Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5586/2021 07.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya şöbəsinə qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2(005)-1428/ll saylı, 31.05.2011-ci il tarixli icra sənədinin vaxtında icra edilmədiyinə görə vurulmuş ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasında iştirak edən iddiaçı hazırki mübahisəyə inzibati məhkəmə icraatında baxılaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamış, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Nərimanov rayon məhkəməsinin 2(005)-1428/11 saylı, 31.05.2011-cı il tarixli icra sənədinə əsasən borclu X1 cəmi 30000 ABŞ dolları ödəniş gününə ödəniş yerinin məzənnəsi üzrə manatla İddiaçı xeyrinə tutulmalıdır. Nərimanov rayon Məhkəməsinin 8(005)-1499/2012 saylı, 19.10.2012ci il tarixli qərardadı ilə icra vərəqəsinin icrasını təmin etmək məqsədilə X2 arvadı X3 məxsus əmlaklardan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsindəki 5 saylı evin 51 saylı mənzilinin üzərinə həbs qoyulmuşdur və borc məbləği həmin mənzilin 50 % hissəsinin satışından əldə olunacaq vəsait hesabına ödənilməsi qərara alınmışdır. Nəsimi rayon İcra və Probasiya Şöbəsinin 12.02.2015-ci il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Hazırki iddiasında iddiaçı qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin cavabdeh icra qurumu tərəfindən 6 ildən artıq müddətdir ki, icra edilmədiyini əsas gətirərək “İcra haqqında” Qanunun 87.4-cü maddəsinə istinadən borcun vaxtında ödənilməməsi ilə bağlı dəymiş ziyanın ödənilməsi vəzifəsini cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd) Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, hazırkı işə inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Plenum Qərarının 7.1-ci bəndində göstərilmişdir ki, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır........Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. Həmin Qaydaların 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd olunan normaların tələblərindən çıxış etdikdə müəyyən olunur ki, inzibati orqanlara qarşı kompensasiya ödənilməsinə dair iddialar o zaman inzibati məhkəmə icraatında baxıla bilər ki, vurulmuş ziyan inzibati orqanın bilavasitə inzibati hüquq sahəsindəki fəaliyyəti (qərar, hərəkət və ya hərəkətsizliyi) nəticəsində vurulmuş olsun və bununla bağlı yaranmış mübahisə inzibati hüquq mübahisəsi olsun. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. Bu fəaliyyətdən kənar yaranan münasibət inzibati hüquq münasibəti, həmin münasibətdən doğan mübahisə isə inzibati mübahisə deyildir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi, eləcə də bu fəaliyyət gedişində vurulmuş ziyanla bağlı mübahisələrə inzibati iddia kimi baxıla bilməsi üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02.09.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə İPM-ə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair” 10.10.2017-ci il tarixli qərarında isə qeyd olunmuşdur ki, “İcra haqqında” AR Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarda Konstitusiya Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu MPM-in bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02.09.2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Yuxarıda adı çəkilən normalardan, Konstitusiya Məhkəməsinin, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrası mülki qaydada məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi kimi qəbul edilir. Bundan əlavə qeyd edilməlidir ki, icra qurumunun icra sənədinin təmininə yönəlmiş fəaliyyətinin inzibati hüquqla bağlı olmaması həm də aşağıdakı müddəalardan irəli gəlir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 28.1-ci maddəsində göstərilmişdir ki, inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: - 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; -28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; - 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Göründüyü kimi inzibati icraatda olduğu kimi icra icraatının başlanmasına əsas kimi ərizə, şikayət və yaxud inzibati orqanın öz təşəbbüsü deyil, birbaşa onun üçün icra olunması nəzərdə tutulan məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi çıxış edir. İcra icraatının mülki proseslə bağlılığı həm də ondan irəli gəlir ki, mülki işlər üzrə icra icraatının təşəbbüskarı məhkəmədir. Bu təşəbbüskarlıq Mülki Prosessual Məcəllənin 236cı maddəsində nəzərdə tutulmuş məhkəmənin qətnamənin icrasını təmin etmək öhdəliyindən, eləcə də “İcra haqqında” Qanunun 8.1-ci maddəsində nəzərdə tutulan icra sənədinin icraya yönəldilməsinin bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin vəzifəsi olmasından irəli gəlir. Məhkəmənin icra vərəqini tələbkarın belə tələbi olmadan öz təşəbbüsü ilə verməsi icra icraatının mülki proseslə qırılmaz bağlılığının, icra icraatının mülki prosesin son mərhələsi olduğunun göstəricisidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir İnzibati aktın əsas xüsusiyyəti onun təkcə inzibati orqan tərəfindən qəbul edilməsi deyil, onun inzibati (publik) hüquq sahəsində yaranan ictimai münasibəti tənzimləyən hakimiyyət tədbiri olmasıdır. Bu mənada demək olar ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar publik hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönələn inzibati akt deyil, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyət gedişində qəbul edilən prosessual qərarlardır. Bu qərarlara isə məhkəmə araşdırmasının tərkib hissəsi və davamı kimi baxılmalıdır. Çünki məhkəmə qərarının icrası yuxarıda qeyd edildiyi kimi məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir. Eyni zamanda, icra məmurları tərəfindən qəbul edilmiş qərarlar inzibati aktlar üçün nəzərdə tutulmuş “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 57-59cu maddələri qaydasında qəbul edilmir və həmin maddələrin tələblərinə uyğun tərtib edilmir. İcra məmurunun qərarları “İcra haqqında” Qanunun 85-ci maddəsi qaydasında qəbul edilir. Nəhayətində, icra məmuru digər inzibati orqanlardan fərqli olaraq hüquq müəyyən etmir, o yalnız məhkəmənin icra sənədində müəyyən olunmuş tələblərini icra edir. Bu baxımdan icra məmurunun fəaliyyəti nəyisə yaratmır, dəyişdirmir, ləğv etmir, ona görə də onun fəaliyyəti müstəqil, hüquqmüəyyənedici hesab oluna bilməz. Bu icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş icredici fəaliyyətdir. Beləliklə, qeyd olunanlardan belə nəticəyə gəlmək mümkündür ki, məhkəmə qətnaməsinin icrası mülki prosesin son mərhələsi, icra məmurunun icra sənədinin icra olunmasının təşkili və bununla bağlı qərar, hərəkət və hərəkətsizliyi həmin mülki işin bilavasitə davamıdır. İcra sənədinin icrası ilə bağlı icra məmurunun qərar, hərəkət və ya hərəkətsizliyindən verilmiş şikayətlərə mülki işin davamı kimi baxıldığı halda həmin icra icraatı çərçivəsində icra məmurunun icra sənədinin təmininə yönəlmiş fəaliyyəti gedişində vurulmuş ziyan inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş ziyan kimi qiymətləndirilməməli və bu mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması istisna edilməlidir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati orqanların inzibati hüquq sahəsinə aid olmayan hərəkətləri nəticəsində vurulmuş ziyanla bağlı analoji iddialar da vardır ki, həmin iddialara mülki məhkəmə icraatında baxılır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Plenum Qərarının 7.1-ci bəndində göstərilmişdir ki, «İnzibati icraat haqqında» Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Mülki Məcəllənin 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 1101.1-ci maddəsinə görə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Həmin Məcəllənin 1101.2-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Göründüyü kimi inzibati orqanın iştirakı ilə bağlı bütün mübahisələr inzibati hüquq sahəsindəki mübahisə kimi qiymətləndirilmir. Yuxarıda qeyd edildiyi kimi inzibati orqanın cinayət-prosessual fəaliyyəti və inzibati xətalara dair işlər üzrə fəaliyyəti gedişində vurduğu ziyana o məntiqlə inzibati məhkəmə icraatında baxılmır lakin mülki məhkəmə icraatı qaydasında baxılır ki, bu fəaliyyət inzibati orqanın inzibati icraatın həyata keçirilməsi ilə bağlı fəaliyyəti deyildir və ziyan da həmin fəaliyyət gedişində vurulmamışdır. Belə olan halda analoji hal kimi məntiqi nəticəyə gəlmək olar ki, mülki işin, mülki prosesin bilavasitə davamı olan və öz hüquqi təbiətinə görə inzibati icraat hesab olunmayan icra sənədinin icrası ilə fəaliyyət gedişində icra qurumunun borclu və ya tələbkara vurulmuş ziyanla bağlı mübahisəsinə inzibati məhkəmə icraatında deyil, mülki məhkəmə icraatında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, məhkəmə qeyd edilənlərdən çıxış edərək hesab edir ki, icra məmurunun mülki iş üzrə məhkəmənin icra sənədini icrası ilə bağlı fəaliyyəti inzibati inzibati hüquq sahəsindəki fəaliyyəti hesab olunmadığından həmin fəaliyyətin gedişində icra məmurunun icra sənədini icra etməməsi ilə əlaqədar vurulmuş ziyanın ödənilməsi tələbi də inzibati məhkəmə icraatında baxıla bilməz. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya şöbəsinə qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-5586/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5586/2021
07.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver