Məhkəmə qərarları › İş №2-1(112)-5585/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5585/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5585/2023 22.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “Prezident təqaüdünün təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin qəbul etdiyi qərardan şikayət edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək cavabdeh DSMF-in əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi və 1983-1986-cı illərdə aspiranturada oxuduğu dövrün əsas iş yeri kimi staja daxil etməklə iddiaçıya fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilərək cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmiş və iddia tələbi “1983-1986-cı illərdə aspiranturada oxuduğu dövrün əsas iş yeri kimi staja daxil etməklə iddiaçıya fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1957-ci il tarixdə Bakı şəhərində anadan olmuş, 1974-cü ildə BDU-nin Geologiya-coğrafiya fakültəsinin əyani şöbəsinə daxil olmuş və 1979-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirmiş, 1979-1983-cü illərdə Mingəçevir şəhər 7 saylı ictimai fənlər təmayüllü orta məktəbdə coğrafiya müəllimi işləmiş, 1983-1986-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.Ə.Əliyev adına Coğrafiya institutunun “Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə” şöbəsinin əyani aspiranturasında oxumuşdur. 1987-ci ildən ətraf mühitin mühafizəsi üzrə coğrafiya elmləri namizədi, coğrafiya elmləri üzrə fəlsəfə doktorudur. Aspiranturanı qurtardıqdan sonra 1986-cı ilin oktyabr ayının 1-dən 2007-cı ilin yanvar ayının 1-ə qədər Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.Ə.Əliyev adına Coğrafiya institutunda elmi işçi, baş elmi işçi, aparıcı elmi işçi, “Fauna və floranın mühafizəsi ’'laboratoriyasının və “Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə” şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2007-ci ilin yanvar ayından 2022-ci ilin iyul ayının 22-nə qədər SOCAR-ın Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamentində ətraf mühitin mühafizəsi üzrə böyük mühəndisi vəzifəsində işləmiş, həmin illər ərzində SOCAR-ın Ekologiya İdarəsində işləyərək Azərbaycan Respublikasının Dövlət və Özəl Universitetlərində və SOCAR-ın Təlim Tədris və Sertifikatlaşdırma İdarəsində elmipedaqoji fəaliyyətimi davam etdirmişdir. Təqaüd yaşı (65 yaş) tamam olduğu üçün yaşa görə əmək pensiyasına çıxmışdır. Hazırda 42 il 10 ay 22 gün (1979-cu ilin avqust ayının 31-dən 2022-ci ilin iyul ayının 22- kimi) elmi-pedaqoji stajı var. Təqaüdə çıxdıqdan sonra coğrafiya elmləri üzrə fəlsəfə doktoru olduğuna görə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1496 nömrəli Fərmanına əsasən xx.xx.2022-ci il tarixindən fəlsəfə doktoru elmi dərəcəsinə görə təyin edilən 200 manat Prezident təqaüdünü ala bilməmişdir. İndiyə kimi 3 saylı Bakı DOST Mərkəzindən ərizə və ona əlavə edilmiş sənədlərlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təvnatı üzrə Mərkəzi Filialına dəfələrlə müraciət etmiş, hər dəfə də ona ümumi sosial sığorta stajının 24 il 3 ay 6 gün olduğu qeyd olunmuşdur. SOCAR-da işləməsilə yanaşı, həmin illərdə pedaqoji fəaliyyətilə bağlı arxiv sənədlərini də (iş stajına dair) təqdim etmişdir. Əvvəlcə ona bildirilmişdir ki, 8 ay 24 gün üçün arxiv sənədləri təqdim etsin. İddiaçı həm İqtisad Universitetindən, həm də SOCAR-ın Təlim Tədris və Sertifikatlaşma İdarəsindən elmipedaqoji fəaliyyətilə bağlı arayışlar təqdim etmişdir. Cavabdeh iddiaçının aspiranturada 3 il gündüz oxuduğu müddəti staja daxil etməyərək cavab məktublarında bildirmişdir ki, 25 il sığorta stajının 8 ay 24 günü əmək kitabçasında yazılmadığı üçün sizə iddiaçıya Prezident təqaüdünün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İddiaçı 14 noyabr 2022-ci il tarixdə ona fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı “DOST” mərkəzinə müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Mərkəzi filial tərəfindən İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində olan sığorta stajı 24 il 2 15 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) az olduğuna görə iddiaçıya fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsindən əsaslı olaraq imtina edilmişdir. İddiaçı iddia ərizəsində cavabdehin imtinasının əsassız hesab olunması və fəlsəfə toru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edimiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. İddiaçı xx.xx.2022-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edlimişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən xx.xx.2021-ci il tarixindən “Əmək kitabçasında müvrafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1496 nömrəli Fərmanına əsasən xx.xx.2022-ci il tarixindən elmlər doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün məbləği 300 manata, fəlsəfə doktoru elmi dərəcəsinə görə 200 manata çatdırılmişdir. A.X2 təqdim etdiyi əmək kitabçasının surətinə əsasən elmi müəsssisə və təşkilatlarda və ya təhsil müəssisələrində sığorta stajı 24 il 2 ay 25 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) az olduğuna görə iddiaçıya fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi qanunericilivin tələbləri baxımından mümkün hesab edilməmişdir. Həmçinin bildirilir ki, xx.xx.2022-ci il tarixli 238 saylı arayışda qeyd edilmiş iddiaçının əmək fəaliyyəti dövrü əmək kitabçasında qeyd edilmədiyindən həmin dövr sığorta stajına daxil edilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbini əsassız və qanunsuz hesab edir. Məhkəmənin iclasında iştirak edən iddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının Prezident təqaüdünün təyin edilməsi barədə müraciətinə baxılaraq iddiaya etirazın məzmununa uyğun cavab verilmişdir. -Xətai RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır. -xx.xx.1981-ci il tarixdən doldurulmağa başlamış iddiaçının ИТ-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildən əmək fəaliyyətinə başlamış və xx.xx.2022-ci il tarixədək müxtəlif idarə və təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olmuşdur. -Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) X5 xx.xx.2022-ci il tarixli arxiv arayışının surətindən görünür ki, Azərbaycan Dövlət İqtisad Universitetinin arxiv fondunda saxlanılan sənədlərə əsasən AR Neft Şirkəti Ekologiya idarəsinin Ekoloji monitorinq və departamentinin “Ətraf mühitin mühafizəsi" üzrə böyük mühəndisi, coğrafiya elmləri namizədi İddiaçı Azərbaycan Dövlət İqtisad Universitetinin "'Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı" kafedrasında 2015-ci və 2016-cı illərdə saathesabı qaydasında dərs aparmışdır. İddiaçı 2015-2016-cı tədris ilində xx.xx.2016-cı il tarixli 01/1/2016 №li əmrlə - 206 saat, 2016-cı ildə xx.xx.2016-cı il tarixli 70/1/2016 №li əmrlə 120 saat həcmində yerinə yetirdiyi dərs yükünə görə saathesabı qaydasında əməkhaqqı ödənilmişdir. -AR ƏƏSMN tabeliyində DSMF-in Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinıə görə ona xx.xx.2022-ci il tarixdən təyin edilmiş yenidən hesablanaraq 685,72 manat müəyyən edilmişdir. Məhkəmənin sorğusu ilə cavabdeh tərəfindən iddiaçının hazırkı tələbi üzrə aparılmış inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə əlavə edilmiş AR ƏƏSMN tabeliyində DSMF-in Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qərarlarından görünür ki, iddiaçıya fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsindən imtina edilmişdir. İmtinanın səbəbi kimi, elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində staj müddətinin 24 il 2 ay 25 gün təşkil etdiyinə görə AR Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanına uyğun olmadığı göstərilmişdir. -UNEC Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən verilmiş 11 aprel 2023-cü il tarixli məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, 2015-2016-cı illərdə İddiaçı Azərbaycan Dövlət İqtisad Universitetində əsas iş yeri kimi yox, saathesabı qaydada tədrisə cəlb edilmişdir. -Cavabdeh AR ƏƏSMN tabeliyində DSMF-in Sosial Ədənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna verilmiş 23 may 2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, iddiaçı X3 əmək kitabçasının surətinə əsasən xx.xx.1979-cu il tarixindən xx.xx.1983-ci il tarixinədək, xx.xx.1986-cı il tarixindən xx.xx.2002-ci il tarixinədək, xx.xx.2002-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində 24 il 2 ay 25 gün sığorta stajı var. Vətəndaşın təqdim etdiyi xx.xx.2022-ci il tarixli 238 nömrəli arxiv arayışına əsasən Azərbaycan Dövlət İqtisad Universiteti yuxarıda qeyd edilən Fərmanın tələbinə əsasən onun əsas iş yeri olmadığına görə həmin universitetdəki 2015/2016-cı tədris ili üzrə əmək fəaliyyəti dövrü Prezident təqaüdü təyin edilməsi üçün tələb olunan sığorta stajına daxil edilməmişdir. “Elm haqqında” Azərbaycan Respublikasının Qanununun 10.4-cü maddəsinə əsasən elmi müəssisə və təşkilatlara aşağıdakılar aiddir: 10.4.1. dövlət ali elmi təşkilatı; 10.4.2. elmi tədqiqat institutu (elmi fəaliyyətlə məşğul olan qurumlar, sahə elmi tədqiqat institutları, bölmələr, laboratoriyalar və digər); 10.4.3. ali təhsil müəssisəsinin elmi qurumları; 10.4.4. elmi mərkəzlər; 10.4.5. təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisələr; 10.4.6. elmi işçilərin ictimai qurumları. X3 əmək kitabçasında qeyd edilən xx.xx.2007-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya idarəsində, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək "xxxx" QSC-də olan əmək fəaliyyəti dövrlərini həmin Qanununun sözügedən maddəsində qeyd edilən elmi müəssisə və təşkilatlar kateqoriyası olmaması səbəbindən Prezident təqaüdü təyin edilməsi üçün tələb olunan sığorta stajına daxil etmək mümkün olmamışdır. Beləliklə, işin faktiki hallarından görünür ki, xx.xx.1957-ci il təvəllüdlü iddiaçı ona fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə əsasən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində olan sığorta stajının qanunvericiliklə tələb olunan müddətdən (25 il) az (24 il 2 ay 25 gün) olduğuna görə sözügedən təqaüdün təyin edilməsindən imtina etmişdir. İddiaçı bu imtina ilə razılaşmır və hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Hazırkı halda iş üzrə mübahisəli məqam iddiaçının əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində tələb olunan stajının toplanmaması ilə bağlıdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunauyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanda aşağıdakılar göstərilmişdir:

1. Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 300 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 200 manat müəyyən olunsun.

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1. 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir; “Elm haqqında” Azərbaycan Respublikası Qanunun 10.4-cü maddəsinə əsasən elmi müəssisə və təşkilatlara aşağıdakılar aiddir: 10.4.1. dövlət ali elmi təşkilatı; 10.4.2. elmi tədqiqat institutu (elmi fəaliyyətlə məşğul olan qurumlar, sahə elmi tədqiqat institutları, bölmələr, laboratoriyalar və digər); 10.4.3. ali təhsil müəssisəsinin elmi qurumları; 10.4.4. elmi mərkəzlər; 10.4.5. təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihətexnoloji müəssisələr; 10.4.6. elmi işçilərin ictimai qurumları. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.5-ci maddəsinə əsasən, təhsil müəssisəsinin aşağıdakı tipləri və növləri müəyyən edilir: 14.5.1. məktəbəqədər təhsil müəssisələri (körpələr evi, körpələr evi-uşaq bağçası, uşaq bağçası, sanator tipli məktəbəqədər təhsil müəssisəsi, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələri); 14.5.2. ümumi təhsil müəssisələri (ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, lisey, gimnaziya, inteqrasiya təlimli ümumtəhsil məktəbi, xüsusi ümumtəhsil məktəbi, ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi, internat tipli lisey, internat tipli gimnaziya, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi, internat tipli xüsusi ümumtəhsil məktəbi, internat tipli sanator ümumtəhsil məktəbi və digər məktəblər); 14.5.3. məktəbdənkənar təhsil müəssisələri (yaradıcılıq və inkişaf mərkəzləri, ekologiya və turizm mərkəzləri, uşaq-gənclər idman-şahmat məktəbləri, uşaqgənclər idman məktəbləri, uşaq-gənclər şahmat məktəbləri və s.); 14.5.4. peşə təhsili müəssisələri (peşə məktəbləri, peşə liseyləri, peşə təhsil mərkəzləri); 14.5.5. orta ixtisas təhsili müəssisələri (kolleclər); 14.5.6. ali təhsil müəssisələri (universitetlər, akademiyalar, institutlar və s.); 14.5.7. əlavə təhsil müəssisələri (universitetlər, institutlar, mərkəzlər və s.); 14.5.8. təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr (uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri və s.). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır. İstinad olunan Fərmanın tələblərindən göründüyü kimi, fəlsəfə doktoru elmi dərəcəsinə görə təqaüd, məhz əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə ödənilir. Məhkəmə iddiaçının dəlillərinə münasibətdə aşağıdakıları bildirməyi zəruri hesab edir. Belə ki, iddiaçının əsas arqumenti kimi çıxış edən onun 1983-1986-cı illərdə aspuranturada təhsil aldığı dövrün təqaüd almağa imkan verən staja daxil edilməsi mümkün hesab edilə bilməz. Çünki, Fərman təqaüd təyin edilməsi üçün təhsil müəssisəsində təhsil dövrünü deyil, əsas iş yeri kimi çalışmağı şərtləndirir. İddiaçı isə həmin dövrdə əsas iş yeri kimi təhsil müəssisəsində fəaliyyət göstərməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı UNEC Azərbaycan Dövlət İqtisad Universitetində 2015-2016-cı illərdə saathesabı tədrisə cəlb edildiyindən və onun sözügedən təhsil müəssisəsində əsas iş yeri kimi əmək fəaliyyəti ilə məşğul olmadığı müəyyən edilmədiyindən (əmək kitabçasında da bu barədə qeyd aparılmamışdır) həmin dövrün onun stajına daxil edilməsi yolverilməzdir. İddiaçının 2007-2022-ci illərdə SOCARın Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamentində böyük mühəndis işlədiyi dövrdə həm də SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində elmi-pedaqoji fəaliyyətlə məşğul olması ilə bağlı bildirilməlidir ki, Departament elmi müəssisə, təşkilatlarda və ya təhsil müəssisəsi kateqoriyasına aid olmadığından cavabdeh haqlı olaraq həmin dövrü Prezident təqaüdünün təyin edilməsi üçün tələb olunan sığorta stajına daxil etməmişdir. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmənin qənaəti belədir ki, iddiaçının elmi müəsssisə və təşkilatlarda və ya təhsil müəssisələrində əsas iş yeri üzrə sığorta stajı qanunvericiliklə tələb olunan müddətdən - 25 ildən az olduğuna (24 il 2 ay 25 gün) görə iddiaçıya fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olmadığından cavabdehin imtinası qanunsuz sayılmamalıdır. Odur ki, iddia təmin edilməməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsəsən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar