Məhkəmə qərarları › İş №2-1(112)-5580/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5580/2023

03.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5580/2023 03.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, məhəllə 4041, ev 25, giriş 1, mərtəbə 3, yaşayış sahəsi 67,91 kv.metr olan, 5 otaqlı, 5 saylı ünvanda yerləşən mənzilə çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Əzizbəyov rayon X10 İcaraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 185 saylı Qərarı əsasında iddiaçıya Bakı şəhəri, Suraxanı rayonu, məhəllə 4041, ev 25, giriş 1, mərtəbə 3, yaşayış sahəsi 67,91 kv,m olan, 5 otaqlı, 5 saylı mənzilə dair xx.xx.1992-ci il tarixli, 024664 saylı order verilmişdir. Orderə iddiaçı, həyat yoldaşı və altı övladının adı daxil edilmişdir. Bu fakt Bakı şəhəri, Xəzər rayon İcra Hakimiyyətinin iddiaçıya verdiyi bildirişdə öz əksini tapmışdır. Beləliklə iddiaçının adına 13 mart 1992-ci il tarixdə 024664 saylı order mövcuddur. Buna görə də o, mənzilə çıxarış almaq üçün cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində bildirmişdir ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, məhəllə 4041, ev 25, giriş 1, mərtəbə 3, yaşayış sahəsi 67,91 kv.m olan 5 otaqlı, 5 saylı ünvanda yerləşən mənzilə çıxarış verilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələb ilə bağlı xx.xx.2022-ci il tarixdə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının BA-03687-2022 saylı, xx.xx.2022-ci il tarixli məktubu ilə Suraxanı rayon İH-nın arxiv fondu üzrə 1992-ci il tarixli, 185 saylı sərəncamı xx.xx.1992-ci il tarixli deyil, xx.xx.1992-ci il tarixli olmaqla Dövlət Arxivinin Bakı filialında mövcud olduğu, lakin həmin sərəncamda İddiaçı barəsində heç bir məlumatın olmadığı qeyd edilmişdir. Həmçinin mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi təqdim edilməmişdir. Qeyd olunan səbəblərə görə ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamış və bu barədə iddiaçıya **********66 saylı, xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Cavabdeh “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11, 11-ci maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Suraxanı rayonu, məhəllə 4041, ev 25, giriş-1, mərtəbə 3, yaşayış sahəsi 67,91 kv.metr olan 5 otaqlı, 5 saylı ünvanda yerləşən mənzil üzərində mülkiyyət mülkiyyət hüququnun qeydiyyata alınması və bu barədə çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 03 iyul 2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********66 saylı məktubdan görünür ki, iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi, 25 saylı evin 5 saylı mənzilinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinin təmin edilməsindən imtina edilmişdir. -İddiaçıya məxsus 23 mart 1963-cü il tarixdən doldurulmağa başlanmış əmək Kitabçasının notarial qaydada təsdiq edilən surətindən görünür ki, İddiaçı xx.xx.1967xx.xx.2011-ci il tarixədək “Qafqazenerjimontajizolyasiya” Xüsusi İdarəsində işləmişdir. xx.xx.1993-cü il tarixdə İdarənin adı “Azərenerjitikintiquraşdırma” Dövlət Konserninə daxil olan “Azərenerjiquraşdırmaizolyasiya” İdarəsinə dəyişdirilmişdir. -Əzizbəyov rayon X10 İcraiyyə Komitəsi tərəfindən verilmiş 13 mart 1992-ci il tarixli, 024664 saylı orderin surətindən görünür ki, 8 nəfər ailə üzvü ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, 4041 kvartalda yerləşən ümumi sahəsi 67,91 kv.metr sahədən ibarət 5 otaqlı 25 saylı evin 5 saylı mənzili İddiaçı adına ayrılmışdır. -Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən daxil olmuş 27 aprel 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Suraxanı rayonu, Yeni Günəşli, “Q” yaşayış sahəsi, 25 saylı bina Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Sözügedən binanın 5 saylı mənzili keçmiş Əzizbəyov rayon X20 İcraiyyə Komitəsinin 13 mart 1992-ci il tarixli, 024664 saylı orderi ilə İddiaçı verilmişdir. Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, 25 saylı evin 5 saylı mənzili dövlət mənzil fonduna aiddir. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü X14, xx.xx.1958-ci il təvəllüdlü X7, xx.xx.1948-ci il təvəllüdlü X11, xx.xx.1980-cı il təvəllüdlü X15, xx.xx.1991-ci il təvəllüdlü X12, xx.xx.1997-ci il təvəllüdlü X3, xx.xx.1995-ci il təvəllüdlü X16, xx.xx.1988ci il təvəllüdlü X19, xx.xx.1952-ci il təvəllüdlü X8 Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatdadırlar. -Bakı şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktub-bildirişdən görünür ki, Xəzər Rayon İcra Hakimiyyəti başçısı aparatında saxlanılan sənədlərə əsasən, Bakı şəhəri Əzizbəyov rayon X10 İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 185 nömrəli Qərarı əsasında Bakı şəhəri, Suraxanı rayonu, məhəllə 4041, ev 25, giriş 1, mərtəbə 3, yaşayış sahəsi 67,91 kv.m. olan 5 otaqlı, 5 saylı mənzilə dair verilmiş xx.xx.1992-ci il tarixli, 024664 nömrəli order verilmişdir. -Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, 6 saylı Bakı “Asan Xidmət" Mərkəzindən daxil olmuş iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, Suraxanı rayon İH-nin arxiv fondu üzrə 1992-ci il tarixli, 185 saylı sərəncamı xx.xx.1992-ci il tarixli deyil, xx.xx.1992-ci il tarixli olmaqla Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncamda İddiaçı barəsində heç bir məlimat yoxdur. -Bakı Şəhər İcra Hakimiyyəti MKTD Suraxanı rayon MKTB-nin 105 saylı MKİS tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, arayış İddiaçı ondan ötrü verilmişdir ki, o həqiqətən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 25 ünvanda yerləşən 5 №li mənzildə yaşayır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı əvvəllər dövlət və ya ictimai mənzil fondu mənzilinin özəlləşdirməsi ilə bağlı məlumat aşkar edilməmişdir. -Dövlət Arxiv İdarəsinin Bakı Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunda keçmiş Əzizbəyov rayon İH-nin (indiki Xəzər RİH) arxiv fondu üzrə 185 saylı Qərarı 03 mart 1992-ci il tarixli deyil, 05 mart 1992-ci il tarixli 185 saylı Qərar kimi Dövlət Arxivinin Bakı filialında mövcud olduğu bildirilmiş və istinad olunan Sərəncamın təsdiq edilmiş surəti məhkəməyə ünvanlanmışdır. Qeyd olunan Sərəncamın təsdiq edilmiş surətindən görünür ki, “Qafqazenerjimontajizolyasiya” Xüsusi İdarəsi tərəfindən 1967-ci il tarixdən usta peşəsində işləyən İddiaçı (adları orderdə qeyd olunan 8 nəfər) ailə tərkibilə birlikdə ünvan 8 ünvanda yerləşən ümumi sahəsi 67,91 kv.metr sahədən ibarət 5 saylı mənzilə dair order verilmişdir. -Suraxanı rayon MKTB 105 saylı MKİS-in xx.xx.2017-ci il tarixli arayışından görünür ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q y/s 25 saylı evin 5 nömrəli mənzilinin yerləşdiyi ünvan əvvəllər Yeni Günəşli qəsəbəsi 4041-ci kvartal adlanıb. -İddiaçının ailə üzvləri X14, X17, X9, X4, X5, X2, X13 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış ərizələrdən görünür ki, ünvan 9 ünvanda yerləşən 5 saylı mənzilin İddiaçı adına sənədləşdirilməsinə etiraz etmirlər. Beləliklə, işdə olan sənədlər ilə müəyyən edilən hallar ondan ibarətdir ki, iddiaçı Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli Sərəncamı ilə ayrılmış 13 mart 1992-ci il tarixli, 024664 saylı orderinə istinad edərək ünvan 9 ünvanda yerləşən 5 saylı mənzilin üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarış verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2000-ci il tarixli, 386 nömrəli Fərmanının 3.9-cu bəndinə əsasən həmin Məcəllənin 139- 1.1.11-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Eyni Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan; Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 3-cü maddəsində yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması mənzil fondunun özəlləşdirilməsinin əsas prinsiplərindən biri kimi nəzərdə tutulmuşdur. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsində göstərilir ki, vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınma əsaslarının dairəsini konkret müəyyən edir. Qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının adına keçmiş Əzizbəyov rayon İH-nin (indiki Xəzər RİH) 05 mart 1992-ci il tarixli 185 saylı Sərəncamına istinadən verilmiş 13 mart 1992-ci il tarixli, 024664 saylı order “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində göstərilən hüquqmüəyyənedici sənədlərə uyğun gəlir. Məhkəmə cavabdehin imtina üçün gətirdiyi dəlillərə münasibətdə qeyd edir ki, iş materialları ilə müəyyən edildi ki, iddiaçıya mübahisəli yaşayış sahəsinə orderin verilməsi barədə Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli sərəncamının arxiv əsasları, həmçinin mənzildə faktiki yaşayan iddiaçının ailə üzvlərinin mənzilin iddiaçının adına özəlləşdirilməsinə razılıq ərizələri mövcuddur. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə qeyd olunan dəlillərin əksini sübut edəcək müvafiq sübutlar təqdim edilməmişdir. Odur ki, məhkəmə cavabdehin imtina dəlillərini əsassız hesab edir. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, həm hazırda qüvvədə olan Mənzil Məcəlləsinin tələbinə, həm də keçmiş mənzil qanunvericiliyinin tələblərinə əsasən hazırkı tələb üzrə iddiaçının mübahisə predmeti olan yaşayış sahəsinə mənzil hüququ vardır. Məhkəmə qeyd olunanları, o cümlədən qanunvericiliklə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının qeyd olunan mənzil üzərində mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” vardır. Bu baxımdan, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, məhəllə 4041, ev 25, giriş-1, mərtəbə 3, yaşayış sahəsi 67,91 kv.metr olan 5 otaqlı, 5 saylı ünvanda yerləşən mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmaqla çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar