Məhkəmə qərarları › İş №2-1(112)-5582/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5582/2022

03.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5582/2022 03.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 1978- 1981-ci il dövründə əyani təhsil aldığı illərin, vergi ödəyicisi olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu 2009-2021-ci illərin pensiya stajına əlavə olunması və eyni zamanda pensiya məbləğinin yenidən hesablanması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1955-ci il təvəllüdlüdür və yaşa görə əmək pensiya hüququ da xx.xx.2020-ci il tarixində yaranmışdır. Yaşa görə təyin olunmuş pensiya məbləği ilə razılaşmaması səbəbindən, ilk olaraq, 11.05. 2020-ci il tarixində DSMF-nun Nəsimi rayon şöbəsinə müraciəti olmuşdur. Təssüflər olsun ki, müraciətinə bu günə kimi cavab verilməmişdir. DSMF-na isə, xx.xx.2020-ci il tarixində müraciəti olmuşdur. Müraciətində hesabatın düzgün aparılmadığını, pensiya məbləğinin hesabatına yenidən baxılmasını, 1978-1981-cü il dövründə əyani təhsil aldığı illərin, həmçinin Bakı şəhəri, Vergilər Departamentinin 2 saylı filialında xx.xx.2009—01.06 2021ci il tarixinə kimi (vergu ödəyicisi olmuşdur) qeydiyyatda olduğunu, fiziki şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşqul olduğunu bildirmişdir. Müraciətinə, DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Filialının direktoru M Məmmədovun imzası ilə № **********1,xx.xx.2020-ci il tarixində cavab verilmişdir. Qeyd olunanları mahiyyəti üzrə araşdırmadan, xx.xx.2020-ci il tarixində cavab olaraq bildirmişlər ki, ərizənizə baxılmış, ödəniləcək məbləğ dəyişilməyərək 200.00 manat məbləğində də saxlanılmışdır. Eyni zamanda, xx.xx.20021-ci il tarixində SMS vasitəsi ilə ona aşağldakı mövzuda cavab verilmişdir: "Sizə avtomatlaşdırılmış qaydada pensiya təyin edilərkən 25 il sığorta stajınız və fərdi hesabın sığorta hissəsində qeydə alınmış 50,91 manat pensiya sğorta kapitalınız nəzərə alınmışdır. Qeyd olunanları nəzərə alaraq aylıq pensiyanızın məbləği dəyişmir". İddiaçı DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Filialı tərəfindən təyin olunmuş pensiya məbləği ilə razı olmadığını və hesabatların reallığı əks etdirmədiyini hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının “xx.xx.1978-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək əyani təhsil aldığı dövrün sığorta stajına əlavə edilərək təyin edilmiş əmək pensiyasının yenidən hesablanılması öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı hal hazırda ona ödənilən pensiya məbləğinin düzgün hesablanmadığını, daha artıq məbləğdə pensiya təyin edilməli olduğunu iddia edir. xx.xx.2020-ci il tarixdən İddiaçı avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin olunmuşdur. Cavabdeh tərəfindən İddiaçı 01.01,2006-cı il tarixədək 25 il 8 ay 4 gün sığorta stajına və xx.xx.2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 45,70 manat pensiya kapitalına əsasən 151,85 manat məbləğində pensiya hesablanmışdır və xx.xx.2020-ci il tarixdən 200,00 manat məbləğində yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçının iddia tələbi əsassız hesab edərək və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 27-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixə qeydə alınır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza hissəsinə yenidən baxıldıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınır. Sözügedən Qanunun 29.2-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi (o cümlədən bu Qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi) və fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ildə bir dəfədən az olmamaqla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilir. Həmin Qanunun 10.4-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+YH. Həmin Qanununun 10.1 -ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza hissəsinin (BH) məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (xx.xx.2016-cı il tarixə 110 manat müəyyən edilmişdir.) Həmin Qanunun 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği SH = PSK/T düsturu ilə müəyyən edilir. T gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı= 144 ay. Sözügedən Qanunun 10.3cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq YH=PYK/T düsturu ilə müəyyən edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən: 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının baza və sığorta hissələrinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsi hesab edilir. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixdən 2017-ci il 1 iyul tarixədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80 faiz artırılmaqla, 2017-ci il 1 iyul tarixə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Qanunun 37.3.1 -ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.4-cü maddəsinə əsasən borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1974-xx.xx.1976-cı illər hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1973-10.11,1974-cü illər,xx.xx.1977xx.xx.1977-ci illər,xx.xx.1977-xx.xx.1978-ci illər, xx.xx.1982-xx.xx.1992- ci illər, xx.xx.1992xx.xx.1993-cü illər, xx.xx.1993-xx.xx.2003-cü illər işlədiyi dövr üzrə xx.xx.2006 tarixədək sığorta stajı 25 il 8 ay 4 gün təşkil edir. İddiaçı təhsili əyani formada bitirmədiyi üçün sığorta stajına daxil edilməmişdir. Eyni zamanda İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2020-ci il tarixədək fərdi hesabının sığorta hissəsində 45,69 manat pensiya kapitalı qeydə alınmışdır. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən 200 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1 -ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə birdəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar İddiaçı pensiyasının məbləği xx.xx.2021-ci il tarixdən 222,80 manata çatdırılmışdır. Qanunun 6-1 ci maddəsinə əsasən əmək pensiyasının minumum məbləği xx.xx.2022- ci il tarixdən 240 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minumum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Qeyd olunan maddəyə əsasən İddiaçı pensiyası xx.xx.2022-ci il tarixdən 240 manata çatdırılmışdır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, İddiaçı yaşa görə əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli Əmək kitabçasının təsdiq edilmiş surəti; - iddiaçıya məxsus ********** qeydiyyat nömrəli (VÖEN) fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnamənin surəti; - iddiaçıya məxsus **********774 nömrəli Dövlət Sosial Sığorta Şəhadətnaməsinin surəti; -iddiaçıya məxsus AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surəri; -iddiaçıya məxsus 020360 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xidməti vəsiqənin surəti; - iddiaçıya məxsus ИВ 037747 nömrəli Diplomun surəti; -məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2022-ci il tarixli Bakı şəhəri X3 üzrə Baş İdarəsinin məktubu; - Azərbaycan Respublikasının Təhsil Nazirliyi Bakı Slavyan Universitetinin xx.xx.2021-ci il tarixli Arxiv arayışı; - iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına xx.xx.2021-ci il tarixli müraciət məktubu; - cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş inzibati icraat materiallarının təsdiq edilmiş surəti.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmişdir və iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi.

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan 971751 nömrəli pensiya işindən görünür ki, iddiaçıya xx.xx.2020-ci il tarixində yaşa görə 200 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edillən zaman iddiaçının 01 yanvar 2006-cı il tarixindək olan iş stajı 25 il 2 ay olması nəzərə alınmışdır. İddiaçı xx.xx.2020-ci il tarixində pensiyanın yenidən hesablanılması ilə bağlı müraciət etmiş, müraciəti əsasında pensiyası yenidən hesablanılmış, pensiya məbləgi 200 manat məbləğində saxlanılmışdır. xx.xx.2021-ci il tarxində iddiaçı əyani təhsil müddətinin stajına daxil olması və əmək pensiyasının yenidən hesablanılması məqsədilə cavabdehə müraciət etmiş, cavabdehin ərizəyə cavab olaraq təhsil dövründə tam əyani kursu bitirmədiyi qeyd olunaraq təhsil illərinin sosial sığorta stajına əlavə edilməyərək həmin müddət nəzərə alınmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh xx.xx.2022-ci il tarixli Xidməti məktubuna əsasən vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.3-cü maddəsinə görə əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 - 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Həmin maddənin tələblərinə uyğun olaraq İddiaçı müraciətinə əsasən vətəndaşın əmək pensiyası yenidən hesablanmışdır. İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1974-xx.xx.1976-cı illər hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1973-10.11,1974-cü illər, xx.xx.1977-xx.xx.1977-ci illər, xx.xx.1977-xx.xx.1978-ci illər, xx.xx.1982-xx.xx.1992-ci illər, xx.xx.1992- xx.xx.1993-cü illər, xx.xx.1993-xx.xx.2003-cü illər işlədiyi dövr üzrə xx.xx.2006-cı il tarixinədək 25 il 8 ay 4 gün sığorta stajı müəyyən edilmişdir. Vətəndaşın təhsil illəri tam əyani kursu bitirmədiyi üçün sığorta stajına daxil edilməmişdir. Həmçinin sözügedən şəxsin pensiyasının yenidən hesablanması zamanı xx.xx.2011-cı il tarixindən xx.xx.2012-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 45,70 manat pensiya kapitalı nəzərə alındığı qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən mübahisələndirilən dövrdə, yəni xx.xx.1978-ci il tarixindən xx.xx.1982-ci il tarixədək iddiaçının əyani təhsil aldığı işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Slavyan Universitetinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı 1978-1979cu illərdə M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və X1 şöbəsində (əyani təhsil formasında) dinləyici olmuş (əmr № 42/3), 24 iyul 1979-cu ıl tarixdə Rus dili və ədəbiyyatı müəllimi" ixtisası üzrə (əyanı təhsil formasında) qəbul olmuşdur (əmr № 137/3). 31 avqust 1982-ci ildə İV kursda qiyabi şöbəyə keçmişdir (əmr №154/3). 30 iyun 1984-cü ildə həmin ixtisası (qiyabi təhsil formasında) bitirmişdir. (əmr №32/5). İş materiallarında olan ИВ seriyalı 037747 nömrəli diplomun surətindən görünür ki, iddiaçı 1979-cu il tarixindən 1984-cü il tarixinədək M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda təhsil almışdır. Məhkəmə hesab edir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən dövrdə, xx.xx.1978-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək olan dövrdə əyani təhsil aldığı işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmin dövr iddiaçının sığorta stajına daxil edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəlləsının 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Qeyd edilən qanunvericiliyn normalarından görünür ki, iddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. İş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partaiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının xx.xx.1978ci il tarixindən xx.xx.1982-ci il tarixinədək M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1978-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda təhsil aldığı illərin sosial sığorta stajı kimi nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar