Məhkəmə qərarları › İş №2-1(112)-5582/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5582/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5582/2025 25.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “cizginin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, sahə 2 ünvanında yerləşən 0.12 ha (1200 kv.m) torpaq sahəsinin cizgisinin (plan və ölçü sxeminin) çəkilməsini və təsdiq edilərək İddiaçı qızma verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Cavabdeh Başçısının 15/69 nömrəli, xx.xx.1992-ci il tarixli Qərarı ilə ona Ramana qəsəbəsi, sahə 2 ünvanında 1200 kv. metr sahəsi olan şəxsi yaşayış evi tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Sözügedən torpaq sahəsi həmin tarixdən onun sahibliyində və istifadəsindədir. Həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirmiş və ailə üzvlərimlə birlikdə həmin fərdi yaşayış evində yaşayırıq. Lakin, buna baxmayaraq bu günə qədər Sabunçu rayonu, Bilgəh qəsəbəsi, sahə 2 ünvanında yerləşən və 1990-cı ildən onun sahibliyindədir və istifadəsində olan torpaq sahəsinə və üzərində inşa edilmiş fərdi yaşayış evinə çıxarış ala bilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi qeyd olunan torpaq sahəsinin yerləməsini müəyyən etməyə imkan verən sənəd təqdim edilmədiyi səbəbindən müraciəti öz həllini tapmamışdır. Onunla qonşuluqda yaşayan qonşuların istifadələrində olan torpaq sahəsi və fərdi yaşayış evləri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və həmin şəxslər çıxarışla təmin olunmuşlar. Belə ki, sözügedən torpaq sahəsi yaşayış təyinatlı torpaq sahəsidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin ərizəçi X1 ünvanlanmış “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdə aşağıdakılar göstərilmişdir: Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “2 ” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyta alınması ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizənizə tərəfindən baxılmışdır. Qeyd olunan torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəd təqdim edilməmişdir. "İnzibati icraat haqqında ” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən sizə hüquqi yardım göstərilərək bildiririk ki, qeyd olunan irad aradan qaldırılacağı təqdirdə müraciətinizə yenidən qanunamüvafıq qaydada baxılacaqdır. ”. Odur ki, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, sahə 2 ünvanında yerləşən torpaq sahəsinin yerləşmə cizgisinin hazırlanması məqsədi ilə Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət etmişdir. Baxmayaraq ki, cavabdeh Sabunçu RİH həmin ərazilərdə yerləşən torpaq sahələrinə müxtəlif vaxtlarda plan sxemini (cizgini) tərtib edərək vətəndaşlara vermiş və nədənsə Bakı şəhəri Cavabdeh Başçısının 15/69 nömrəli, xx.xx.1992-ci il tarixli Qərarı ilə ona ayrılmış torpaq sahəsinə plan sxeminin (cizginin) tərtib edilərək verilməsindən imtina etmişdir. Qeyd edim ki, “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.1-ci maddəsində nəzərdə tutulmuş lazımi sənədləri cavabdeh inzibati orqana təqdim etsə də, sonuncu imtinasında formal mülahizələrə istinad edərək heç bir qanuni əsas olmadan onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası qanunsuzdur və hesab edirəm ki, cavabdeh onun mülkiyyət hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqan Bakı şəhəri Cavabdeh xx.xx.2025-ci il tarixli, iddiaya yazılı etirazda bildirilmişdir ki, hər hansı formada xəritəçəkmə, planaalma və mərz nöqtələrinin yerə köçürülməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid deyil. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmçinin bildirmək istəyirik ki, torpaq sahəsi ayrılarkən torpaq sahəsinə dair yerləşmə sxemi verilməli idi. Ayrılmış torpaq sahəsinə dair torpaq sahəsinin baş planı, ayrıc aktı və kordinatlar barədə məlumat Cavabdehndə yoxdur. İddiaçı ayrılmış həmin torpaq sahəsinə dair ayrıc aktı, baş plan və kordinatlar olmadığından hesab edirik ki, imtinamız əsaslı olmuşdur. Belə olan halda yalnız iddiaçının ifadəsinə əsasən iddia tələbinin təmin edilməsi yolverilməzdi. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.1992-ci il tarixli 15/69 nömrəli “Bakı şəhər Cavabdeh Baçısının” Qərarından görünür ki, Günəşli qəsəbəsi ev 76 mənzil 50 ünvanda yaşayan 5 nəfərdən ibarət olan vətəndaş İddiaçı Ramana qəsəbəsi sahə 2 ünvanında 1200 kv.m sahəsi olan şəxsi yaşayış evi tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2025-ci il tarixli 3-48-2F/2-197/2025 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -Cavabdeh xx.xx.1992-ci il tarixli 15/69 nömrəli “Mənzillərin pulsuz olaraq şəxsi mülkiyyətə verilməsi haqqında” Qərara əsasən ünvan 5 ünvanında yerləşən satış qiyməti 5282 rubl 20 qəpik olmaqla, aztəminatlı ailə kimi Xairov İsgəndərin şəxsi mülkiyyətə verilməsi qərara alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-12268/2025 nömrəli məktubunda göstərilmişdir ki, İdarənin mütəxəssisi tərəfindən ünvana yerli baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, faktiki göstərilən torpaq sahəsi 0.1015 ha təşkil edir. Göstərilən faktiki torpaq sahəsi ümumi hasar daxilindədir. Vahid elektron kadastr baza məlumatlarına əsasən kənardan göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (Balaxanıneft NQÇİ). Sahədən 22, 31, 33 metr məsafələrdə neft quyusu məlumatı mövcuddur. Sahənin qeydiyyatı barədə məlumat yoxdur. Torpaq sahəsi “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Həmçinin qeyd edirik ki, cizgi əlavə edilmədiyindən sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Həmin məktubla təqdim edilmiş ortofoto görüntüdən görünür ki, İddiaçı tərəfindən iddia olunan torpaq sahəsi AR DNŞ ayrılmış ərazi daxilində yerləşir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2025-ci il tarixli 3-48-2F/2-1191/2025 nömrəli məktubda göstərilmişdir ki, Sabunçu rayon İH-nin arxiv fondu üzrə xx.xx.1992-ci il tarixli qərarları və onlara əlavə edilmiş sənədlər 7 qovluqdan (saxlama vahidindən) 981(doqquz yüz səksən bir) vərəqdən ibarət olmaqla Dövlət Arxivinin Bakı filialında mövcuddur. Odur ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 21.2.3.-cü bəndinin (“sorğu edilən informasiyanın həcmi iri olduğundan sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaradırsa...”) tələbinə əsasən həmin qərarların Sizə təqdim edilməsi imkan xaricindədir. Cavabdeh Bakı şəhər Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 5- 18/2-M-593-091/2024 nömrəli məktubda göstərilmişdir ki, Yerləşmə sxeminin verilməsi ilə bağlı torpaq sahəsinə baxış keçirilərkən məlum olmuşdur ki, qeyd etdiyiniz torpaq sahəsi 1200,0 kv.m yox 2750,0 kv.m olmuş və həmin torpaq sahəsi bir neçə hissəyə bölünərək ayrı-ayrı vətəndaşlara paylanılmışdır. Təkrarən nəzərinizə çatdırırıq ki, torpaq sahəsinin ayrılması barədə ayrıc aktı, habelə həmin ərazidə torpaq sahəsinin döngə nöqtələrin koordinatlarının vətəndaşlara verilməsinə dair Cavabdehndə hər hansı bir məlumat olmadığından müraciətinizin təmin edilməsi imkan xaricindədir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. Hazırda iddiaçı cavabdehdən ona ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsini xahiş edir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyəti üzrə əsassızdır. Belə ki, işin hallarından müəyyən olunur ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, sahə 2ünvanında yerləşən 0.12 ha (1200 kv.m) torpaq sahəsinin Bakı şəhər Cavabdeh başçısının xx.xx.1992-ci il tarixli, 15/69 nömrəli sərəncamı ilə ona ayrıldığını əsas gətirərək həmin torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi ilə bağlı Cavabdehnə müraciət etmiş, cavabdeh torpaq sahəsinin ayrılması barədə ayrıc aktı, torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının vətəndaşlara verilməsinə dair hər hansı bir məlumat olmadığına istinad edərək müraciətin təminindən imtina etmişdir. Hazırkı halda iddiaçı cavabdehin imtinasını əsassız hesab edərək torpaq sahəsinin yerləşmə cizgisinin verilməsini mübahisələndirir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: (torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən qüvvədə olan (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür)) -14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. -22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 4) onların ərazisində və istifadəsində olan torpaqlarda əsas məhsul istehsalını nizama salmaq; 5) yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yertəsərrüfat quruluşu planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək; 6) torpağa görə haqq (vergi) almaq güzəştlər müəyyən etmək və rayon, şəhər üzrə torpaq vergisinin ümumi məbləğini dəyişdirmədən eyni keyfiyyət dərəcəli torpaqların yerləşməsindən asılı olaraq verginin məbləğini artırmaq və ya azaltmaq; 7) dövlət ehtiyacları və ictimai ehtiyaclar üçün torpaq sahəsini bu Məcəllənin 27-ci maddəsinə uyğun olaraq geri almaq, o cümlədən torpağı mülkiyyətçidən satın və ya məcburi satın almaq; 8) torpaqların mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq və təsdiq etmək; 9) torpaqdan istifadə edən müəssisələrin və təsərrüfatların işinin ekoloji ekspertizasının keçirilməsini təşkil etmək və ekoloji ekspertizanın müsbət rəy vermədiyi obyektlərin tikintisini dayandırmaq və ya onların rekonstruksiyası haqqında qərar qəbul etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 11) torpağın mühafizəsi haqqında qanunvericiliyin pozulduğu halda təqsiri olan hüquqi və fiziki şəxsləri inzibati məsuliyyətə cəlb etmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; 13) torpaq mübahisələrini həll etmək. Yerli icra hakimiyyəti orqanları torpaqların mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verilməsinə və geri alınmasına dair rayon, şəhər xalq deputatları Sovetləri qarşısında vəsatət qaldırır. -23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilir. -29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. -57-ci maddəsinə görə yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 24 may tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Arxiv fondu sənədlərinin daimi dövlət mühafizəsinə təhvil verilməsi” Qaydasının aşağıdakı bəndlərinə əsasən: -1.2. Milli arxiv fondunun tərkibinə daxil edilən arxiv sənədləri dövlət və qeyri-dövlət idarə, müəssisə və təşkilatlarında (bundan sonra – təşkilat) yaradılan idarə arxivlərində Qanunun 10-cu maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş müvəqqəti mühafizə müddətləri başa çatdıqdan sonra daimi dövlət mühafizəsi məqsədilə dövlət arxiv xidməti təşkilatlarına təhvil verilir. -1.6. Qanunun 8-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş orqanların arxiv fondu sənədlərinin daimi mühafizəsi həmin orqanların özləri tərəfindən həyata keçirilir. -2.1. Arxiv fondu sənədlərinin daimi dövlət mühafizəsinə təhvil verilməsi üçün hazırlanması təşkilatın mütəxəssislərinin və dövlət arxiv xidməti təşkilatının nümayəndəsinin iştirakı ilə təşkilatda yaradılmış Ekspert Komissiyası tərəfindən sənədlərin dəyərinin ekspertizası aparılmaqla həyata keçirilir. Tərkibində qurumlar olan təşkilatlarda sənədlərin dəyərinin ekspertizasını həyata keçirmək, habelə tabe təşkilatlarda ekspertiza işinə rəhbərlik və metodiki kömək göstərmək məqsədilə daimi fəaliyyət göstərən Mərkəzi Ekspert Komissiyası yaradılır. -2.4. Arxiv siyahıları dövlət arxiv xidməti təşkilatının Ekspert Yoxlama Komissiyası tərəfindən qərarla təsdiq edildikdən sonra təşkilatın rəhbəri tərəfindən möhürlə təsdiqlənir. Arxiv siyahılarının 1 (bir) nüsxəsi müvafiq siyahı üzrə sənədlər daimi dövlət mühafizəsinə təhvil verilənədək, onlara nəzarət etmək məqsədilə həmin arxiv siyahılarını təsdiq edən Ekspert Yoxlama Komissiyasının yaradıldığı dövlət arxiv xidməti təşkilatına verilir. -3.2. Fiziki şəxslərin arxiv sənədləri onların şəxsi mülkiyyətidir. Fiziki şəxs vəfat etdikdə onun arxiv sənədləri üzərində mülkiyyət hüququ onun vərəsəsinə, vəfat etmiş fiziki şəxsin vərəsəsi olmadığı halda dövlətə keçir. Fiziki şəxsin mülkiyyətində olan arxiv sənədləri onun özü və ya vərəsəsi tərəfindən müqavilə əsasında həmin fiziki şəxsin yaşayış yeri üzrə dövlət arxiv xidməti təşkilatına daimi mühafizəyə təhvil verilə bilər. -3.7. Arxiv fondu sənədlərinin daimi dövlət mühafizəsinə təhvil verilməsi təşkilatın statusu, iyerarxiyası və yurisdiksiyasının ölkə, regional və yerli səviyyədə olması nəzərə alınmaqla həyata keçirilir. Ölkə səviyyəli təşkilatların fəaliyyəti nəticəsində yaranmış arxiv fondu sənədləri profilinə uyğun Azərbaycan Respublikasının dövlət arxivlərinə, regional və yerli səviyyəli təşkilatların fəaliyyəti nəticəsində yaranan arxiv fondu sənədlərinin Milli arxiv fonduna daxil edilən hissəsi müvafiq təşkilatın olduğu yer üzrə dövlət arxivinin filiallarına və sənədləri dəyişən tərkibli rayon (şəhər) dövlət arxivlərinə təhvil verilir. Sənədləri dəyişən tərkibli rayon (şəhər) dövlət arxivlərinə təhvil verilmiş daimi saxlanılma müddətli sənədlər 5 (beş) il müvafiq rayon (şəhər) dövlət arxivlərində mühafizə olunduqdan sonra daimi dövlət mühafizəsi məqsədilə tabe dövlət arxivinin filialına təhvil verilir. Regional və yerli səviyyəli təşkilatların fəaliyyəti nəticəsində yaranan dövlət sirri daşıyan məxfilik qrifi olan məlumat daşıyıcıları yuxarı təşkilatın arxiv fondu sənədlərinin tərkibində profilinə uyğun Azərbaycan Respublikasının dövlət arxivlərinə daimi dövlət mühafizəsinə təhvil verilir. -3.8. Dövlət arxiv xidməti təşkilatının komplektləşdirmə mənbəyi olan təşkilatların idarə arxivlərində müvəqqəti mühafizə müddətləri başa çatmış arxiv sənədləri dövlət arxiv xidməti təşkilatı ilə razılaşdırılmış plan-qrafik əsasında müvafiq illər üzrə tam halda daimi dövlət mühafizəsinə təhvil verilir. Arxiv fondu sənədlərinin dövlət mühafizəsinə təhvil verilməsi müvafiq arxiv siyahısı üzrə hər bir işə baxılmaqla həyata keçirilir. Təhvil zamanı arxiv siyahısının yekun qeydi ilə işlərin faktiki sayı arasında uyğunsuzluq aşkar edildikdə, bu Qaydanın 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş formaya uyğun olaraq tərtib edilmiş arxiv sənədlərinin təhvil-qəbulu aktının, həmçinin arxiv siyahısının müvafiq sütununda aşkar olunmayan işlərin nömrələri qeyd olunur, onların tapılması istiqamətində işlər aparılır. İtirilmiş arxiv sənədləri onların surətləri ilə əvəz edilir. Sadalanan normalardan müəyyən olunur ki, torpaq sahəsinin ayrılması barədə sərəncam daşınmaz əmlaka dair ilkin torpaqayrıma sənədi-hüquqmüəyyənedici sənəd olub rayon icra hakimiyyəti orqanında 5 il saxlanma müddəti keçdikdən sonra daimi saxlanması üçün dövlət arxivinin filialına təhvil verilir. Eyni zamanda müəyyən olunur ki, torpaq qanunvericiliyi torpaqayırma prosesinin torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin qərar, əmr, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Hazırkı iş üzrə iddiaçı faktiki istifadəsinə torpaq sahəsinin ayrıldığını, torpaqayrıma barədə yerli icra hakimiyyətinin sərəncamının olduğunu, lakin torpaq sahəsinin yerləşmə cizgisinin verilmədiyini iddia edir. İşin araşdırılması zamanı müəyyən olunur ki, iddiaçının istinad etdiyi ona torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd- Cavabdeh başçısının xx.xx.1992ci il tarixli, 15/69 nömrəli sərəncamı müvafiq sərəncamı qəbul etmiş yerli icra hakimiyyətinin arxivində mövcud deyil, eləcə də həmin sərəncam dövlət arxivinə təhvil verilməmişdir. Dövlət Arxivinin Bakı Fililalına təhvil verilmiş arxiv sənədlərində Cavabdeh başçısının xx.xx.1992-ci il tarixli, 15/69 nömrəli sərəncamı mövcud olsa da lakin eyni tarixli, eyni nömrəli sərəncam İddiaçı deyil, vətəndaş Xairov İsgəndərə ünvan 5 ünvanında yerləşən mənzilin satış qiyməti 5282 rubl 20 qəpik olmaqla, aztəminatlı ailə kimi şəxsi mülkiyyətə verilməsi barədədir və dövlət arxivində İddiaçı torpaq sahəsinin ayrılması barədə hər hansı məlumat mövcud deyil. Məhkəmə onu da qeyd edir ki, torpaqayıran rayon icra hakimiyyətinin eyni tarixdə eyni nömrəli lakin fərqli iki sərəncamın verilməsinin mümkün hesab edilmir. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iş materiallarına əlavə etdiyi və məhkəmə iclasında əslinə baxış keçirdiyi iddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncamın özündə səlahiyyətli şəxs olan “S.Əliyev”in adı qarşısında olan imzanın dövlət arxivində saxlanılan eyni tarixdə eyni nömrə ilə verilmiş lakin fərqli məzmunda olan sərəncamın nüsxəsində olan icra başçısı “S.Əliyev”in adı qarşısındakı imzadan fərqli olduğu adi gözlə müşahidə olunur. Beləliklə, iddiaçının təqdim etdiyi sərəncamın arxiv əsası olmadığından, arxivə təhvil verilmiş eyni tarixli və eyni nömrəli sərəncamın digər şəxsə aid olduğu müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddiaçıya torpaq sahəsi ayrılması barədə mötəbər hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən, həmin sərəncam əsasında ayrıldığı iddia edilən faktiki torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi tələbi də əsaslı hesab edilə bilməz. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 52, 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdehnə qarşı “yerləşmə cizgisinin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar