Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5586/2022 14.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanda qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X2 (hüquqşünas, ünvan 2 ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2003-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrdə iddiaçının dövlət qulluğunda inzibati vəzifədə faktiki işləməsini nəzərə alaraq, həmin dövr üzrə dövlət qulluğu münasibətinin mövcudluğunun müəyyən edilməsi, əmək pensiyasının bu hal nəzərə alınmaqla verilməsi və cavabdehin qanunsuz qərarı nəticəsində pensiyasının ödənilməmiş hissəsinin əvəzinin ona qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının “xx.xx.2003-xx.xx.2005ci il tarixləri arasındakı dövrün dövlət qulluğu stajına daxil edilərək pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2022-ci il tarixə təyin edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1956-cı ildə anadan olmuşdur. Ailəlidir, iki övladı var-qız, oğlan. Həyat yoldaşı ali təhsilli olmuş və uzun müddət dövlət orqanlarında işləmişdir. Lakin xx.xx.2004-cü ildə 49 yaşında qəflətən ürək tutmasından vəfat etmişdir. Özü isə Texnikum bitirsə də dövlətin bir çox təşkilatlarında müəyyən vəzifələrində çalışmışdır. İşlədiyi müddət ərzində heç bir intizam məsuliyyətinə cəlb olunmamışdır. 1989-1999-cu illərdə ölkə uçun ağır dövrlərdə o, Z.Tağıyev adına X1 əvvəl 1-ci dərəcəli mühəndis - kimyaçı, sonra isə seçki yolu ilə X4 sədri vəzifəsində çalışmışdır. (3 dəfə seçilmiş 3 ildən bir). Həmin dövrlərdə hamı bilirdi ölkədə nə baş verirdi. Müəssisələrdə çevrilişlər edilirdi. Bu vəziyyət Z.Tağıyev adına X3 gəlib çıxmışdır. İşçilər 7 (yeddi) gün tətil etdilər. Dəfələrlə müxalifət cəbhəçilər basqınlar edirdilər və camaatı öyrədib dövlətə qarşı çıxarırdılar. Onun o vaxt 35 yaşı var idi cavan kadr idi. İddiaçı o zaman dövlətin keşiyində durmuş, tətillərə qarşı çıxmış və işçiləri bu yoldan çəkindirməyə cəhd etmişdir. O vaxt mətbuat orqanlarında bu haqda bir çox yazılar dərc olunmuşdur. 1995-ci ildə isə o, Bakı şəhərinin böyük rayonlarından olan Nərimanov rayonu üzrə Seçki məntəqəsinin sədri olmuşdur. Həmçinin qeyd edir ki, 2007-ci ilə kimi dövlət qulluğunda işləyən vətəndaşları imtahana göndərilmirdi, birbaşa təyin edirdilər. Həmçinin nəzərə alınmalıdır ki, o, 2003-2004-cü illərdə qeyd olunan 1 il 3 ay ərzində dövlət qulluğunda ştatdan kənar olsa belə inzibati vəzifədə işləmiş və faktiki olaraq inzibati vəzifə funksiyalarını yerinə yetirmişdir. Odur ki, hesab edir ki, əgər o, vəzifəyə təyin edilərkən kimsə qanunvericiliyin tələbinə tam riayət etməyibsə, buna görə onun təqsirli hesab edilməsi düzgün deyil. Faktiki olaraq inzibati vəzifə üzrə dövlət qulluğu funksiyasının icra olunub-olunmamasına diqqət yetiriləməlidir. İddiaçı da qeyd olunan 1 il 3 ay ərzində dövlət qulluğunda inzibati vəzifəsinin funksiyalarını tam yerinə yetirmişdir. Göründüyü kimi onunla dövlət orqanı publik hüquq münasibətləri mövcud olmuşdur. Belə olan halda hesab edir ki, onunla dövlət orqanı arasında dövlət qulluğu sahəsində hüquq münasibətlərinin olması tanınmalı və 1 il 3 ay onun dövlət qulluğu stajına aid edilməlidir. Həmçinin əgər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun 1 il 3 ay dövlət qulluğu vəzifəsində işləməsini qanuni hesab etmirsə, bununla bağlı nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunun 67.12ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Göründüyü kimi əgər Dövlət Sosial Müdafiə Fondu tərəfindən 1 il 3 ay dövlət gulluğunda işləməsi qanuni hesab edilmirdirsə, onun həmin vəzifəyə təyin edilməsi barədə əmr məlum olduğu halda 1 il ərzində ləğv oluna bilərdi. O, xx.xx.2017-ci il tarixdə pensiyaya çıxmışdır. Həmin zaman DSMF bütün halları araşdıraraq ona 1 il 3 ayıda nəzərə almaqla pensiya təyin etmişdir. Göründüyü kimi, onun 1 il 3 ay ərzində dövlət qulluğunda işləməsi DSMF-yə məlum olmuşdur. Odur ki, həmin qurum yalnız bir il ərzində yəni xx.xx.2018-ci il tarixinədək onun 1 il 3 ay ərzində dövlət qulluğu vəzifəsində işləməsinə dair əmrin ləğvini məhkəmə qaydasında qaldıra bilərdi. Lakin Dövlət Sosial Müdafiə Fondu qanunun tələblərini pozaraq təxminən 5 ildən sonra özbaşına və qanunsuz onun pensiyanıı azaltmış, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin tələblərini iştirak etmişdir. xx.xx.2001 -ci ildən xx.xx.2001-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Elm və Texnika komitəsində inzibati vəzifədə çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 623 nömrəli Fərmanına əsasən ləğv edilən Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Elm və Texnika Komitəsinin Patent- Lisenziyalaşdırma İdarəsinin bazasında Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi yaradılmışdır. 2002-2017-ci illər ərzində isə iş fəaliyyətimi Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində davam etdirmişdir. Əvvəl inzibati vəzifədə işləmişdir. Sonra isə 21 iyul 2000-ci il tarixli 926-İQ nömrəli “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunduğuna görə orta texniki təhsilə malik olduğu üçün xx.xx.2003-xx.xx.2005-ci ilə qədər olan dövrdə ştatdankənar inzibati vəzifəyə keçirilmişdır, (1 il 3 ay). Daha sonra xx.xx.2005-ci ildən xx.xx.2017-ci ilə qədər yəni pensiyaya çıxanadək yardımçı vəzifədə çalışmışdır. xx.xx.2017- 05.2021-ci il dövr ərzində pensiyalar bir neçə dəfə artırıldıqdan sonra aldığı pensiyanın məbləği 2021 -ci il may ayına kimi 521 manat 79 qəp olmuşdur. 2021-ci il may ayından sonra isə pensiya alarkən pensiyanın məbləğindən 140 manat kəsildiyini gördü. Müəyyən araşdırmalardan sonra aydın olmuşdur ki, xx.xx.2003-xx.xx.2005-ci ilə qədər olan dövrdə ştatdankənar inzibati vəzifə daşıdığı üçün (1 il 3 ay) staj kimi hesablanmamışdır. Bundan əlavə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı onun dövlət qulluğunda ümumi stajını 13 il 7 ay 5 gün hesablamışdır. Pensiya hesablananda isə staj kimi ancaq 13 ili götürülmüşdür. Bu da pensiyanın 70%-i edir 7 ayı stajı isə hesablanmamışdır. Mən belə başa düşürəm ki əgər 1 ilə 5% götürülürsə o aylara bölünərək müvafiq faiz hesablanmalıdır. Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2021 -ci il tarixli ********** nömrəli məktubu ilə dövlət qulluğuna qəbul edilərkən and içmə məsələsi qeyd olunmaqla onun 1 il 3 ay stajı dövlət qulluğu stajı kimi nəzərə alınmamışdır. Göründüyü kimi onun işə qəbul prosesi ilə əlaqədar işçi ilə işəgötürən münasibətlərini tənzimləyən və bir-birini tamamlayan inzibati aktlar mövcuddur. Eyni zamanda qeyd olunan 1 il 3 ay ərzində işçi ilə işəgötürən arasında işçilərin həvəsləndirilməsi, məzuniyyət və ezamiyyət məsələlərini tənzimləyən əmrlər, əməyin ödənişi ilə bağlı bir sıra tədbirlər (dövlət qulluqçusu kimi əmək haqqımdan tutulmalar, habelə sosial sığorta haqqı ilə bağlı ödənişlər və s.) barədə çoxsaylı inzibati aktlar da qəbul edilmişdir. Həmin inzibati aktların heç biri işlədiyi istər inzibati orqanın özü, istərsə də X6 və ya bundan əvvəl dövlət qulluğuna qəbulla bağlı prosedurları yerinə yetirən orqanlar, habelə digər orqanlar tərəfindən mübahisələndirilməmiş və həmin inzibati aktlar ləğv edilməmişdir. Göründüyü kimi mübahisələndirilən 1 il 3 ay ərzində onunla işlədiyi dövlət orqanı arasında publik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraza görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına daxil olmuş ərizəsinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. İddiaçının xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində “ştatdankənar məsləhətçi” vəzifəsində işlədiyi müddətin dövlət qulluğu stajının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunu 1 sentyabr 2001-ci il tarixindən qüvvəyə minmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən. Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən isə dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o. ya “Dövlət qulluğu haqqında” Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991 -ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. "Dövlət qulluğu haqqında" Qanunun 9-cu maddəsinə əsasən, dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyqun olan ştat vahididir Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Qanunun 20.12-ci maddəsinə əsasən, bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 1 ci maddəsinə əsasən, inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusuna “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə uyğun olaraq dövlət qulluqçularının inzibati və yardımçı vəzifələrinin təsnifatları və adları, ixtisas dərəcələri və vəzifələrin tutulması şərtləri haqqında məlumatlar daxildir, inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə müvafiq olaraq dövlət orqanlarının ştat cədvəllərinin hazırlanması və dövlət qulluqçularının vəzifə təlimatlarının hazırlanması üçün əsasdır. Qeyd etmək zəruridir ki, "Dövlət qulluğu haqqında" Qanunda və “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən inzibati və yardımçı vəzifələrin siyahısında ştatdankənar məsləhətçi vəzifəsi dövlət qulluğu vəzifəsi kimi göstərilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Xaçmaz şəhərində anadan olmuşdur. İşdə olan sənədlərdən görünür ki, iddiaçıya xx.xx.2016-cı il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilərkən xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövr dövlət qulluğu stajı kimi nəzərə alınmamışdır. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********8 saylı dövlət qulluğu stajının hesablanması haqqında məktubla imtina edilmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********8 saylı imtina məktubundan görünür ki, iddiaçının ərizəsinə baxılaraq bildirilmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 14.1 -ci maddəsinə əsasən isə dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Qeyd olunanlar nəzərə alınaraq iddiaçının xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə X5 “ştatdan kənar məsləhətçi” vəzifəsində işlədiyi müddət dövlət qulluğu stajının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, iş materiallarından görünür ki, məhkəmənin sorğusuna cavab olaraq iddiaçının pensiya işinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Pensiya işindən görünür ki, iddiaçıya xx.xx.2016-cı il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövrün dövlət qulluğu stajına daxil edilərək pensiyanın yenidən hesablanmasını tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə X5 “ştatdankənar məsləhətçi” vəzifəsində işləmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən Dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 9-cu maddəsinə əsasən dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Həmin Qanunun 11-ci maddəsinə əsasən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna vəzifələrin təsnifatları və adları, ixtisas dərəcələri və vəzifələrin tutulması şərtləri haqqında məlumatlar daxil edilir. Azərbaycan Respublikasında “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu” qüvvəyə minənədək dövlət orqanlarında mövcud olmuş vəzifələrin uyğunlaşdırılması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə aparılmışdır. Həmin “Siyahı”da ştatdankənar məsləhətçi vəzifəsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda iddiaçının müvafiq dövlət orqanında işlədiyi ştatdankənar məsləhətçi vəzifəsi dövlət qulluğu vəzifəsi kimi nəzərdə tutulmamışdır. Beləliklə, "Dövlət qulluğu haqqında" Qanunda və “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən inzibati və yardımçı vəzifələrin siyahısında ştatdankənar məsləhətçi vəzifəsi dövlət qulluğu vəzifəsi kimi göstərilmədiyindən, cavabdeh tərəfindən iddiaçının xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə X5 “ştatdankənar məsləhətçi” vəzifəsində işlədiyi iş stajının onun dövlət quluğu stajına hesablanmasından imtina edilməsi əsaslı olmuşdur. Buna görə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-5586/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5586/2022
14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver