Məhkəmə qərarları › İş №2-1(112)-5578/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5578/2022

10.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5578/2022 10.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə (üçüncü şəxs: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi) qarşı “daimi icarə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra - İddiaçı) xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə (bundan sonra – Cavabdeh) müraciət edərək, onunla ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilə dair daimi kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətini cavablandırmamış, bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi (könhə adı Naximov küçəsi) ev 6B, 3 saylı mənzilə dair onunla daimi icarə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Milli Təhlükəsizlik Nazirliyinin müvafiq əmrinə əsasən xx.xx.2001-ci il tarixində ehtiyata buraxılmışdır. Birinci Qarabağ müharibəsində iştirak etmişdir və müharibə veteranıdır. Həmçinin şəhid ailəsi üzvüdür, belə ki, qardaşı Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuşdur. Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi ev 6B, sahəsi 31.5 kv.metr olan iki otaqlı, 3 saylı mənzil üç nəfər ailə tərkibi ilə birlikdə Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 748 saylı sərəncamı ilə 001306 saylı xidməti order əsasında iddiaçıya verilmişdir. İddiaçı ailə üzvüləri ilə birlikdə bu günə kimi fasiləsiz olaraq həmin mənzildə yaşayır. Həmin mənzil Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin mənzil fonduna aiddir. İddiaçı 3 saylı mənzilin xidməti yaşayış sahəsindən çıxarılması barədə Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə müraciət etmiş, onlar buna etiraz etməmişlər. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi mənzil fonduna aid olan bəzi yaşayış sahələrinin xidməti mənzil fondundan çıxarılmasına münasibət bildirilməsi barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmiş və Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən etiraz edilməmişdir. Müdafiə Nazirliyi Mənzil- İstismar İdarəsi 3 saylı qapalı hərbi şəhərciyə aid olmayan mənzilin xidməti yaşayış sahəsindən çıxarılması və iddiaçı ilə daimi icarə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi barədə Xətai rayon İcra Hakimiyyətinə müraciət etsə də, Xətai rayon İcra Hakimiyyəti tərəfindən müsbət cavab verilməmişdir. Həmçinin iddiaçı da bu barədə rəsmi olaraq ərizə ilə müraciət etsə də, cavabdeh tərəfindən imtina verilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya yazılı münasibətində iddia tələbi ilə razı olmadığını bildirmiş və göstərmişdir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının 30 iyun 2009-cu il tarixli 845-İİİQ nömrəli Qanununa əsasən 01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsində yaşayış sahələrinə orderlərin verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Yaşayış sahələrinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 25 iyun 2010-cu il tarixli 118 saylı Qərarının 1.8-ci bəndinə əsasən yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmaqla sənədləşdirilməsi nəzərdə tutulmuşdur. Bu cür məsələlərin həll edilməsi üçün əvvəlcədən Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmalıdır. Xidməti mənzil sahələri xüsusi təyinatlı mənzil sahələri hesab olunur və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Həmin məcəllənin 102.2.2-ci maddəsinə əsasən isə xidməti yaşayış sahələri verilmiş yaşa görə pensiyaya çıxmış işçinin ailə üzvləri digər yaşayış sahəsi verilmədən çıxarıla bilməzlər. Qanunun bu tələbi xüsusi təyinatlı yaşayış sahəsinə daimi hüquqi sənəd verməyə əsas vermir. Qeyd edilən qanunun tələbləri əsas tutularaq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, çünki yaşadığı mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi ilə bağlı İddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur. Məcburetmə haqqında iddia növünə uyğun gələn hazırkı iddia inzibati mübahisə olmaqla Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci tarixli məktubla məhkəməyə təqdim edilmiş registrdən çıxarışdan görünür ki, 1984-cü il tarixdə istismara verilmiş Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi (keçmiş Naximov küçəsi), 6B saylı 5 mərtəbəli yaşayış binası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar Hissəsinin balansındadır. - Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 748 saylı sərəncamından görünür ki, həmin sərəncamla Milli Təhlükəsizlik Nazirliyinin mənzil-məişət komissiyasının xx.xx.1996-cı il tarixli 2 nömrəli protokolu təsdiq edilmiş, İddiaçı 3 nəfər ailə üzvü ilə (özü, həyat yoldaşı, oğlu) Zığ qəsəbəsi, Nahimov küçəsi, 6b saylı evin 2 otaqlı, yaşayış sahəsi 31,5 kv.metr olan 3 saylı mənzilinə dair xidməti order verilməsi və köhnə xidməti mənzilin təhvil verilməsi qərara alınmışdır. Sərəncama əsasən xidməti orderə İddiaçı (özü, 1968), X1 (h/yoldaşı, 1973) və X2 (oğlu, 1993) adının yazılması qərara alınmışdır. - Həmin sərəncama əsasən xx.xx.1996-cı il tarixdə iddiaçının adına Bakı şəhəri, Zığ qəsəbəsi, Nahimov küçəsi, 6b saylı evin 3 saylı mənzilinə dair 001306 nömrəli xidməti order verilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli **********06 saylı məktubdan görünür ki, ehtiyatda olan zabitlərin mənzil hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna aid olan bəzi yaşayış sahələrinin xidməti mənzil fondundan çıxarılmasına münasibət bildirilməsi barədə müraciətə baxılmış, "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 153 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası"nın 1.8-ci bəndinə, uyğun olaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırmaqla müraciətə əlavə edilmiş siyahıda göstərilən mənzillərin xüsusi təyinatlı mənzil fondunun siyahısından çıxarılmasına etiraz edilməmişdir. Həmin məktuba əlavə olunan xidməti mənzillərin siyahısında 10-cu sırada Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi, ev 6b, mənzil 3 qeyd olunmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin xx.xx.2022ci il tarixli 3130 saylı məktubundan görünür ki, vətəndaş İddiaçı yaşadığı Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi, ev 6B, 3 saylı mənzil xidmətidir və Müdafiə Nazirliyinin balansındadır. Məktubda həmçinin qeyd olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi, ev 6B, 3 nömrəli qapalı hərbi şəhərciyə aid olmayan mənzilin xidməti yaşayış sahəsindən çıxarılması və İddiaçı ilə daimi icarə müqaviləsinin bağlanılması üçün Mənzil- İstismar İdarəsi tərəfindən Xətai rayon İcra Hakimiyyətinə xx.xx.2021-ci il tarixli 6456 nömrəli məktub ünvanlanmışdır. - Məktuba əlavə edilmiş Mənzil-İstismar İdarəsinin cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli 6456 saylı məktubunda göstərilmişdir ki, vətəndaş Sadıqov X3 Nazirliyinin mənzil fonduna aid olan ünvan 3 ünvanda yaşadığı qapalı hərbi şəhərciyə aid olmayan mənzilin xidməti yaşayış sahəsindən çıxarılması barədə Müdafiə Nazirliyi Mənzil- İstismar İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli,118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydasının 4.3-cü bəndinə əsasən yaşayış sahəsinə zərurət aradan qalxdıqda, bu Qayda ilə müəyyən edilmiş müraciət və razılaşdırma əsasında müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanın vəsatəti ilə həmin sahə sosial təyinatlı yaşayış fonduna aid edilə bilər. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna aid olan bəzi yaşayış sahələrinin xidməti mənzil fondundan çıxarılmasına münasibət bildirilməsi barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunmuşdur. Vətəndaş İddiaçı yaşadığı mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılmasına Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən etiraz edilməmişdir. Buna görə də Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 6B, 3 nömrəli qapalı hərbi şəhərciyə aid olmayan mənzilin xidməti yaşayış sahəsindən çıxarılmasına və İddiaçı ilə daimi icarə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi xahiş olunmuşdur. - Cavabdeh həmin məktubu xx.xx.2021-ci il tarixli 1311 saylı məktubla cavablandırmış və göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən 6B saylı evin 3 saylı mənzili Xətai rayon İcra Hakimiyyətinin balansında olmadığından xahişin yerinə yetirilməsi imkan xaricindədir. Beləliklə, işin sadalanan halları ilə müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov (əvvəlki Naximov küçəsi) küçəsində yerləşən 6B saylı evin 3 saylı mənzili xidməti mənzil olmaqla Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin balansındadır. Həmin mənzil xx.xx.1996-cı il tarixli sərəncamla iddiaçının istfadəsinə verilmişdir, iddiaçı həmin mənzilin xidməti mənzil siyahısından çıxarılması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinə müraciət etmiş, İdarə Əmlak Məsələləri Dövlət Xidmətinin razılığını aldıqdan sonra cavabdehə müraciət edərək mənzilin xidməti yaşayış sahəsindən çıxarılmasına etiraz etmədiyini bildirmiş, cavabdeh isə mənzilin onun balansında olmaması səbəbindən ərizəni təmin etməmişdir. İddiaçı hazırda həmin mənzilə dair onunla daimi kirayə müqaviləsinin bağlanmasını xahiş edir. Məhkəmə qeyd edir ki, qüvvədə olan Mənzil Məcəlləsinin: -91.1.1-ci maddəsinə əsasən xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. - 91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. - 91.3-cü maddəsinə görə xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. - 92-ci maddəsinə əsasən xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. - 103.1-ci maddəsinə əsasən xidməti yaşayış sahələri vətəndaşlara ayrıca mənzil kimi verilir. - 103.2-ci maddəsinə əsasən xidməti yaşayış sahələri verilən vətəndaşların kateqoriyaları aşağıdakı orqanlar tərəfindən müəyyən edilir: 103.2.1. dövlət mənzil fonduna münasibətdə - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı; 103.2.2. bələdiyyə mənzil fonduna münasibətdə - bələdiyyə tərəfindən. “Xidməti yaşayış sahələri verilən vətəndaşların kateqoriyalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli 268 saylı Fərmanına əsasən dövlət mənzil fondunun xidməti yaşayış sahələri işlədikləri və ya qulluq keçdikləri yaşayış məntəqəsində yaşayış sahəsi olmayan aşağıdakı şəxslərə verilir: 1.1. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslərə; 1.2. inzibati vəzifə tutan dövlət qulluqçularına; 1.3. hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi səhmləri (payları) dövlətə məxsus olan hüquqi şəxslərdə çalışan şəxslərə; 1.5. qanunvericiliklə müəyyən edilmiş hallarda xidməti yaşayış sahəsi ilə təmin edilməsi nəzərdə tutulmuş digər şəxslərə. Qüvvədə olan Mənzil Məcəlləsinin 103.3-cü maddəsinə görə xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Məhkəmə qeyd edir ki, iddiaçının onunla daimi kirayə müqaviləsi bağlanması üçün müraciət etdiyi mənzil xidməti yaşayış sahəsi olmaqla Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin balansında olduğundan istinad olunan normaların tələblərinə əsasən onunla daimi icarə müqaviləsi deyil, xidmətdə qalma müddəti çərçivəsində kirayə müqaviləsi bağlana bilər. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1987-ci ildən xx.xx.1989-cu ilədək keçmiş SSRİ SQ-də (92611 h/h) sürücü mexanik, 01.01,1992-ci ildən xx.xx.1992-ci ilədək MN-nin 777 h/h-də atıcı, xx.xx.1993-cü ildən xx.xx.2001-cü ilədək Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin xx.xx.2001-ci il tarixli 85 ş/h nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. Göründüyü kimi, iddiaçı hazırda hərbi qulluqçu deyil və deməli, onunla xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bağlanıla bilməz. İddia ərizəsindən və işin hallarından məlum olur ki, iddiaçının hüquqi marağı 3 saylı mənzilin xidməti mənzil fondundan çıxarılması, yeni balanssaxlayıcı ilə onun arasında xidməti yaşayış sahəsinin kirayə müqaviləsi deyil, daimi, yəni müddətsiz sosial kirayə müqaviləsinin bağlanması və bunun məntiqi nəticəsi olaraq daha sonra həmin mənzilin özəlləşdirilməsinə yönəlmişdir (çünki “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın 1.8-ci bəndinə əsasən yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir. İstnad olunan normadan görünür ki, yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fondundan çıxarılması üçün:

1. balansında yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, hazırkı halda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fondundan çıxarılmasına razılıq verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməli;

2. Xidmət razılaşdıqdan sonra balansında yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, hazırkı halda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fondundan çıxarılması haqqında qərar qəbul etməlidir. Yalnız bundan sonra şəxs yerli icra hakimiyyəti orqanına müraciət edə və onunla daimi kirayə müqaviləsinin bağlanmasını xahiş edə bilər. Hazırkı işin hallarından isə müəyyən olunur ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fondundan çıxarılmasına razılıq verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmiş, Xidmət razılıq vermişdir. Bundan sonra Müdafiə Nazirliyi özü 3 saylı mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılması barədə qərar qəbul etməli olduğu halda, belə bir qərar qəbul etməmiş, bununla bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə haqlı olaraq mənzil onun balansında olmadığından müvafiq qərar qəbul edilməsinin onun səlahiyyətində olmadığını bildirmişdir. Beləliklə, qeyd olunanlara əsasən müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi (keçmiş Naximov küçəsi), 6B saylı evin 3 saylı mənzilinə dair iddiaçı ilə daimi kirayə müqaviləsinin bağlanması üçün ilk əvvəl həmin mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılması barədə qərar qəbul edilməli, bu qərarı isə mənzil balansında olan təşkilat, yəni Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qəbul etməlidir. Lakin işdə belə bir qərar mövcud deyil. Buna görə də məhkəmə hesab edir ki, nə qədər ki, 3 saylı mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılması barədə balansaxlayıcı orqan tərəfindən qərar qəbul edilməmişdir, deməli, həmin mənzil hazırda xidməti mənzildir və xidməti mənzilə münasibətdə iddiaçının hazırkı məzmunda tələbi təmin edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra aşkar edilən və iddiaçının mübahisəli əmlaka hüquqlarını təsdiq edən yeni sübutlara əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar