Məhkəmə qərarları › İş №2-1(112)-5584/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5584/2021

14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5584/2021 14.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X27 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X6, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabiliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabiliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona 52 yaşdan, yəni 26.04.2017-ci il tarixdən güzəştli şərlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, əmək fəaliyyətinə 1985-ci ildə başlamışdır. Belə ki, keçmiş SSRİ dönəmində Kürdəmir rayonunda Kürdəmir rayon aqrar istehsalat birliyinə mühasib köməkçi vəzifəsinə daxil olmuş, 02 fevral 1991-ci ildə öz ərizəsi ilə işdən azad olmuşdur. Sonradan Bakı şəhərinə gəlmiş, əmək fəaliyyətini burada, 2007-ci ilə qədər davam etdirmişdir. Ona 52 yaşı tamam olduğu 26.04.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan 25.02.2021-ci il tarixli, **********4 saylı məktub ilə müraciətinin təmin edilməsindən imtina edərək, əsas olaraq mərkəzi filiala təqdim etdiyi sənədlərində 17.10.1985-02.02.1991-ci il tarixləri arasındakı dövr ərzində Kürdəmir rayon “Aqrar" X1 işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən yuxarıda qeyd olunan əmək stajına dair məlumatların dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu verildiyi, sorğuya daxıl olmuş müvafiq cavabda Kürdəmir rayon “Aqrar" X2 arxiv sənədlərinin Dövlət Arxivinə təhvil verilmədiyi və həmin müəsisənin hüquqi ünvanını müəyyən etmək mumkun olmadığı bildirilmişdir. Buna görə də, 17.10.1985-02.02.1991-ci il tarixləri arasındakı dövrü əmək stajına daxil etmək mümkün olmadığı qeyd olunaraq, ümumi iş stajının 20 ildən az, 15 il 10 ay 15 gün təşkil etdiyi qeyd edilərək, ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası aşağıdakı əsaslara görə qanunsuz olmuşdur. Belə ki, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 9.1 -ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Lakin, həmin Qanunun 01.07.2017-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı, olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Göründüyü kimi, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı X21 əmək kitabçası və əmək kitabçası olmadığı halda isə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. 17 oktyabr 1985-ci il tarixdən 02 fevral 1991-ci il tarixə qədər Kürdəmir rayonunda Kürdəmir rayon X4 mühasib köməkçisi vəzifəsində işlədiyi barədə ona məxsus əmək kitabçasında müvafiq qaydada qeydlər aparılaraq müəssisənin rəhbəri tərəfindən imza olunaraq möhürlə təsdiq edilmişdir. Odur ki, onun əmək kitabçası ilə 1710.1985-02.02.1991-ci il tarixləri arasındakı dövr ərzində Kürdəmir rayon “Aqrar” X1 işlədiyi öz təsdiqini tapdığından, cavabdeh tərəfindən həmin dövrün nəzərə alınmamasını əsassız hesab edərək, pensiya hüququnun pozulması kimi qiymətləndirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinin 01.07.2017-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə hesab edir ki, 52 yaşı tamam olduğu 26.04 2017-ci il tarixədək 25 ildən çox ümumi iş stajının olması, həmin 25 il ümumi stajın 12 il 06 aydan çox hissəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına aid olması nəzərə alınmaqla, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında" Qanun İddiaçı münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” qanunun (bundan sonra - ƏPQ) 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun İddiaçıya şamil edilə bilməsi üçün İddiaçının 1 yanvar 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması və 3) iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü maddəsinin (b) bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan qadınlar—52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. İddiaçının 17.10.1985-ci il tarixli əmək kitabçasına əsasən iddiaçının 17.10.1985 - 02.02.1991-ci illər arasındakı dövr ərzində Kürdəmir rayon Aqrar X1 işlədiyi müddət öz təsdiqini tapmamışdır. Belə ki, Filial tərəfindən yuxarıda qeyd olunan dövrün dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu verilmişdir. Sorğuya cavabda Kürdəmir rayon "Aqrar" X2 arxiv sənədlərinin Dövlət Arxivinə təhvil verilmədiyi və həmin müəssisənin hüquqi ünvanını müəyyən etmək mümkün olmadığı bildirilmişdir. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, tələb edilən ümumi iş stajı olan 20 ili tamamlanmamışdır. Bu mənada, ƏPQ-nin 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” qanunun müddəalarının İddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”-nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasinin 11 dekabr 2017-ci il tarixli 17 saylı Qərarının Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin Müraciətə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edirlər (bənd 2.2). Qeyd edilən 2 saylı əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir (əlavənin 2.4-cü bəndi). Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Güzəştli şərtlərə pensiya təyinatından imtina haqqında” 25 fevral 2021-ci il tarixli, **********4 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə tərəflərin mülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür. İşdə olan notarial qaydada təsdiq edilmiş iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli, 17.10.1985-cil tarixdə açılmış əmək kitabçasının surətindən görünür ki, əmək kitabçasında aşağıdakı qeydlər vardır: İddiaçı 17.10.1985-ci il tarixdə Kürdəmir rayon X12 Birliyinə ərizəsi əsasında mühasib köməkçisi vəzifəsinə qəbul edilmiş, 02.02.1991-ci il tarixdən Kürdəmir rayon Ağrar X1n öz ərizəsinə əsasında mühasib köməkçisi vəzifəsindən azad edilmişdir. Əmək kitabçası 41-ci səhifədən başlamış, iddiaçı barəsində müvafiq qeydlər isə 43-cü səhifədən yazılmağa başlamış, daxil olma əmrinin nömrəsi 96, xaric olma əmrinin nömrəsi 18 göstərilməsinə baxmayaraq, əmrlərin tarixi qeyd edilməmişdir. İşdə olan notarial qaydada tərcümə və təsdiq edilmiş ИТ-İ seriyalı, ******* nömrəli iddiaçının adına 16.04.1991-ci il tarixdə açılmış əmək kitabçasının surətindən görünür ki, əmək kitabasında aşağıdakı qeydlər vardır: MİK-dan arayışa əsasən işə qəbul edilənədək əmək stajı olmayıb, 16.04.1991-ci il tarixdən (16.04.1991-ci il tarixli, 260 k saylı əmr) “Kirovneft” Qazçıxarma İdarəsi Neft və qaz hasilatı sexinə (2 saylı Neft sənayesi) neft və qaz hasilatı üzrə dispetçer pultunun 3-cü dərəcəli operatoru qəbul edilmiş, 13.12.1991-ci il tarixdə (16.12.1991-ci il tarixli, 878 saylı əmr) 4cü dərəcə verilmiş, 05.05.1992-ci il tarixdə Nazirlər Kabinetinin 177 saylı qərarına əsasən “Kirovneft” Qazçıxarma İdarəsinin adı “Binəqədineft” Neftqazçıxarma İdarəsinə dəyişdirilib, 10.08.1992-ci il tarixdə (10.08.1992-ci il tarixli, 732 k saylı əmr) tədqiqat üzrə 4-cü dərəcli operator keçirilmiş, 01.09.2005-ci il tarixdə Ləğvetmə komissiyasının 09.09.2005-ci il tarixli, 1 №-li Protokoluna əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə (müəssisənin ləğv olunması ilə əlaqədar) uyğun olaraq əmək müqaviləsinə xitam verilmiş, 01.09.2005-ci il tarixdə (HRA/01 saylı, 01.09.2005-ci il tarixli əmr) “X24” X3 və Hasilatın Ölçülməsi sexinə quyuların tədqiqi üzrə operator vəzifəsinə qəbul edilmiş, 01.05.2006-cı il tarixdə əməliyyat şöbəsi 2-ci mədənə quyuların tədqiqi üzrə operator vəzifəsinə keçirilmiş, 27.03.2007-ci il tarixdə (HRİ 03/07 saylı, 27.03.2007-ci il tarixli əmr) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatın ixtisarı ilə əlaqədar) işdən azad edilmişdir. İşdə olan Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Kürdəmir rayon X13 Birliyi tərəfindən vəkil sorğusuna 16 nömrəli, 09 sentyabr 2019-cu il tarixli məktubla verilmiş cavab məktubundan görünür ki, Kürdəmir rayon X20 Birliyi 1949-cu ildən “Tədarük kontoru” (kənd təsərrüfatı məhsulları və xam malların tədarükü və satışı) kimi mövcud olmuş, 1987-ci ildən isə indiki adla (X20 Birliyi) hal-hazırda mövcuddur. İşdə olan Kürdəmir rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən vəkil sorğusuna cavab olaraq verilmiş 2/960-6 nömrəli, 25.07.2019-cu il tarixli məktubdan görünür ki, Kürdəmir rayon İcra Hakimiyyətində Kürdəmir rayon Aqrar X2 hansı ildə fəaliyyətə başlaması, hansı illərdə fəaliyyət göstərməsi və hansı ildə fəaliyyətini dayandırması barədə məlumat yoxdur. İşdə olan Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Kürdəmir rayon X13 Birliyi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına təqdim edilməsi üçün verilmiş 15 nömrəli, 09 sentyabr 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən müraciətində qeyd etdiyi kimi 17 oktyabr 1985-ci il tarixdən 02 fevral 1991-ci il tarixədək “Kürdəmir rayon X13 Birliyi”-ndə mühasib köməkçisi vəzifəsində işləmişdir. Bundan əlavə, müraciət ərizəsinə əlavə olunmuş əmək kitabçasının surətinə və daha sonra təqdim edilmiş əslinə tərəflərindən baxış keçirilmişdir. Keçirilmiş baxış zamanı əmək kitabçasında olan möhürün “Kürdəmir rayon X13 Birliyi”nə məxsus olması tərəflərindən müəyyən olunmuşdur. Daha sonra aparılmış araşdırma nəticəsində yuxarıda qeyd olunan tarixlərdə İddiaçı həqiqətən “Kürdəmir rayon X13 Birliyi”də mühasib köməkçisi vəzifəsində işləməsi tərəflərindən təsbit olunmuşdur. İddiaçı işlədiyi müddət ərzində özünü işgüzar, bacarıqlı, çalışdığı sahə üzrə lazımlı mütəxəssis kimi göstərmiş, bununla da, çalışdığı kollektivin hörmətini qazanmışdır. Həmçinin, “Kürdəmir rayon X13 Birliyi” 2002-ci ildən hazıradək fəaliyyətini dayandırmışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Kürdəmir rayon Statistika İdarəsi tərəfindən vəkil sorğusuna verilmiş 18 iyul 2019-cu il tarixli, 142 nömrəli cavab məktubundan görünür ki, kürdəmir rayon X13 Birliyi 27.08.1999-cu ildən hüquqi şəxslərin reyestri üzrə Kürdəmir rayonunda qeydiyyatdadır. İşdə olan Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” X8 rəhbəri tərəfindən vəkil sorğusuna verilmiş AAŞ-54/67 nömrəli, 10.09.2019-cu il tarixli cavab məktubundan görünür ki, Kürdəmir rayon X20 Birliyi 1949-cu ildən “Tədarük Kontoru” (kənd təsərrüfatı məhsulları və xam malların tədarükü və satışı) kimi mövcud olmuş, 2002-ci ildən isə fəaliyyətini dayandırmışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 25.02.2021-ci il tarixli, **********4 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubun surətindən görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşərləin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə 17.10.1985-02.02.1991-ci il tarixləri arasındakı dövr ərzində Kürdəmir rayon “Aqrar” X1 işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən yuxarıda qeyd olunan əmək stajına dair məlumatların dəqiqləşdirilməsi ilə bağlı tərəflərindən aidiyyəti üzrə sorğu verilmişdir. Sorğulara daxil olmuş müvafiq cavabda Kürdəmir rayon “Aqrar” X2 arxiv sənədlərinin Dövlət Arxivinə təhvil verilmədiyi və həmin müəssisənin hüquqi ünvanını müəyyən etmək mümkün olmadığı bildirilmişdir. Buna görə də, 17.10.1985-02.02.1991-ci il tarixləri arasındakı dövrü əmək stajına daxil etmək mümkün olmadığından onun ümumi iş stajı 20 ildən az (15 il 10 ay 15 gün) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hisəssində qydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 44400,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 13665.44 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 23.04.2021-ci il tarixli, **********253500 nömrəli cavab məktubundan görünür ki, Kürdəmir rayon X13 Birliyi 9 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatdan keçməmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 18.08.2021-ci il tarixli, **********157700 nömrəli cavab məktubundan görünür ki, məhkəmənin Kürdəmir rayon X13 Birliyi və X14 X9 hüquqi şəxs kimi qeydiyyatda olub-olmaması barədə 18.08.2021-ci il tarixli müraciəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsində baxılaraq bildirilmişdir ki, Kürdəmir rayon X22 və X11 X18 9 saylı Ərazi Vergilər İdarəsində hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmamışdır. İşdə olan Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” X16 rəhbəri tərəfindən məhkəmənin sorğusuna əsasən İH-56 nömrəli, 01.09.2021-ci il tarixli cavab məktubundan görünür ki, Azərittifaqın tabeliyində olan Kürdəmir rayon Aqrar X2 sənədləri Azərittifaqın arxivinə təhvil verilmədiyi üçün İddiaçı barəsində məlumat təqdim edə bilmirlər. Həmçinin bildirilmişdir ki, X14 X18 həqiqətən Kürdəmir rayon Aqrar X2 tabeliyində fəaliyyət göstərmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 02.09.2021-ci il tarixli, **********798800 nömrəli cavab məktubundan görünür ki, dövlət reyestrində Kürdəmir rayon Aqrar İstehsalat-Tədarük Birliyinin 07.03.1995-ci il tarixdə 22088 qyediyyat nömrəsi ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Həmin müəssisə VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. Dövlət reyestrində X11 X18 adlı hüquqi şəxsin qeydiyyatdan keçməsi barədə məlumat mövcud deyildir. Məhkəmə işin halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddia tələbinin hüquqi əsasından görünür ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasının 9.1-ci maddəsinə (axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır) istinad etməklə ona 52 yaşından, yəni 26.04.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətindən hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə istinad edilməklə, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərində 17.10.1985-02.02.1991-ci il tarixləri arasındakı dövr ərzində Kürdəmir rayon “Aqrar” X2 arxiv sənədlərinin Dövlət Arxivinə təhvil verilmədiyi və həmin müəssisənin hüquqi ünvanının müəyyən edilməsinin mümkün olmadığı, buna görə də, 17.10.1985-02.02.1991-ci il tarixləri arasındakı dövrün əmək stajına daxil edilməsi mümkün olmadığından onun ümumi iş stajının 20 ildən az (15 il 10 ay 15 gün) təşkil etməsi, həmçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi (qanunvericiliyə uyğun olaraq ona münasibətdə tələb olunan pensiya kapitalı 44400,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 13665.44 manat təşkil etmişdir) bildirilərək, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh imtinasında iddiaçının müraciətinə uyğun olaraq qanunvericiliyin normasını düzgün tətbiq etməsə də, işin faktiki hallarına düzgün qiymət verərək, əsaslı olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Belə ki, iddiaçının 01.07.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən (axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır) güzəştli şərtlərə pensiya hüququnun yaranıb-yaranmamasının araşdırılması məqsədilə işdə olan sənədlər məhkəmə tərəfindən tədqiq olunmuş, aidiyyəti qurumlara müvafiq sorğular verilmiş və araşdırma nəticəsində aşağıdakılar müəyyən olunmuşdur. İlkin olaraq, iş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq edilmiş iddiaçının adına 17.10.1985-ci il tarixdə açılmış ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasından müəyyən edilmişdir ki, əmək kitabçası 41-ci səhifədən açılmış, iddiaçının əmək stajı ilə bağlı müvafiq qeydlər isə əmək kitabçasının 42-ci və 43-cü səhifələrindən qeyd edilməyə başlamışdır. Həmin qeydlərdə iddiaçının 17.10.1985-ci il tarixdə Kürdəmir rayon X12 Birliyinə ərizəsi əsasında mühasib köməkçisi vəzifəsinə qəbul edilməsi, 02.02.1991-ci il tarixdən Kürdəmir rayon Ağrar X1n öz ərizəsinə əsasında mühasib köməkçisi vəzifəsindən azad edilməsi göstərilmişdir. İşə daxil olma əmrinin nömrəsi 96, xaric olma əmrinin nömrəsi isə 18 göstərilməsinə baxmayaraq, əmrlərin tarixi qeyd edilməmişdir. Əmək kitabçasına Kürdəmir rayon X13 Birliyi X14 X9 möhürü vurulmuşdur. Digər tərəfdən iş materiallarında olan iddiaçının adına 16.04.1991-ci il tarixdə açılmış ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasında 2-ci və 3-cü səhifələrdə qeyd edilmişdir ki, MİK-dən verilmiş arayışa əsasən işə qəbul edilənədək əmək stajı olmayıb. Sözügedən hallar iddiaçının adına 17.10.1985-ci il tarixdə açılmış ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasında olan qeydlərin mötəbərliyini şübhə altına aldığından, məhkəmə tərəfindən həmin qeydlərin düzgünlüyünün yoxlanılması məqsədilə aidiyyəti qurumlara müvafiq sorğular verilmiş və həmin sorğulara daxil olmuş cavab məktubları əsasında müəyyən edilmişdir ki, Kürdəmir rayon Aqrar İstehsal-Tədarük Birliyinin 07.03.1995-ci il tarixdə 22088 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatından keçmiş, həmin müəssisə VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. Dövlət reyestrində X14 X18 adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Əlavə olaraq iş materiallarında Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” X19 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına təqdim edilməsi üçün verilmiş 15 nömrəli, 09 sentyabr 2019-cu il tarixli arayışda iddiaçının “Kürdəmir rayon X13 Birliyi”də mühasib köməkçisi vəzifəsində işləməsi, işlədiyi müddətdə özünü işgüzar, bacarıqlı, çalışdığı sahə üzrə lazımlı mütəxəssis kimi göstərməsi, çalışdığı kollektivin hörmətini qazanması barədə məlumatlar göstərildiyindən, məhkəmə tərəfindən Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” X5 İddiaçı “Kürdəmir rayon X13 Birliyi”də işləməsini təsdiq edən sənədlərin eləcə də, Kürdəmir rayon Aqrar X2 və X14 X9 fəaliyyətini təsdiq edən sənədlərin (nizamnamə, əsasnamə, əmrlər və s.) təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi tələb olunmuş, məhkəmə sorğusuna Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” X19 tərəfindən İH-56 nömrəli, 01.09.2021-ci il tarixli məktubla cavab verilərək bildirilmişdir ki, Azərittifaqın tabeliyində olan Kürdəmir rayon Aqrar X2 sənədləri Azərittifaqın arxivinə təhvil verilmədiyi üçün İddiaçı barəsində məlumat təqdim edə bilmirlər. Həmçinin, X14 X18 həqiqətən Kürdəmir rayon Aqrar X2 tabeliyində fəaliyyət göstərmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İşin hallarından göründüyü kimi, iddiaçıya məxsus əmək kitabçasında hazırki iş üzrə mübahisə doğuran dövr iddiaçının 17.10.1985-ci ildən 02.02.1991-ci il tarixədək Kürdəmir rayon X13 Birliyi X14 X18ndə mühasib köməkçisi vəzifəsində işlədiyi illər olmuş və həmin qeydlərin mötəbərliliyinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının adına 17.10.1985ci il tarixdə açılmış əmək kitabçasında onun 17.10.1985-ci ildən 02.02.1991-ci il tarixədək Kürdəmir rayon X13 Birliyi X14 X18ndə mühasib köməkçisi vəzifəsində işləməsi ilə bağlı qeydlər olsa da, həmin qeydləri təsdiq edən, əmrlər, əmək haqqı cədvəlləri, əmək müqavilələri və s. aşkar olunmamış, ümumiyyətlə iddiaçının adına açılmış həmin əmək kitabçasında iddiaçının işə daxil olma və işdən xaric olma barədə əmrlərinin tarixi də, göstərilməmiş, əmək kitbaçası 1-ci səhifədən deyil, 41-ci səhifədən yazılmağa başlamış, iddiaçının adına sonradan açılmış 16.04.1991-ci il tarixli əmək kitabçasında isə MİK-dən verilmiş arayışa əsasən işə qəbul edilənədək əmək stajının olmaması barədə qeydlər göstərilmişdir. Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” X19 tərəfindən iddiaçı barəsində verilmiş arayışlar isə arayışda göstərildiyi kimi iddiaçıya məxsus əmək kitabçasından istifadə edilməklə verildiyindən, həmin arayışlar da mötəbər hesab oluna və iddiaçının əmək stajını təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Həmçinin, Kürdəmir rayon X13 Birliyi özü ümumiyyətlə 07.03.1995-ci il tarixdə, 22088 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatından keçmiş, X14 X18 adlı hüquqi şəxsin isə qeydiyyatdan keçməsi barədə isə məlumat mövcud olmamışdır. Göstərilən hallar isə, iddiaçının əmək kitabçasındakı həmin qeydlərin qeyrimötəbərliliyinə dəlalət etmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçının əmək kitabçasında olan qeydlərin düzgünlüyü və dəqiqliyi sübuta yetirilmədiyindən, bununla da, həmin illər iddiaçının sığorta stajına daxil edilə bilmədiyindən, iddiaçıya münasibətdə 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə (axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır) əsasən 52 yaşdan, yəni 26.04.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun həmin tarixədək 20 ildən az ümumi iş stajı olduğundan, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X10 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar