni əlverişli inzibati aktını ləğv edə bilər.
icraatla bağlı normaların nəzərə alınması
37. Nəzərə almaq lazımdır ki, qanunsuz və ya qanuni əlverişli inzibati akt olmasından asılı olmayaraq inzibati orqan hər bir halda, qüvvədə olan həmin aktları ləğv edərkən “İnzibati icraat haqqında” Qanunda və sahəvi aktlarda təsbit edilmiş icraatla bağlı müvafiq normaların əsas tələblərinə riayət etmək öhdəliyi də daşıyır. Həmin tələblər aşağıdakılardan ibarətdir.
38. İlk növbədə, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əvvəlki əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti vəzifəsinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və lazımi icraat aparmağa, dinlənilmə hüququnu təmin etməyə, obyektiv araşdırma prinsipinin tələblərinə riayət etməyə, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Nəticə etibarilə təzələnmiş icraat əvvəlki əlverişli inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsinə dair yeni inzibati aktın çıxarılması ilə yekunlaşmalıdır. Fərqli yanaşma, “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.
39. Sözügedən məsələyə münasibətdə icraatla bağlı mütləq qaydada riayət edilməli olan tələblərdən biri də şəxsin sağlamlıq vəziyyəti ilə bağlı hallara istinad edildiyi hallarda, onun əyani müayinəyə cəlb edilmiş olmasıdır. Konkret obyektiv hallar istisna olmaqla, əyani müayinə aparılmadan müddətsiz əlillik müəyyən edilməsinə dair qərarlar ləğv edilə və ya dəyişdirilə bilməz. Əgər əyani müayinə baş tutmamışsa, inzibati orqan bunun səbəblərini ağlabatan və inandırıcı qaydada sübut etməlidir.
40. Digər tərəfdən isə təzələnmiş icraat nəticəsində qəbul edilən yeni inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən lazımi qaydada əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında əlverişli inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. qeyd olunanların hazırkı işə tətbiqi
41. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçı barəsində qəbul edilmiş “diaqnozun əlillik əlaməti təyin etməməsi barədə” qərarı qanunsuz və əsassız olmuşdur.
42. Belə ki, işin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçının əlillik vəziyyəti ilkin olaraq Bakı Xocasən Sağlamlıq Mərkəzinin 2740003AABYV nömrəli göndərişi Tibbi sosial ekspert komissiyası tərəfindən xx.xx.2019-cu il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.14-cü bəndinə müvafiq ümumi xəstəlikgözdən əlilliyi olan şəxs əbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. İşin materiallarında həmin ilkin müddətsiz əlilliyin müəyyən edilməsinə dair yazılı formada qərar mövcuddur, onun mötəbərliyini şübhə altına almaq üçün hər hansı əsaslar müəyyən edilmir.
43. Cavabdehin etirazının əsas dəlili ondan ibarət olmuşdur ki, iddiaçıya təyin edilmiş əlillik cavabdeh orqan tərəfindən etibarsız sayılmamışdır. Sadəcə olaraq vətəndaşın əlilliyi iddiaçıya dair Bakı Xocasən Sağlamlıq Mərkəzinin 2740003AABYV nömrəli göndərişi Tibbi sosial ekspert komissiyası tərəfindən xx.xx.2019-cu il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.14-cü bəndinə müvafiq ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs əbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Monokulyar korluq, VİS OD=0.6 k/tmir (onda altı), VİS OS=0.02 k/etmir (yüzdə iki) konsentrik daralma 15 dərəcə.” olmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılmsı məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-A-23869/2024 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinəyə gəlməyəcəyitəqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati AKT qəbul ediləcəyi barədə məlumat qeyd edilmiş, lakin, vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud səndələr və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, əlillik təyinatı barədə qüvvədə olan qərar ləğv edilmiş, xx.xx.2019-cu il tarixindən “Diaqnoz öz təsdiqini tapmadı” qərarı qəbul edilmişdir.
44. Sözügedən dəlillə bağlı olaraq məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə əlillik bu barədə qərarın (inzibati aktın) qəbul edilməsi ilə əldə edilən statusdur. Başqa sözlə, həlledici olan baxılan məsələyə dair (hazırkı halda əlillik təyinatı məsələsinə münasibətdə) inzibati orqanın hakimiyyət tədbirinin həyata keçirilməsinə yönəlmiş iradə ifadəsinin mövcudluğudur.
45. “İnzibati icraat haqqında” Qanunun 57-ci maddəsində inzibati aktın formasına dair tələblər müəyyənləşdirilmiş, 59-cu maddəsində isə yazılı inzibati aktda əks etdirilməli olan rekvizitlər əks olunmuşdur. Bir qayda olaraq inzibati aktlar yazılı formada olmalı və müəyyən edilmiş qaydalara riayət etməklə qəbul edilməlidir. İnzibati aktlara münasibətdə “yazılı forma” tələbi xüsusən inzibati orqanın iradə ifadəsinin müəyyənləşdirilməsi baxımından önəm kəsb edir. Bununla, inzibati orqanın iradəsini, yəni inzibati aktın əsaslandığı faktiki və hüquqi səbəbləri, eləcə də yaradılan hüquqi nəticələri aydınlaşdırmaq mümkün olur.
46. Qeyd edilənlərin hazırkı işə tətbiqi ilə bağlı nəzərə alınmalıdır ki, iddiaçıya münasibətdə ilkin, həm də sonradan müddətsiz əlilliyin müəyyən edilməsinə dair yazılı inzibati aktlar mövcuddur.
47. Beləliklə, göstərilən halların məcmusunu nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2019-cu il tarixdən üçüncü qrup müddətsiz əlilliyi olan şəxs kimi qəbul edilməlidir.
48. İşin hallarından müəyyən olunur ki, cavabdeh faktiki xarakterli hərəkətlərlə iddiaçıya münasibətdə onun müddətsiz əlilliyini dayandırmış və bu dayandırma iddiaçıya münasibətdə hər hansı bir əyani müayinə aparılmadan, qəbul edilmiş qərar barədə iddiaçı məlumatlandırılmadan həyata keçirilmişdir. “Əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar”ın mövcudluğu ilə bağlı məsələ qiymətləndirilərkən burada əsaslı şübhədən kənar sübut standartı tətbiq olunmamış, yəni, yəni, müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq konkret, uyğun və yetərli əsasların ortaya çıxması ilə bağlı sübutlar təqdim edilməmişdir. Bundan başqa, sözügedən hallar üzrə konkret iddiaçı ilə birbaşa bağlı halların olmasını əsaslandırmamış, məhz ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş əsaslar təqdim edə bilməmişdir.
49. Beləliklə, inzibati orqan özünün əvvəlki qüvvədə olan əlverişli inzibati aktının ləğvi ilə bağlı məsələyə münasibətdə inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının tələblərinə riayət etmədiyindən iddia əsaslı hesab edilməklə təmin edilməlidir.
50. Nəzərə alınmalıdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən qanunun tələblərinə cavab verən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə, məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir.
51. Qərar vahid məhkəmə təcrübəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1043/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarında sərgilənmiş hüquqi mövqe nəzərə alınmaqla qəbul edilmişdir.
52. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
53. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».
54. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.
55. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.
56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.
57. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X5 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.
58. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.
59. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).
60. Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
61. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
62. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
63. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
64. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
65. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı İddiaçı aid hissədə ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva