Məhkəmə qərarları › İş №2-1(112)-5579/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5579/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5579/2022 06.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1, üçüncü şəxsin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının AiləŞ Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının X10) «etibarlı dövlət qulluğu münasibətinin mövcudluğunun müəyyən edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının AiləŞ Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə qarşı «etibarlı dövlət qulluğu münasibətinin mövcudluğunun müəyyən edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı 2000-ci ildə Bakı Dövlət Universitetinin “psixologiya” fakültəsinin “psixlogiya” ixtisasına qəbul olunaraq, bakalavr pilləsində təhsil almış, 2006-cı ildə sosial psixologiya ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. İddiaçı 2007-ci ilin yanvar – fevral aylarında Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsində təcrübəçi kimi çalışmış, 1 mart 2007-ci il tarixdə Komitənin Qadın problemləri və gender məsələləri şöbəsində sosial məzuniyyətində olan şəxsin yerinə işə qəbul olunmuşdur. 3 noyabr 2008-ci il tarixdə «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 28.6-cı maddəsinə əsasən bir il müddətinə stajçı kimi Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmişdir. 3 noyabr 2009-cü il tarixdə altı ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş və 3 may 2010-ci il tarixdə ona «Dövlət qulluğu haqqında» Qanuna əsasən inzibati vəzifələrin 6-ci təsnifatı üzrə 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. 5 may 2013-cü il tarixdə inzibati vəzifələrin beşinci təsnifatı üzrə 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. 3 may 2016-cü il tarixdə inzibati vəzifələrin beşinci təsnifatı üzrə dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsi verilmişdir. 2015-ci ildən etibarən «Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları»na əsasən hər il şöbə müdiri tərəfindən xidməti fəaliyyəti yüksək balla qiymətləndirilmişdir. Hal-hazırda İddiaçı Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi vəzifəsində işləyir. O, 13 ildən artıqdır ki, dövlət qulluğunda dövlət qulluqçusu kimi uğurlu fəaliyyətini davam etdirir, «Dövlət qulluğu haqqında» Qanuna uyğun olaraq dövlət qulluqçusu kimi hər ay vəzifə maaşı, ixtisas dərəcəsinə görə əlavə, ildə 4 dəfə kollektiv mükafat, ildə 1 dəfə 1 aylıq vəzifə maaşı həcmində müavinət və məzuniyyət haqqı almışdır. Dövlət qulluğunda işlədiyi müddətdə iddiaçı dövlət əhəmiyyətli sənədlərin üzərində çalışmış, bir sıra Dövlət Proqramlarının hesabatının hazırlanması, təkliflərin irəli sürülməsi, tədbirlərin təşkil olunması, məktubların hazırlanması və.s fəaliyyət istiqamətlərində xidmət göstərmişdir. Çalışdığı illər ərzində Komitəni təmsil etməklə təlim, seminar və treninqlərdə iştirak etmiş, müvəffəqiyyətlə həmin təlimləri başa vurub sertifikatla mükafatlandirilmişdir. İddiaçı 2016-cı və 2018-ci illərdə Komitə sədri tərəfindən uğurlu fəaliyyətinə görə “fəxri fərman”la təltif olunmuşdur. Bundan başqa, 2018-ci ildə X10 tərəfindən dövlət qulluğuna qəbul üçün keçirilmiş müsabiqənin test mərhələsində iştirak edərək 85 bal toplayaraq, BA4+ nəticəsi üzrə 5 illik sertifikat qazanmışdır. İddiaçı «Dövlət qulluğu haqqında» Qanunun tələblərinə riayət olunmaqla, Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ыədrinin əmri ilə dövlət qulluğuna qəbul edilərək, uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyət göstərmişdir. İddiaçı qulluqda yüksəliş yolu ilə daha yüksək dövlət qulluğu tutmaq və ona uyğun digər dövlət qulluğu vəzifəsində işləmək üçün X10 tərəfindən keçirilən ümumi müsahibədə iştirak etmək istəsə də, dəfələrlə onun müsahibədə iştirakına imkan verilməmişdir. Nəzərə alınmalıdır ki, dövlət qulluğu ilə əlaqədar ümumi müsahibədə iştirak üçün X10 tərəfindən sənədlərin qəbulu onlayn qaydada aparılır. İddiaçı da bu prosedura riayət edərək elektron qaydada müraciət etmiş və zəruri sənədləri təqdim etmişdir. Sonuncu dəfə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətində Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində böyük məsləhətçi vakansiyası ilə əlaqədar müsahibədə iştirak etmək istəmiş, lakin 35 gündən artıq gözləsə də müsahibənin keçirilmə vaxtı və yeri barədə onun yaşadığı ünvana heç bir məktub gəlməmişdir. Bundan sonra 1 avqust 2021-ci il tarixdə İddiaçı elektron poçtunu yoxladığı zaman ona məlum olmuşdur ki, ümumi müsahibədə iştirakla bağlı elektron sistemdə onun sənədlərin qəbulundan imtina edilmiş, 18 iyun 2021-ci il tarixli ona imtina ilə bağlı elektron poçt göndərilmişdir. Qeyd olunan poçtdan onun məlumatı yalnız 1 avqust 2021-ci il tarixdə olmuşdur. Elektron poçtla göndərilmiş məktubda imtina əsası kimi göstərilmişdir ki, güya dövlət qulluğuna dair qanunvericiliyin tələbləri gözlənilmədən dövlət qulluğuna qəbul edildiyinə görə müsahibədə iştirakına icazə verilməsindən imtina edilmişdir. İddiaçının dövlət qulluğuna qanuni qəbul edilməsinin və dövlət qulluğu stajının X10 tərəfindən tanınmaması qanunvericiliyin tələblərinin və iddiaçının hüquqlarının kobud pozulması halıdır. Belə ki, yuxarıda göstərildiyi kimi o, «Dövlət qulluğu haqqında» Qanunun tələblərinə riayət olunmaqla və həmin qanuna istinad edilməklə, Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin əmri ilə dövlət qulluğuna qəbul edilmiş və onun fəaliyyəti hər il dövlət qulluqçusu kimi qiymətləndirilmişdir. Bundan başqa, onun adı dövlət qulluqçusu kimi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli, 420 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Dövlət qulluqçuları reyestrinin aparılması Qaydaları»na əsasən Reyestrə daxil edilmişdir. Həmin reyestrin aparılmasına və ümumi fəaliyyətinə nəzarətə görə isə X10 publik hüquqi şəxsi məsuldur. Uzun illər ərzində dövlət qulluqçularının reyestrində iddiaçı dövlət qulluqçusu kimi görünsə də, X10 hər hansı nöqsan aşkar edilməmiş və 13 il ərzində bu fakta etiraz edilməmişdir. Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı dövlət qulluğu xidməti vəsiqəsi verilmişdir. Sonuncu dəfə belə vəsiqə ona 19 mart 2021-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasına ünvanlanmış Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 20 mart 2021-ci il tarixli 1-240/21 saylı məktubunda da İddiaçı dövlət qulluqçusu statusu tanınmış, «İnzibati icraat haqqında» 67.5-ci maddəsinə istinad edilərək, onun dövlət qulluğuna xitam verilməsinin mümkün olmadığı bildirilmişdir. «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 3 noyabr 2008-ci il tarixdən hal-hazıradək iddiaçının tutduğu vəzifə daimi dövlət qulluğu sayılmaqla, dövlət qulluqçuları üçün qaunvericilikdə nəzərdə tutulan bütün hüquq və vəzifələr ona aid edilmişdir. Lakin X5 18 iyun 2021ci il tarixli məktubu ilə müsahibədə iştirak etmək üçün iddia etdiyi vakant üzrə müraciətinə cavab olaraq dövlət qulluğuna dair qanunvericiliyin tələbləri gözlənilmədən dövlət qulluğunda daha yuxarı vəzifəyə yüksəlmək üçün müsahibədə iştirakına imtina verilmişdir ki, bu da onun hüquqlarını pozur. Bu cür yanaşa, 13 ildən artıq müddət ərzində mübahisəsiz qaydada dövlət qulluğu münasibətlərindən iddiaçını kənarda saxlayır və dövlət qulluqçusu kimi onun hüquqlarının pozulması ilə nəticələnir. Əksinə 13 ildən artıq müddət ərzində dövlət qulluğunda olmağı, onun mübahisəsiz qaydada hüquq münasibətində olmasının göstəricisidir və bu hüquq münasbətləri müəyyən edilməsi və ya tanınmalıdır. Digər tərəfdən, inzibati orqanın iddiaçının onunla işə qəbul prosesi ilə əlaqədar işçi ilə işəgötürən münasibətlərini tənzimləyən və bir-birini tamamlayan yuxarıda sadalanan inzibati aktlar mövcuddur. Eyni zamanda, işçi ilə işəgötürən arasında 13 ildən artıq müddət ərzində qəbul edilmiş işçilərin həvəsləndirilməsi, məzuniyyət və ezamiyyət məsələlərini tənzimləyən əmrlər, əməyin ödənişi ilə bağlı bir sıra tədbirlər (dövlət qulluqçusu kimi əmək haqqından tutulmalar, habelə sosial sığorta haqqı ilə bağlı ödənişlər və s.) barədə çoxsaylı inzibati aktlar da qəbul edilmişdir. Həmin inzibati aktların heç biri 13 ildən artıq müddət ərzində istər inzibati orqanın özü, istərsə də X10 və ya bundan əvvəl dövlət qulluğuna qəbulla bağlı prosedurları yerinə yetirən oranlar, habelə digər orqanlar tərəfindən mübahisələndirilməmiş və həmin inzibati aktlar ləğv edilməmişdir. Göründüyü kimi, işçi kimi iddiaçı ilə inzibati orqan arasında publik hüquq münasibətləri mövcud olmuşdur. Belə olan halda iddiaçı hesab edir ki, onunla inzibati orqan arasında mövcud olan publik hüquq münasibətləri tanınmalıdır. Yəni, iddiaçının inzibati vəzifə üzrə dövlət qulluğunda çalışmağı nəzərə alınmalı və onun Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində işlədiyi dövr (3 noyabr 2008-ci il tarixdən hal-hazıradək) üzrə dövlət qulluqçusu kimi statusu və stajı nəzərə alınmalıdır. Göstərilənlərə və «İnzibati icraat haqqında» Qanunun 67.1 – 67.4-cü maddələrinə, İPM-in 2.2.5, 36-cı maddələrinə əsaslanaraq, İddiaçı Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində müvafiq olaraq aparıcı məsləhətçi baş məsləhətçi vəzifələrində 3 noyabr 2008-ci il tarixdən hal-hazıradək dövlət qulluğunun inzibati vəzifəsi üzrə iş stajı nəzərə alınaraq, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə həmin tarixdən etibarlı dövlət qulluğu münasibətinin mövcudluğunun müəyyən edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 17 mart 2022-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı 3 noyabr 2008-ci il tarixdən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın problemləri və gender məsələləri şöbəsində çalışır. Ona 3 may 2016-cı il tarixdə inzibati vəzifələrin beçinci təsnifatı üzrə dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsi verilmişdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi cavabdeh olaraq iddianı qəbul edir, məhkəmə iclasında işə baxılmasını və qərar çlxarılmasını məhkəmədən xahiş edir. Məhkəmənin iş üzrə 26 aprel 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının X10 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. X5 nümayəndəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında bildirilir ki, dövlət qulluğuna qəbul «Dövlət qulluğu haqqında» Qanunun 28.1-ci maddəsinə əsasən müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. İddiaçı 2008-ci ildə dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozulmaqla müsabiqədən keçmədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində inzibati vəzifələrin beşinci təsnifatına aid olan aparıcı məsələhətçi vəzifəsinə dövlət qulluğuna qəbul edilmişdir. X10 tərəfindən aparılan məlumat bazalarında İddiaçı dövlət qulluğuna qəbulla bağlı hər hansı müsabiqədə iştirakı qeydə alınmamışdır. İddiaçı qeyd olunan vəzifəyə müsabiqədən keçməklə təyin edilməli olduğu halda, bu cür prosedurdan keçmədən birbaşa dövlət qulluğuna qəbul edilmiş, 2014-cü ildə isə, əlavə olaraq müvafiq qanunvericiliyin tələbləri pozulmaqla, yəni müsabiqə və ya müsahibədə (daxili və ya ümumi müsahibə) iştirak etmədən vəzifədə irəli çəkilmiş və baş məsələhətçi vəzifəsinə təyin edilmişdir. İddiaçının dövlət qulluğu vəzifəsinə birbaşa (müsabiqədənkənar) təyinatı eyni zamanda «Dövlət qulluğu haqqında» Qanunun 4.1.6-cı maddəsində nəzərdə tutulmuş dövlət qulluğuna qəbulun şəffaflığı, 4.1.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların dövlət qulluğuna müsabiqə və müsahibə əsasında qəbul edilməsi və 4.1.8-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların öz qabiliyyətlərinə, xidməti nailiyyətlərinə və peşə hazırlığına uyğun olaraq dövlət qulluğunun hər hansı vəzifəsini tutmaqda hüquq bərabərliyi prinsiplərinin tələblərini də pozmuşdur. Həmin Qanunun 14.1-ci maddəsində dövlət qulluqçusunun anlayışı verilmişdir. Həmin maddəyə əsasən dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Maddədən də göründüyü kimi, dövlət qulluqçusunun statusunun əldə edilməsi üçün şəxs həmin Qanunla müəyyən edilmiş qaydada dövlət qulluğu vəzifəsini tutmalıdır. İnzibati vəzifə üzrə dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması prosedurları sözügedən Qanunun 28 və 29-cu maddələrində nəzərdə tutulmuşdur. İddiaçı dövlət qulluğu vəzifəsini qanunvericiliklə müəyyən edilmiş qaydada tutmamış, dövlət qulluqçusu statusunu qanunvericilikdə müəyyən edilmiş qaydada əldə etməmişdir. «Dövlət qulluğu haqqında» Qanunun 33.1.4-cü maddəsinə əsasən qanunvericiliyin tələbləri pozularaq işə qəbul edilmə dövlət qulluğuna xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli 860 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının X10 yaradılmış, 2016-cı ilin oktyabr ayında dövlət qeydiyyatına alınmış, 2017-ci ilin yanvarından fəaliyyətə başlamışdır. Həmin Fərmanla təsdiq edilmiş «Azərbaycan Respublikasının X10 publik hüquqi şəxsin Nizamnaməsi» ilə Mərkəzin üzərinə dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyətini öyrənmək və bu barədə hesabat hazırlamaq (Nizamnamənin 2.1.28-ci yarımbəndinə uyğun olaraq), dövlət orqanlarının dövlət qulluğu ilə bağlı qanunsuz aktlarının ləğv edilməsinə dair təkliflər vermək (Nizamnamənin 2.1.29-cu yarımbəndinə uyğun olaraq), dövlət qulluğu və dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunvericiliyin tələblərinin pozulması hallarını aradan qaldırmaq üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat vermək və yol verilmiş pozuntu halları barədə Azərbaycan Respublikası Prezidentinə məlumat vermək (Nizamnamənin 2.1.34-cü yarımbəndinə uyğun olaraq) kimi vəzifələrin icrası qoyulmuşdur. Qeyd olunan vəzifələrin icrası ilə əlaqədar X10 dövlət orqanlarında dövlət qulluğuna qeyri-qanuni qəbul hallarını araşdıraraq yol verilmiş pozuntu halları ilə bağlı 2017-ci ildə müvafiq dövlət orqanlarına məktublar ünvanlamışdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində inzibati dövlət qulluğu vəzifələrinə müsabiqədə iştirak etmədən qəbul edilmiş 17 nəfər şəxs müəyyən edilmiş, qanunvericilik tələblərinin pozulması hallarının aradan qaldırılması ilə bağlı məsələnin araşdırılması və müvafiq tədbirlərin görülməsi barədə Mərkəzə məlumat verilməsi xahişi 2017-ci ilin noyabr ayında dövlət orqanına bildirilmiş və sözügedən şəxslərin siyahısı, o cümlədən İddiaçı barədə məlumatlar dövlət orqanına təqdim edilmişdir. Eyni məsələ ilə bağlı 14 may 2018-ci il tarixli 01/01-09/1323 nömrəli məktubla X10 Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına müraciət etmişdir. Həmin məktubda İddiaçı məlumatları da öz əksini tapmışdır. X10 tərəfindən dövlət qulluğuna dair qanunvericiliyin tələblərinin pozulması halları barədə yenidən 18 dekabr 2018-ci il tarixli 01/01-09/3566 nömrəli məktubla Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına müraciət edilmişdir. Qeyd edilən məktubda dövlət qulluğuna dair qanunvericiliyin tələbi pozulmaqla dövlət qulluğuna qəbul edilmiş şəxslərin siyahısında İddiaçı dair məlumatlar yenidən öz əksini tapmışdır. «İnzibati icraat haqqında» Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. İddiaçı ilə bağlı qanunsuz inzibati aktın qəbul edilməsi halı X8 fəaliyyətə başladığı tarixdən 1 il keçmədən məlum olmuş və həmin müddət ərzində bu qanunsuz inzibati aktla bağlı qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edilmişdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinə ünvanladığı 21 iyun 2018-ci il tarixli 1-712/18 nömrəli məktubunda Komitədə çalışan 10 nəfərin, o cümlədən İddiaçı «Dövlət qulluğu haqqında» Qanunun tələbləri pozulmaqla dövlət qulluğuna qəbul edildiyini etiraf etmiş və həmin şəxslərlə bağlı lazımi tədbirlərin görülməkdə olduğunu bildirmişdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozulmaqla dövlət qulluğuna qəbul edilmiş şəxslər, o cümlədən İddiaçı Sahiı qızı barəsində müvafiq tədbirlərin görüləcəyi barədə həm Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, həm də X8 məlumat verilsə də, İddiaçı barəsində bu günədək yol verilmiş pozuntu halının aradan qaldırılması ilə bağlı hər hansı tədbir görülməmişdir. Bundan əlavə, «Dövlət qulluğu haqqında» Qanunun 29.3-cü maddəsinin birinci hissəsinə əsasən 1 – 5-ci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin dördüncü – yeddinci təsnifatlarına (2-ci kateqoriya dövlət orqanlarına aid müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələr (bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) istisna olmaqla) uyğun olan vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış, eləcə də bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması ümumi müsahibə yolu ilə həyata keçirilir. Həmin Qanunun 29.3-cü maddəsinin ikinci hissəsinə əsasən 1 – 5-ci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin dördüncü yeddinci (2-ci kateqoriya dövlət orqanlarına aid müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələr (bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) istisna olmaqla) təsnifatlarına uyğun olan vəzifələrin tutulması məqsədi ilə dövlət orqanı rəhbərinin qərarı əsasında, ilk növbədə, həmin dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçularının, habelə bu Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifələrə iddia edən şəxslərin iştirakını nəzərdə tutan daxili müsahibə keçirilə bilər. “«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 31 may 2021-ci il tarixli 340-VİQD nömrəli Qanununun keçid müddəalarına uyğun olaraq 2021-ci il iyulun 1-dək «Dövlət qulluğu haqqında» Qanuna uyğun olaraq dövlət qulluğuna qəbul olunmuş, on il və daha çox qulluq stajı olan dövlət qulluqçuları, habelə əvvəllər azı on il dövlət qulluğunda çalışmış və yenidən dövlət qulluğuna qəbul olunan şəxslər müddətsiz “Dövlət qulluğu sertifikatı” almış dövlət qulluqçularına bərabər tutulurlar. Eyni zamanda “«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (yəni 10 avqust 2016-cı il tarixədək) «Dövlət qulluğu haqqında» Qanuna uyğun olaraq dövlət qulluğuna qəbul olunmuş (2021-ci il iyulun 1-dək «Dövlət qulluğu haqqında» Qanuna uyğun olaraq dövlət qulluğuna qəbul olunmuş, on il və daha çox qulluq stajı olan dövlət qulluqçuları, habelə əvvəllər azı on il dövlət qulluğunda çalışmış və yenidən dövlət qulluğuna qəbul olunan şəxslər istisna olmaqla) və on ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə sertifikat əldə etməlidirlər. Qeyd edilənlərdən göründüyü kimi, 10 avqust 2016-cı il tarixədək «Dövlət qulluğu haqqında» Qanuna uyğun olaraq dövlət qulluğuna qəbul edilmiş, 10 ildən az qulluq stajı olan hazırda dövlət orqanında inzibati vəzifələrdə qulluq keçməklə inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcələri olan dövlət qulluqçuları qulluq keçdikləri dövlət orqanında mövcud vakant inzibati vəzifələrin tutulması ilə bağlı elan edilmiş daxili müsahibələrdə, eyni zamanda həm qulluq keçdikləri dövlət orqanında, həm də digər dövlət orqanlarında mövcud vakant vəzifələrin tutulması ilə bağlı elan edilmiş ümumi müsahibələrdə iştirak etmək üçün X10 tərəfindən keçirilən test imtahanında iştirak edərək dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə sertifikat əldə etməlidirlər. Deməli, dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması ilə bağlı elan edilmiş ümumi və daxili müsahibələrdə iştirak etmək üçün dövlət qulluqçusu eyni zamanda dövlət qulluğuna «Dövlət qulluğu haqqında» Qanuna uyğun olaraq qəbul edilmiş olmalıdır. Yuxarıda artıq qeyd olunduğu kimi, İddiaçı dövlət qulluğuna qəbulu «Dövlət qulluğu haqqında» Qanunun tələbləri gözlənilmədən həyata keçirilmişdir. «Dövlət qulluğu haqqında» Qanuna 31 may 2021-ci il tarixdə edilmiş dəyişikliklərlə qanunverici 10 avqust 2016-cı il tarixdən əvvəl dövlət qulluğuna qəbul edilmiş şəxslərin hüququ statusunu müəyyən etməklə bu kateqoriyadan olan şəxsləri 2 kateqoriyaya ayırmışdır. 1-ci kateqoriyaya 2021-ci il iyulun 1-dək «Dövlət qulluğu haqqında» Qanuna uyğun olaraq dövlət qulluğuna qəbul olunmuş, on il və daha çox qulluq stajı olan dövlət qulluqçuları, habelə əvvəllər azı on il dövlət qulluğunda çalışmış və yenidən dövlət qulluğuna qəbul olunan şəxslər daxildir. Qanunverici bu şəxsləri müddətsiz “Dövlət qulluğu sertifikatı” almış dövlət qulluqçularına bərabər tutur. 2-ci kateqoriyaya isə, 10 avqust 2016-cı il tarixədək «Dövlət qulluğu haqqında» Qanuna uyğun olaraq dövlət qulluğuna qəbul olunmuş dövlət qulluqçuları daxildir. Qanunverici həmin kateqoriyadan olan dövlət qulluqçularının daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət hüququnu həmin Qanunun 28-1-ci maddəsinə əsasən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə sertifikat alması ilə şərtləndirir. Qanundan da göründüyü kimi, qanunverici «Dövlət qulluğu haqqında» Qanuna uyğun olmadan dövlət qulluğuna qəbul olunmuş şəxslərə münasibətdə hər hansı status müəyyən etməmişdir. Yuxarıda göstərilənləri və İddiaçı dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozulmaqla dövlət qulluğuna qəbul edildiyini nəzərə alaraq, onun “etibarlı dövlət qulluğu münasibətinin mövcudluğunun müəyyən edilməsi” barədə iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddiaya etiraz etmədiyini bildirdi. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən üçüncü şəxsin nümayəndəsi X11 iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında da vurğulanmışdır. Həmin qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı müvafiq hüquqi marağının mövcudluğu onun subyektiv hüquqa mallik olmasını əsaslandırmış, dövlət qulluğu münasibətlərində olduğunu iddia etdiyi qurumu cavabdeh qismində seçmişdir, eləcə də hazırkı iddianın mümkünlüyünü istisna edən hallar mövcud deyil. Belə olan halda, məhkəmə iddianı mümkün sayır. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan əmək kitabçasından görünür ki, Quliyeva (Hacıyeva) Aytəkin Sahil qızı 1 mart 2007-ci il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində həmin vəzifədə çalışan şəxsin sosial məzuniyyətdə olması ilə əlaqədar Komitənin Qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi vəzifəsinə təyin olunmuş, 3 noyabr 2008-ci il tarixdə həmin vəzifəyə «Dövlət qulluğu haqqında» Qanunun 28.6-cı maddəsinə əsasən 1 il müddətinə stajçı kimi təyin edilmiş, 3 noyabr 2009-cu il tarixdə həmin Qanuna əsasən 6 ay müddətinə dövlət qulluğuna qəbul edilmiş, 3 may 2010-cu il tarixdə qeyd olunan Qanuna uyğun olaraq ona inzibati vəzifələrin 6-cı təsnifatı üzrə 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş və o, daimi dövlət qulluğuna qəbul edilmiş, 3 may 2013-cü il tarixdə həmin Qanuna əsasən ona inzibati vəzifələrin 5-ci təsnifatı üzrə 1-ci dərəcə dövlət qulluqçusu dərəcəsi verilmiş, 15 yanvar 2014-cü il tarixdə həmin Qanunun 32-ci maddəsinə uyğun olaraq dövlət qulluğunda yüksəliş yolu ilə Komitənin Qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin edilmiş, 3 may 2016-cı il tarixdə həmin Qanuna əsasən ona inzibati vəzifələrin 5-ci təsnifatı üzrə dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsi verilmişdir. İş materiallarından görünür ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 3 noyabr 2008-ci il tarixli 179 “k” nömrəli əmri ilə İddiaçı 3 noyabr 2008-ci il tarixdən vəzifə maaşı ştat cədvəlinə uyğun ödənilməklə 1 il müddətinə stajçı kimi Komitənin Qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmişdir. İş materiallarından görünür ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 3 noyabr 2009-cu il tarixli 172 nömrəli əmri ilə Komitənin Qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisinin staj müddətinin bitməsini və şöbə müdirinin tövsiyəsini nəzərə alaraq, 3 noyabr 2009-cu il tarixdən İddiaçı «Dövlət qulluğu haqqında» Qanunun 28.6-cı maddəsinə əsasən 6 ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmişdir. İş materiallarından görünür ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 3 may 2010-cu il tarixli 59 nömrəli əmri ilə Komitənin Qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi İddiaçı 3 may 2010-cu il tarixdən daimi dövlət qulluğuna (ixtisas dərəcəsinə görə vəzifə maaşına əlavə haqq ödənilməklə) qəbul edilmişdir. İş materiallarından görünür ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Komitənin Qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi İddiaçı 3 noyabr 2010-cu il tarixdən «Dövlət qulluğu haqqında» Qanunun 22.7-ci maddəsinə əsasən qulluq stajına görə vəzifə maaşına 5% əlavə haqq ödənilməsi barədə 4 noyabr 2010-cu il tarixdə 162 nömrəli əmr vermişdir. İş materiallarından görünür ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2 may 2013-cü il tarixli əmri ilə Komitənin Qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi İddiaçı 3 may 2013-cü il tarixdən İnzibati vəzifələrin 5-ci təsnifatı üzrə 1-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. İş materiallarından görünür ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi «Dövlət qulluğu haqqında» Qanunun 22.7-ci maddəsini rəhbər tutaraq, Komitənin Qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi İddiaçı 7 yanvar 2014-cü il tarixdən qulluq stajına görə vəzifə maaşına 10% əlavə haqq ödənilməsi barədə 7 yanvar 2014-cü il tarixdə 3a nömrəli əmr vermişdir. İş materiallarından görünür ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 15 yanvar 2014-cü il tarixli 8 nömrəli əmri ilə İddiaçı dövlət qulluğunda yükəliş yolu ilə 15 yanvar 2014cü il tarixdən Komitənin Qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin edilmişdir. «Dövlət qulluğu haqqında» Qanunun 16.1-ci maddəsinə görə dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, dövlət qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir. Həmin Qanunun 17.1-ci maddəsinin birinci hssəsinə görə ixtisas dərəcələri bu Qanunun 16cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Həmin maddənin üçüncü hissəsinə görə ixtisas dərəcəsi verilərkən dövlət qulluqçusunun peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınır. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.4-cü maddəsinə görə qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə görə maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda (67.6.1), səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda (67.6.2), inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda(67.6.3). Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Həmin Qanunun 67.12-ci maddəsinə görə qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Həmin Qanunun 67.12-ci maddəsinə görə qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Azərbaycan Respublikasaı Prezidentinin 21 iyun 2006-cı il tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları»nın 2-ci bəndinə görə dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır. Həmin Qaydaların 3-cü bəndinə əsasən Dövlət Reyestrinin yaradılmasında məqsəd dövlət qulluqçuları haqqında məlumatları toplamaq, təzələmək və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması məsələlərinin və dövlət qulluğu ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək, müvafiq hallarda bu Qaydalarla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət orqanlarını həmin məlumatlarla təmin etməkdir. Həmin Qaydaların 12-ci bəndinə görə Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı bu şəxs haqqında məlumatları Dövlət Reyestrini aparan dövlət qurumuna dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim etməlidir. Məhkəmə hazırkı iş üzrə müəyyən etdiyi aşağıdakı halları diqqətə çəkir: - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İddiaçı dövlət qulluğu vəzifəsinə təyin olunması barədə 3 noyabr 2008-ci il tarixli, 3 noyabr 2009-cu il tarixli, 3 may 2010-cu il tarixli və 15 yanvar 2014-cü il tarixli əmrləri iddiaçıya müvafiq hüquq verdiyindən, ona münasibətdə əlverişli inzibati aktlar sayılır. Həmin əmrlərə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı X3 etimadın qanunla qorunması hüququna malikdir; - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 3 noyabr 2008-ci il tarixli, 3 noyabr 2009-cu il tarixli, 3 may 2010-cu il tarixli və 15 yanvar 2014-cü il tarixli əmrləri qanunsuz hesab edilsə belə, əlverişli inzibati akt kimi onların mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Bundan başqa, etimad hüququnun qorunması həmin əmrlərin hətta qanunsuz sayıldığı halda ləğvini istisna edir; - İddiaçı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində dövlət qulluğu vəzifəsinə təyin olunduğu vaxtdan, yəni 2008-ci ildən qanunvericilikdə dövlət qulluqçuları üçün nəzərdə tutulmuş müvafiq vəzifələri yerinə yetirmiş və hüquqlardan, təminatlardan istifadə etmiş, eləcə də ona dövlət qulluqçuları üçün nəzərdə tutulmuş təminatlardan istifadə etdiyi 13 ildən artıq dövrdə ixtisas dərəcəsi verilmiş, ixtisas dərəcəsinə və qulluq stajına görə vəzifə maaşına əlavələr ödənilmişdir. Sadalananlar, həmçinin İddiaçı ixtisas səviyyəsinin, peşəkar və təcrübəli dövlət qulluqçusu olmasının əlaməti kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddia təmin edilərək İddiaçı Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində müvafiq olaraq aparıcı məsləhətçi və baş məsləhətçi vəzifələrində 3 noyabr 2008-ci il tarixdən hal-hazıradək dövlət qulluğunun inzibati vəzifəsi üzrə iş stajı nəzərə alınmaqla Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə etibarlı dövlət qulluğu münasibətinin mövcudluğu müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 52, 58.7, 68, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində müvafiq olaraq aparıcı məsləhətçi və baş məsləhətçi vəzifələrində 3 noyabr 2008-ci il tarixdən halhazıradək dövlət qulluğunun inzibati vəzifəsi üzrə iş stajı nəzərə alınmaqla Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə etibarlı dövlət qulluğu münasibətinin mövcudluğu müəyyən edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar